Güney Afrika deyiləndə illər öncəsində bir ad diqqəti
çəkirdi - Nelson Mandela.
Mandelanı bu günə qədər də ağlara belə sevdirən iki xüsusi məqam
var. Birincisi, iqtidara gəldiyində ümumiyyətlə, qisasçılıqdan uzaq
bir siyasət izləməsini hər kəs yüksək qiymətləndirir. 90-cı illərdə
ağların təhlükəsizlik qayğısı ilə kütləvi köçünün qarşısını onun bu
davranışı aldı. Verdiyi mesajlar və atdığı konkret addımlar keçid
prosesini gözlənildiyindən daha təlatümsüz etdi.
İkincisi isə 4 illik iqtidarından sonra yenidən seçilmə şansı
olduğu halda hakimiyyətdən imtina edərək demokratik ənənənin
əsasını qoydu.
Ancaq Cənubi Afrika Respublikasında futbol üzrə ötən dünya
çempionatının keçirildiyi zaman ölkənin tanıtımı üçün artıq ikinci
bir məfhum gündəmə gəldi - vuvuzela. Çox güman ki, tayfaiçi
xəbərdarlıq səsi çıxarmaq üçün nəzərdə tutulan bu tütək formasında
çalğı aləti əcaib səsi ilə o zaman dünya futbol çempionatını
izləyənlərin əsəblərini alt-üst edirdi.
Bu məmləkətə nədənsə ayaq basarkən almağı düşündüyüm ilk şey de
vuvuzela oldu. Bilmirəm, bu əcaib səsli nəfəs aləti bizim
məmləkətdə hansı maraq doğurar, ancaq düşündüyüm bir şeylər var.
Ötən günlərdə parlamentdə bədii təxəyyülü yazılı bədii mətnləri
anlayacaq qədər yetərli olmayan bir-iki nəfər xalqın sevimlisi
bizdən tələb etmişdi ki, xalqdan üzr istəyək. Anlaşılmayan bir şey
olmuşdu ki, bu xalqın sevimliləri xalqı hara yığacaqdılar ki, çıxıb
orada üzr istəyim. Məsələn, xalq mənim üzr istəməyimi tələb edərək
Azadlıq meydanına toplaşarsa, bu vuvuzelanı onların əsəblərini
yoxlamaq üçün çalmağa dəyərdi. Bəlkə də ən yaxşısı belə mənasız
danışan birilərinə rast gələndə cavab vermək əvəzinə vuvuzelanı işə
salmaq daha doğru addım ola bilər.
İngilislər burada yerli xalqı istismar etmişlər, illərlə
aparteid rejimi ilə hüquqsuz təbəəyə çevirmişlər, ancaq bu gün
ölkənin istənilən yerində "Mançester Yunayted", "Arsenal" və ya
"Liverpul" azarkeşi olan qaradərililərin qızğın mübahisəsinin
şahidi olarsınız. Sanki həmin insanlara uzun illər bu iztirabı
ingilislər yaşatmamış. Bizdə təsəvvür edə bilərsinizmi kimsə indi
"Spartak"ın və ya OMİK-in qızğın fanatı olsun? Bizim azarkeşlərin
çoxu Türkiyə komandalarını, bir qısım de Avropa komandalarını kumir
olaraq seçir. Bu amildə həm də ingilis və rus müstəmləkəçiliyinin
ilk baxışda sezilməyən fərqi yatır.
Ukraynadakı hadisələrin fonunda, Gürcüstana, Azərbaycana
münasibətdə sanki 20 ildir qurtulmuş olduğumuz Rusiya bu gün bizim
üçün ən ciddi qorxu mənbəyidir. Cənubi Afrika üçün uzun illər
aparteid rejimi qurmuş Böyük Britaniya daha çox ümid yeridir. Dil,
mədəniyyət, idarəetmə, təhsil, iqtisadiyyat - uzun illərin
müstəqilliyinə rəğmən ingilis sistemindən kənara çıxmamaqdadır.
Ölkənin ən əsas mədəniyyət simvolu olan Keyptaun təkcə turizm
deyil, həm də təhsil mərkəzidir. Konstantinopol Fatih tərəfindən
alındıqdan sonra avropalılar yeni ticarət yolları axtarışına çıxıb
və 1498-də ilk dəfə Bartolomey Diasın ekspedisiyası Ümid burnuna
gəlmişdir. Ardınca 10 il sonra Vasko da Qamanın buraya gəlişi ilə
məskunlaşma prosesi başlamışdı. Afrikanın ən uc nöqtəsini Avropa
dənizçiləri Ümid Burnu adlandırmışlar. Keyptaun adı da yeni salınan
yaşayış məntəqəsinə bu adla bağlı verilib.
