"Baden-Badenin mavi
gecələri, fransız xalqı kef eləyir".
"Şərikli çörək" filmindəki obraz belə deyir. Biz də firəngləri
həmişə kef eləyən görmüşük. Tarixin çox arxada qalan, lakin
asanlıqla oxunan səhifələrində də, indi paytaxtlarında nahaq qan
axıdılanda da... Qonşuları ingilislərlə amansız döyüşlərdə də,
Hitler Almaniyasının Avropanı caynaqlarına aldığı zamanlarda da bu
millət kef çəkməyi, qan tökməyi də bacarıb, qanının tökülməsinə
şahidlik etməyi də...
"Köhnə tüfəng" filmində fransız doktorun əzmkar qisasçılığı da
qan üstündə bərqərar olur: Doktor nahaq tökülən qana haqlı olaraq
qanla cavab verir.
Parisdəki son terror olayı İŞİD-in işidir. İŞİD dünyadakı terror
təşkilatları kimi nahaq qan töküb. Bu, çox pis haldır, bunu
alqışlamaq olmaz. Çünki terrorun qurbanı günahsız insanlardır:
istər Suriyada, istər Fransada, istər Türkiyədə.
"Hamı günahkardır dünyada, amma dünyadan heç kəsin günahı
yoxdur", - deyib bizim Ramiz Rövşən. Parisdə və digər sadaladığımız
və sadalamadığımız məkanlarda olan terror qurbanlarının günahları
bu terrora qədər uzana bilməzdi.
Bizim millət yas saxlamağı, ağı deməyi sevir. 1400 il bundan
qabaq xəlifəlik üstündə şəhadətə çatan ərəbləri də beləcə hüzn və
hüzr içində anırıq: Qara bayraqlar, baş yarmalar, sinə cırmalar,
Şah Hüseyn, vah Hüseyn sədaları və s. Dinimizdir, uğrunda ölənlərin
məqami-dərəcəyə çatması üçün dua edilməlidir. 1400 ildir bu duanı
edirik, axır ki, məqami-dərəcəyə çatdıracağıq.
Fransızlara da yas saxlayaq, başsağlığı verək. Amma arada terror
qurbanı olan və ola biləcək sadə və qeyri-sadə olan fransız xalqına
da bir qınaq göndərək, bəlkə?
Axı dünənə qədər müxtəlif adlarla İraqda, Misirdə, Liviyada
fransızların təyyarələrindən tökülən bombalar, mərmilər də şah və
kral saraylarına deyil, adi, sadə vətəndaşın toplaşdığı bazarlarda,
məscidlərdə, futbol meydanlarında ölüm yayırdı. Bu da terror və
terror qurbanlarıdır, sadəcə, başqa adla... Kef eləyən fransız
əhlinin bu günahsız insanların ölümünə "yox" deməmələri bir yana,
heç olmasa, bu ölkələrin bayraqlarına bürünüb, olayları sosial
şəbəkələrdə paylaşaydılar...
Fransa hökuməti bir vaxtlar müstəmləkəsinə çevirdiyi Əlcəzairdə,
Afrikanın onlarla ölkəsində qadına, uşağa gül dəstəsi verməmişdi.
Nə olsun ki, bütün bunlar çox geridə qalıb. Axı, heç nə yaddan
çıxmır, heç nə unudulmur...
Qətlə yetirilənlərin üstündən "Bu, haqq oldu", - demək günahdır.
Şəxsən mən bu günahı götürmərəm. Terroru pisləyirəm. Mənim üçün
Qarabağın Cəmillisində, Xocalısında, Malıbəylisində, Əsgəran
səmasında vurulan helikopterdəki, 1990-cı ildə Bakıda, sonralar
metroda, sərnişin avtobusunda terror qurbanı olan azərbaycanlı ilə,
2015-ci ilin noyabrında Parisin futbol meydanında, konsert zalında
kef eləyən fransızların qətlə yetirilməsi eynidir: günahsız
insanların qanı tökülüb deyə, bu acını digərindən
fərqləndirmirəm.
Fərqi o fransızda və azərbaycanlıda görürəm ki, bu ağrılara
müxtəlif yanaşıblar. Fransız bizim itkilərə dəstək olduğu
ermənilərin qələbəsi kimi baxıb sevinib, biz isə ümumilikdə
terrora, zora, başqasının haqqına girməyə pis baxaraq
kədərlənmişik.
Onlar türkün bayrağını ayaqlar altına atıb, biz onların
bayrağına bürünmüşük...