Hələ min il əvvəl Həkim Eldostu hazırladığı iksirlə
daşlaşmış qollarını açmışdı. Ancaq indi vəziyyət 180 dərəcə
dəyişib: həkimə sağlam böyrəklə gedirsən, qayıdanda böyrəyində
çınqıl, qaya parçası, sement qalığı olur.
Görəsən ondanmı ki, məhləmizin sakinləri 3 universitet bitirmiş
Əhməd doktora deyil, savadsız Şərqiyyə nənəmin türkəçarələrinə
inanır. Gərək ki, bəzi həkimlər də otla müalicə üsullarına
keçsinlər. Zatən, otla, xüsusilə əncir yarpağı ilə araları yaxşı
olmalıdır, çünki lütdürlər - 3-5 manata görə vicdanlarını soyunub
çılpaq qalıblar.
İsti avqust günlərindən birində jurnalist dostumuzu – Rasim
Əliyevi itirdik. Özü də nəinki bir insan, hətta bir həşəratın
həyatına dəyməyəcək mövzuya görə. Yenə bir çoxları məsələni
siyasiləşdirməyə, günahsız bir insanın meyitinin üzərində öz
ideyalarının bünövrəsini qurmağa çalışdı. Rasimin üzərini təkcə
məzar daşı yox, bəzilərinin rahat yerimək üçün düzdükləri daş da
örtdü. Türkiyə mətbuatı onun türk bayrağı açan futbolçunu tənqid
etdiyinə görə öldürüldüyünü iddia etdi. Amma reallıq budur: Rasimin
nişanlısının çarəsiz baxışlarında bütün bayraqlar, ümumilikdə isə
dünya futbolu çox miskin və mənasız görünürdü.
Cinayətə siyasi don geyindirənlər oldu. Ancaq siyasi qətllər
soyuq və ya odlu silahla, ən pis halda zəhərlənmə ilə həyata
keçirilir. Məsələn, Kennedi, Nemtsov, Bhutto... Heç kim öldürüləsi
adama 5-6 təpik vurub getməz. Açıq-aşkar görünür ki, Rasimin
cinayəti birmənalı şəkildə məhlə xarakterli kriminal hadisədir və
bu cinayətin bir statusa görə baş verməsi daha böyük faciədir. Bu
cinayət Azərbaycan gəncliyinin müəyyən qisminin bu gün hansı
təfəkkürdə olmasını göstərdi. Avropa gənci min il bundan əvvəl
buxar maşını kəşf edib. Bizimkilər isə hələ də "hansımız qəlyanın
tüstüsünü ağzımızdan halqavari buraxırıq" deyə, yarışa
giriblər.
Bizim dünyada baş verən bütün proseslərə münasibətimiz bax belə
– çayxana səviyyəsindədir. Biz zikr təsbehindən qaqaş təsbehi
düzəldib, bunu kişilik simvolu sayan gənclərik.
Və Qərb düşüncəsi də məhz buna görə bizi anlaya bilmir. Amma bu,
təkcə "anlamamaq"dan deyil, anlamaq istəməməkdə, öz istəyinə uyğun
anlamaq cəhdindən doğur. Ümumiyyətlə, Qərb mətbuatının müsəlman,
türk dünyasına qarşı ikili standartı göz önündədir. "Şarli Hebdo"ya
hücuma görə bütün dünya ayağa qalxdı. Ancaq həmin hadisədən sonra
Keniyada universitet yataqxanasında törədilmiş misilsiz terror
ört-basdır edildi.
Eləcə də ötən gün Amerikada canlı yayım zamanı iki jurnalistin
öldürülməsi əqli çatışmazlığı olan birinin əməli kimi qələmə
verildi. Maraqlıdır ki, heç kim bunun arxasında dini, irqi və
siyasi çalar olduğunu ağlının ucundan keçirmədi.
Qərb öz məqsədləri naminə, Azərbaycana təzyiq etmək üçün ikili
standart tətbiq edir, kriminal olayı siyasiləşdirir. Ancaq bəlkə də
fərqində deyil ki, bu yanaşma ilə təkcə siyasi hakimiyyətin yox,
hər bir Azərbaycan vətəndaşının haqqını yeyir; Qərbin bu
davranışlarının ağrısını hər birimiz dərimizdə hiss edirik.
Rasim Əliyev cinayətinin kriminal olay olduğu çılpaqlığı ilə
üzdə olsa da, hətta "bu "razborka"dan xəbərdar olanların" həbsinə
qədər sərt reaksiya göstərildi. Əvəzində ən mühüm detal unuduldu:
axı Rasimi savadsız həkimlər öldürüb!
Məsələnin siyasiləşdirilməsi bu kriminal faciədə həm də
səhlənkar, səhiyyəmizi bərbad günə qoyan həkimlərin cəzalanmasına
diqqət ayırmağa imkan vermir: biz olayın heç bir zəruri ehtiyac
olmadan "kriminallığını" isbatlamağa məcbur edilirik, həkimlər isə
yaddan çıxır.
Gedin, camaatın gözü qarşısında, canlı efirdə iki jurnalisti
öldürən keçmiş jurnalistinizin hansı diskriminasiya səbəbindən bu
addımı atdığı ilə məşğul olun: istəyirsiz, kriminallaşdırın, bunu
"psixoloji pozuntu" sayın, istəyirsiniz, insan haqqının pozulmasına
görə dəlilik həddinə çatan jurnalistin qisas alması kimi izah edin.
Özünüz bilərsiniz. Amma siyasi mızınızı çəkin, qoyun, Rasimin
ölümünə bais olanların ədalətli cəzasını alması üçün özümüz qərar
verək!