Ulduz bürclərilə, ulduz
fallarıyla mənim haqq-hesabımın tarixi uzundur.
Çoxdanın, 90-cı illərin əvvələrinin söhbətidir. Bəli, o vaxt mən
institutlardan birində saathesabı sosilogiyadan dərs deyirdim.
Açığı, bu roluma heç cür alışa bilmirdim - dəqiq elmlərin adamı
sosiologiyadan dərs deyir...
Amma bir az bu elmə baş vurandan sonra gördüm ki, hətta onun
banilərindən biri - O.Kont sosiologiyanı fizikaya uyğun qurub.
Sonradan bu elmdə dəqiq elmlərdən götürülümüş çox analogiyalarla
rastlaşdım və bu mənə öz aqibətim ilə barışmağa kömək etdi...
O vaxt keçid dövrü idi. Hara və necə keçəcəyimizi bilməsək də,
hamımız o dövrü yaşayırdıq. Mənə də bu dövr elmi cəhətdən xeyli
maraqlı görünrdü. Bu məsələlərlə bağlı bir xeyli ədəbiyyat
oxumuşdum...
Qərəz, sözüm bunda deyil. O vaxt həm də ulduz fallarının "bum"
dövrü idi. Hara baxırdın, hansı qəzetə baxırdın, elə hey ulduz falı
görürdün. Astroloqlar publikanın və efirlərin ən sevimli
qəhrəmanları idi, "baxıcılar" sensasion siyasi proqnozlar,
açıqlamalar verirdilər...
Bir gün qərara gəldim ki, seminralardan birini buna həsr edim.
Etdim də. Amma üstündən az keçməmiş gördüm ki, bir nəfər kafedrada
böyük bir hay-küy salıb ki, bəs, filankəs müəllim uşaqlara
sosilogiya əvəzinə astronomiyadan dərs deyir. Nə qədər and-aman
etdim, inanmadılar...
Beləcə, məni həmişə dilxor edən bir məsələ ilə - mövhumatla ilk
toqquşmam bu cür başladı...
İndi başınızı ağrıtmayacam. Sonra da hər fürsət düşəndə
astroloqları, "baxıcı"ları, necə deyərlər, ifşa etməyə çalışırdım.
Hazırda əvvəlki "bum" bir az çəkilib, amma hələ də qalıb... Və mən
də daha "ezoterik təlimlər"in daşıyıcılarını əvvəlki kimi
izləmirəm. Amma bu yaxınlarda bir hadisə oldu. Şah Abbasdan veriliş
verdilər. Həmin o verilişdən bəlli oldu ki, sən demə, Yusif Sərrac
məsələsi heç də M.F.Axundovun uydurması deyilmiş və elə həqiqətən
də belə bir hadisə olub -münəccimlərin təkidilə Şah Abbas bir-iki
günlüyə hakimiyyətdən çəkilib və taxt-tacını adi bir sənətkara
həvalə edib...
Sonrası... Bəli, sonrasını hamı bilir... Amma o verilişin
üstündən az keçməmiş bir dostuma rast gəldim. Dedi ki, gördün?..
Dedim, bəli, gördüm... Dedi, bəs indi inandın ki, ulduz falı boş
şey deyil? Dedim ki, yox, inanmadım!.. Bəli, həmin o dostum qayıtdı
ki, qardaş, bura Şərqdir, onun o qədər tilsimləri var ki...
Amma mən bilirdim ki, bu Şərq-Qərb söhbəti deyil. Nostradamus
Qərbdə olmuşdu. Yeri gəlmişkən deyim ki, bu adam özü astroloji
müşahidələr aparan münəccim olmayıb, "proqnoz"larını da nəyin
əsasında yazıb, bunu heç kim bilmir...
Qayıdaq bir də ulduz bürclərinə. Bürclərdəki ulduzların
biri-birilə maddi-fiziki əlaqəsi yoxdur, bu, adicə bir şəkildir -
Göy sferasına ulduzların proyeksiyasıdır...
Mən demirəm ki, astrologiyanı büs-bütün tullamaq lazımdır. Yox.
Düşünürəm ki, keçmişi - Şərq tarixini, ədəbiyyatını və
mədəniyyətini öyrənmək üçün o, çox gərəkli ola bilər... Bəlkə də
hansısa Şərq şairinin bir beytində gizlənən mənanı açmaq üçün ulduz
fallarının, bütövlükdə astrologiyanın böyük köməyi dəyə bilər.
Tarixdə bu, dəqiq xronologiyanı müəyyən etmək üçün və o dövrün
insanlarının Yer və Göy haqqında nə bildiklərini öyrənmək üçün
gərəkli ola bilər. Beləcə, bir neçə çox ciddi amil göstərmək olar
ki, onların həllində astrologiyaya da müraciət etmək nəinki olar,
hətta vacibdir...
Müasir insan nöqteyi-nəzərindən isə o, tamamilə mənasız bir
şeydir. Ən azı ona görə ki, qəzetlərdə mən bu falların necə "tərtib
olunma"sının şahidi olmuş və bu prosesi öz gözümlə görmüşəm -
təsəvvür edin, bir jurnalist oturub ağlına gələn nəsə yazır. Siz də
səhər qəzet alarkən birinci növbədə həmin səhifəni - ulduz falları
olan səhifəni açırsınız...
Həm də burada iki amil var ki, onları da qeyd etmək lazımdır.
İnsan ümidsizlik burulğanına düşəndə mistikaya meylli olur. İndiki
sosial-siyasi və mənəvi mühit burada heç də az rol oynamır. Hazırda
keçid dövrü bitib - insanlar da özlərinə və sabaha daha ümidli
olublar. Gəl, ümidsizlik notu tam çəkilməyib, hələ də onun baş
qaldırması mümkündür...
Bir detal da Şərqin özü ilə bağlıdır. Şərqdə mistikaya, "gizli
elmlər"ə meyl həmişə güclü olub, hətta belə hesab edilib ki, əsl
elm də əslində gizli olmalı və "seçilmiş" insanlara
açılmalıdır...
Başqa nə deyək? Acizanə şəkildə yada salaq ki, indi 21-ci
əsrdir, əzizlərim... Məgər bu, sizə bir şey demirmi?..