Adil Qaçayoğlu yaddaşımda belə qalıb – təvazökar, qız
qədər həyalı və ən əsası, ifrat səviyyədə məsuliyyətli. Ən köntöy,
rəndəsiz yazını da o qədər ustalıq və peşəkarlıqla işləyir,
cilalayırdı ki... Ondan ötrü qəzet səhifəsinə çıxacaq yazı müqəddəs
idi, orda xaltura eləmək, xəyanət işlətmək olmazdı.
Onu Allah özü belə yaratmışdı, evdə-ailədə tərbiyəni bu cür
almışdı – hər işi ləyaqətlə görməyi bacaran.
Elə bil xəmiri kədərdən yoğrulmuşdu. Dostluq elədiyimiz uzun
illər ərzində bircə dəfə də ürəkdən-candan güldüyünü, qəhqəhə
çəkdiyini görmədim. 93-də Ağdam işğal olunandan sonra isə beli
qırıldı. Gücü yalnız həsrət dolu yazılar yazmağa, bununla da
hamımızı kövrəltməyə çatırdı.
Adil çox nəsnədən yazırdı. Amma bütün yazılarında bir poeziya
vardı – jurnalistikanın poeziyası. Futbolu çox sevirdi. 2002-ci
ilin dünya çempionatını "Azadlıq" qəzetində o işıqlandırırdı. O
qədər şirin, koloritli, ürəyəyatımlı yazırdı ki...
Əslində, Adilin qəribə yazı üslubu vardı. Xırda, yığcam
cümlələrdən ibarət abzasları olurdu və bu abzasların hərəsi sənin
qarşında ecazkar bir mənzərə açırdı. O çempionatda Türkiyə
yığmasının uğurlu çıxışı da ona bir ayrı cür qol-qanad verirdi və
bu sevinc yazılarına da hopurdu. Məndən olsa, o yazıların adını
publisistikamızın şedevri qoyar və böyük məmnunluqla jurnalistika
dərsliklərinə salıb tələbələrə tədris edərdim.
Onunla hər görüş gedib Kəbəni ziyarət eləmək qədər dəyərli məqam
idi.
... 94-də Alim Qasımovla bir müsahibəm getmişdi. Nə qədər qəribə
olsa da, yazı birmənalı qarşılanmadı. Məsələn, dəyərli Rafael
Hüseynov zəng vurub kəskin irad bildirmişdi ki, Azərbaycan
muğamının mənəvi pasportuna elə sual ("Yenə qumar oynayırsan?")
vermək qətiyyən doğru deyil. Həmin günlərin birində Adillə görüşdük
və təklif elədi ki, gedək dəniz sahilində bir az gəzişək. İki saata
yaxın gəzdik, çay içdik, dağı arana, aranı dağa daşıdıq. Söhbət o
müsahibənin üstünə gələndə, qayıtdı ki, sən gərək yazı birmənalı
qarşılansa, narahat olaydın. O cür yazıları minlərcə oxucu oxuyur
və elə o qədər də fikir formalaşır. Sənin yerinə olsam, hər şeyi
bir kənara qoyub, yalnız o seriyadan olan yazılar barədə
düşünərəm.
Ruhu şad olsun, Adil jurnalistikanın cikini-bikini bilən adam
idi və yersiz söz danışmazdı. Ondan sonra "Çay dəsgahı" rubrikamın
qonaqları Rasim Balayev, Kamil Cəlilov, Paşa Qəlbinur, Akif
İslamzadə, Flora Kərimova, Ramiz Rövşən, Seyran Səxavət...
oldular.
Xaraktercə, təbiətən çox istiqanlıydı, dost-tanışa ürəyinin
bütün qapılarını açıq saxlayardı. Amma Hikməti – Hikmət Sabiroğlunu
bir ayrı cür istəyərdi. İşini yaxşı bilən və onu namusla yerinə
yetirən kiçik qardaşı kimi. Allah Hikmətə ömür versin, o da Adilin
yolunu hər yerdə böyük qardaş kimi tutdu. Torpaqları – Şuşası və
Ağdamı əlindən çıxmış o iki qardaşın yaralarının qanı axa-axa (məhz
o anlarda şamaxılı olduğuma görə nə qədər utanırdım, İlahi – Z.Ə.)
necə kədərlə danışdıqlarının dəfələrlə şahidi olmuşam və ayrılandan
sonra göz yaşlarıma yiyəlik eləyə bilməmişəm.
Qardaşı Mətləblə tez-tez zəngləşirəm. İçimdəki Adilin diri
olduğuna özümü inandırmaq üçün. Allahım, səsin tembri, intonasiya,
için ağrısı nə qədər oxşar olarmış...
Hərdən yazılarımda onun abzas üslubundan yararlanmağa cəhdlər
eləyirəm. Alınır, ya alınmır, bilmirəm. Qoy ruhu məni
bağışlasın...
Hərdən "Ülfət" qəzetindəki günlərimizə qayıtmaq istəyirəm.
Adilli, Elmanlı, Bəyalılı, Surxaylı, Elşənli günlərə. Və işdən
sonra "üç məndə, beş də məndə" deyibən alman hesablı yığcam
məclislər qurduğumuz anlara...
O, "Qarabağ"ı sevirdi, mən "Neftçi"ni. Bəzən çay içə-içə o qədər
çılğın və emosional müzakirə başlayırdıq ki, kənardan baxanlar
təəccüblənirdi. Vallah, yəqin ki, heç "Barselona"nın və "Real"ın
fanatları da belə atışmazdı...
Dünyasını dəyişəndən sonra çapdan çıxan "Ağdam yuxuma girir..."
kitabını arada vərəqləyirəm. Yurdundan-yuvasından nigaran gedən
Adilə təsəlli üçün deməyə söz tapa bilmirəm. Tüstüm təpəmdən
çıxır...
P.S. Bizdə belə yazılar adətən adamın doğum və ölüm tarixlərində
yazılır. Mənsə dünən gecə Adili yuxuda görmüşdüm...