İnsan niyə bu qədər
müharibəni sevməlidir? Bəli, Rusiyanın Suriyada gündə 60-70 döyüş
uçuşları keçirdiyini az qala fəxrlə deyən təhlilçilərin tövründən
belə hiss olunur ki, bu adamlar müharibəni təkcə sevmirlər, ondan
hətta estetik zövq alırlar.
Müharibəni sevmək olarmı? Mənə elə gəlir ki, dünyadakı bütün
müharibələrdən yalnız biri var ki, ona bəraət qazandırmaq, onu
qəbul və təqdir etmək mümkündür. Bu da vətən müharibəsidir. İnsan
vətənini qorumağı bacarmalıdır, bircə şərtlə ki, o, gərək digər
insanların da vətən haqqını tanımış olsun...
Bəli, bu gün Rusiya Suriyada döyüşür. Üstəlik, o, bəlkə yeganə
dövlətdir ki, bir an belə dayanmır, ağla gələn, gəlməyən geosiyasi
ssenarilər cızır... Bu ssenarilərdən biri də Yaxın Şərqdə kürd
dövlətinin yarana bilməsidir. İndi Suriya kürdləri Rusiyaya böyük
ümidlə baxır və güman edirlər ki, ruslar onların elan etdikləri
muxtariyyəti tanıyacaq...
Bizə həmişə elə gəlib ki, Rusiyanı kürd hərəkatları ilə böyük
tarixi əlaqələr və iş birliyi bağlayır. Mən PKK-nın tarixini bütün
təfsilatı ilə bilmirəm, amma bu təşkilatın bir vaxt solçu-marksist
olmasının fərqindəyəm. Üstəlik, İraq kürdlərinin liderləri də
vaxtilə Moskvada təhsil almış insanlar idi...
Sözsüz ki, mən bununla nəyəsə kölgə salmaq niyyətindən uzağam.
Bir azacıq əvvəldə yazmışdım ki, hamının vətən haqqı var. Amma bu,
o demək deyil ki, sən harada üç nəfər oldunsa, gərək mütləq böyük
iddilara düşəsən. Təəssüf ki, bəzən belə də olur...
Ən qəribəsi isə bilirsinizmi nədir? Bu qovğada hətta ABŞ-la
Rusiya arasında belə anlaşma tapmaq mümkündür. Mənə elə gəlir ki,
bu müharibədə mütəfiqi olmayan bir dövlət varsa, o da Türkiyədir.
Rusiya öz mediasında kürd problemini aktuallaşdırmaqla məşğuldur,
ABŞ hələ S.Hüseyn vaxtından kürd icmasına böyük vədlər verir...
Olsun. Türkiyədən kənarda kürd dövlətinin yaranmasının bizim
üçün nə istisi, nə də soyuğu var. Qoy, yaransın. Amma Türkiyədə
bundan çox ehtiyat edirlər və düşünürlər ki, harada yaranmasından
asılı olmayaraq kürd dövləti Türkiyədəki kürd separatizmini
stimullaşdıracaq və yaranacaq yeni dövlət heç şübhəsiz ki,
Türkiyəni təhdid edəcək.
Qardaşımız Türkiyənin narahatlığını anlayırıq. Elə bizim
nigarançılığımız da məhz Türkiyə ilə bağlıdır. Amma biz Türkiyədə
kürd probleminin indiki siyasi məntiqlə həllini görmrük. Bizə elə
gəlir ki, Türkiyə kürd problemini öz ərazisindən başqa ölkənin
ərazisinə transfer etməyi, köçürməyi bacarmalıdır...
Birada mənim yadıma 92-93-cu ildən bir epizod düşür. Bir
türkiyəli dostum israrla məni inandırmağa çlışırdı ki, Türkiyədə
kürd yoxdur, orada dağ türkləri var. Mənim indi də onunla mübahisə
etmək fikrim yoxdur. Olsun. Qoy, lap elə dağ türkləri olsun. O vaxt
da demişdim ki, siz onların mövcudluğunu inkar edə, onlara kürd
deyil, dağ türkləri deyə bilərsiniz, amma bu, problemi həll etmir -
bu insanlar özlərini fərqli bir millət hesab edir, lap açığı, onlar
özlərini qətiyyən türk hesab etmirlər...
Həm də kürdlər dünyada o qədər çoxdurlar ki, onları inkar etmək
ən yaxşı bir halda gülüş doğura bilər – onlar var və bir neçə
dövlətin ərazisində nəsə etməyə cəhd edirlər...
Bizim üçün əsas olan nədir? Türkiyə bu problemdən qurtulsun!
Türkiyədən xəbərlərə baxmaq olmur, az qala hər gün terror, hər gün
ölüm... Nə vaxta qədər belə davam edəcək? Ən çox düşündürən
məqamlardan biri də budur ki, kürdlərin demoqrafik problemi yoxdur,
onlar sürətlə artırlar... Deyə bilmərəm indi onlar Türkiyədə nə
qədərdir, amma onu bilirəm ki, heç az da deyillər...
Ona görə də düşünürsən ki, bu problem ərəb dövlətlərinin
ərazisinə keçsəydi, heç olmasa, Türkiyənin canı qurtarardı...
Bir az əvvəldə dedim ki, Türkiyənin Suriya qovğasında heç bir
müttəfiqi yoxdur. Suriya və Rusiya belə hesab edir ki, Türkiyə
İŞİD-ə dəstək verir. Elə ABŞ da yaranmış vəziyyətdən məmnunluq
duymur - amerikalılar da düşünür ki, Türkiyə həm də PKK-nı hədəf
seçməklə onların regiondakı maraqlarına bir növ zərbə
vururlar...
Qərəz, vəziyyət belədir. Bir daha deyirik ki, hamının vətən
haqqına sayğı ilə yanaşırıq. Türkiyə də vaxtilə bu sayğını nümayiş
etdirib - Osmanlı tərkibində olan neçə millətin istiqlal haqqını
tanıyıb. Amma türklərin öz haqları, onların da vətən haqqı var. Bu
haqqı heç kim onların əlindən almayıb, ala da bilməz və hamı, o
cümlədən də Rusiya qəbul etməlidir ki, Türkiyə onu özünə vətən və
dövlət hesab edənlərindir...