Yuxarı

Ortada yeyib, qıraqda gəzənlər...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İKT-dən və sosial media platformalar, onlardan geniş istifadə özündə nə qədər müsbət məziyyətlər daşısa da, mənfilikləri də olmamış deyil. Məsələn, düşmən tərəfə, bizim elektron rabitə xətlərimizə ardıcıl hücumlar həyata keçirmək, mülki vətəndaşlarımıza birbaşa təsir etmək üçün fürsətlər verir.

Hələ 2016-cı ilin aprel döyüşləri zamanı (eləcə də sonrakı mərhələdə), özəlliklə, 12 iyuldan Tovuz rayonu istiqamətində baş verən məlum hadisələr bir daha göstərdi ki, Azərbaycanda və ondan kənarda yaşayan sosial media (digər onlayn platforma) istifadəçilərinin müəyyən qismi erməni xüsusi xidmət orqanlarının və çox təəssüf ki, maşa kimi istifadə olunan bəzi azərbaycanlı jurnalist və blogerlərin apardığı dezinformasiya, əks-təbliğat və “qara piar” kimi kampaniyaların hədəfi oldu; hətta onlar bəzən bilməyərəkdən dövlət maraqlarımıza zidd olan, arzuedilməz kontentin təbliğatçısına çevrildi.

Bəlli olduğu kimi, piar fərdin, ictimai hərəkatın, partiyanın, qeyri-hökumət təşkilatının, şirkətin və b.-nın ictimai informasiyasının verilməsi və onunla işbirliyinə əsaslanan irəliyə hərəkət üzrə kompleks tədbirləri ehtiva edir; işin içinə fərqli rənglər girincə, şəkil dəyişir. Biz daha çox “qara piar”dan danışır, onunla qarşı-qarşıya olduğumuzu ifadə edirik. Rəqib partiyanın, qrupun və b. ləkələnməsi, məhv edilməsi üçün “qara texnologiya”lardan istifadə edilməsi, onun adından təhqiredici və ya təhlükəli bəyanatların verilməsi, yayılması “qara piar”dır. “Piar”ın yanında başqa arzuolunmaz rənglər də var: “sarı piar” (diqqəti cəlb etmək məqsədi ilə təhqiramiz elementlərdən istifadə); “boz piar” (qaynağını gizli saxlayan təbliğat); “özünüpiar” (öz-özünün anonim tərifi); “qəhvəyi piar” (neofaşist və faşist təbliğatı ilə yaxın bir olay); “viruslu piar” (hazırkı formada “viruslu” anlayışı muxtar xarakter daşıyır. İnsanların öz aralarında, dostları və tanışları ilə maraq dairəsinə aid müxtəlif ideya, düşüncə, fikirləri bölüşmək anlamında işlədilir)… Daha “qara piar”a zidd olan anlayışın nümayişi üçün meydana gəlmiş “ağ piar”, sosial məsuliyyət ifadəsi “yaşıl piar”, pozitiv, müsbət modellərin formlaşdırırılmasına (dəstəyinə) hesablanmış təbliğat “sosial piar” sıradışı kimi görünür.

Sıradışı deyərkən, məhz ölkə dışından ölkə içinə çamur atmaqçün tətikdə duranların dünyasını (dünyasızlığını) nəzərdə tuturam, təbii.

Əlbəttə, biz burada “piar”ın növləri haqqında danışmağa köklənməmişik; terminin çalarlarına, rənglərinə yalnız ona görə bir qədər diqqət yetirdik ki, Azərbaycana, xalqımıza və dövlət maraqlarımıza qarşı neçə çalar, necə rəng bir-birinə qarışıb, aydın görünsün. Yəni, qaramı? Qara və boz-bulanıq bir “piar” dalğası ilə üz-üzə qalmışıqsa, biz də “ağ”ımızı, “yaşıl”ımızı, “sosial”ımızı irəli sürmək haqqına sahibik.

Bu mənada, bəzən, qüsura baxmayın, “ortada yeyib, qıraqda gəzən”lərin susqunluğu, biganələyi, hətta, deyərdim, gizlənməsi başadüşülən deyil. Mövqe sahibi olmaqla mövqesizlik yalnız şəkilçi ilə fərqlənmir – bu ürək işidir, etibar, vəfa işidir və insanlıq əyarıdır. Görünür, mövqe və mövqesizlik də, “qara piar”a qarşı fəaliyyət də, məhz hüquq, qanun relslərinə çıxarılmaqla öz haqq etdiyi mərtəbəni, münasibəti görməlidir.

