Azərbaycanın qəribə taleyi var. Bu dövlətin yüksəlişi
həmişə itkilərlə, siyasi katakilizmlərlə, çətinliklərlə müşayiət
olunur...
1918-ci ildə qurulan Xalq Cümhuriyyəti gənc və zəif olmasına
rəğmən, böyük hədəflərə istiqamətlənmişdi. Amma... Hədəflərə doğru
yalnız 23 ay yürüyə bildi. Əsrin 20-ci ilində Azərbaycanı nəinki
işğal, ümumiyyətlə, coğrafiyasını kiçiltmək üçün nə mümkündürsə,
etdilər.
1990-cı illərdə tarix yenidən təkrarlandı və zəif hökumətin zəif
idarəçiliyi hələ də düşmən əsgərinin çəkmələri altında əzilən 20
faizlik torpaq itkisi ilə nəticələndi. Bu dəhşət 1993-cü ilə,
Heydər Əliyevin möhtəşəm qayıdışınadək davam etdi. Və o andan
Azərbaycanda güclü dövlət quruculuğuna start verildi...
Çox maraqlı detaldır ki, yuxarıda qeyd etdiyimiz hər iki tarixi
dövrdə Azərbaycan iqtisadiyyatı indi olduğu qədər güclü olmayıb,
Azərbaycan insanı bu səviyyədə rifah içində yaşamayıb. Lakin o vaxt
müharibələrə, çörək növbələrinə rəğmən, xalq ayaqda dayanmağı
bacarıb. Çünki Azərbaycanın güclü dövlət olacağına, nəhayət,
suveren və müstəqil olacağına ümidini itirməyib. İnanıb. Azərbaycan
həm də bir toplum olaraq bizim inamımızdan, inanclarımızdan
doğulub.
Bəs indi nə baş verir? İnsanlarımızda bir ümidsizlik
sezilməkdədir. Sosial mediada, bir həmkarımızın yazdığı kimi,
"sanki azərbaycanlıların bütün xoşbəxtliyi pulun üzərində imiş.
Devalvasiya baş verir, hamının üzündən hüzn tökülür". Niyə? Beləmi
olmalıdır? Beləmi olmalıyıq? Bəli, ölkə iqtisadiyyatında dünyadakı
iqtisadi böhranın təsirləri hiss edilir, milli valyutanın dəyəri
aşağı düşüb və bundan insanlarla yanaşı, dövlətin özü də zərər
görür. Amma bu, Azərbaycan hakimiyyətinin günahı ucbatındanmı baş
vermir. Gəlin, real və ədalətli olmağa çalışaq:
Burada iki baxış imkanı var:
1. Neftin qiyməti dünya bazarında aşağı düşüb, manat devalvasiya
olub, müəyyən problemlər mövcuddur. Bu rakursdan baxanda hər şey
qarışıq görünür və əsas günahkar kimi mövcud iqtidar təqdim olunur.
Özlərini "iqtisadi ekspert" kimi təqdim edənlər arqument gətirirlər
ki, hökumət manatın devalvasiyasına hələ 2008-ci ildə dünyadakı
maliyyə böhranı zamanı getməli idi. "O zaman belə olmayacaqdı", -
deyə "kor tutduğunu buraxmayan kimi" eyni fikri təkrarlayırlar.
Halbuki, 2008-ci ildə dünyanın, xüsusilə Avropanın əksər
ölkələri necə çətin vəziyyətə
düşdü, iqtisadiyyatlar defolt həddinə çatdı, işsizlik gündəlik
həyatın adi hadisəsinə çevrildi və hələ də bir çox ölkə bu
problemdən yaxa qurtara bilməyib. Azərbaycan isə az sayda
ölkələrdən idi ki, öz iqtisadiyyatını yüksələn inkişaf xətti üzrə
davam etdirə bildi. Bu barədə indiyə qədər çox deyilib, yazılıb və
bunlar klişə hesab oluna bilər. Lakin normal məntiq burada
hökumətin xalq üçün atdığı addımları kənara qoymamalı, gözardı
etməməlidir.
