1990-cı ilin qanlı 20
Yanvarından düz 25 il ötür. Bu 25 ilin uzaqlığından hadisələr dünən
baş verirmiş kimi gözlərimin önündədir.
Mənim nəzərlərimdə 20 Yanvar gecəsi bizim həm şəhid, həm də
şahid gecəmiz idi. Azadlığımız, müstəqilliyimiz uğrunda tökülən
qanlara, insanlarımızın bütöv olmasına şahid olan gecənin son ucu
müstəqilliyimizin əldə olunması oldu. Asan olmadı, düzdür, amma
oldu. Axı azadlıq qonşu payı tək verilmir, azadlıq qan bahasına
alınır...
Hadisələrin iştirakçısı olaraq həmin günlər misilsiz qəhrəmanlıq
göstərən dənizçilərimiz haqda qısaca yazmaq istəyirəm. Bu
hadisələri özündə əks etdirən "Kəsilməyən həyəcan fiti" kitabımda
ətraflı bəhs etmişəm.
1990-cı il yanvar ayının 19-da işlədiyim "Şirvan" gəmisi Neft
Daşlarına yaxın bir yerdə lövbər atmışdı. Növbəti tapşırıqları
yerinə yetirmək üçün havanın yaxşılaşmasını, əsən küləyin
səngiməsini gözləyirdik. Növbədə olan ekipaj üzvlərindən savayı
hamı istirahət edirdi. Təxminən axşam saat 22:00-23:00 arası
olardı. Növbətçi matros kayutuma gəldi. Həyəcanlı idi.
- "Mayak" radiosunda musiqiyə qulaq asırdım. Ara kəsildi, kimsə
həyəcanla dedi ki, Bakıda qırğındır. Əhalini küçələrə çıxıb,
yaralılara kömək etməyə səsləyirdi. Sonra isə radio susdu.
Təcili kapitan körpüsünə qalxdım. Efir vasitəsi ilə, "Məni
eşidən gəmilər, Bakıda qırğındır, məlumatınız olsun!" - dedim. Onu
da başa düşdüm ki, düz etmirəm, gərək bu haqda gəmi kapitanına
məruzə edəydim. Lakin bütün məsuliyyəti öz üzərimə götürdüm.
Sonradan bu haqda gəmi kapitanına məruzə etdim. Özbaşınalığım indi
Allahın rəhmətinə qovuşmuş kapitan İbad Məmmədovun və idarənin
təlimatçı kapitanı, gəmiyə yoxlama üçün gələn Tofiq Hüseynovun
qəzəbinə gəldi. Bir neçə gəmi bizimlə əlaqə saxlayıb, məlumatı
dəqiqləşdirmək istədikdə T. Hüseynov açıq efirdə hər kəsi panikaya
uymamağa, bunu bir gəncin şıltaqlığı kimi xarakterizə etmək cəhdinə
adekvat reaksiya verdim: "Bu, doğru xəbərdir və bütün məsuliyyət
mənim çiynimdədir". Heyətin mənim tərəfimdə olduğunu gördükdə isə,
tələb etdim ki, əgər qorxursuzsa, gəmi jurnalında qeydlər edin,
yazın ki, gəminin komandanlığı ekipajın bir neçə üzvü tərəfindən
ələ keçirilib. Sözsüz ki, bu edilmədi. Mən yenidən açıq efirdə
eşitdiyimiz xəbəri təkrar etdim. Öz təqdimatımı verdim.
Neft daşları və Cilov adası rayonunda olan gəmilərin efir
vasitəsi ilə kiçik məşvərəti oldu. Sahil ilə əlaqə yaratdıq.
Məlumatın dəqiqliyini bildikdən sonra gəmilərin Bakıya qayıtmaq
qərarı verildi.
