Cəmi 27 yaşlı dövlət katibinin meydandan qalma şakəri
ilə Əbülfəz Elçibəyə yol göstərməsi guya sovetlərin qəbrini qazmış
qüvvələrin iflasının başlıca səbəbi olsa da, Əli Kərimli heç vaxt
Xalq Cəbhəsi hakimiyyətinin süqutunda məsuliyyət daşıdığını boynuna
almadı. Bunlara görə etiraf mədəniyyəti yalnız politoloji
dərsliklərin predmetidir və xalq hərəkatına komsomolçu nişanı ilə
daxil olan adamların saray intriqalarından salamat çıxmaqdan başqa
məqsədi ola bilməzdi.
Bütün mənəvi prinsipləri tapdalayaraq ələ keçirdiyi partiya
rəhbəri kürsüsünü də tutanda Azərbaycan dövlətinin varlığına olan
təhlükələrinin, yaxud bir milyona qədər köçkünün paytaxt
küçələrində özünə son sığınacaq yeri axtarması da saxta "Cəbhə
lideri"nin qəlbini və ruhunu tərpətmirdi, əksinə soyuq siyasi
hesablamaları üçün gərəkliydi. Mərd adamlar tarixdə özlərinə uyğun
nümunələr axtarır, namərdlər də əksinə.
Böyük Yuqoslaviyanın dağıdılmasını yəqin xatırlayırsınız.
Miloşeviç NATO borbardmanları qarşısında tab gətirə bilmədi. Ancaq
şərəfli tarixinə son qoyulan serb xalqının önündə gedən mübarizələr
bir an belə tərəddüd etmədən, gələcək mühakimələrdən qorxmadan
döyüşə atılırlar və əsgər olmaqdan şərəf duyurlar. Əli Kərimli isə
titullu salonlarda bəlağətli nitqi ilə hayqırarkən Vətən üçün əli
silahlı döyüşçü kimi ölməkdən qorxduğunu hər zaman sübuta yetirib.
Haaqa tribunalına çəkilən serb lideri Voislav Şeşelin azərbaycanlı
müxalif həmkarını siz heç vaxt tapmayacaqsız. Bu yaxınlarda
beynəlxalq mühakimədən bəraətlə çıxan Şeşel edam cəzası qarşısında
qətiyyən çəkinmədən milləti üçün vuruşmaqdan peşman olduğunu bircə
dəfə olsun dilə gətirmədi, hakimlərdən əfv diləmədi.
Əsil xalq məhəbbəti ilə əhatə olunmuş böyük şəxsiyyətlər
müharibəni partiya quruculuğunun platformasına çevirmədən aparır,
fövqəladə anlarda sıravi insan kimi hərəkət etməyi bacarırlar.
Lakin Əli Kərimli üçün demokratiya paytaxtlarına gedib millət
davası aparmaq səngərdə kamufulyajlı şəkil çəkdirməkdən daha
əhəmiyyətli məsələdir. Çünki ikinci məkanda təhlükə və ölüm yoxdur
axı. Burada yalnız kökəlmiş, yekəlmiş, ütülü və ayağına braslet
bağlanmış liderlərin şübhəli beynəlxalq mərkəzlər hesabına
yaradılmış saxta obrazları var.
Onlar səfirliklərdə bəsləndiyindən adlarını "demokratiya
desantları" da qoymaq olar və belələri legioner döyüşçü kimi
Ukraynadan tutmuş istənilən ölkə üçün "məxməri çevrilişlər"in
xidmətçisi olurlar, amma heç vaxt öz ölkələrinə qulluq
etmirlər.
İndi sual olunur: Azərbaycan 1992-ci ildə Qarabağda təslim
olanda hərbi səhra komandirlərinin suçu böyük idi, yoxsa onların
cəsədi üzərində kreslo davası aparanların? Sualı bir az dəyişə də
bilərik, yəni hansı savaşın daha şiddətli getdiyini düşünürsüz?
Paytaxtdakı taxt-tac yüksəkliyi naminə aparılan boğuşmanı, yoxsa,
indi qoşunlarımızın qanı hesabına yenidən özümüzə qaytardığı
Lələtəpə uğrunda savaşı?
Cavab hamımıza bəllidir - hər halda partiya xadimlərinin hamısı
sağ-salamatdır və onların adına salınmış şərəfli xiyabanları hələ
ki, görən olmayıb.
