Axır ki, bir at, bir eşşək və bir canavarı razı salıb
Xaçmaz rayonundakı Qımılqışlaq kənd meşəsindəki dərəyə toplaya
bildim. Fikrim son günlər gündəmdə olan məsələlərin qaranlıq
tərəflərinə aydınlıq gətirmək idi.
Məsələdən agah olan kimi Canavar and-aman elədi ki, bu at-eşşək
məsələsindən nə onun, nə də qohum-əqrəbasının xəbəri var. Bu onlara
qara yaxmaqdan başqa bir şey deyil. Bizim adımız-sanımız var,
parçalayıb yediyimiz mal-heyvanın qalıqlarını saxlayırıq ki,
əlsiz-ayaqsızlar – çaqqallar, tülkülər, goreşənlər və sairləri də
qidalana bilsin. Daha başını, ayağını kəsib ətini aparmırıq.
Etirafından aydın oldu ki, son vaxtlar onlar diş qurdalmağa heç
nə tapa bilmirlər. Əgər fürsət düşsəydi, nəinki at-eşşək, lap
qoyun-quzu, inək-camış da parçalayıb yeyərdilər. Amma belə fürsət
ələ düşməyib.
Atla Eşşəyin fikri də maraqlı idi. Hər ikisi zərərçəkəndi.
"Kimdən şübhələnirsiz?" - soruşdum.
Eşşək bir ağız anqırıb boğazını arıtladı və başladı:
- Bütün eşşəklərin adından deyirəm ki, bizim Canavardan heç bir
şikayətimiz yoxdur. Araşdırma aparılır, inşallah, əsl günahkar
tapılar və bizim də qanımız yerdə qalmaz. Məni Eşşək olaraq narahat
edən Cəbhə və Müsavat qarşıdumasıdır. Niyə bu dostlar bir-biri ilə
yola getmir? Niyə bir–birinin palanının içini açıb tökürlər? Hələ
utanmaz-utanmaz özlərinə mənim adımı qoyurlar. "Eşşəklik eləmə". Bu
mənəvi terror bizi daha çox narahat edir.
Bu məqamda at elə kişnədi ki, Eşşək dik atıldı:
- Eşşək qardaş düz deyir, Cəbhədə atəşkəs pozulub, o atır, bu
cavab atəşi ilə susdurur...
Canavar:
- Məsəl var, deyərlər, çaqqal var gödən yırtır, qurdun adı
bədnamdır. İndi baxıram ki, bir Milli Şuranın zadını bölə
bilməyənlər başlayıblar gödən yırtmağa. Bir dəli şeytan
deyir...
Eşşək qulaqlarını dikəltdi:
- Canavar qardaş, lətifəsi sizdən uzaq, onlar Yalquzaq kimi
ağız-ağıza veriblər.
Canavar:
- Ay Eşşək, dedim axı, bizim adımız çıxıb. Onları bizimlə
müqayisə eləmə, biz öz nəslimizi parçalamırıq. Öz nəslini yeyənlər
bilirsən kimdir?
At:
- Canavara iradım var. Eşşək palçığa bir dəfə girər, ikinci dəfə
girərsə, demək, o hansısa partiyanın üzvüdür. Vəziyyət Qımılqışlaq
meşəsindən də acınacaqlıdır. Bu deyir ki, sənin nalını çıxarıb
başına çalaram, o biri də deyir ki, sənin quşqununu dağıdaram. Nəyi
bölə bilmirlər?
Canavar:
- Əlbəttə ki, iki eşşəyin arpasını.
Eşşək:
- Bizim arpamızı bölmək lazım deyil, imkan versələr, biz öz
arpamızı özümüz yeyə bilərik.
Axır ki, bezdim və mövzudan uzaqlaşdıqlarına görə onların səsini
aldım...