Süleyman Sani Axundovun "Qorxulu nağılları"nı uşaq
vaxtlarımda, hələ orta məktəbdəykən oxumuşam.
Yaddaşımda ilişib qalan, təfəkkürümün süzgəcində çalxalanan bu
nağıllardan yaman qorxardım. Qış gecələrinin maraqlı nağıllarına
bənzəməzdi bu nağıllar. Bu günlərdə isə S.Saninin qorxulu
nağıllarını gerçəkdən yaşadım. Binəqədi rayonunda, mərhum ədibin
adına verilən küçə sanki elə o qorxulu nağıllardan bu günümüzə
gəlib çatıb. Bu küçə nəinki ədibin adına, elə vaxtı ilə o nağılları
oxuyanların hamısına hörmətsizliklə doludur.
Dəfələrlə bu haqda yazsaq da, video və foto görüntülər
yayımlasaq da, elə bil ki, bütün bunlar dərin bir quyuya atılmış
daşdır. Nə səs var, nə soraq. Haqqında bəhs etdiyim küçənin quyu
qədər dərin olmasının fərqinə varsaq, nə səsə səs verən var, nə
sakinlərin qarğış dolu hayına hay verən. Binəqədi rayonunun İcra
Hakimiyyətinin telefonlarının qulağına elə bil "qulaqcıq"
taxılıb.
Bu küçədə hərəkət etmək üçün ya gərək üzgüçülük kursuna
yazılasan, daha doğrusu üzgüçülük üzrə usta olasan, ya da ayağına
uzun rezen çəkmələr geyəsən. Başqa təkliflər varsa buyurun.
Rayon rəhbərliyi, konkeret icra başçısı Xaləddin İsgəndərov hara
baxır, deyə soruşmayacağıq. Məlumdur ki, hara baxsa da, bu küçəyə
gözünün qıyıyla da baxmır. İnanıram ki, heç "Axar.az" saytına da
baxmayıb. Baxsaydı, yayımladığımız vidieo və foto görüntüləri
görərdi, ürəyində bir tərpəniş olardı. Bir rəhbər olaraq yox ha,
Süleyman Sani Axundovun "Qorxulu nağıllar"ını vaxtı ilə oxumuş
məktəbli kimi bu küçədəki görüntülərdən təşvişə düşə bilərdi.
Buranın qorxulu nağıllarının personajları üçün əsas məskən olduğunu
bilərdi. Amma səhv də edə bilərəm.
Təxminən 1 ay bundan qabaq küçənin "Dərnəgül" istirahət parkına
tərəf olan başlanğıcında yeni tikilmiş, hələ adqoydu mərasimi
keçirilməyən şadlıq evinin qənşərinə 60-70 metrlik yeni asfalt
döşətdirməzdi. Hətta ətrafda genişlik olsun deyə küçənin
kənarındakı bir neçə ağacın doğranmasına, qalanlarının dibini isə
asfaltla bərkitməyə göz yumulmazdı. Görününr, bu "baxış" hansısa
"baxışlar"ın təmasında xumarlanıb.
İnsanların qayğısına qalmaq, onların istifadə etdiyi küçələri
təmir etdirmək rayon rəhbərliyinin maraqları daxilində deyil,
deyəsən. Acından mədələrində qaytarmağa bir şey tapılmayan
Somalinin küçələri Binəqədi rayonunun 7-ci mikrarayonundakı
S.S.Axundov küçəsindən daha təmiz və abaddır. Cənab başçı
inanmırsa, küçənin bizim saytımızda yayımlanan foto və video
görüntülərinə baxsın.
Sonra da Somaliyə, Nigeriyaya, Hondurasa, Tanzaniyaya,
Namibiyaya–zada baxmasın. Elə özünün yaşadığı evin, bağın, bağçanın
ətrafına çəkdirdiyi asfalta fikir versin və… fikrə getsin bir
qədər, desin "əziz körpələr, dərsə gedən bir uşaq, çıxma buz üstə
qoçaq, buz əriyer sel olar, küçəniz bir göl olar, ayaqqabınıza
dolar, sizi qızma aparar, ananız kədərlənər, qəmlənər gözü dolar,
məxləs, ehtiyatlı olun. Məktəbə gedəndə ata-analarınızın belinə
minin ki, küçəni o tərəf-bu tərəfə keçə biləsiz. Ya da rayonlarda
qohumlarınız varsa, deyin ki, bir-iki eşşək göndərsinlər arxı
keçənəcən "day" deməyə".
Hə, bizim hər günümüz beləcə, qorxulu nağıllar dəryasında
üzməklə keçir. Avtobuslar sualtı qayıqlara bənzəyir. Küçə isə
Dardanel boğazını xatırladır. Dardaneldə gəmilərin çoxluğundan
tıxac yaranırsa, S.S.Axundov küçəsində bataqlıqdan, yolun keçilməz
olmasından sürücülər avtomobillərini idarə etməyə çətinlik
çəkir.
Bu arada xüsusi ilə qeyd etmək istəyirəm ki, yolun yararsız,
bərbad olmasına görə şəxsi avtomobilimə dəyən maddi ziyana görə
Binəqədi rayon İcra Hakimiyyətini məhkəməyə vermək qənaətinə
gəlmişəm. Hələlik avtomobil təmiri ustaları rayon
səlahiyyətlilərinin səhlənkarlığı ucbatından yolun bərbad hala
düşməsinə görə avtomobilimə dəyən zərəri hesablayır.
Amma fikrimdən daşına da bilərəm. Əgər RİH-i böyük ədibin adına
verilən küçəni bataqlıqdan, çirkabdan təmizləsə.
Təmizləsə də, bu qorxulu Sani nağılları bitsə…