Yuxarı

Əli bəyimiz Vəli aşından da oldu

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli bəyimiz Vəli aşından da oldu

Bu yay getdiyim 3 toy (gözəllik salonu – saç, vizaj, paltar, ayaqqabı, çanta, taksi və nəmər) mənə bir toy tutdu ki... Vallah, ölünü qoyub dirini ağlayıram, əgər mən bu xərclərin altında əzilirəmsə, təsəvvür edin, toy yiyəsi nələr çəkir. Axı 4-5 saatlıq bir "rakka-çiko"dan ötrü bu qədər xərc çəkmək hansı daxili ehtiyacdan doğur?

Bunun birinci səbəbi şöhrətpərəstlikdir. Belə adamlar göstərişi sevən, daim özündə olanı şişirdən, olmayanı da olan kimi göstərənlərdir. Bu, natamamlıq kompleksinin üzə vurduğu istək axınıdır.

Onlar fikirləşir ki, qoy hamı görsün, mənim toyumda yeməklərin yağı bol idi, stolda yemək əlindən barmaq qoymağa yer yox idi. Qoy hamı bilsin ki, qalıb xarab olmağına baxmayaraq, mən bir neçə növ kabab verdim.

İkinci səbəb qınaqdır. Bu qrupa aid olanlar, əslində, nəyin necə olduğunu qismən başa düşür, sadəcə, ictimai qınaq onları qorxudur, gələn qonağın toylarından narazı getməsini və gileylənməsini istəmirlər. Niyə axı hamının dilində dolaşsın ki, bunların toyunda dananın əti bərk imiş? Məsələn, toydan qayıdan adamların əksəriyyətinin dilindən ilk bu sözlər çıxır: düyü yaxşı bişməmişdi, kabab çox quru idi. İki insanın taleyinin həll olunduğu bir vaxtda öz qarnını düşünənlər, əslində, fiziki yox, mənəvi aclıqdan əziyyət çəkirlər.

Kreditə girib "vur-çatlasın, çal-oynasın" toy-büsat eləmək bir yana, hələ bunun təxminən 10 min dollarlıq (orta imkanlı ailə üçün) cer-cehizi də var. Cehizin mahiyyəti daha çox qonşuların gözünü boyamaqdır. İndi cehiz gənc ailənin vəziyyətini yaxşılaşdırmaqdan çox, onun problemlərini artırır. Tutaq ki, evi olmayan gənc ailə cehizi yığır kirayə tutduğu evə, sonra hər dəfə evi dəyişdikcə o allı-güllü mebellər də dağılıb yararsız vəziyyətə düşür. Beləcə, Əli bəyimiz Əli aşından da olur, Vəli aşından da. Amma çox sadə bir üsulla gənc ailələr özlərinə həyat qura bilərlər. Məsələn, həmin 10 min dollarla və toydan yığılan bir miqdar pulla normal şəraitli bir ev tikdirib yaşamaq olar. Belə olan halda ailə kirayəyə verəcəyi 500 manatı hər ay başqa işlərinə, eləcə də cehizə – məişət avadanlıqlarına xərcləyər.

"Döşəklərinə neçə kilo yun qoymusan? Yastıqları qaz tükündəndi, toyuq tükündən? Mən Anqora dovşanının tükündən eləmişdim. Üzüyünü neçəyə aldılar? Komplekti italyanskidi? Mən üçgünlüyündə gedən şirniyyatları quş südü ilə hazırlamışdım" kimi məzmunsuz söhbətlər mahiyyət etibarilə sinfi mübarizənin bir növüdür.

Ay nə bilim, paltarı sətindən, yeməkləri eşşək ətindən... Xülasə, bitib tükənmək bilməyən bu tip məişət söhbətləri daha çox toplumun reaksiyasına hesablanıb. Başqasının gözünə təmtəraqlı görünməyə görə öz övladlarının həyatını çətinə salırlar.

Cəmiyyətin əksər kəsiminin əsəb xəstəliyinə, başağrısına tutulmasının bir səbəbi də toylarda çalınan bayağı mahnılardır. Toy başlayan kimi hörüldəyən müğənni "Azərbaycan dili musiqi dilidir, Azərbaycan musiqisi dünya musiqisində özünəməxsus yer tutur" kimi cümlələri yerlə-yeksan edir. Əmilər, dayılar, bibilər, xalalar, az qala, bütün qonaqlar bir yerdə səhnəyə dəvət olunur. Niyə? Nə həşirdi? Xalqların böyük köçüdü? Ailənin iri-iri problemləri olduğu vaxtda iri-iri kişilər ortaya düşüb "İri-iri gözlərin" mahnısını sifariş verir, "kim göbəyini daha yaxşı silkələyər" mövzusunda yarışa girir.

Demirəm, oynamayın, amma bu ürəkbulandıran bayağı mahnılara yox, Azərbaycanın çox gözəl xalq və bəstəkar mahnıları var, onlara oynayın. Hər 3-4 oynaq mahnıdan sonra klassik xarici və ya Azərbaycan musiqisi səslənsin, belədə toy daha maraqlı keçər və qonaqlar da yorulmaz.

Bir də toyların yaraşığı – dava... Düzü, bu, əvvəllər "palatka" toylarında daha çox olurdu, amma indi də bu müqəddəs adətdən tamamilə əl çəkməmişik, hələ də bəzən şadlıq evlərini "yaraşığa mindirən" belə qardaşlara, əmilərə rast gəlmək olur. Əksər davalar da mahnı üstündə düşür. Məclisin bu yerində Kərəmi ağlamaq tutur.

Səbəb çoxdur əslində, amma hamısının kökündə birmənalı olaraq cəhalət, elmsizlik dayanır.

M.F.Axundov tənqidi risalələrinin birində deyir: "yaxşı şeirdə forma ilə məzmun vəhdət təşkil etməlidir: əgər bir şeir forma cəhətdən zəif, məzmun cəhətdən güclüdürsə, bu, məqbul nəzmdir, əgər forma cəhətdən zəngin, məzmun cəhətdən zəifdirsə, bu, qeyri-məqbul nəzmdir".

İndi biz toyların formatını dəyişsək də, mahiyyət dəyişməyəcək, olacaq həmin o qeyri-məqbuldan. Yəni birdən-birdən 180 dərəcə dəyişiklik əldə etmək çətin məsələdir. Belə olan halda hərəmiz inqilabımızı özümüzdən, öz yaxınlarımızın toylarından başlayaq. Yavaş-yavaş aradan qaldıraq toylarda olan bayağılıqları. Hər bir xalqı onun mədəniyyəti ilə tanıyırlar. İmkan verməyək bu mərasim mədəniyyətimizdə belə kök atsın, o rişədən boy atan, budaqlanan zoğlar bizim gələcəyimizdir axı. Gələcəyimizi təhlükəyə atmayaq...

Tarix
2015.09.07 / 09:47
Müəllif
Nigar An
Digər xəbərlər

Bu yoldakı körpü təmir edilir – Ehtiyatlı olun!

“Molla Nəsrəddin” jurnalı haqda şok faktlar

Xalq artisti niyə ruhi dispanserə gedib? - Video

“Belə bayağı, primitiv sözlər...”

Dünyanın ən gözəl azərbaycanlı Karmeni - Foto

Aşıq Ədaləti öldürmək istəyən kim olub?

Erməni hakerlərdən növbəti hücum - Foto

Möcüzələr yaradan Qəbələ sakini – Video

Pamuk: “63 il əvvəl İstanbul...”

Azyaşlılara sevindirici xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla