Nədənsə bir faciəyə çox adam ağlayanda mən ağlaya
bilmirəm. Bir neçə gün əvvəl bir uşağın ölümünə o qədər ağlamışdım
ki! Amma Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğında
ölən uşaqlara ağlaya bilmədim.
Sanki bir neçə gün əvvəl hamısını bir yerdə göz yaşımla yuyub
dəfn etmişdim; sanki göz yaşlarım da özünü 16-cı mərtəbədən yerə
atmışdı.
Dəhşətli idi... Binadan çıxan tüstüyə baxanda adamın tüstüsü
təpəsindən çıxırdı. Uşaq vaxtı bir yer yananda babam deyirdi ki,
bütün ermənilər yığılıb orada siqaret çəkir, o da ermənilərin
tüstüsüdür. İndi hər dəfə yanğın görəndə o yadıma düşür...
Bu faciə ilə bağlı sosial şəbəkələrdə status yazmayan,
münasibətini bildirməyən qalmadı, hətta müğənnilər "iki daşın
arasında" mahnı da bəstələyib oxudular.
18 mayda Laçına ağlayan toplum 19 mayda Avroviziya xəyalları
qurmağa başlayırdı ki, dağların – binanın başını qara duman aldı.
Şuşanın dağları başı dumanlı idi... Təəssüf ki, Laçının dağları da
başı dumanlı oldu.
Əvvəlcə onu deyim ki, bu millətin nümayəndəsi olaraq deyil, bir
insan kimi adamların yanmasına yandım, yaralanmasına yaralandım,
onları xilas etmək üçün fədakarlıq edənlərə qarşı isə içimdə adını
tapa bilmədiyim xoş hisslər yarandı – amma ağlaya bilmədim...
Bu faciə göstərdi ki, bu gün Çingiz Mustafayevin "Bir dənə
biqeyrət qayıtmadı..." sözü qaldı ötən əsrdə. Binanın içinə girən
qəhrəmanlar qayıtdılar. Əllərində silah yox idi... Amma uşaq var
idi. Bəlkə də o polisin qucağındakı körpə 30 il sonra Azərbaycan
tarixini dəyişəcək.
Hadisədən bir gün keçdi, cismən yananlar və onlara görə mənən
yanıb qovrulanlar keçdi ikinci plana, aparıcı Mətanət gündəmi işğal
elədi. Aparıcı xanımın verilişində yanğın haqqında işlətdiyi "Elə
bil, bir külək idi, əsdi, bir film idi, baxdıq bitdi" sözləri
adamları yandırıb-yaxdı. Bu sözlər camaatı elə dindən-dondan
çıxartdı ki, deyərdin, Andranik gəlib əliyalın camaatdan kəsilən
qulağının intiqamını almağa.
Videoya baxanda, düzü, mən də bərk əsəbiləşmişdim aparıcıya.
"Necə ola bilər ki, belə faciəyə bu qədər laqeyd olasan? Hətta
olsan belə, camaatın həssas olduğu bir vaxtda bunu gizlədə
bilərdin", – deyə düşündüm. Mənə görə, ifrat səmimiyyət mədəni
həyasızlıqdır...
Əlqərəz, bir az keçmişdi ki, haqqında edilən təhqirlərə dözməyən
Mətiş "Gün üzü"nə çıxıb gözünün qorasını axıtmağa başladı ki, bəs
"etməyin, eləməyin, mən "vətənpərvərka" bir qadınam, heç vaxt elə
şey demərəm, videonu montaj ediblər" və s. Hərə öz hiss etdiklərinə
görə haqlıdır, əfəndilər. Bəlkə də, o məqsədlə deməyib – ildə, heç
olmasa, bir kitab üzü açmadığından fikrini ifadə edə bilməməyi
normaldır və ya bəlkə də o məqsədlə deyib, sonradan camaatın
qınağının qorxusundan verilişdə göz yaşına boğulub.
Mənim məqsədim nə Mətanəti asıb-kəsmək, nə də ona haqq
qazandırmaqdır. Savadsız, fikrini nitq mədəniyyətinin əsas
şərtlərinə uyğun şəkildə – dəqiq, düzgün ifadə edə bilməyən
aparıcıları mən qədər tənqid edən yoxdur. Bu dəfə aparıcının
sözlərinin bu qədər şişirdilməsinə haqq qazandıra bilmədim.
Sadəcə, onu demək istəyirəm ki, ayrı vaxt humanistlikdən,
tolerantlıqdan dəm vuranlar az qaldılar aparıcını daş-qalaq edələr.
Görəsən, Mətiş qadına qarşı zor tətbiq edilən ölkələrdən birində,
məsələn, İraqda, Somalidə, ya da Pakistanda olsaydı, başına hansı
oyunu açardılar? Düzdür, onun efirdə o cür danışmağa haqqı yox idi
– hərçənd ki, bu haqqı vermək də bizim işimiz deyil – amma o, bu
milləti təhqir etmədiyi halda millətin nümayəndələri aparıcını
təhqir etdi. Niyə elə fikirləşirsiniz ki, adamın ürəyinə zorla
insaf, sevgi, ağrı salmaq olar? Quyuya su tökməklə quyu sulu olmaz.
Adamların hisslərini idarə etmək haqqında sertifikatı nə vaxt,
hardan almısınız? Vallah, 2-3 gün sonra Elnur Avroviziyada qalib
olsa, bəzi adamlar elə bir fişəng atacaqlar ki, ta 16-cı mərtəbəyə
qədər qalxacaq.
Nazim Hikmət Xirosimada ölən uşaqların timsalında dünyada ölən
bütün uşaqları 60 il əvvəl hamının əvəzindən şeir kimi ağlayıb,
bəsimizdir:
Qapıları döyən mənəm
qapıları birər-birər.
Gözünüzə görünmürəm
gözə görünməz ölülər.
Xirosimada öləli
hardasa on il olar.
Yeddi yaşında bir qızam,
böyüməz ölü uşaqlar.
Saçlarım alışdı öncə,
gözlərim yandı qovruldu.
Bir ovuc külə çevrildim,
külüm havaya sovruldu.
Mənim sizdən özüm üçün
istədiyim heç bir şey yox.
Şəkər belə yeyə bilməz
kağız kimi yanan uşaq.
Döyürəm mən qapınızı,
xala, əmi, bir imza ver.
Uşaqlar öldürülməsin
şəkər də yeyə bilsinlər.