Mən inanmıram ki, dünyanın hansısa yerində bir uşaq
susayanda su əvəzinə çörək istəsin. Və ya anası pulemyot gülləsinə
tuş gələn körpə tankın altında qalan oyuncağını axtarsın. Yəni uşaq
hər yerdə uşaq, canlı hər yerdə canlıdır. Bütün uşaqlar eyni dildə
ağlayır, eyni dində ölür...
Sizə milli-dini-irqi ayrıseçkiliyə dair kosmopolitsayaq mühazirə
demək fikrim yoxdu. Sadəcə, fikirləşirəm, bəlkə, vəhşiləşməkdə olan
təbiətinizin üstünə bir çimdik su oldu bu yazı.
Orta məktəbdə oxuyanda rayonun "Mədəniyyət evi"ndə "Xocalı
faciəsi" mövzusunda kompozisiya hazırlamaq üçün bir neçə fəal uşaq
bir yerə yığışmışdıq. Məndən bir sinif yuxarı oxuyan Əli qəflətən
bizə belə bir sual verdi: "Əlinizə bir erməni uşaq düşsə, onunla
necə davranardınız?" Hamının cümləsi qrammatik cəhətdən müxtəlif
quruluşlu olsa da, ifadə olunan fikir eyni idi. Kimi erməni uşağı
bıçaqla doğrayaraq, kimi dərisini soyaraq, kimi də qaz balonuna
salaraq öldürəcəyindən danışırdı. Bir homoseksual oğlan var idi
içimizdə – bunu sonralar öyrənmişdim, onda heç "homoseksual"
sözünün nə demək olduğunu bilmirdim – əzilib-büzülərək müxtəlif
jestlər və mimikalarla elə dəhşətli obraz yaratdı ki, sanki, erməni
uşağını elə bu dəqiqə onun əlinə vermişdilər. Dedi: "Onu didərəm,
parçalayaram, böyük tikəsini qulağı boyda eləyərəm. Onlar Xocalıda
uşaqları saldıqları vəziyyətə mən də onların uşaqlarını salaram".
Mən onda elə dəhşətə gəlmişdim ki... Axı niyə mənim yoldaşlarım,
hər gün mənasızlığımızı bir yerdə bölüşdüyümüz uşaqlar bu fikirdə
idi? O ağrı balaca canıma elə ağırlıq etdi ki... Fikirləşdim, "o
günah sözünün mövcudluğundan belə xəbərsiz olan uşaq bizə neyləyib
axı? Mən onu niyə öldürüm?" Elə cavabı da fikirləşdiyim kimi
verdim. Bir məsəl var, hər qoyunu öz ayağından asaralar. Çox
gülüncdür axı: "Bilirsən, nə var keçən əsrdə sizinkilər
bizimkilərin başına bu oyunu açıb, bəs üzrlü sayın, biz də sizin
uşaqların başına həmin oyunu açmalıyıq". Mən cavabımda qeyd etdim
ki, hətta düşmənçilik hissim olsa belə, ürəyim gəlməz uşağa pis
nəsə etməyə. Uşaqlar arasında yeganə məcburi köçkün mən idim –
erməni nə eləmişdisə, mənə, mənim ailəmə eləmişdi, ən çox şəhid
verən bizim şəhər – Ağdam idi. Bizim nəsildən bir gündə 7 şəhidin
meyiti gəlmişdi (bunları mən xatırlamıram, danışılanları deyirəm).
Maraqlıdır, amma humanist cavabı verən də mən idim. Tərtərli
uşaqlar isə "qəhrəmanlıq" eşqində idilər. Mən elə indi də həmin
fikrimə sadiq qalmışam, şair demiş, necə ki ağaclar sadiq qalır
bitdiyi yerə...
Sonralar bizə o sualı verən Əli məni sevdiyini dedi, buna səbəb
də mənim erməni uşağını öldürmək istəməməyim imiş. Ona "hə"
demədim. Bu "həngamə" illərlə davam elədi – humanistliyim "başıma
iş açmışdı". Adam gedib müəllimlər otağında gizlicə bizim sinfin
inşa dəftərlərinin arasından mənim dəftərimi götürüb oxuyurmuş.
Bunu da illər sonra – neft bahalaşanda bildim. Bilirdi ki, heç vaxt
inşa kitabından və ya kiminsə dəftərindən inşa köçürmürəm. Sonra da
deyirsiniz, oğlanlar ancaq zahiri görünüşə fikir verir, rəngi
qaçmış yalandı, oğlanlar inşaya da vurula bilər...
Hə... ermənidən danışırdım axı. Hər adamın içində nifrət,
düşmənçilik hissi var. Kimisində gölməçə, kimisində okean
dərinliyində – normaldı, amma olmasa, daha müstəhəbdir...
Sizi o yediyiniz, içdiyiniz konservantlara and verirəm,
uşaqlarınızı "filankəs sənin düşmənindir" ruhunda böyütməyin. İmkan
verin, o özü böyüdükcə anlasın, qərar versin ki, kimdir onun
düşməni. Bəlkə, heç özünə kimisə düşmən hesab etməyəcək?
Axı bu torpaq nəmənə şeydir... Nə fərqi var orada kim yaşayır?
Axı bu millətin kökünün hara gedib çıxması – "antik" olub-olmaması,
nələrdən "gübrələnməsi" səni niyə belə çox narahat eləyir? O da
sənin kimi 50-60 kiloqramlıq canlıdır. O da acanda mahnı oxumur,
yemək yeyir. O da sənin qardaşın kimi gülləyə tuş gələndə anası
sənin anan kimi üzünə qan cığırı açıb, saçını yolub küləklərə
bağışlayır.
Nə bilim, əşi... Uşaqlara qıymaq istəyəndə Nazim Hikmətin
sözlərinə yazılmış, Edip Akbayramın ifa etdiyi "Gözəl günlər
görəcəyik, uşaqlar" mahnısına qulaq asın...