(Bütün təkəbbürlü,
mədəniyyətdənkənar mədəniyyət adamlarına ithaf olunur)
Bütləşdirmə bütün dövrlərdə olub. Məsələn, ilk insan odu
bütləşdirdi. Odun insanı qızdırmaq, onları vəhşi heyvanlardan
qorumaq, ovladıqları heyvanı bişirmək və s. kimi xüsusiyyətləri onu
müqəddəs etmişdi. İlk insan bilmirdi ki, od heyvanı bişirdiyi kimi
insanı da bişirə bilər. Odu qoruyub saxlamaq qadınların vəzifəsi
idi. O vaxt odu qoruyan qadınlar bu gün balalarını oddan qoruya
bilmirlər.
Sonra torpaq bütləşdirildi, əkinçilik əsas məşğuliyyət
sayıldığından torpağa düşmədi havayı bir dən. Sonradan çörək bol
olsa da...
Odun, suyun, havanın, torpağın müqəddəs hesab edilməyini,
bütləşdirilməsini başa düşmək olar ki, bunlarsız yaşamaq olmur.
Bəla adamların bütləşdirilməsindədir.
Bu gün şou xarakterli yox, ciddi mədəniyyətlə məşğul olan və ya
olduğunu güman etdiyimiz 3-5 adam var ki, onları sevməklə
kifayətlənməyib, daim pərəstiş etmişik, qaldırıb əlimizdə olan,
Allah verən ən hündür zirvəmizə – Bazardüzünün təpəsinə qoymuşuq.
Biz onları Bazardüzünün təpəsinə qoyanda hardan bilərdik ki,
əslində, elə öz təpəmizdə otuzdurmuşuq və belələrinin yeri
Bazardüzü deyil, bazar düzüdür?!
Pösü Özündənrazıyevi birtəhər yola gətirib müsahibəyə getmişdim.
Çox kübar bir məkanda əsl centlmen kimi davrandı görüşdə. Bu,
təbii, ilk növbədə kənardakılara – onu tanıyanlara, sevənlərinə
göstəriş idi – adamın sükutu qışqırırdı ki, "Baxın, bu, mənəm, mən
beləyəm, məni sevin, pərəstiş edin mənə, ölün, gəbərin, vecimə
almayacağam sizi!". Vallah, elə belə də deyirdi.
Müsahibəyə başladıq. Adam, elə bil, can çəkirdi cavab verməyə.
Bir əndazəsi var idi ki, deyərdin, bəs burda budur, Bağdadda...
əl-Bağdadi!
Kitab oxuyub-oxumadığını soruşdum. Bilmək istədim ki, əksər
aktyorlar kimi ancaq ifa edəcəyi rolların sözlərini oxuyur, yoxsa
normal mütaliə edir? "Sizin nə həddiniz var məndən oxuduğum kitabı
soruşursunuz?" deyəndə duruxdum. Bir anlıq mənə elə gəldi,
jurnalist budur, müsahibə verən mən. Üstümə mədəni şəkildə çımxırdı
ki, "Siz mənim İQ səviyyəmi yoxlayırsınız? Bu,
səviyyəsizlikdir".
Xəbəri yox idi ki, bu cür danışıqla öz səviyyəs(izliy)ini
nümayiş etdirir.
Başqa bir neçə sualıma da bu cür kobud və yersiz lovğalıqla
"cavab verməyəndən" sonra mən müsahibənin yekunlaşdığını və
qalxmalı olduğumuzu dedim. Özünü eşitməzliyə vurdu. Təkrar etdim:
"Müəllim, qalxaq".
Adam bilirdi ki, müsahibə yekunlaşmayıb. Bu dəfə dikbaşlıq və
lovğalıq yerini hədə-qorxuya verdi. Barmağını stola vurub "Siz
burdan getsəniz..." deyən kimi mən qalxdım...
Tragikomik vəziyyət idi. "Qadınlar susaraq gedər" deyibən üzümü
çevirib getdim.
Bəli, sizin (qadınların) tanıdığınız və görəndə ürəyiniz pır-pır
edən həmin məşhur, təkəbbürlü kişini çay süfrəsində camaatın gözü
qarşısında tərk etdim. Nümayişkaranə lovğalıq edən adamı
nümayişkaranə də tərk etmək lazım idi.
Amma maraqlıdır, "siz burdan getsəniz..."i necə tamamlayacaqdı?
Mən ordan gedəndən sonra heç nə olmadı axı. Belə aktyorlar elə
ancaq "aktyorluqla" məşğul olurlar.
Oxşar hadisə bu yaxınlarda bir iş yoldaşımın da başına gəlib.
Enlixanım Dəymədüşərova adlı aktrisa ondan bir məsələ ilə bağlı
açıqlama almaq istəyən iş yoldaşıma telefonda hörmətsizlik edib,
"xanım, görürsünüz ki, mən sizin sualınızı heç eşitmək də
istəmirəm" – deyib.
Sənin gözündən gəlsin o qalaq-qalaq alqış. Niyə eşitmək
istəmirsən? Eşidəndə zərin tökülür?
Bunlar adamı sevməyə də peşman edər.
Gərək bu cür adamları "şəxsiyyətimi təhqir etdiyinizə görə sizi
məhkəməyə verəcəyəm" deyib qorxudaq. Onsuz da belə adamların
qorxuları istedadlarından böyük olur...