Hərdən telekanallarda xarici ölkələrədə baş verən
daşqınları, qar və küləyin yaratdığı problemləri izləyərkən
düşünürəm ki, nə qədər narazı olsaq da, vallah, biz Allahın şanslı
bəndələriyik.
Niyə? Çünki bu təbii fəlakətin biri Azərbaycanda baş versə,
təsəvvür edirsinizmi nə günə düşərdik. Düşünməyi belə adamı
qorxudur. Adi yağış yağır, küçələrimiz gölməçələrə dönür, çirkab,
palçıq əlindən zinhara gəlirik. 5 santim qar yağır, küçələr bir
balaca buz bağlayır, sanki böyük təbii fəlakət baş verib, yollarda
hərəkətdən tutmuş elektrik, qaz, su probleminə qədər, hər sahədə
çətinliklərlə üzləşirik.
Şaxta olanda isə vəziyyət daha acınacaqlı hal alır. Necə ki, bir
neçə gün bundan öncə şaxtalı hava evlərə gələn gələn su borularını
dondurduğu üçün çox acınacaqlı vəziyyətlə üzləşmişdik. Çox yox, 5-6
dərəcəlik şaxta demək olar ki, paytaxtda təbii fəlakət vəziyyəti
yaratmışdı.
Məsələn, 10 gün susuz qalmağın mənzillərdə, insanların həyatında
hansı fəlakət yarada biləcəyini deməyə yəqin ki, ehtiyac yoxdur.
Təsəvvür edin ki, bu ölkədə şaxtalı hava bir həftə yox, bir-iki ay
sürsə, o zaman biz nə hallara düşərdik? Bunu bir Allah bilir.
Bəs niyə belə olur? Buna cavabdeh olan Azərsu ASC-nin əhalinin
su ilə təmin olunmasına büdcədən ayrılan yüz milyonlarla vəsaiti
nəyə xərclənib? Məsələ suyu mənzillərə verməkdə deyil, onu hava
şərtlərindən asılı olmayaraq, problemsiz çatdırmaqdadır. Çoxmu
çətin məsələdir? Bəs qış boyu güclü şaxtaların olduğu ölkələrdə bu
iş necə görülür? Demək, məsələ mümkünsüzlükdə deyil, "Günəşli
Azərbaycanın" günəşli qışına arxayın olmaqda, işi görməməkdə
(bacarmamaqda yox, məhz görməməkdə), qışa hazırlaşmamaqda,
"təvəkkül Allaha" deməkdə, insanların üzləşdiyi çətin problemi saya
salmamaqdadır.
M.Ə. Sabir deyirdi ki, "Qışda suyun olmaz, əridib qarı yeyərsən/
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən". İndi də Azərsu
ASC-nin əhaliyə zəhrimar yedirtmək kimi bir düşüncəsi olmasaydı,
yəqin ki, biz 5-6 dərəcəlik şaxtanın girovuna çevrilməzdik.
İndi havalar isinib. Təbii olaraq suların donu açılıb. Ancaq
yenə bi bəla var: su sayğacları dondan sonra "dona düşdüyündən",
indi də su problemini sayğaclar yaradır. Və bu problem o qədər
genişdir ki, əhalinin suyla təmin olunmasına məsul olan idarə
əməkdaşları çatdırıb, vaxtında sayğac problemini aradan qaldıra
bilmirlər və günlərlə sakinlər sayğacquranları gözləyir.
Sovetdənqalma boruları bəlkə də başa düşmək olar; bəs, yeni
smartkart sayğacları 5-6 dərəcəlik şaxtada sıradan çıxırsa, bunun
məsuliyyəti kimindir? Bu sayğacları niyə daha tədbirli şəkildə
quraşdırmırlar ki, belə problemlə üzləşməli oluruq? Və ümumiyyətlə,
bu il yaşanan problemdən bir nəticə çıxaracağıqmı? Gələn ilə tədbir
alacağıqmı?
İnanmıram...