Təsəvvür edin, manatın devalvasiyası 7 il öncə baş versəydi,
durum necə olacaqdı? Bu 7 ildə axı Azərbaycan xalqı nəinki
regionun, dünyanın əksər ölkəsindən daha yaxşı yaşayıb. İqtisadçı
olmasaq da, qeyd edə bilərik ki, işsizlik həddi maksimum aşağı
enib, evsizlər ev-eşik, mal-mülk sahibi olub. Beynəlxalq reytinq
agentliklərində ölkəmiz ön pillələrə çıxıb.
Burada "hökumət devalvasiyaya niyə 7 il öncə getmədi?" sualının
cavabı aydın görünür: 90-cı illərin ağrı-acılarını yaşamış bu
xalqın çətinliyi geridə qoyması və region ölkələrinin insanlarından
daha yaxşı durumda olması...
Hökumət neftdən gələn gəlirləri insan kapitalına çevirməklə,
qeyri-neft sektorunun inkişafına sərf etməklə yanaşı, həm də
insanlarımızın cibindəki pulun beynəlxalq valyuta hesab olunan
dollardan daha dəyərli olmasına yönəltmişdi. Bunu anlamaq o qədər
də çətin deyil, sadəcə, başımızı qaldırıb reallığa aydın nəzərlərlə
baxmağımız lazımdır.
2. 2014-cü ildən sonra dünya neft bazarında qiymətlər enməyə
başladı. 2015-ci ildə isə vəziyyət daha da pisləşdi. Birinci səbəb
dünyadakı iqtisadi situasiyadır. Xam neftə tələbat azaldı, təklif
təlabatı üstələdi. OPEK hasilatı artırdı və İranla nüvə
danışıqlarının uğurlu olmasının ardından bu ölkənin də bazara
məhsul çıxarması gündəmə gəldi. Bunlarla yanaşı, ABŞ 40 ildən sonra
öz neftini bazara çıxarmağı qərara aldı.
İqtisadiyyat siyasətə təsir etdiyi kimi, siyasət də bu sektoru
yönləndirən əsas amildir. Dünyanın siyasi situasiyası Soyuq
müharibədən sonra ilk dəfə bu qədər mürəkkəb mərhələyə qədəm qoydu.
Ukrayna münaqişəsi ən böyük neft istehsalçılarından olan Rusiyanı
Avropayla düşmən etdi. Qərb Rusiyanı iqtisadi cəhətdən çökdürmək
üçün hərəkətə keçdi. Bunun fonunda "neft quyusu" hesab olunan Yaxın
Şərq qana boyandı.
Səbəbləri uzatmaq da olar, amma sadaladıqlarımız Azərbaycanda
yaranmış hazırkı iqtisadi vəziyyətin ölkə daxili ilə əlaqəsinin
olmadığını göstərir. Bu baxımdan, dünya iqtisadiyyatının ayrılmaz
hissəsi olan Azərbaycanda manatın devalvasiyasını və müəyyən
iqtisadi çətinliklərin qaçılmaz olmasını anlayışla qarşılamaq
lazımdır.
Lakin dünyanın iqtisadi və siyasi mənzərəsi fonunda, situasiyanı
Azərbaycanın əleyhinə çevirməyə çalışanların çabalarına rəğmən,
ölkəmiz yenə də region, eləcə də bir çox Avropa dövlətləri ilə
müqayisədə kifayət qədər yaxşı vəziyyətdədir. Misal üçün, Rusiyada,
Orta Asiya respublikalarında, son onillər dünyanın ən stabil
inkişaf edən ölkəsi Çində, Şərqi Avropada, qardaş Türkiyədə və s.
dollar milli valyutalara nisbətdə proqnozlaşdırılmayan səviyyədə
bahalaşıb.
Bu günlərdə Minskdən qayıdan həmkarımız Taleh Şahsuvarlının
təəssüratları isə Azərbaycanın sərhədlərindən kənardakı vəziyyəti
təsəvvür etməyə kömək edir:
"Minski gördüm və bir daha dedim: min şükür Azərbaycana. Burada
həyat deyilən şey yoxdur. Süst və kimsəsiz şəhərdir. Qiymətlər də
ucuz deyil əslində. Ölkədə istehsal yox səviyyəsindədir. Nə ilə
yaşayırlar, anlamıram. Bizim ortabab yaşayanımız buranın ən
zənginidir".
Bu, sizə çox şey demirmi?! Təkcə Belorusda deyil, post-sovet
məkanındakı ölkələrin böyük əksəri bu vəziyyətdədir. Romantik
siyasətçilərimizsə israrla bildirirlər ki, devalvasiya qaçılmaz
idisə, iqtisadiyyatı neftdən asılı vəziyyətdə saxlamamalıydıq. Bu
fikirlər səslənəndə bəlkə də maraqlı və ya haqlı görünür, halbuki
Azərbaycan indiyə qədər neftdən əldə etdiyini qeyri-neft sektoruna
uğurla transfer edə bilib. Ancaq xaricdən deyilən hər sözə
inananlarımız həqiqətləri bilmək istəyirlərsə, bir qədər əziyyət
çəkib beynəlxalq təşkilatların hesabatlarına baxa bilərlər. Onların
inandığı beynəlxalq araşdırma mərkəzlərinin son proqnozunda
deyilir: neft qiymətlərinin aşağı düşməsindən ən çox əziyyət
çəkəcək ölkələr Rusiya, Səudiyyə Ərəbistanı, Kanada, Meksika,
Venesuella, Nigeriya və Avropanın ən rifah ölkəsi hesab olunan
Norveç olacaq.
Azərbaycanın adı, gördüyünüz kimi, bu hesabatda yoxdur.
Beynəlxalq Energetika Agentliyinin (International Energy
Agency-İEA) 3 gün öncə yayılan araşdırmasında deyilir ki, postsovet
məkanında böhrandan ən tez çıxan valyuta Azərbaycan manatı olacaq.
Yaponiyanın nüfuzlu "Nomura" maliyyə agentliyinin ekspertlərinin
hesablamalarına görə, 3 aydan sonra ABŞ dollarının mövqeləri
zəifləyəcək, xam neftin bir barreli orta hesabla 35-40 dollara
satılacaq.
Deməli, azacıq dözümlü olmaq lazımdır. Zorakılıqla, iğtişaşlarla
nəyə nail olmaq olar? İstəklərimizdən, arzularımızdan siyasi
məqsədləri üçün istifadə etmək istəyənlərə imkan verməməliyik.
Suriyanı gözümüzün önünə gətirək. Müharibə və humanitar fəlakətlə
baş-başa buraxılan bu ölkənin firavan dövrünü və bu gününü müqayisə
edək. Biz bu aqibəti istəyirikmi?
Əlbəttə, yox!
Avropada müharibədən, qan-qadadan uzaqda miqrant həyatı yaşamaq
üçün sularda boğulan körpə uşaqlar, namusuna təcavüz edilən
qadınlar... Onlar bu həyatı istəyirdilərmi?
"Onlar inqilab afişalarının asıldığı çubuqları tutur, tərifini
belə düz-əməlli anlamadan "azadlıq" deyə qışqırır".
Dostoyeviski "Şeytanlar" romanında belələrini "əclaf" adlandırır
və haqlı olaraq yazır: "Onlar insanlara yalnız anarxiya
gətirirlər".
Mixail Bakunin və Pyotr Kropotkinin davamçılarının niyyətləri
əlbəttə ki, bizim dərdlərimiz, yaxud necə yaşamağımız deyil. Onlar
"xaos və anarxiya" istəyir...
Azərbaycanı sevməyənlərin qara niyyətləri gerçəkləşərsə, nələr
ola bilər, heç düşündünüzmü? Bəlkə də böyük vədlər verə bilərlər.