33 batalyonu yaradıb şəhidlərin siyahısını da partiyalar
arasında bölməklə on minlərlə vətənpərvər gənci ət maşınından
keçirənlər sonralar gedib yekə çələnglərlə onların üstündə siyasi
moizələr oxuyacaqdılar, ancaq baş daşlarında əksi vurulan o böyük
oğulların birinin də baxışından utanıb çəkinməzdilər. Ölkəni
başdan-başa bürüyən xiyabanları bizə ərməğan etmək istyən adamlar
indi durub hər şəhid üçün göz yaşı tökür və ordu rəhbərliyindən
sorğu tələb edir. Ancaq yaddaşı silinməyən insanlar yaxşı
xatırlayır ki, Əli Kərimlinin təcümeyi-halı Şuşadan gətirilən
tabutlar üzərində hakimiyyəti zəbt edənlərin yanında durmaqla,
"Yurd" adlı virusu heç olmasa gürcülər kimi, məsələn, "Mxedrioni"
hərbi-siyasi təşkilatına bənzər bir üslubda yaratmağa deyil, yalnız
daxili xəyanətlər üçün təsis etməklə yazılıb və o adamların
idarəetməyə gedən yolu insan qanlarından keçib.
Lakin tarixdə belələri az olmayıb.
Götürək elə bolşevikləri. Çarizmi devirmək üçün 1898-ci ildən
aparılan mübarizə uzun müddət bəhrəsini vermir. Üstəlik, imperator
II Nikolay XX əsrin əvvəllərindən başlayaraq, böyük iqtisadi
yeniləşmə kursuna qərar verir. İri istehsal mərkəzləri və
kommunikasiya şəbəkələrinin qurulması isə geriqalmış aqrar bir
ölkənin misli görünməmiş inkişafına səbəb olur. Moksva Avropanın və
1904-cü ildə savaş cəbhəsi açdığı Asiyanın əsas ticarət partnyoruna
çevrilir. Sonra dövriyyəyə nəhəng dövlət adamı və qorxmaz islahatçı
Pyotr Stolıpin çıxır. Lakin məhz o zamanlar acgözlüklə taxt-taca
can atan Vladimir Ulyanovun və tərəfdarlarının hesablamaları ayrı
idi. Onlar I Dünya müharibəsinin gətirdiyi milyonlarla itki və
məhrumiyyətlər müqabilində nəhayət, Qış Sarayına doğru
irəliləyəcəklərini qət edirlər. Başqa yol qalmayıb. Müharibədə
uğrusuzluq və vətəndaş toqquşmasından başqa çarə yoxdur. Öz
xalqının məğlubiyyəti üzərində iqtidara doğru irəliləmək,
milyonların cəsədi üzərindən adlayıb çarın yerinə keçmək, düşmənin
hər qələbəsindən sarsılanlarla birləşmək hər halda tarixdə
kollabarasionizm adlanır.
Uzun illər hakimiyyəti qınamaq və bircə dəfə də olsun şəhid
qapısı açmamaq, amma ağız dolusu Vətənin bütövlüyündən danışmaqdan
yaxşı müxalifətçilik nə ola bilər? Azərbaycanı xilas edən böyük
Heydər Əliyevin o vaxtlar səhra komandirlərinin əlindən xilas
etdiyi adamlar var-dövlət naminə hər cür separatizmə hazır idilər,
lakin xəyanətləri üzə çıxan kimi oldular "barışmaz qüvvə". Müxtəlif
Qərb ölkələrinin təsir agentlərinə çevrilənlər bircə dəfə də olsun
Ağdamda, Füzulidə, yaxud güllə yağışı altında yaşayan Tərtər
camaatının yanında görünməyiblər. Axı bunlar əyalət şəhərləridir və
orada adi insanlar yaşayır. Halbuki Heydər Əliyev Xalq Cəbhəsindən
ona miras qalan çadır şəhərciklərinin hamısına enərək
üzündən-gözündən dərd tökülən yüz minlərlə insanın ağrısına
qatlaşırdı, çiy kərpicli evlərdən gələcək Azərbaycana ümidlənən
vətəndaş yetirməyə hamını səfərbər edirdi. Dünyanın bütün humanitar
təşkilatlarını bura töküb məzlum və kimsəsiz xalqını aclıq və
səfalətdən xilas edəndə onun məqsədi prezidentlik kürsüsünü
saxlamaq deyildi, qəlbən bağlı olduğu millətinin qarşısında borcunu
yerinə yetirmək onun başlıca qayəsini təşkil edirdi.
