Ana səhifə Yazarlar |
Milli Şuranın bu gün yayılan daha bir toplantısında baş verənlər tamamilə fərqli mənzərə doğurdu, bu şəxslərin mahiyyəti, təfəkkürü və hadisələrə baxış bucağı haqda növbəti təsəvvürlərə imkan verdi.
Onlar artıq gülüş hədəfi deyillər; onlar artıq özlərinə tamamilə ayrı bir yanaşma tələb edirlər.
Vidadi İsgəndərli formulu
Vidadi İsgəndərlini çox adam tanıyır. Xüsusi qeyd etməyə ehtiyac yoxdur ki, İsgəndərli əxlaqdankənar ifadələrin və söyüşün efirə daşınmasında xüsusi xidmətləri olan və bu yolu ilk gedənlərdəndir. Bir az da dəqiqləşdirək: o, söyüş əxlaqsızlığının Yutubdan püskürülməsinin bünövrəsini qoyan şəxs sayıla bilər. Məhz onun açdığı cığır sayəsində indi bir çoxları əxlaqsızlıq şossesində uçuruma yuvarlanmaqla məşğuldur.
Bir insanın söyüş söyməsi acizlikdir, zəiflikdir, çarəsizlik sindromudur, deyirlər.
Yox, qətiyyən belə deyil: bir insan söyüşü ağzına ala bilirsə və bunu efir qarşısında, onminlərlə şəxsin gözünə baxa-baxa işlədirsə, o şəxs əxlaqsızdır, üzü qırmızı, özü həyasızdır və dərhal cəmiyyətdən də, sosial şəbəkələrdən də təcrid olunmalıdır. Çünki o, insanların əxlaqını pozur, dini-milli dəyərləri dağıdır, insan mənəviyyatına, bütövlükdə isə insanlığa, bəşəriyyətə, yaradılışın məzmununa hücum edir.
Ağılsızlıq deyil – qətiyyən! Yoxsa, əlbəttə, belələrinin bəlli mərkəzlərə salınmasını tövsiyə edərdik, çünki dəlilər də yaradılmışdır və onlara da qayğı lazımdır.
Dəli deyil, ağılsız da deyil – yalnız həyasız, əxlaqsızdır belələri və bununla yetinmədən əxlaqsızlığını ictimaiyyət içərisində yaymağa çalışan dəhşətli bir bəladırlar.
Bu tip şəxslərin yalnız Azərbaycan xalqından təcrid edilməsi deyil, ümumiyyətlə bəşəriyyətdən kənarlaşdırılması lazımdır. Bu adam üçün heç bir müqəddəslik yoxdur: anasının qədrini bilən başqasının anasını, arvadının-namusunun qədrini bilən başqasının arvadını-namusunu təhqir etməz.
Ana müqəddəsdir – bir ananı övladına hücum etmək üçün söymək qədər dəhşətli əxlaqsızlıq ola bilməz.
İnsanlıq özü üçün sədlər, sərhədlər qoyub, insanı eşşəkdən fərqləndirən cəhət də budur: Ki, böyüyəndə anasının müqəddəsliyini dərk edir, nəinki eşşək kimi anasına təcavüz edir.
ANA anlayışına sözdə belə təcavüz yalnız heyvan şüuru ilə müqayisə edilə bilər və bu təhlükəli halın tendensiyaya çevrilməməsi, insan varlığına təhlükə törətməməsi üçün insanlıq milyon illik keçdiyi yol naminə, Allah naminə, Musa, İsa, Məhəmməd naminə bunu durdurmalıdır.
Belə təfəkkürün Milli Şura adını daşıyan bir qurumda "söz sahibi" olması sadəcə dəhşətdir, MŞ-nın təkcə Azərbaycana deyil, Azərbaycan xalqına da deyil, insanlığa qənim kəsilməsidir.
