Belə bir misal var: "Dilim-dilim olasan, dilim". Bu
misal daha çox həqiqəti dediyi üçün cəzaya, əzaba tuş gələn
insanların danışdıqlarına görə özlərinə qarşı yönəltdikləri
məzəmmət kimi səslənir. Ancaq dilimizin bu günkü durumuna baxanda
bu misalı ona görə xatırladım ki, dilimiz elə dilim-dilim
olub.
23 ilə yaxındır ki, Sovet İttifaqı çöküb. Amma buna baxmayaraq,
bu gün də dilimizə hörmətsiz, sayğsız münasibəti müşahidə edirik.
Qanunla Azərbaycan dili ölkəmizdə dövlət dili statusu daşısa da,
dilimizə münasibətdə də hüquqsuzluğu, hörmətsizliyi görürük.
Şəhərdə ticarət obyektlərinin tanıtım lövhələrinə baxmaq
kifayətdir; bir çoxu ingilis dilində yazılıb. Halbuki Dil Qanununa
görə, tanıtım lövhələrində bütün adlar istisnasız olaraq Azərbyan
dilində yazılmalıdır. Əcnəbi dildə ancaq kiçik hərflə, ikinci ad
kimi qeyd oluna bilər. Ancaq kimdir buna məhəl qoyan?!
Dərd bununla da bitmir. İşlədiyim saytdan rəsmi orqanlara
müraciət edən müxbirlərə bəzən rus dilində cavab verilir. Bunu necə
izah etmək olar? Halbuki, dövlət idarəsində əyləşən hər bir kəsin
Azərbaycan dilində cavab verməsi onun borcudur. Amma indi hərənin
öz insafına qalıb bu məsələ...
Məmurun öz dilində danışmaması təkcə qanun pozuntusu deyil, bu,
həm də dövlətə, onun atributlarına, milli kimliyimizə hörmətsizlik
və saymazlıq əlamətidir. Bundan sonra gəl xalqa hörmət etməyən,
onun dilində danışmağı özünə rəva görməyən birindən vicdanlı
fəaliyyət gözlə görüm, necə gözləyirsən.
Elə bu anda Ukraynada qarşılaşdığım mənzərəni xatırladım.
Ünsiyyətdə olduğum sadə ukraynalı vətəndaşlardan xahiş etməyincə,
onlar sənin rus dilində müraciətinə baxmayaraq, öz dillərində cavab
verməyi üstün tuturdular. Siyasi mənsubiyyətindən, cəmiyyətdəki
statusundan asılı olmayaraq, insanlar öz dillərinə, kimliklərinə
dəyər verirlər və qarşı tərəfdən də bunu gözlədiklərini hiss
etdirirlər.
Dil məsələsinə həssas münasibət bu gün Avropa ölkələrində də
qabarıq nəzərə çarpır. Məsələn, Fransada xarici dildə kino nümayişi
qanunla qadağandır. Fransız dilindən başqa dildə orta və ali təhsil
də bu ölkədə yasaqlanıb. Bu da demokratiyanın beşiyi olan ölkələrin
dilə münasibət göstəricisi... Bizsə öz ölkəmizdə əcnəbi dildə
danışmağı, Feyzbuk statusları yazmağı intellektuallıq göstəricisi
sayırıq.
Azərbaycanda rus və ingilis dillərində təhsil verən kifayət
qədər məktəblər mövcuddur. Bu məktəbləri bitirən şəxslərin
dilimizə, milli kimliyimizə münasibətinin necə olacağını təsəvvür
etmək heç də çətin deyil. Cəmiyyət olaraq bu məsələyə münasibətimiz
o qədər tolerantdır ki, sanki aşağılanan heç bizim dilimiz
deyil.
Bir müddət öncə tanışlarımdan biri Yaponiyaya köçən dostunun
ailəsi haqqına bəh-bəhlə danışırdı. Söhbət əsnasında dedi ki,
uşaqları heç azərbaycanca danışmır, artıq yapon dilini
öyrəniblər.
Bu cür öz milli kimliyinə həqarətli münasibəti yəqin ki, başqa
millətlərdə görmək mümkün deyi. Halbuki Yaponiya haqqında müəyyən
məlumatlarla tanış olan şəxs kimi deyə bilərəm ki, yapon dilini
bilməyən uşaqla məhəllədə kimsə oynamaz.
Bizsə bütün məsələləri unudaraq, öz milli kimliyimzə və dilimizə
həqarətli münasibətlə özümüzə müasirlik görüntüsü verməyə
çalışırıq.
Allah rəhmət eləsin Mirzə Cəlilə… Əsərlərində dilinə həqarətli
baxanları təsvir edəndə, təkcə o dönəmi deyil, həm də elə bu
günümüzü əks etdirib…