Oğlum artıq əsgərdir.
Qürur hissi keçirirəm. Səmimi olam gərək: oğlumu hərbi xidmətdən
yayındırmaq istədim. Hətta səhhətindəki xırda problemlər bu
istəyimi gerçək də etdi. Lakin o, istəyimin əksinə getdi, ərizə
verdi, könüllü olaraq xidmətə yola düşdü.
Qələm dostlarımın oğlanları - Saday Şəkərlinin Əsədi, İlham
Qəhrəmanın Nicatı, İbrahim İbadoğlunun Bəyazidi, Vəli Xramçaylının
Elayı , Sabir Yusifoğlunun Emin və Cavidi, Əlirza Həsrətin Ülvisi
artıq xidməti başa vurublar, evlərindədirlər.
Fərqanənin Ülfəti sərhəddə, Narıngülün və aktyor Ağalar
Bayramovun adaş olan övladları - Nicatlar səngərdədir.
Yazar dostlarım arasında oğlanlarına və özlərinə xidmətə yarasız
olduqları barədə hərbi bilet alanlar da var. Etiraf edirəm ki,
onlar Vətən sevgisindən daha çox yazırlar...
Turalın: "Ata, təhsil aldım, hələ bir az da işləmişəm, indi
əsgər getmək fikrim var", - sözlərinə "get, biz kimdən əskiyik ki!"
– cavabını verməyə özümdə cəsarət tapdım - baxmayaraq ki, əlində
hərbi bileti vardı.
***
Oğlum əsgər gedir, demək mən artıq əsgər atasıyam! Əsgər əmisi,
əsgər dayısı olmuşdum. Əsgər atası olmanın şərəfini mənə Tural
yaşadır.
Çağırış vərəqini aldıqda isə yazdım ki, Tural bir neçə gündən
sonra xidmətə yola düşür, mən isə artıq səngərdəyəm...
Tural həm də şairdir. Bir kitabı da işıq üzü görüb. Təfəkkür və
Bakı Slavyan Universitetini bitirib. Hələ iki daşın arasında imkan
tapıb Dənizçilik Məktəbində də qiyabi oxudu...
Bir dəfə ondan soruşdum ki, harada işləyəcəksən?
- Hər halda sənin gözlədiyin kimi bankda işləməyəcəm, -
dedi.
Elə də oldu. Dostların köməyi ilə banklardan birinə işə
düzəltdim. Bir neçə gündən sonra:
- Bacarmıram, jurnalistika ilə məşğul olmaq istəyirəm, -
dedi.
Dediyini elədi…
***
Nədənsə mənə elə gəldi ki, o, heç başa düşülmədi, işlədiyi
kollektivdə insanlarla münasibət qurmağı bacarmadı. Onun haqqında
xoş da danışdılar, üzünə də güldülər, amma rəhbərliyə işinin
öhdəsindən gələ bilməyən kadr kimi tanıtdılar.
Bunu ağrı etdim özümə...
Tural şeir kitabının adını "Bütün kişiləri mən biləcəksən"
qoyub. Şair dostum, professor Elçin İsgəndərzadə bu kitabı ona
hədiyyə olaraq nəşr edib. "Sən gələnə qədər birini də dərc edəcəm,
– dedi Turalla yola düşməzdən qabaq görüşəndə. - Gələndən sonra da
3-cü kitabını. Sən ancaq yaz!"
***
O, həm də sadəlövhdür.
Mənim oğlumun mənfi cəhətləri də var. Bunu mənə dostlarım,
tanışlarım, tanışım olmayıb məni Turala görə tanıyanlar deyib:
"Maşallah, tərbiyəli, istedadlı oğlun var, amma bir çatışmayan
cəhəti var ki, ürəyi təmizdir, hər kəsə etibar edir, inanır, özü
kimi görür".
Dəhşətə gəlirəm, zəmanəmizin insana verdiyi dəyərə bax,
kriteriyaya nəzər sal: ürəyi təmizlik - çatışmazlıqdır.
Bir dəfə tanınmış bir qələm adamının jurnalist oğlu mənə zəng
vurdu: - Faiq müəllim, Turaldan müsahibə götürdüm, heç gözləmədiyim
cavabları verdi, sərrast və məntiqli.
Onu aldatmağa nə var ki! Mən onu kitabların, kinoların
qəhrəmanları kimi böyütdüm. Hər üzündən selik axan həyatın,
dünyanın yazılmamış qanunlarından uzaq tutdum, "saf ol, dürüst ol,
insanlara güvən" dedim! Çox sonralar isə türmədən ona bir şeir
ünvanladım:
Ayağının altındakı
daşa inan
başının üstündəki
quşa inan,
İnsanlara inanma, oğlum.
Amma çox gec idi. O, insanlara güvəndi, inandı... və yaxşı da
elədi, bu da bir həyat məktəbidir. O qədər çətinliklər görəcək
ki!
Oğlum bu gün əsgər getdi! Sevinirəm!
Ordumuza güvənirəm. Ali Baş Komandanımız cənab İlham Əliyevə,
Müdafiə nazirimiz Zakir Həsənova, Turalın xidmət edəcəyi korpusun
komandiri Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərova və
bütün zabitlərimizə, əsgərlərimizə, eləcə də Milli Ordumuzun
əsgəri, sıravi Səfərli Tural Faiq oğluna - oğluma güvənirəm.
Hər biri ilə fəxr edirəm.
Axı, mən əsgər atasıyam!