Cəmil Həsənli sindromu
Siyasi həyatda olub, alimdir, əsərləri dünyanın mötəbər elmi kitabxanalarında yerləşdirilib. Tamamilə doğrudur!
Amma nəyin hesabına?
Cəmil Həsənli necə iddia edə bilər ki, seçkilər saxtalaşdırılıb və Milli Məclis saxta yolla formalaşdırılıb? İki dönəm ardıcıl deputat seçilən Cəmil Həsənli öz həyatına baxsın: necə seçilib? Kim seçdirib onu? Hansı saxtakarlıqla parlamentə düşüb?
Cəbhəçilərin bu barədə ona ünvanladığı ağır suçlamalara 15 ildir cavab verməyən biri indi eyni suçlamaları digərlərinə Vidadi İsgəndərlidən satın aldığı sima iləmi yönləndirir? Yoxsa özünün siması budur?
2010-cu ildə "seçdirilsəydi", “ziyalı maskası”nı üzündə yenədəmi daşıyacaqdı?!
Cəmil Həsənli bu hakimiyyətdə təmsil olunub, milyonlar əldə edən Fərhad Əliyevin müdafiəsinə qoşulmasının səbəbini izah etsin! Şəhərin mərkəzində “Tağıyevin binaları”ndan bir mərtəbəni necə özəlləşdirdiyini açıqlasın! Mandata görə Əli Kərimli də daxil olmaqla, AXCP və AXCP-çilərə necə tüpürdüyünü bəyan etsin!
Daha biri də var: indi dünyanın nüfuzlu elmi kitabxanalarında olan əsərləri necə yazılıb? O arxivləri onun üzünə kim açıb? O araşdırmaları rahat yazması üçün bir əsərə ən azı 50-100 min dollarlıq qonorarı kim verib? O kitabları kim nəşr etdirib? Nəşr edilən həmin əsərlərin dünyanın ən nüfuzlu elmi kitabxanalarına, universitetlərinə düşməsi üçün kim öz nüfuzundan, pulundan, əlaqələrindən istifadə edib?
Hansısa Cəmil Həsənlinin repressiya, ADR haqda tarixi kitabları o beynəlxalq universitetlərə necə ayaq açıb? Niyə, məsələn, bütün ömrünü bu istiqamətdə araşdırmalara sərf edən və dəyərli tapıntıları ilə o dövrün tarixini üzə çıxaran Nəsiman Yaqublunun yox, onun araşdırmaları o yerlərə gedib çıxıb?
Özünün sayəsindəmi? Özü edibmi?
Qətiyyən!
C.Həsənlinin mahiyyəti Fərhad Əliyevi müdafiə etməkdən o tərəfə keçmir; C.Həsənlinin ziyası mandata görə cəhbəçilərə tüpürməkdən ibarətdir; C.Həsənlinin vətəndaş mövqeyi xarici dövlətdə Azərbaycan əleyhinə danışmasında, türk diplomatın ona Azərbaycanın maraqlarına uyğun sual verməsində və bu sualın qarşısında C.Həsənlinin ölüb yerə girməməsindədir!
Gültəkin Hacıbəyli rüsvayçılığı
Hər zamankı mövqeyimiz belə olub: Hakimiyyət bir çoxlarının eyibini örtən qoruqdur – xalqın təbirincə desən, “zənginlik çox ayıbları ört-basdır edir”.
Gültəkin Hacıbəylini millət vəkili seçən də, onu Prezident İlham Əliyevin seçki təbliğatına qoşan da, ona hər cür şərait yaradan da YAP və YAP-çılar olub.
Gültəkin Hacıbəyli-Hacıyevanın mahiyyəti seçildiyi rayonda icra başçısından əmlaklar, şəxsi biznes əldə etməsi, qayınanası ilə mülk davası, əri ilə qovğalarından bəllidir.
