Dənizi çox sevirəm.
Uşaq vaxtı kağız parçasından gəmi düzəldərdim, həyətimizin
ayağından axan Qarayarçayın sularına atardım, dənizə gedib
qovuşacaq deyə, kağız gəminin ardınca baxardım.
Ay gəmi, ay gəmi, məni də apar
Sən Allah, ay əmi, məni də apar, - misralarını
Vasif Süleyman çox sonralar haqqımda "Mən dənizi qısqanıram"
yazısında yazacaqdı. Bu misralar dilimin ucunda topuq vururdu.
Böyümək, dənizə qovuşmaq istəyim körpə arzularım olub və bu arzu
məni heç vaxt tərk etmədi. Dəniz məni yaxşı qarşılamadı. Boz
sifətini, sərt küləyini göstərdi. Axşamlar ayın haləsi üzərinə
düşəndə uşaq arzularımın, oxuduğum kitabların, qoşduğum nəğmələrin
nağıllarını danışdım dənizə. Ay işığı dənizin üstünə süd rəngli
cığır salanda köynəyimin yaxasını açdım, xəfif yay küləyini
ciyərlərimə çəkdim, dənizi daha çox sevdim. Məni özünə bağlaya
bildi.
Bəzi dostlardan vəfalı oldu, aldatmadı, sərt üzünü, mülayim
sifətini özündə saxladı.
Tufanlarını, qasırğalarını gördüm, ağır gəmiləri yüngül beşik
kimi yırğaladı, silkələdi, atdı tutdu. Ödümün ağzımdan gələn
vaxtları oldu. Əsəbiləşdim dənizə, "tərk edəcəyəm" dedim. Amma heç
tərk edə bilmədim.
Dəniz elə həminkidir
Gah mülayim üzə gülər,
gah da dönüb ölüm olar,
bizi güdər, - dedim gənclik illərimdə.
Çox oldu dənizin sərt havasına dözməyən, arxasını çevirib gedən.
Dənizi çimərliyinə, balığına, həzin havasına görə sevənlər yanımdan
getdi, heç görüşmədim onlarla.
Dünyanın bir çox sularında üzdüm. Dağa bənzər dalğaları gördüm,
qollarımı yana açaraq qağayı kimi süzmək istədim, yaxası açıq
köynəyimin içinə hava doldu, yelkən bildim köynəyimi... Xəzərin
dalğası kimi qorxulu, həyəcanlı, çevik, ölüm qoxulu olmayan
dalğalara bağlana bilmədim. Yad suların dalğaları gəmilərə lay-lay
çaldı, amma beşik kimi atıb tutmadı... Dəniz cəsurları sevir -
dedilər, inandıq buna.
Dor ağacı sağ sola yellənir,
düşünürsən ölüm səni haqlayır
radist oğlan tez aparır əllərin
"sos" yazılmış düyməsində saxlayır...
Bu misralar da gənclik illərimin şeirlərindəndir.
Sahilə çırpılan şıltaq ləpələr
bir həzin nəğməmi, bir həzin səsmi?
İtirsəz Xəzərin ləpələrində
axtarın səsimi, gəzin səsimi...
Bu da o illərin şeirlərindəndir...
Bəlkə də heç bir dəniz Xəzər qədər vəsf olunmayıb, bu dənizə
yazılan qədər şeirlər yazılmayıb, nəğmələr qoşulmayıb... Sularına
mirvari, ləpələrinə qırçın don deyilib. Qumlu sahili, meynəlikləri,
balıqqulağıları... daha nələri şeirə, nəğməyə çevrilməyib? Bu dəniz
xoşbəxt dəniz olub...
Xoşbəxtdir bu dəniz ləpələrilə
bu gecə bir gözəl girib sulara
o qız bu dənizə gözəllik verir
bir də batan günəş, qürub sulara...
Günəş özünün qürub çağında da bu dənizin boyuna yaraşıq
verdi.
Dənizi hədiyyə verdim ki sənə
mən olan sahilə gələsən bir də. (Nəbi
Xəzri)
Hədiyyə verildi, sevgiyə şahid tutuldu... Həm də amansız olduq,
sərvətinə göz dikdik, yaşayaq dedik. Müharibələrin, qanın-qadanın
şahidi oldu dəniz...
Amma sevgi dolu şeirlərdə adı dodaqlarda hecalandı... Heç kəs
dənizin sərt sifətini görmədi. Dostlarım, xüsusilə yazarlar dənizlə
bağlılığıma həsəd çəkdilər, "nə yaxşı dənizdəsən" - dedilər. Dənizə
qoynunda, qumlu, bağlı-bağatlı sahilində kef etmək, istirahətdə
olmaq üçün tapınanlar idi onlar. Dəniz onlara xoş üzünü
göstərmişdi, sevdirmişdi özünü onlara. Dənizin can almağa hazır
olduğunu onlar heç fikirləşmədilər də... Sahil boyu qışqırışan
dalğalarda da bir poetiklik axtarmışdı şair dostlarım. Dənizi
bezdirmişdilər. Dənizin bağrı yarılırdı, bağrı çatlayırdı, sahil
boyu sıralanan qayalara çırpırdı özünü dəniz, məni tanıyın, mənim
bu sifətim də var, deyirdi bəlkə də.
Əlləri qoynunda, barmaqları çənəsində sənətkarlar azmı şəkil,
klip çəkdirdi Xəzərin sahilində...
Dənizi sevmədilər ki... Özlərini dənizlə tanıtdılar,
sevdirdilər... Tanıtdılarmı, sevdirdilərmi?
Dalğalar dənizin quş qanadıdır
Uçmaq istəyir, uça bilməyir
dalğalar dənizin kəhər atıdır
Qaçmaq istəyir, qaça bilməyir
Dalğalar dənizin qız ürəyidir
İstəyir sirrini sahilə açsın,
aça bilməyir...
Dənizin qağayıların ümidinə qaldığı vaxtları da çox görmüşəm.
"Qışqırışa-qışqırışa", "qəhqəhə" çəkə-çəkə dövrə vurublar dənizin
başının üstündə...
Yenə dövrə vurur başımın üstə,
Nə bilim, yazdığım yuxudur, bəlkə.
Gecələr yuxuma girən qağayı
Ölən dənizçinin ruhudur, bəlkə...
***
Dənizin üstündə qağayıya dönərək ruhlar qanad açıb uçmada.
Dəniz özünün sərt simasını göstərməkdə...
Dəniz can almada...