Nadim Əlixanov futbolumuzun da falına baxdı. Gözünü
yumdu, iki qızıl üzüyü sapa bağlayıb bir fincan saf suya salladı.
Fincanın içindəki sular ləpələndi, sanki böyük bir ümmanda fırtına
baş verdi.
Qızıl üzüklər fincanın divarlarına dəyib suda toqquşur, bu
toqquşmanın təsirindən Nadimin alnının üstünə tökülən kəkilləri
tərpənir, dodaqlarının altında nəsə pıçıldayırdı. Axır ki,
falabaxma mərasimi başa çatdı. Başını qaldırıb futbolumuzun
başbilənlərinə baxdı. Dərindən, rahatlıqla nəfəs aldı. AFFA-nın,
PFL-in, klubların öndərləri əvvəlcə bir-birlərinə, sonra isə
ehmal-ehmal, şümal-şümal, incə-incə, zərif baxışlarla Nadimə
baxdılar.
Yazıqların baxışlarında "başuva dönək, nə oldu" yalvarışı aydın
sezilirdi. Nadim bir də dərindən nəfəs aldı, titrətmə, əsmə,
qıcolma tutdu onu, tər süpürləyib basdı altına. Tələsik dəsmal
götürüb alnının tərini sildilər, yenə də məlul-məlul baxışlarla
falçının sifətinə zilləndilər. Nadim birdən yerindən dik atıldı,
həyacanla o başa-bu başa qaçdı. Və yenidən yerinə qayıtdı.
Futbolumuzun başbilənləri arasında pıçhapıç düşdü. Elxan
Məmmədov Ramin Musayevə baxdı. Ramin Musayev hiss etdi ki, Elxanın
ona baxması Sadıq Sadıqovu bərk təəccübləndirir. Ona görə də dərhal
nəzərlərini Sadıq Sadıqova yönəltdi. Bununla da "Elxan kimdi ona
baxım, biz eyni adama qulluq edirik" mesajını vermiş oldu. Böyükağa
Hacıyev də "dədəsinə" - Sadıq müəllimə tərəf boylandı. Sadıq
müəllim üzünü Rövnəq Abdullayev səmtə döndərməklə, dəstə
baxışlarını o istiqamətə tuşladı. AFFA prezidenti müdrik görkəm
alaraq baxışları ilə "görək axırı hara gedir" işarəsini verdi. Bu
işarədən sonra baxışlar yenidən Nadimin sifətinə oxlandı.
Nadim bu dəfə cibindən kağıza bükülü nəsə çıxartdı. Bir fincan
qaynar su, bir qaşıq şəkər istədi. Əlüstü hazır oldu. Ehmallıca
bükülünü açdı. Hamını maraq bürümüşdü. Nədir axı bu bükülüdəki?
Elxan Məmmədov yenə də darqursaqlıq elədi: "Ala, bu qəhvədir
ki..."
Ancaq rusdilli olduğu üçün qəhvə sözünü düzgün tələffüz edə
bilmədi. Araya pıqqapıq düşdü. Ramin Musayev özünü gülməkdən
saxlaya bilməyəcəyini görüb, yalandan öskürməyə başladı. Elxan
müəllim vəziyyəti anladı, yazıq-yazıq Rövnəq Abdullayev tərəfə
baxıb "kofedir" dedi. Nadim kofeni fincandakı çaya səpdi, şəkəri də
əlavə edib barmağı ilə qarışdırmağa başladı. Dodaqaltı nəsə
mızıldandı, hansısa duanı oxudu, sonra fincanı dodaqlarına
yaxınlaşdırdı. Aramla içdi, gözlərini qıyıb fincanın divarlarına
baxdı, dili ilə dodaqlarını sildi və birdən yenə də əsməcəyə düşdü.
Nadim özünə gəldikdən sonra başını yuxarı qaldırmadan soruşdu:
"Qızın neçə yaşı var?" Cavab gözləmədən dedi: "Bu onun ilk təması
deyil. Bir dəfə abort elətdirib".
Elxan Məmmədov dərhal reaksiya verdi: "Tı çto, nə abort-abort
salmısan, de qorum fitbolun veziyyeti nece olacax?".
Baxıcı-ekstrasens yatmışdı
sanki, ayıldı. Amma özünü o yerə qoymadı:
"Hansınızsa, qadın millisinə gətirdiyiniz xarici futbolçunu
ürəyinizdən keçirtdiniz, qulağıma səda gəldi o haqda". Hamı şoka
düşdü. Elxan Böyükağa Hacıyevə tərəf baxdı. Böyükağa müəllim səsini
qaldırdı: "Bura bax ey, mən "Neftçi"nin baş məşqçisiyəm. Milliyə
almanlar baxır".
Nadimin danışması aranı səngitdi: "Futbolumuzun gələcəyi
parlaqdır. Gələcəkdə bizim uşaqlar lap yaxşı oyun oynayacaqlar.
Komandalarda qruplaşmalar olmayacaq. Azərbaycanlı məşqçilər
bir-birlərinə torba (bu yerdə nədənsə hamı Böyükağa Hacıyevə baxdı,
Ramin Musayevin simasında "inanan daşa dönsün" ifadəsi vardı)
tikməyəcəklər. Maaş qalxacaq. Kasıb futbolçu olmayacaq, bahalı
transferlər gerçəkləşəcək.
"Bəs Foqts necə olacaq?"- Elxan soruşdu. Nadim yenidən üzükləri
fincana salladı. Bir qədər baxdıqdan sonra dedi: "Bu fincanı Gəncə
çini qablar zavodu yerli palçıqdan istehsal edib, Foqts da nemesdi,
bizim dili anlamır, bizim fincanların içində olan cinlər də nemescə
bilmir, baxmaq olmur".
Elxan tez əlini pencəyinin cibinə saldı. Ordan bir fincan
çıxartdı:
"Gala, bunu Frankfurtdan, Foqtsun qardaşının dükanından almışam,
təmiz alman malıdı",- dedi. Nadim fincana baxdı, içinə su doldurdu,
qızılları yenə suya salladı və dodaqaltı dualar oxudu. Diksindi,
tərlədi, əsməcə tutdu və handan-hana dedi:
"Foqtsun qədrini bilin. O olmasa batarsız".
Nadim bunu demişdi ki, Elxan Məmmədov onun boynuna sarılıb
üz-gözündən öpməyə başladı. Ramin Musayev üzünü Sadıq Sadıqova
tutub:
"Mən bunun fırıldaqçı olduğunu bilirdim",- dedi. Bu vaxt
həyətdən gələn səs məni də yuxudan ayıltdı. Kimsə uca səslə "fala
baxıram, rəml atıram" deyirdi. "Allah sən yuxumu xeyirə cala",-
deyb, cibimdən 20 qəpik çıxartdım.