Bax onda əlikərimlilər qaçqın düşərgələrində deyil, titullu
salonlarda inqilab dərsləri alır, satqınlığın anatomiyasını
mənimsəyirdi. Axı Milli Demokratiya və Respublikaçilar İnstitunun
müdavimi olmaq istənilən hərbi təlimlərə qatılmaqdan, yaxud
ev-eşiyini itirmiş qardaşına əl tutmaqdan daha faydalıdır.
İndi Azərbaycanın keçmiş hakimiyyətlərinin və siyasətçilərin
uduzduğu hər qarış torpağı uğrunda yeni Vətən savaşına girənin
təkcə ordu deyil, həm də hər bir azərbaycanlının olduğunu bütün
dünya yaxşı görür. 90-cı illərdən bu yana nəinki ölkəmizdə, eləcə
də Osetiya və Abxaziya bölgələrində, həmçinin Moldovada, o
cümlədən, Yuqoslaviyanın xarabazarlıqları üzərində qurulan
dövlətlərin həyatında görünməyən bir hal baş verir. Hər halda
ekspertlər bu yerdə Xorvatiya hadisəsinin tamam başqa fenomen
olduğuna etiraz etməyəcəklər. SSRİ-nin çöküşündən sonra itirilmiş
ərazilərdən heç birində yarım kvadrat santimetr torpağın
qayıtdığını hələ görən olmayıb.
Azərbaycan ordusu Prezident İlham Əliyevin iradəsi, gücü və
misilsisz ağlı ilə ötən illər ərzində şərəfli bir yol keçəndə
düşmənin hansı hisslər keçirdiyini təxmin etmək o qədər də çətin
deyildi. Ermənilərin bizə bəxş etdikləri faciə və soyqırımların
ildönümlərini qeyd edərkən hər növbəti mərasimin sonuncu olmasını
istəməyən bir kimsənin varlığını ağlımıza gətirməmişik. Sən demə,
belə deyilmiş. Balaca körpələrin və məktəbli qızların matəm libası
geyib hüzn teatrlarına qatılması İrəvanda olduğu kimi, Bakıda da
bəzilərinin daxili halına və düşüncələrinə daha çox uyğun imiş. Sən
demə, bizim ordunun hərbi təlimləri həm də Əli Kərimliyə qarşı
imiş.
Prezident səngərdə əsgəri ilə eyni təhlükəni bölüşəndə, bir
çoxları üçün tamamilə risk və qorxu savaşı kimi görünən böyük
əməliyyata imza atanda, gecə saat 1-də bütün siyasi rəqiblərinin
virtual savaşdan sonra əldən düşüb sakit hücrələrinə çəkildiyi
zamanda Ali Baş Komandan öz generallarını bir yerə toplayaraq
həlledici qərarlar verirdi. Onun zəkasından və hökmündən
milyonların taleyi asılı idi.
Çox da uzaq olmayan ərəb dünyasındakı müharibələrin səngərini
gətirib Qarabağa çıxaranlar üçün bunun nə demək olduğunu anlamayan
az adam olar. Rusiyanın Ukrayna üzərində gedib Suriyada qazandığı
hərbi qələbələrdən sonra hamıya elə gəlirdi ki, rəsmi Bakı odla
oynayır və 90-cı illərin qorxulu ssenarilərini yenidən işə salmağa
yaxınlaşır.
Lakin Azərbaycan dövləri vahid bir liderin rəhbərliyi altında
yüksək dayanıqlıq göstərərkən təkcə dinc dövrün deyil, ən ağır
müharibə təlatümlərinin də içindən salamat çıxmağı bacardığını
dünyaya nümayiş etdirir. Öz oğullarına idman meydanlarında qələbə
öyrədən rəhbər döyüşçülərin səngərdə də eyni rəşadəti göstərəcəyinə
hamıdan daha çox inanırdı və İlham Əliyev Konrad Adenauer kimi hər
addımda məğlubiyyəti millətinin canından çıxarmağa çalışırdı.