Bu şəxs “daxili-vicdani” səsi iləmi YAP-dan istefa verib? Haqsızlığa etiraz olaraqmı müxalifət düşərgəsinə qoşulub?
YAP-ın çölə atdığı, sıralarından dışladığı şəxsdir – vəssalam.
İndi MıŞ-da “əsas lediyə” çevrilən, müxalifətçilərin bu “əvəzedilməz sevimlisi” YAP-ın artığıdır – sözün bütün mənalarında. Ondan daha ləyaqətliləri isə YAP-da onminlərlədir.
YAP Hacıbəylidən niyə imtina etdi?
Bu, ona bənzəyir ki, icra başçıları nə qədər qudurğanlıq edirlərsə etsinlər, YAP “öz üzvü olduğu üçün” onlardan imtina etməməlidir.
Əslində, sual başqa cür qoyulmalıdır. Bu cür: YAP niyə hacıbəylikimiləri öz sıralarına qatmalıdır ki?
Hamıya şans verilməlidir – hər bir fərdə. YAP da şans tanıyır - əxlaqını, ictimai statusunu və intellektini gördükcə onlarla “davam” və ya “tamam” qərarı verir.
Normal deyilmi?
Normal olmayan bilirsinizmi nədir?
Bütün dünyada müxalifət və QHT sektoru hakimiyyətlərin “kadr bazası” sayılır. Çünki hakimiyyətin bəlli bir sistemi var və o sistemdə fəaliyyət göstərməlisən.
Müxalifətdə və QHT sektorunda isə fərdi təşəbbüslər, fərqli baxışlar üçün geniş meydan açılır: öz bacarığınla, ağlınla, təşəbbüsünlə, savadınla layihə udursan, konsepsiya təqdim edirsən, tanınırsan, özünü ifadə edirsən...
Normal hakimiyyətlər bu cür beyinləri dərhal mənimsəyirlər – onlara təklif edilir, komandaya çağırılır: Müxalifət liderinin keyfiyyəti ondadır ki, o, bu cür kadrları əlində saxlaya bilir, onları inandırır ki, hakim komandaya daxil olma, birlikdə hakimiyyətə gəlib, sistemdə yeniliklər tətbiq edəcəyik.
Əgər yetişmiş kadrı müxalifət əlində saxlaya bilmirsə - ki 20 ildir bunu Azərbaycanda müşahidə edirik – müxalifət zəifləyir, vidadiisgəndərləşir, hakimiyyət isə o kadrları yanına çəkərək güclənir.
Adi siyasi düsturdur bu! Burda “ay satıldı”, “ay xaindir”-filan çağırışları mağara təfəkkürüdür.
Müxalifətə üz tutan kadr nə istəyir və yaxud istəməlidir? Dövlətin inkişafını, şəffaflığı, iqtisadi-siyasi rihafı!
Hakim komanda sənə bu şansı tanıyırsa və böyük prosesdə iştiraka dəvət edirsə, Əli Kərimliyə və yaxud Arif Hacılıya və yainki Jirinovskiyə atanın borcu var ki, ömrünü müxalifətdə, dedi-qodu səviyyəsində çürüdəsən?
Bəli, müxalifət bütün dünyada hakimiyyətlərin “kadr banklarından” biri rolunu oynayır!
Müxalifət isə heç vaxt yorulub, geri çəkilmir: qapılarını açıq qoyur, daim yenilənmələr edir, kadrlar yetişdirir...
Bizdə səfeh düşüncələr meydan sulayır. Bir normal kadr müxalifətdən uzaqlaşan kimi “şəninə” o qədər döşəyirlər ki, daha heç bir normal gənc, heç bir ağıllı innovativ baxış bu adamlara qoşulmaq istəmir. Gənclər nə deyib müxalifətə üz tutsun? Onlara hansı imkan yaradılır? Öz qabiliyyətləri ilə bir az ucalandan sonra intellektlərindən istifadə imkanı yarananda onlar barədə nələr deyilmir?