"Burun" - şəhər dəməkdir. Aparteid dövründə bu şəhərdə
ağdərililərlə qaradərililəri dəmir yol xətləri ayırırmış. Dəmir
yolunun bir tərəfində ağlar, digər tərəfində qaralar yaşayırdı.
İndi bu cür irqə görə məskunlaşma əsasən ortadan qaldırılmışdır.
Bu gün təkcə Keyptauna gələn turistlərin sayı təqribən 4 milyon
nəfərdir, əsasən də zənginlər olduğuna görə ortalama
xərcləmələrinin 1500 ABŞ dolları olduğu düşünülsə, Türkiyəyə gələn
turistlərlə müqayisədə ölkəyə nə qədər gəlir gətirdiklərini
təsəvvür etmək olar. Türkiyəyə gələn turistlər əsasən orta gəlirli
olduğundan, ortalama xərcləm 800 ABŞ dolları civarındadır. Bu isə
Cənubi Afrikanın daha az sayda turistlə daha böyük gəlir əldə
etməsi deməkdir. Ölkə parlamentinin də bu şəhərdə yerləşməsi onun
əhəmiyyətinin ən ciddi göstəricisidir.
Buradakı təhsil sisteminin səviyyəsi həqiqətən yüksəkdir.
Məktəblər adamı uşaq bağçasından alıb universitetə qədər hərtərəfli
yetişdirirlər. Uşaq universiteti qazanmaq üçün 7 fəndən lazımi balı
toplamaqda çətinlik çəkmir. Keyptaunda 4 böyük universitet və
onlarla kiçik universitet var.
Adi bir orta məktəbin ərazisi 50 hektara çatır, çox zaman
ərazisində qolf maşını ilə gəzmək mümkün olur. Ərazidə reqbi,
futbol, basketbol, qolf meydançaları, üzgüçülük hovuzları var.
Afrikanın 10 ən keyfiyyətli universitetinin 4-ü Keyptaundadır.
Dünyanın ən yaxşı 100 universitet arasında Keyptaun Universiteti də
var. Bir millətin və dövlətin gücü onun təhsilindədir. Bunların
iqtisadiyyatı mədənçiliyə və turizmə dayanır, ancaq fəxr etdikləri
amil yüksək təhsil səviyyəsidir.
Bir türk liseyində gördüyümüz mənzərə məni heyrətləndirdi.
Önyarğı deyilən bir şey yoxdur. Qaradərili, mələz, ağdərili, indus
eyni sinifdə bir-birinə sayğı göstərərək təhsil alır.
Bizdə ara-sıra mübahisə doğuran bir məsələnin də burada maraqlı
yanaşmasını gördüm. Qızlarla oğlanların birlikdə təhsil aldığı
qarışıq məktəb anlayışından uzaqlaşmaq təmayülü var. Burada təhsil
səviyyəsinə görə ən yüksək göstərici ayrıca oğlan və qız
məktəblərinin payına düşür. Ona görə də təhsil sistemində qarışıq
məktəblərdən uzaqlaşma hiss olunur.
Maraqlıdır ki, hansısa tikintiyə icazə verilərkən bütün
qonşuluqda olan insanların yazılı razılığı tələb olunur. Məsələn,
türklər bir məktəbi tikməyə icazə alarkən qonşulardan biri iki
mərtəbə tikilməsinə izn verməyib ki, onun evindən dağın
görüntüsünün qarşısını alır və məcbur olub bir mərtəbə ilə
kifayətlənib.
Uşaqları davamlı olaraq təbiətlə, heyvanlarla əlaqəli yerlərə
götürürlər və burada sadə üsullarla onlara doğru davranış qaydaları
aşılayırlar. Bir epizodu xatırlayıram ki, quşlar saxlanan təbiət
bağında uşaqlara aid bir tamaşaya diqqət yetirdim. İxtisaslaşmış
oğlan və qızlar quşlara müəyyən hərəkətləri etdirib insanları
əyləndirirdi. Proqramın gedişində aparıcı beş-altı "Pepsi" və
"Kola" qabını ətrafa səpələdi. Sonra təlim görmüş bir qarğa çıxıb
həmin boş qabları bircə-bircə dimdiyinə alıb yaxındakı zibil qabına
atdı. Tamaşa bitəndən sonra balacalar yerdən tapdıqları hər şeyi
aparıb zibil qabına atırdılar.
Hələ ki, Afrika deyib buraları vuvuzela ilə xatırlayaq. Ancaq
müqayisəni təhsildən başlasaq, geriliyimizin acısını tək bir
vuvuzela ilə sakitləşdirmənin mümkün olduğunu görərik.
(Musavat.com)