Doğrudur, müvafiq qanunvericilik aktları mövcuddur, amma əlavələr, düzəlişlərlə yeni dövrün tələb və gerçəkliklərini əhatə etmək ümumi işin, dövlət və toplum maraqlarının xeyrinə olardı.

Bəli, həm Azərbaycan-Ermənistan dövlət sərhədində, həm də xarici ölkələrdə son günlər baş verən qarşıdurma və toqquşmalarda Azərbaycan dövlətini, azərbaycanlıları günahlandıranların, bunu uydurma və saxta “məlumat”lara istinadən 7/24 rejimində təbliğ edənlərin əsas fəaliyyəti sonuc etibarı ilə Ermənistan və havadarlarının ölkəmizə qarşı təcavüzkar siyasətini dəstəkləməyə xidmət edir.

Etiraf edək ki, hazırkı dünyanın gerçəklikləri ənənəvi xarakter daşımır; yeni çağırışlar, yeni imkan və həm də yeni problemlər (imkansızlıqlar) var.

Virtual savaşda əsl hədəf qarşı tərəfin düşüncəsinə təsir etməkdir. Bu baxımdan unikal platforma olan sosial şəbəkələr təhlükəsizliyimizə qarşı fəaliyyətlər üçün (də) geniş imkanlar yaradır.

Azərbaycana düşmən kəsilən şəxslər sosial media seqmentində yalan və böhtana əsaslanaraq, faktları təhrif etmək “metod”u ilə istədikləri sonucu əldə etməyəcəklərini bilsə də, (qısa müddətli də olsa) “stəkanda fırtına” yaratmağa, bununla da aldıqları qrantlara görə “halallıq” qazanmağa çalışır. “Çamur ağ köynəyə yapışmasa da, izi qalacaq” düşüncəsində (düşüncəsizliyində) olanlara elə öz yoğurduqları çamurlar yaraşır, əslində; qoy, çamur içində olduqlarını fərq etməyə sərf edəcəkləri vaxt və enerji qədər “qara piar” (digər arzuolunmaz rənglərdəki piar) imkanından itkiyə uğrasınlar, heç olmasa…

Əlbəttə, durum vahim deyil, ümidsiz heç deyil! Müdrik və qədirbilən xalqımız bu cür nankorların layiqli cavabını dərhal verib, verir və daha verəcəkləri cavablar vardır. Bununla belə, Ermənistanın (erməniyanlıların) bundan gələcəkdə (də) ölkəmizə qarşı istifadə edəcəyindən heç kəsin şübhəsi olmamalıdır. Xocalı soyqırımı kimi şahidli, sənəd-sübutlu bir bəşəri cinayətin guya azərbaycanlıların özü tərəfindən törədildiyini tirajlayanlar bu gün cəbhədə və xaricdə baş verən (antiazərbaycan) prosesləri də bizlərin üzərinə yıxmaq istəyir (istəyəcək).

Artıq Almaniya, Fransa, ABŞ, Rusiya və bu günlərdə qardaş Türkiyənin sosial media platformalarında qanunsuz məlumatların yayılması, paylaşımların edilməsi ilə bağlı qəbul etdiyi qanunlara nəzər saldıqda aydın şəkildə görünür ki, Azərbaycanda bu sahədə xeyli boşluqlar mövcuddur. Düşmənlərimiz və əlaltıları isə bu boşluqlardan rahatca yararlanaraq, öz məkrli fəaliyyətlərini davam və inkişaf etdirir. Açığı, bundan heç də geri qalmayan başqa bir gərginlik də bizi sarmaqda, (yumşaq desək) müşahidə etməkdədir. Ölkəiçi məişət və cinsi zorakılıq hallarının, narkotik vasitə və psixotrop maddələr istifadəsinin, əxlaqsızlıq və yüngül həyat tərzinin, o cümlədən toplumumuz üçün təhlükə ərz edən digər məsələlərin onlayn platformalarda aktiv təbliğ olunduğunu (acı təəssüflə) görməkdəyik.