Kim gedib özünü bu cür “qarımış qurdların” ağzına atar ki?
Nəticədə müxalifət boşalan sıralarını doldurmaq çətinliyi ilə qarşılaşır və nəhayət, “yeni yol” icad ediblər: YAP-ın tullantılarından istifadə!
Təsəvvür edirsinizmi?
Bu, bütün potensialından hər mənada istifadə olunub, artıq yararsız sayılaraq mühərrikdən kənarlaşdırılan “maşın yağının” təkrar istifadəsinə bənzəyir. Köhnə, tullanmış məhsullarla çalışan “müxalifətin” mühərriki ona görə sıradan çıxıb.
“Eşkiya...” məntiqi
"Vidadi bəy" deyir ki, müzakirəni “Eşkiya...” efirdə getməyəndə aparaq, çünki o seriala xalq baxır, bizi izləyən olmayacaq.
Məntiq və bunların müraciət etdiyi auditoriyaya baxın! Bir “siyasətçi” “Eşkiya...”nın auditoriyasına müraciət etdiyini gizlətmir.
Xalqın ictimai-siyasi aktiv kəsimi, lokomativi ən yaxşı halda aydınları, ziyalıları, düşünən başları olur və bu da əhalinin maksimum 10 faizini əhatələyir. Bu şəxslər “Eşkiya...”ya baxmır, ictimai-siyasi prosesləri izləyir.
Bu, siyasətin əlifbasıdır! “Eşkiya...” auditoriyasına da müraciət etmək olar, əlbəttə! Sadəcə, məhz əsas müzakirəni də o vaxta salıb, “Eşkiya...” auditoriyasından tərəfdar əldə etmək istəyərsənsə, sən siyasətçisən demək...
Amma bunların siyasətə dəxli yoxdur ki! “Söyüş düşüncəsi” ilə İP yığan dünyagörüşdən nə gözləyirsən!?
Sevgisizlik dərdi
Və... YAP artığının cavabına diqqət edin: “Eşkiya...”ya baxan xalq getsin hoppansın...”
Xalqa münasibət, ətrafa baxış, dünyagörüş bundan ibarətdir: müxalifətdəkilərə sayğısızlıq, Vidadi İsgəndərli təfəkkürü, İlqar Məmmədovu dolamaq, Müsavatı aşağılamaq...
Bunlar hamıya nifrət edir, hamıya kin-küdurət saçır, hər tərəfə pislik üfürürlər.
Bunlar sevgidən, dəyərdən, qayğıdan, ürəkdən məhrum, erməni donorlu mənbələrdən qrant umanlardır, vəssalam!
Üç ay sonra hakimiyyət?
Həmin “müzakirə-qeybətdə” İlqar Məmmədovun 2052-ci ildə “prezidentliyə namizəd olacağını” ələ salanlar 2025 seçkisindən danışarkən Gültəkin Hacıbəylinin “performansı”nı görür:
“Niyə pessimistsiniz? Mən sentyabrda hakimiyyətə gəlməyə hazırlaşıram!”
Doğrudanmı? Özünüz inanırsınızmı?
Sizin küll halda səviyyəniz bu hakimiyyətin kor-kobud fanatiki Siyavuş Novruzovun səviyyəsinə çatmır. Doğrudanmı düşünürsünüz ki, hakimiyyətin adını tutmaq imkanınız və potensialınız var?..
Bunları “yaşadan” “3 ay sonra” hakimiyyətə gələ bilmək xülyasıdır – belə görünür. Və bu “3 aylar” illərdir bitmir ki bitmir - bu səviyyə, bu inttellekt, bu yağı təfəkkürü, bu sevgisizlik, bu savadsızlıq və bu əxlaqla heç vaxt da bitməyəcək!
Tarix
2020.05.18 / 12:38
|
Müəllif
Aynur Camalqızı
|
Oxunub
32 453
|