Amma bundan artığını inanın ki, verməyəcəklər. Bu xalqın nə
yaşadığı, nə arzuladığı onların umrundadırmı ki? Əllərində olsaydı,
Azərbaycan adlı dövlətin mövcudluğuna son qoyardılar. Buna razı
olmaq olarmı? Əlbəttə, yox. Ac da qalmaq olar, susuz da. Hətta
ölmək də. Amma biz bu dövləti sabaha, sabahlara, gələcək nəsillərə
sağ-salim, bütöv vermək üçün qorumaq məcburiyyətindəyik. Bu,
borcdur, alın yazısıdır, hətta ləyaqət, namus məsələsidir!!!
Bəlkə də fikirlərimə "pafos" deyərək ittiham edənlər tapılacaq.
Amma öncə yaxın keçmişə nəzər salaq: ərəb dünyasının ən güclü
iqtisadiyyatına malik olan Misirdə insanlar "biz evlənmək
istəyirik" deyə absurd şüarlarla küçələrə çıxmışdılar. Nəticə nə
oldu?
Ukraynada "demokratiya" (əslində "azad seks") şüarı ilə
"nihilistlərin" çıxdığı küçələr elə onları küçəyə çıxaranlar
tərəfindən qana boyanmadımı?
"Ukraynada diktatura yaratdılar və onların sayının bir yox, üç
olması heç nəyi dəyişmir. Romada da triumvirat var idi və
imperiyanı Pompey, Krass və Sezar idarə edirdi. Hansı ki, bu
üçlüyün diktaturası idi. Ukraynaya Romanın taleyini
yaşadırlar".
Romantik Maydanın əleyhinə olduğu üçün bir gecədə qətlə
yetirilən ukraynalı jurnalist Oles Buzina ölümündən öncə baş
verənləri belə şərh etmişdi.
Təcrübə göstərir ki, emosiyalarla aranan "çıxış yolu" dövlətin
məhv olmasının başlanğıcıdır. Bax, buna yol vermək olmaz. Biz indi
həmişəkindən daha artıq, həmişəkindən qat-qat artıq Prezident İlham
Əliyevin ətrafında birləşməli, böhranlı vəziyyətdən alnı açıq-üzü
ağ çıxmaq üçün var gücümüzlə dəstək verməliyik. Hazırki daxili və
xarici situasiya bunu indiyədək heç olmadığı qədər şərtləndirir,
tələb edir...
Bəli, heç bir siyasi quruluş, heç bir cəmiyyət problemlərdən
sığortalanmayıb. Bu gün aşağı ranqlı məmurun hansısa özbaşınalığı
bizi özümüzdən çıxarır. Lakin buna etiraz olaraq dövləti hədəf
seçmək böyük yanlışlıqlara yol aça bilər. Unutmamalıyıq ki, İlham
Əliyev Azərbaycanı regionun ən zəngin dövlətinə çevirən, indiyədək
baş verən bütün böhranlardan və siyasi kataklizimlərdən xilas edən,
düşmənə bir qarış torpaq verməyən, əksinə, ərazi bütövlüyümüzün
bərpası uğrunda nəhəng diplomatik hərəkat başladan dövlət
rəhbəridir. Deməli, yaranmış müvəqqəti iqtisadi çətinlikdən də
çıxış yolunu tapacaq.
Nazirlər Kabinetinin sonuncu iclasında Prezident İlham Əliyev
məhz xalqın mövqeyindən çıxış edərək, hökuməti süni bahalaşmaya
qarşı mübarizəyə çağırdı və çıxış yolunun konturlarını cızdı:
- İnhisarçılığa qarşı mübarizə genişlənəcək.
- Süni bahalaşma yaradanlar sərt cəzalandırılacaq.
- Qiymətlər tənzimlənəcək.
- Pensiya və əmək haqları artırılacaq.
Buna şübhə etməməliyik, sadəcə, səbir etməli və təmkin
göstərməliyik...