Almaniya qanunvericiliyinə nəzər saldıqda görürük ki, 2017-ci ildə qəbul edilmiş “Sosial şəbəkələrdə qanunvericiliyin tətbiqinin yaxşılaşdırılmasına dair” Qanun (“Feysbuk Aktı” da adlandırılır) sosial şəbəkələrdə yalan təbliğat və saxta xəbərlərlə mübarizəni nəzərdə tutur. 18 iyun 2020-ci ildə qəbul edilmiş “Sağçı ekstremizm və nifrət cinayətlərinə qarşı daha səmərəli mübarizə” adlı Qanuna görə isə sosial şəbəkələr paylaşımları silməklə yanaşı, müəlliflər haqda məlumatı “İP” ünvanları ilə birlikdə Federal Kriminal İdarəsinə bəyan etməlidir. Terror və ya qətl cinayətləri zamanı isə Federal Kriminal İdarəsi istifadəçilərin qeydiyyat bilgilərini də tələb edə bilər.

Sonuncu qanun internetdə nifrət və ədavət yayan cinayətlərə, eləcə də uşaq pornoqrafiyasının yayılmasına qarşı cəza mexanizmlərini nəzərdə tutur. Qanuna görə sosial şəbəkələr açıq-aydın cinayət tərkibli paylaşımlar barədə Federal Kriminal İdarəsinə məlumat vermək öhdəliyi daşıyır.

Bundan başqa, xəsarət yetirməklə hədələmə, ictimai, yaxud yazılı şəkildə edilmiş təhqirlər və ictimai şəxslərin diffamasiyası Cinayət Məcəlləsi ilə tənzimlənən qanun pozuntuları sırasına daxil edilir. Qanuna əsasən, internetdə ölümlə hədələmə 3 ilədək, digər hədə-qorxular isə 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Bundan əlavə, cinayət tərkibli paylaşımların “bəyən”ilməsi də internet istifadəçiləri arasında geniş yayılarsa, məhkəmənin qərarı ilə ictimai barışığın pozulması halı kimi qiymətləndirilə, cəzalandırıla bilər. Nəhayət, təcili yardım fəaliyyəti göstərən həkim və digər tibb işçilərinə edilən verbal hücumlar 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Artıq bir neçə ildir ki, qardaş və qonşu Türkiyə Cümhuriyyətində internet məkanında baş verən qanunsuz fəaliyyətlərin qarşısının alınması yönündə hüquqi müstəvidə ciddi tədbirlər görülməkdədir. Belə ki, 4 may 2007-ci ildə “İnternet məkanında yayımların tənzimlənməsi və bu yayımlar vasitəsilə işlənən cinayətlərlə mübarizə aparılması haqqında” Qanun qəbul edilib.

Bu sahədə bir sıra başqa addımlar da atılıb və son olaraq, Türkiyə Böyük Millət Məclisi tərəfindən (bu günlərdə) sosial mediaya aid tənzimləmələri özündə ehtiva edən 9 maddədən ibarət dəyişikliklər qeyd olunan Qanuna əlavə edilib.

Almaniyada olduğu kimi, bundan sonra Türkiyədə də sosial mediada böhtan, təhqir və təcavüz kimi cinayətlərin qarşısının alınması qanunun tələbi olacaq. Tvitter, Feysbuk və digər böyük sosial media platformaları ölkədə nümayəndəlik açmaq məcburiyyətində olacaq. Əks təqdirdə, 5 mərhələli sanksiyaya məruz qala bilərlər.

Buyurun, inkişaf etmiş Avropada, qardaş və qonşu ölkədə, digər yaxın-uzaq, böyük-kiçik ölkələrdə internetin məziyyətlərini müşahidə edən çatışmazlıq və nöqsanlar, toplum həyatını zədələyən hallar qanunlara əlavə və dəyişikliklərə gətirib çıxarıb. Bəs biz bu dəyişiklikləri etməmək üçün “qara piar”çılardan, qanunsuz çağırışçılardan çoxmu sığortalanmışıq?

Başa düşürəm ki, sualın ritorikası hamı tərəfindən hiss olunmaqdadır…

Qənirə Paşayeva

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Tarix
2020.08.03 / 16:04
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla