Başlığa çıxartdığım fikir mənə məxsus deyil ha... Mənim
cındırımdan cin hürkür, nəyim var ki, özümlə fəxr də
edim?
Bu fikri "Neftçi" futbol klubunun keçmiş baş məşqçisi Böyükağa
Hacıyev "Publika.az" saytına verdiyi müsahibədə deyib. Yaxşı da
eləyib. Dörd tərəfə boylanıb, baxıb görüb ki, onunla fəxr edən
kimsə yoxdu, hirsindən başlayıb özü-özüylə fəxr etməyə. İndi
müşavir işləyir. Klubun yox ha... Sadıq Sadıqovun müşaviri. Sadıq
Sadıqov da "Neftçi"nin prezidentidi. Böyükağa Hacıyev halal adamdı.
Çörəyi dizinin üstündə deyil. Açıq-aşkar deyir ki, mənə çörəyi
Sadıq müəllim verib. O olmasaydı mən Böyükağa Hacıyev olmazdım.
Müsahibəni əvvəlini oxuyanda elə başa düşdüm ki, Sadıq müəllim
ona ad və soyad da verib. Və hətta şəxsiyyət vəsiqəsini də. Öz
əliylə də "Böyükağa Hacıyev" yazıb. Oxuduqca gördüm ki, yox, heç də
belə deyil. Sadəcə, Sadıq müəllim Böyükağa müəllimə etimad
göstərib, o da bu etimadı doğruldub. Böyükağa müəllim müsahibə boyu
bəzi məqamlarda ötkəm danışsa da, bəzi məqamlarda özünü lap
tərbiyəli kənd uşağı kimi aparıb. O, komandanın bütün uğurunu Sadıq
müəllimin adına bağlayır və haradasa bunu çox düz də edir. Çünki
Sadıq Sadıqov böyükdür, başçıdır, prezidentdir və ən nəhayət
komandanın maliyyə mənbəyidir. Pulu olan sifariş verir, deyiblər.
Komandanın uğursuzluğunu isə birmənalı olaraq öz adına çıxır və
yenə də əcəb və düz edir. Başqa kim ola bilər axı? Vaxtıilə baş
çalışdırıcısı olduğu klubun Avropa liqasında qrupa düşməsini
gözümüzə soxan Böyükağa müəllim uğursuzluğu boynuna götürməyi də
haqq edir. Sözsüz, gələcəkdə təkrarlanmasını arzuladığımız bu uğura
da o, "Neftçi" sükanı arxasında olarkən imza atıb. Bununla fəxr
etmək olar. Böyükağa müəllim bunu da haqq edib. Amma bu adamın
bütovlükdə Azərbaycan futbolunun uğurundan danışması doğurdan da
gülünc səslənir. Böyükağa müəllim Azərbaycan futbolunun uğurundan
danışa-danışa yerini təhvil verdiyi Nazim Süleymanova da
dırnaqarası simpatiyasını sərgiləyir. "Nazimin çalışdırdığı
"Neftçi", mənim çalışdırdığım "Neftçi" deyil",- deyir və
antipatiyasını özünəməxsus şəkildə şərh edir. Böyükağa müəllim
Nazim Süleymanova qarşı hikkəsini göstərməklə özünü də, Sadıq
Sadıqovu da yandırır. İddia edir ki, Nazim Süleymanovun "Neftçi"si
zəifdi. Onda harda qaldı odda yanmaz, suda batmaz Sadıq Sadıqovun
gördüyü iş. Axı necə ola bilər ki, Sadıq Sadıqovun prezident olduğu
klub zəif olsun? Olmaya Sadıq Sadıqovun gücü Böyükağa Hacıyevlə
ittifaq zamanı müstəcəb olur? Gör nə qədər sual pırtlayıb çıxdı,
payız yağışından sonra qəfil pırtlayan göbələk kimi... Bunu hər kəs
bilir ki, klub həmin klub deyil. Ad həmin, prezident həmin,
komandanın daimi hamisi həmin! Amma dəyişiklik çoxdur. Klub Nazim
Süleymanova uğursuzluq zolağında çabalayarkən verilib. Güvənmək və
inanmaq olar ki, Nazim hoca nələrisə etsin. Amma Böyükağa kimi
mütəxəsislər onun işinə mız qoymasalar...