Mən ömrümdə elə fevral görməmişdim. Mayor Vəliyev dağa
qalxıb hərəmizə bir şüşə "çubuş" veribən "çəkin başınıza, yoxsa
sərçə kimi qırılacaqsız", – deyəndə gözümüzə işıq gəlmişdi. Balaca
bir məclis düzəldib içmişdik. Maxe Nəcəfov itinə də 50 süzmüşdü.
Demişdi ki, bu da əsgərdir, düşməni hamımızdan qabaq bu xəbər
verir.
Bax, indi hətta bu cırhacır iyun ayında belə o fevralı
xatırlayanda içimdən bir şaxta güllə kimi keçir.
Bizdən bir qədər aralıda erməni postu yerləşirdi, yaxın idik:
onlar o tayda qışqıranda bizim tərəfdəki quşlar diksinib uçurdu.
Komandir deyirdi ki, o postdakıların hamısı Qarabağ erməniləridir.
Çoxu da bizim dili bilir, ehtiyatlı olun.
Ora həmişə soyuq olurdu. İlin 3 fəsli o yüksəkliklərə yağış
yağır, yel vurub yengələr oynayırdı. Bir dəfə blindajın divarında
ailəvi şəklimizin arxasına şeir yazırdım. Birdən külək şəkli uçurub
düüüz erməni səngərinin üstündəki kolun yanına atdı. Arxasınca
baxa-baxa qaldım. Gəlib əsgərlərə dedim ki, bəs, 20 manatım uçub
getdi erməni səngərinə, kim gedir mənlə gətirməyə? Biri dedi ki, 20
manat nədir, bizim 20 faiz torpağımız gedib e, gör heç gedən var
ora?! Heç kim getmək istəmədi. Elə ağzımı açmaq istəyirdim ki,
radioda Çingiz Mustafayevin səsi eşidildi:
- A bala, niyə demirsiz ki, qorxuram?
...Amma mən əmin idim ki, bizim əsgərlər heç Allahdan da
qorxmur, nəinki ermənidən. Bilirdim ki, orda erməni səngərinə
"lapatka" ilə girənlər var. Nəsə axşam düşəndə AKS-i götürüb yola
düşdüm. Yol deyəndə ki, 40-50 metr hava məsafəsi var idi.
Gecə saat 4-ü keçirdi. Erməni postuna az qalmış bir əl yapışdı
çiynimdən. "Gəl, tank yolu ilə gedək, bura minalıdır"... – səs
tanış gəldi. Geri çevrildim. Ayın işığında İdrisin uzun burnu
pulemyot gülləsi kimi parlayırdı.
Onun niyə gəldiyi mənə aydın idi. Bir dəfə atışma zamanı dəbilqəsi
başından dərəyə düşmüşdü. O gündən bəri gecələr yata bilmirdi. Elə
hey deyirdi ki, kişinin də papağı düşmənində olar? Özünə sığışdıra
bilmirdi bunu. Gəlmişdi papağını aparsın.
Əslində, mən də şeirə görə getməmişdim. Ailəvi şəklimiz orda
idi. Həmin şəkil yadıma düşəndə elə bilirdim ailəmə nəsə edəcəklər.
Uşaqlıqda o qədər onların ailələrə zülm etdiyini görmüşdük ki...
Nəsə, tank yolu ilə gəlib erməni postuna çatdıq. Kolun yan-yörəsini
ha axtarsam da, şəkli tapa bilmədim. Səngərə boylandım, iki əsgər
dayanmışdı. Biri oturmuşdu. Hətta deyəsən, yatmışdı. Səngərdən qız
səsi də gəlirdi. Yaxınlaşıb gördüm ki, əsgərlərdən biri telefonda
qızla danışır. Sakitcə qoruyucunu açdım. Düz onun böyrünü nişan
aldım. Çünki bronojilet təkcə böyrəkləri qorumurdu. Birdən baş
verən hadisəyə özüm də inana bilmədim. Ağlasığmaz idi. Erməni əsgər
fotonun arxasındakı şeirin iki misrasını oxudu. Sonra fotonu döş
cibinə qoyub ermənicə danışmağa başladı. Bir anlıq avtomatımdan
bütün güllələr çıxıb getdi. General Cavadovun sözlərini
xatırladım:
"Ay əclaf, adam da sevgiyə güllə atar?"
Qayıdırdıq, İdris dəbilqəsini qucağına sıxmışdı. Külək "erməni
qayası" dediyimiz daşlara çırpılıb qayıdır, bizi postumuza tərəf
itələyirdi.
Həmin gün orda iki gülləni o iki misra saxladı. İndi deməyim
odur ki, Ermənistanda bizi oxuyurlar. Vallah, oxuyurlar. Aləmə car
çəkib öz əsgərimizi, millətimizi pisləyərək düşməndə ruh yüksəkliyi
yaradırıq. Elə Qarabağı da buna görə itirdi bu millət. Çingiz
Mustafayevin bu sözü sizə nəsə demir?
"Laçında nə bir dənə güllə, nə bir dənə qəlpə... nə bir dənə də
erməni buralarda görünməyib. Laçını tərk edib gediblər".