Dünən Türkiyənin "Haberturk" kanalının "Ötəki gündəm"
verilişinə baxdım. Verilişdə şiəliyin və sünniliyin tarixi haqqında
müzakirələr aparılırdı.
Mənim tarix haqqında danışmaq fikrim yoxdur, bu mütəxəssislərə
aid bir işdir. Ancaq veriliş boyu Azərbaycan Səfəvilər dövlətinin
hökmdarı Şah İsmayılın İran şahı kimi təqdim olunması hesab edirəm
ki, Azərbaycan türklərinin dövlətçilik tarixinə bir həqarətdir. Bu
fikirləri verilişdə iştirak edən tarixçilərin Azərbaycana qarşı
qərəzli münasibəti ilə bağlamaq bəlkə də doğru olmazdı. Çünki bu
günə qədər istər Türkiyə, istərsə də dünyada Səfəvilər xanədanı
İran dövləti kimi qəbul edilib.
Halbuki Şah İsmayılın Azərbaycan hökmdarı olması o qədər açıq
bir həqiqətdir ki, bunu müəyyənləşdirmək üçün heç mütəxəssis olmağa
da ehtiyac yoxdur. Dövlətin paytaxtı Təbriz, rəsmi yazışmalar türk
dilində, bütövlükdə Azərbaycan ərazilərini əhatə edən türk mənşəli
Səfəvilər dövlətini İran dövləti saymaq üçün heç bir tarixi əsas
yoxdur. İranın o zaman Səfəvilər dövlətinin tərkibinə daxil olması
isə bu dövlətin fars dövləti sayılması üçün əsas ola bilməz. Eyni
məntiqlə bu gün ərəb ölkələrinin də Osmanlı imperiyasının tərkibinə
daxil olduğunu əsas gətirib bu imperiyanı Ərəb dövləti adlandırmaq
nə dərəcədə doğru olardı?..
Təbii ki, bu açıq və aydın şəkildə yanlış, təhrif sayılan bir
yanaşma olardı. O halda nədən Səfəvilər dövlətini türk tarixçiliyi
İran dövləti kimi qəbul etməlidir?
Müasir milli dövlətlər meydana çıxmadan öncə dövlətlər
yerləşdikləri əraziyə, milli kimliyə görə deyil, hakimiyyəti quran,
əlində saxlayan sülalənin adı ilə adlandırılıb. Necə ki, türk
dövləti sayılan Osmanlı onu quran Osmanın adı ilə adlandırılırdı,
eləcə də Şah İsmayılın qurduğu dövlətin də adı onun babası şeyx
Səfinin adı ilə bağlıdır.
Bu məsələnin detallı şəkildə gündəmə gətirilməsi və tariximizin
İran əsarətindən çıxarılması tarixçilərin işidir. Bəs niyə bu günə
qədər bunlar edilməyib? Qərb tarixçiliyi bir tərəfə dursun, Türkiyə
də bizim tarixi İran tarixi kimi qəbul edirsə, bunun günahı
kimdədir? Əlbəttə ki, özümüzdə...
Niyə Azərbaycanın əvvəlki dövrlər bir yana, heç olmasa orta
əsrlər dövrünün gerçək şəkildə öyrənilməsi və təqdim olunması üçün
sərhədlərimizdən kənarda bircə təşəbbüs belə göstərilmir?
Azərbaycan Elmlər Akademiyasının Tarix institutu deyilən bir qurum
var. Bundan əlavə ölkə Universitetlərində kifayət qədər tarixçi
potensialı olduğu halda, tariximizi tanıtmaq, dünya tarixçiliyində
bizim İran içərisində yox sayılmağımızı aradan qaldırmaq üçün niyə
ciddi bir fəaliyyət proqramı hazırlanmır?
Bu gün Avropa ölkələrində olan muzeylərdə Azərbaycan tarixinə
aid dəyərli sənət nümunələrinin demək olar ki, hamısı İrana məxsus
əşyalar kimi təqdim olunur.
Nə çətin, müşkül məsələdir ki, ilkin başlanğıc kimi ölkəmizdə,
Türkiyədə nüfuzlu, tanınmış tarixçilərin iştirakı ilə dövlətçilik
tariximizin bizə, Azərbaycana aid olduğunu sübut etmək, araşdırmaq
üçün elmi konfranslar keçirilsin? Təbii ki, istək olarsa, heç də
çətin deyil. Bundan əlavə tariximizə aid kitabların Türkiyədə,
Avropa ölkələrində çap edilməsi də dövlətin görməli olduğu işlərdən
biridir.
Nə qədər ki, bunları edə bilməmişik, heç kimdən inciməyə
haqqımız yoxdur. Hər halda AMEA-nın Tarix institutunun bu
məsələlərə münasibəti maraqlı olardı.
Nə yalan söyləyim, illərdir bu işləri görməyən, amma özünü
tarixçi adlandırıb ölkə daxilində tarixdən başqa hər işlə məşğul
olanların bunların təəssübünü çəkəcəyinə şübhə ilə yanaşıram.