Yanvarın 20-si təxminən saat 10-11 arası Buxtaya girdik. Artıq
Bakı buxtası Xəzər Dəniz Neft Dononmasının gəmiləri tərəfindən
mühasirəyə alınmışdı. Dənizdən Buxtaya gələn gəmilər artıq etiraz
aksiyalarına başlamış gəmilərin verdiyi tapşırıqlara əsasən,
müəyyən olunan nöqtələrdə lövbər atdıq. Artıq Bakı buxtasına giriş
və çıxışın qarşısı alınmışdı.
Respublikanın demək olar ki, rəhbərsiz və başsız qaldığı bir
zamanda dənizçilərin heç kəs tərəfindən gözləmədiyi bu mütəşəkkil
birliyi insanlarımızın həyat eşqini özlərinə qaytardı. Sonralar
yüzlərlə adamın etirafı belə oldu: Gəmilərin həyəcanlı fit səsi
Bakının yaşamasından, mübarizə aparmasından, şəhidlərimizin qanının
yerdə qalmayacağından xəbər verirdi.
"Sabit Orucov" gəmisi tərəfimizdən qərargah olaraq seçildi.
Gəminin kapitanı Mövlud Əliyevin efir vasitəsi ilə çıxış etməsi,
hər kəsi diqqətli olub şayiələrə uymamağa çağırması öz işini gördü.
7 kapitandan ibarət "Kapitanlar şurası" yaradıldı. Tərkibində
Mövlud Əliyev, Ağalar İbrahimov, Kərəm Məmmədov, Murad Əliyev,
Müzəffər Əliyev, Kişi Mütəllimov, İbrahim Salayev vardı. Azərbaycan
Ali Sovetinin sədri Elmira Qafarova nümayəndələrimizi qəbul etdi:
"Xalqımın qəhrəman oğlanları", - deyib, göz yaşını saxlaya bilmədi.
Tələblərimizi bilirdi. Hamıya təşəkkürünü bildirdi.
Şəhərin komendantı general Dubinyak, SSRİ Ali Sovetinin
deputatı, Hərbi Dəniz donanması üzrə SSRİ Müdafiə nazirinin müavini
admiral Sidorov, SSRİ müdafiə naziri marşal Dmitri Yazov
dənizçilərimizlə danışıqlar aparmaq üçün xəbər yolladı. Görüşlər
baş tutdu. Hər üç ali rütbəli zabit gəmiləri batırmaq, güllə-baran
etməklə təhdid etdilər. Buxtanı boşaltmağı tələb kimi qarşımıza
qoydular. Razılığa gələ bilmədik. Çünki bizim tələbimiz 24 saat
ərzində qoşunun Bakını tərk etməsi, tökülən qanlara görə Qorbaçovun
məsuliyyəti öz boynuna götürməsi, millətdən üzr istəməsi idi.
Düz 3 gecə hərbi gəmilərin sivişərək buxtaya girib gəmilərimizi
atəşə tutmağı davam etdi. Bütün hallarda sürətli gəmilərimiz hərbi
gəmilərlə tarana çıxdı, onları batırmaq üçün həmlələr etdi. Hər
gecə hava işıqlanana qədər gedən qeyri-bərabər döyüşdə mülkü
gəmilər qalib oldu. Yanvarın 24-də Buxtada da fövqəladə vəziyyət
elan olundu. Günorta saatlarında gəmilərimiz dənizdən hərbi
gəmilərlə, sahildən tank və toplarla, havadan vertolyotlarla hücuma
məruz qaldı. Gəmilərə desnat buraxıldı. Əsir götürülən
dənizçilərimiz Şüvəlan türməsində, Karasnodar, Ulyanovsk, Orenburq
şəhərlərində cəzaya məruz qaldılar... Lakin bir qəhrəmanlıq
salnaməsi yazdılar.
Bu gün gənc dənizçilərin əksəriyyəti bu sahəyə məhz Xəzər Dəniz
Neft Dononması idarəsinin dənizçilərinin misilsiz qəhrəmanlığı ilə
tanış olduqdan sonra gəldiklərini deyirlər.