– Baba da getdi də.
– Hara?
– Suriyaya.
– Birdən İŞİD-ə qoşular?
– Bəs mən nə deyirəm?
– Nə-ə??? Ola bilməz.
– Oldu. "Mən dinimi Şam torpaqlarında yaşamaq
istəyirəm", – deyə-deyə gedib Suriyaya çıxıb. İstəyirsən,
nömrəsini verim
danış?
– Yox, istəmirəm.
Baba mənim sinif yoldaşım olub. Özü də sadəcə sinif yoldaşı yox
a, Baba mənim dostum olub. 11-ci sinifdə tutduğum "Arzu" dəftərimdə
"Niyar (zarafatca mənə "Niyar" deyirdi), dostluq 2-ci mən deməkdir,
sən mənim 2-ci "mən"imsən", – yazmışdı. İndi o arzuları necə
adlandırım, indi o xatirələrə nə ad qoyum? "Bir İŞİD militanının
xatirələri?"
2 gün əvvəl, gecə xəbər tutdum ki, İŞİD-ə qoşulub. Bir neçə
aydır Suriyada imiş.
Çox baməzə idi, dərsdə gözlərimizdən yaş gələnə qədər güldürürdü
bizi. Seyidlərin şəkilləri ilə məzələnirdi, xüsusilə, Ətağanı lağa
qoyurdu.
Bu an elə bil İŞİD bütün orta məktəb xatirələrimi diri-diri
yandırıb!
Bu işin ağlamalı tərəfidi. Söylü demiş, "qavağı ağlamalıdı, dalı
hırıldamalı". Demək, mənə Babanın bu yola düşdüyünü xəbər verən
sinif yoldaşım ondan soruşub ki:
- Ay qa, buralara da gələssiz?
- Məqsədimiz bütün dünyanı tutmaqdır.
- Onda sallah gəlməmişdən mənə xəbər elə, o namazın
sözlərini öyrənim.
- Yaxşı.
Əgər Baba buralara gəlsə, ilk işi mənim başımı qibləyə tutub
kəsmək olacaq...
***
Baba dindar idi. Daim dini təbliğ edərdi. Ən çox təsirə düşən də
mən idim. Mənə namazın sözləri yazılan, qılmaq qaydası göstərilən
kitab gətirdi. Söz vaxtına çəkər, elə Ramazan idi. Qədir gecəsinə
qalmışdım. Gecə namazın sözlərini öyrənib ilk sübh namazımı qıldım.
O qədər sevincli idim ki... Sinfin qapısını açanda yuxulu gözlərlə
Babanı axtardım, "Baba, mən bu gün namaz qıldım", – dedim. O
sevinci onun gözlərində görməli idiniz. "Niyar, sevindiyimdən az
qala qucaqlayıb öpəcəkdim səni, necə yaxşı bir iş tutmusan".
Bir müddət sonra mənə bir telefon gətirəcəyini dedi.
– Neynirəm telefonu, telefonum var.
– Yox, sən namaz qıldığına görə hədiyyə kimi gətirəcəyəm
sənə.
Təxminən bir neçə ay namaz qıldım, dindarların təbirincə, namaz
məni, mənim təbirimcə, mən namazı atdım. Çünki dərslərimi oxuyub
universitetə qəbul olmalı idim, namaz isə vaxt itkisi idi.
Namazı atandan sonra öyrəndim ki, Baba vəhhabi imiş...
Taledəndi, ya vəhhabilərdə bu cür adqoyma ənənəsi olmasa da,
Məhəmməd ibn Əbdül
Vəhhab ət Təmiminin şərəfinəydimi, uşaqlar onu "Əbdül" deyə
çağırırdı. Xəbərim olmadan mən də vəhhabi olubmuşam... Deyilənə
görə, Baba və onun kimilər pulla dini təbliğ edirmişlər. Eşidəndə
çox qorxmuşdum və sevinirdim ki, daha namaz qılmıram.
Babanın mənə münasibəti dəyişmişdi. Bunu hiss eləyirdim. Öz
tərəfinə çəkdiyi bəzi uşaqlarla dərsdə "xısın-xısın" pıçıldaşdığını
görürdüm. Mənə yarızarafat, yarıciddi "kafir" deyirdi. Hətta bir
dəfə "Niyar, çarə səni öldürməkdir", – dedi. Mən həmin vaxtlar
küçədə gedəndə qorxurdum, tez-tez dönüb arxaya baxırdım, dostumun
bıçağın soyuq tiyəsini tutmuş isti əlini daim kürəyimdə hiss
edirdim, bu qorxu uzun müddət mənimlə yoldaşlıq elədi.
Hamımız – yəni sinifdə yaxın olan oğlanlar-qızlar – universitetə
qəbul olduq. Biz dostluğumuzu davam etdirirdik. İndi də mənim üçün
"tələbəlik illəri" yox, "məktəb illəri" anlayışı var. Baba get-gedə
sinif yoldaşlarımızdan bir neçəsini də öz tərəfinə çəkməyi
bacarmışdı... Amma o vaxt İŞİD haqqında məlumatlı deyildim və
Babanın maksimum nə qədər qəddar ola biləcəyini təsəvvür belə
etmirdim...
– Babanın nömrəsini ver mənə, görüm neçə baş
kəsib?
– Verərəm, amma bir şərtlə ki, səy-səy danışmayasan, özü də zəng
eləmə, votsapa (whatsapp) girsə, orda yaz.
Nömrəni göndərdi. Amma zəng edə bilmədim. Əlim gəlmədi
nədənsə.
Sinif yoldaşım deyir ki:
– Hərdən gedib Babagilə baş çəkirəm, anası çox ağlayır.
Yazıq qadını işdən də çıxarıblar ona görə. İstəyirsən, Babanın
şəkillərindən göndərim sənə? Amma söz ver ki, baxan kimi
siləcəksən.
– Göndər.
Şəkilləri göndərir. Saqqallı, vahiməli, itirəcək heç nəyi
olmadığını ifadə edən bir üz, əlində PK, sanki "yaxın gəlməyin,
xatirələrinizi məhv edərəm" – deyir...
– Nə oldu, qorxdun?
– Gözüm dolub...
– Bu da Babanı son dəfə gördüyüm anın fotosu. Yaslara
getmirdi, amma anam rəhmətə gedəndə gəlmişdi bizə. Hamı gedəndən
sonra, gecə gəldi. Elə bil, gedəcəyi ürəyimə dammışdı, şəklini
çəkdim. Səhər eşitdik ki, gedib.
Deməyə söz tapmıram... Redaksiyada bölüşürəm hisslərimi. Uşaqlar
deyir ki, bir-iki aya öldürüb göndərərlər. Mənsə etiraz etmək
istəyirəm: "Mənim dostumla işiniz olmasın, qoy o adamları öldürsün,
amma özünü öldürməsinlər", – demək istəyirəm, bacarmıram. Axı mənim
dostumun saqqallı, qorxunc simasında bircə yaşıl gözləri
həminkidir. Gələndə yüz faiz məni öldürəcək, amma başımı
kəsməmişdən qabaq ona bir sual verəcəyəm:
"Axı niyə?.."