22 dekabr 2014-cü il Türkiyədə vacib bir gündür. Sabah
Türkiyə Böyük Millət Məclisinin İstintaq Komissiyası korrupsiya ilə
ittiham olunmuş 4 sabiq nazir – Zəfər Çağlayan, Müəmmər Gülər,
Egemən Bağış və Ərdoğan Bayrakdar ilə bağlı öz qərarını verəcək və
təxminən 6 yanvarda onu TBMM sədarətinə göndərəcək.
Bu qərar 10 gün ərzində millət vəkillərinə paylanacaq, daha
sonra, təxminən 22 yanvar 2015 tarixində TBMM-də olan millət
vəkilləri - ki bunların çoxu AKP-yə məxsus deputatlardır -
nazirlərin Konstitusiya Məhkəməsinə göndərilib-göndərilməməsi ilə
bağlı qərar verəcək.
Komissiya üzvləri nazirlərin Ali Divana (Konstitusiya
Məhkəməsinə) göndərilməsinə "hə", ya da "yox" formasında səs
verəcəklər.
Əslində bu, 17 dekabr 2013 tarixində İstnabulda keçirilmiş polis
əməliyyatının tək qalığıdır, çünki digər bütün ittihamlar, ya da
cinayət işləri bu və ya digər şəkildə bağlandı.
Həm 22 dekabr 2014, həm də 22 yanvar 2015 tarixində 4 sabiq
nazirin işlərinin Konstitusiya Məhkəməsinə göndəriləcəyi ilə bağlı
qərar veriləcəyini gözləmək sadəlövlhük olardı.
Türkiyə mətbuatının yazdığına görə, bu məsələ parlamentdə olan
AKP deputatlarını ikiyə bölüb. Bir hissəsi düşünür ki, əyər onlar
məsumdurlarsa - bunu Konstutusiya Məhkəməsində isbat edə biləcəklər
və AKP alnı açıq olaraq 2015 seçkilərinə girə biləcəkdir.
Bu cür məsələlərdə, TBMM daxili Nizamnaməsinə görə, siyasi
partiya parlament qrupu bağlayıcı qərar ala bilmir. Bununla belə,
qeyri-rəsmi olaraq Davudoğlu və Ərdoğanın bu məsələdəki yanaşması
bəllidir: onlar nazirlərin korrupsiya məsələsinin qətiyyən
Konstitusiya Məhkəməsinə çıxmasını istəmir, çünki belə halda 17
dekabr əməliyyatında olub-bitənlər bir daha gündəmə daşınacaq və
danışılacaq; halbuki AKP idarəçiləri 17 dekabr əməliyyatının onlara
qarşı hüquqsuz bir çevriliş cəhdi olduğunu irəli sürürdülər.
Ərdoğanın bu məsələdə yanaşması rasionaldır: korrupsiya
ittihamlarının yenidən gündəmə gəlməsi Ərdoğanın da adının
hallanmasına səbəb olacaqdır (nazir Bayrakaar ilk ifadələrində onu
da ittiham etmişdi, lakin sonradan bu ifadələrindən imtina etdi) və
partiya seçicilərini böləcəkdir.
İndi Türkiyədə iqtidar partiyası AKP 4 sabiq nazirin
Konstitusiya Məhkəməsinə çıxarılmalarının 2015 parlament
seçkilərinə necə təsir edəcəyi narahatlığını çəkir. Bu ittihamlara
KM-in baxması məsələnin yenə AKP əleyhinə gündəmə gəlməsinə səbəb
olacaq, ittihamların KM-ə getməməsi müxalifətə imkan verəcək ki,
AKP-ni seçkilərdə korrupsiyanı ört-basdır etməklə suçlasın.
Lakin Türkiyə seçicisinin gözündə artıq korrupsiya ittihamları
heç bir şey ifadə etmir. AKP-yə növbəti seçkilərdə ciddi zərbə vura
biləcək şey ancaq iqtisadi tənəzzüldür.
Odur ki, Ərdoğan Ankara-Moskva yaxınlaşmasına diqqətlə
yanaşmalıdır. Ərdoğan Qərbin Rusiya planlarına əngəl törətmək
istəsə, bu, cavabsız ötüşməyəcək. Qoca Rusiyanı bu hallara qoyan
Qərb üçün Türkiyə iqtisadiyyatını boğmaq çətin məsələ deyil.
AKP-nin isə növbəti parlament seçkilərində təkbaşına iqtidar ola
bilməməsi halında AKP-yə xeyli qərəzli olan müxalifət
partiyalarının quracağı hökumətin bir çox AKP idarəçilərini
məhkəməyə verə biləcəyini gözdən uzaq tutmamalıyıq.