Yəqin bir çoxları üçün nəinki hansısa adlı yüksəklik, eləcə də
bir qarış torpağa qayıdışının milli ruhda necə ucalıq yaratdığını
dərk etməsi elə də çətin deyil. Qarabağ təzədən xalq ruhunun
ayrılmaz hissəsinə çevrilir, qalib şəhidləri yetirən ordunun gücü
vəsf olunur, məğlubeilməz ermənilər haqqındakı mif "dörd günlük
müharibə" ilə büsbütün dağılır. Belə bir vaxtda düşmən hər cür
informasiya təxribatına əl ataraq aldığı zərbədən özünə gəlməyə
çalışır. Ələkrəm Hümbətovu, yaxud Fəxrəddin Abbasov kimi satılmış
və milli ləyaqətlərini itirmiş adamları deyil, müxalif partiya
başçısını Azərbaycana qarşı döyüşə qaldırmağın səbəbi nədir
sizcə?
Axı Əli Kərimli İlham Əliyevin Qarabağda qələbəsindən
ermənilərdən daha çox niyə narahat olsun ki? Yenə də hakimiyyətin
uğurundan və qalibiyyətindən daha da möhkəmlənməsi xofu, eləmi?
Bəs hansı yaxşıdır: Laçının işğalı və Xocalının təslimi
üzərindən hakimiyyətə gəlmək?
Hər halda onun hökuməti suçlandıran və dövlətin imtahandan
çıxmadığını iddia edən düşüncələri informasiya müharibəsində kimə
yaradığını hamı yaxşı görür.
İndi bütün erməni kanallarında AXCP rəhbərinin virtual libasını
Sərkisyandan daha çox görmək olur. Hər kəs saxta Artsax xəbərlərinə
baş vurub, dediklərimizə əmin ola bilər. Hamının ordumuzun bir
üzvünə çevrildiyi və Ali Baş Komandanın əsgəri kimi özünü hiss
etdiyi, hər yerin səngərə çevrildiyi bir vaxtda müxalifət başçısı
İlham Əliyevin ümumxalq sevgisinin altenativsiz ünvanına
çevrilməsindən necə də qorxurmuş. Adama bir bayraq verin, gedib
ermənilər tərəfdən Xankəndinə sancıb rahatlansın.
Görəsən, belələri düşmən səngərində ondan silah kimi istifadə
edildiyini görməkdən zövq alır? Yəqin erməni mükafatını almağa
Əkrəm Əylislidən sonra bir xeyli namizədimiz olacaq.
Millətin şəhid tabutlarına çiyin verdiyini görüb onu dövlət
binalarının qarşısına - etiraz aksiyalarına aparmadığından
qeyzlənən adamların insanlığına hansı adı verərdiniz? Belələri bu
ölkənin şəxsiyyət vəsiqəsini necə daşıyırlar? Hə, deyəcəksiz ki,
heç daşımırlar da.
İlk günlər hər kəsin vahid bir yumruğa çevrildiyini görəndə
çoxunun ağlına gəlməzdi ki, siyasi davaları səngərə və xalqın
müqəddəs savaşlarına daşıyanlar da meydana çıxacaq. İlham Əliyevin
müharibəsi düşmənlə cəbhədə necə uğur qazanıbsa, daxildəki mənəvi
antipodları da müəyyənləşdirməyə bir o qədər imkan verib. İndi siz
baxın, kim hansı tərəfdə vuruşur?
Lələtəpə yüksəkliyindən Xankəndinə böyük xalq yürüşü baş
verərsə, təmsil etdiyi millətə bütün varlığı ilə bağlı olan İlham
Əliyevin qürurla daşıdığı Azərbaycan Bayrağı Xankəndində
dalğalanarsa, sevinən milyonlarla insanımızla yanaşı, kimlərin
əbədi matəmə düşəcəyi artıq sirr deyil. Adamı bu yerdə müharibənin
ilahi ədaləti təmin edən vasitə olduğunu deyənlərlə razılaşmaqdan
başqa yolu qalmır. Lələtəpədən onlar elə yaxşı görünür ki! Əlbəttə,
yüz illərdi millətimizə qarşı savaşanlar və insan qatilləri ilə
bərabər belələrini də tanımaq işimizin faydasınadır.
Azərbaycanın bütövlüyünü təmin etməyə çalışan rəhbərin xalqın
vuruş cəbhəsində olduğunu dünyada görməyən qaldımı?
Əli Kərimlidən isə nə xalqın lideri olacaq, nə də cəbhənin.
Çünki düşmən səngərində olanları yalnız məğlubiyyət gözləyir!