Suriyadakı İŞİD mövqelərinə
tuşlanan "raketfəşanlıq"dan sonra diqqət bu yaxınlarda qəzaya
uğramış və yaxud da partladılmış (bəlkə də vurulmuş!) Rusiya
təyyarələrinə yönəlsə də, dünya siyasəti, xüsusən də Suriya
ətrafındakı proseslər hələ də gərginliyilə adamı məəttəl
qoyur.
Doğrusu, düşünürdük ki, böyük siyasət təmkini ilə seçilər, amma
indi baxanda görürsən ki, bu, bir az səthi təəssüratdır.
Hətta adam özü də belə qənaətə gəlir ki, müharibə elə həqiqətən
də siyasətin bir qədər fərqli üsullarla davamıdır.
Nə verir müharibə böyük dövlətlərə? Təsəvvür edin, bu yaxınlarda
Rusiyanın il ərzində silah satışından qazandığı məbləğ gündəmə
gəldi. Söhbət on milyardlarla dollardan gedir. Yox, demirik ki, bu,
Rusiya kimi nəhəng dövlət üçün çox böyük bir ədəddir. Amma kiçik də
deyil.
Elə ona görə də kimsə soruşanda ki, niyə dünyada müharibələr baş
verir, ilk öncə cavab veririk: dünyadakı silah zavodları
işləməlidir və bu zavodlarda istehsal olunan silahlar
satılmalıdır.
Bəlkə də böyük dövlətlərin hərbi-sənaye kompleksinin həcminə
varsaq, bunun nə qədər böyük bir imperiya olması ilə qarşılaşarıq.
Amma yenə də bütün bunlar nə qədər vacib və mühüm motivlər olsalar
da, heç də yeganə səbəblər deyillər. Bəli, diqqətlə baxanda
görürsən ki, müharibələr hətta təkcə silah satmaq, yeni silahları
sınaqdan keçirmək və ya hərbi-sənaye komplekslərini işlətmək üçün
də törədilmir.
Dövlətlər Yerin geosiyasi və geoiqtisadi resurslarından tutumuş
onun geoloji resurslarına qədər hər şeyi nəzarətə götürmək
istəyirlər. Amma hətta bu da ən son səbəb deyildir.
Bəlkə də bütün münaqişələrin həm də psixoloji motivləri vardır.
İŞİD kimi fenomenlərə baxanda bunu daha yaxşı anlamağa başlayırsan.
İŞİD-çilər kimdir və nə istəyirlər? Ən sadə cavabı budur ki, onlar
radikal islamçılardır və xilafət qurmaq istəyirlər.
Bəli, hər şeyin ilk baxışda məhz islam adı ilə və hətta islam
uğrunda baş verdiyi güman edilir. Amma dərhal da sual yaranır. Bəs
onda İŞİD sıralarına qatılmış minlərlə avropalı kimdir və onlar nə
istəyir? Bəlkə onlar da islam və xilafət uğrunda vuruşurlar? Bu
sual veriləndə dərhal sükut yaranır.
Ona görə də etiraf etməli olursan ki, əslində din bir pərdədir.
Bəs onda motiv nədir?
Hətta İŞİD-çilər kimi silahlı dəstələrin yalnız pul naminə
vuruşduğunu da zənn etmək çətindir, çünki bir avropalının uzaq
Suriyaya pul dalınca yollanmasını güman etmək, etiraf edək ki,
sadəlövhlük olardı. Belə alınır ki, heç pul da əsas motiv
deyil.
Onda bəs nə? Bəlkə ideya? Güman etmirik. Sadəcə, qəbul etmək
lazım gəlir ki, dünyada cürbəcür insanlar var: öldürməyi,
partlatmağı və hətta qanlı macəraları sevən insanlar. Belələri indi
bütün cəmiyyətlərdə mövcuddur. Ona görə də ilk baxışda təəccüblü
görünsə də, radikal dini qrupların tərkibində avropalıların da
olması elə də təəccüblü deyil.
Bir-iki il bundan əvvəl yetmişə yaxın adamı qətlə yetirmiş
norveçli heç də radikal islamçı deyildi, xristian idi. ABŞ-da
ara-sıra öz müəlləimlərini və hətta şagird dostlarını qətlə yetirən
uşaq və gənclər də radikal islamçılar deyillər.
Onlar bunu heç də sosial problemlər ucbatından, kasıblıqdan və
imkansızlıqdan etmirlər. Bu insanlar sadəcə, zorakılıqdan və ya
öldürməkdən həzz alırlar.
Suriya, İŞİD bir tərəfə, Dağlıq Qarabağda bir neçə il bundan
əvvəl bir terrorçunun adı çəkilirdi. Səhv etmirəmsə, o, sonradan
öldürüldü. Təsəvvür edin, bu adam Berkli Universitetini
bitirmişdi!
Mənim üçün, ixtisasca fizik olan adam üçün Berkli Universiteti
ilk növbədə məşhur "Berkli fizika kursu" və yaxud da ki, elə onun
qədər də məşhur olan "Berkli fizika məsələləri" toplusu demək
idi.
Amma bu universiteti bitirmiş erməni terrorçu olmuşdu! Nə idi
onu bu yola sürükləyən! Təkcə hansısa "ideya"mı? Güman etmirəm.
Böyük ehtiamlla bu adam da öldürməkdən, işgəncə verməkdən və ya
partlatmaqdan həzz alırmış!
Bir qədər haşiyə çıxmaq olsa da, daha bir cəhəti də qeyd etmək
istərdim. Erməni terrorçularının əməllərinə baxanda dərhal belə bir
təəssürat yaranır ki, hətta faşistlər belə onların fantaziyasına
həsəd aparardı! Ona görə də öldürməyi peşə edən adamların bunu
yalnız pul və yaxud da hansısa abstrakt bir ideyaya görə etdiyini
gümün eləmək bir az çətindir. Böyük ehtimalla burada psixoloji
amillər də az rol oynamır.
Psixoloji amillər deyəndə heç də elə təsəvvür yaranmasın ki,
onlar guya ağıldan kəm və yaxud da ruhi xəstədir. Yox, bunlar tamam
sağlam insanlardır. Sadəcə, bir daha deyirik ki, bu insanlar
öldürməyi, partlatmağı və işgəncə verməyi sevirlər. Axtarsan,
onlar, əslində, bütün ölkələrdə və cəmiyyətlərdə var. Sadəcə, öz
ölkələrində bunun üçün şərait tapmayanda bir də görürsən ki, İŞİD
kimi dəstələrin içində peyda olurlar.
Adı da olur ki, bunlar radikal islamçılardır! Amma bəlkə də
onlar arasında elə insanlar var ki, heç qibləni də
tanımırlar...