Gəlin, sizə çoxuşaqlı ailədə doğulmaq azmış kimi, bir də oğlan
eşqiylə ildə bir çocuk yapan ər-arvadın dördüncü qızı olmağın
faciəsindən danışım.
Arzuolunmaz uşaq olmaq qədər tragikomik bir şey yoxdu.
Geyim xəstəsi
Məsələn, mən uşaqlığımda heç vaxt diqqət mərkəzində olmadığımdan
ürəyim istəyən yaramazlığı nəzərə çarpmadan edə bilmişəm.
Künc-bucaqda azdan–çoxdan nəsə tapıb yeyərək, böyük bacılarımın
köhnə geyimləriylə böyümüşəm. Nənəm demişkən, demək olar ki, "ərlik
qızdım", amma heç vaxt adıma alınmış bir uzunboğaz corabım –
"kalqotkam" belə yoxdu.
Bu yaşıma qədər hələ də uşaqlıqdan yaranmış geyim kompleksimi
üstümdən ata bilmirəm. Hətta bəzən vicdanımın kefi-kök vaxtına
düşəndə geyim xəstəsi olduğumu belə etiraf edirəm.
Bir sözlə, qarderobumun qapıları üzümə durub.
Bu azmış kimi, 8 yaşlı oğluma da öz "xəstəliyimi" bulaşdırmaqla
məşğulam.
Qaramat vitrinlər
Ötən bazar oğluma tutdurdum ki, keçənilki gödəkcənin qolları
qısa qalır. Gedək, yenisini alaq. İnandırım sizi, şəhərdə
girmədiyimiz dükan-bazar qalmadı. Bu böyüklükdə şəhərdən bir dənə
rəngli gödəkcə tapa bilmədik. 4-5 yaşından yuxarı oğlan uşaq
paltarlarının hamısı bom-boz rənglərdəydi. Elə bil, uşaq
mağazalarının vitrinlərini qaramat basmışdı.
Hələ qoca kişi geyimini andıran demode-dəbdən düşmüş
pencək-gödəkcə, ayaqqabı modellərini bir yana, geyimlərin rəngi
gələcəyimiz olan uşaqların psixologiyasının ciddi təhlükə altında
olmasından xəbər verir. Qara, boz, göy, uzaq başı qəhvəyi rəngli
paltarlarla uşaqların rəngarəng aləmini söndürmək nə dərəcədə
doğrudur? Sualı bir az da poetikləşdirsək:
- Nədir sizin bu "qara sevda"nızın səbəbi?
Yox, narahat olmayın, sizinlə işim yox, sualı elə girdiyim bütün
mağaza müdir və satıcılarına tuşladım. Cavabları yazmazdan əvvəl
rənglərin insan psixologiyasındakı rolundan bilgilərimi bölüşmək
istəyirəm.
Uzmanlar bildirir ki, mədənin qidaya ehtiyacı olduğu kimi,
beynin də rənglərə böyük ehtiyacı var. Hər bir insanda müəyyən yaş
və zamanlarda müxtəlif rənglərə xüsusi psixoloji bir meyillilik
olur. Uşaqlarda isə doğal olaraq rəngarəngliyə daha çox meyl
olmalıdır. (Təbii ki psixologiyalarında hər hansısa problem
yoxdursa.) Ətrafda mövcud olan müxtəlif rənglər və rəng çalarları
insan emosiyalarına və psixo-fizioloji vəziyyətinə bilavasitə təsir
göstərir. Hətta eyni bir rəngin müxtəlif intensivlikdə təsiri
insanda pozitiv və ya neqativ emosiyalar yarada bilər.
Mütəxəssislərin fikrincə, rənglər o dərəcədə möhtəşəm, güclü
təsirə malikdir ki, hətta insanın iş qabiliyyətinə, iştahasına,
emosiyalarına, qan təzyiqinə, diqqətinə və eşitmə itiliyinə də
təsir göstərə bilər. Müasir tədqiqatların nəticələrinə görə, insan
rəngləri dəri təması vasitəsilə də qəbul edə bilər. Məsələn,
insanın gözünü bağlayıb qırmızı rəngli otağa saldıqda, onun nəbzi
sürətlənir, sarıda normallaşır, göydə isə yavaşıyır.
Hələ tibb sahəsində, xüsusən də Şərq təbabətində min illər
boyunca tətbiq edilən "koloroterapiya" adlanan rəng terapiyasının
tətbiqindən və müsbət nəticələrindən danışmıram.
Qayıdaq içimi yeyib-tökən sualın cavabına.
- Tələbat bu rənglərədir. Ən çox bu rənglər satılır.
Deyəndə ki, bəlkə elə tələbatları siz tənzimləyirsiz? Niyə daha
zövqlü və rəngli geyimlər gətirib adamalrın zövqünü elə siz özünüz
formalaşdırmayasınız?!
Satıcı kişi aqressiv, hətta kobud bir tərzdə dedi:
- Millətin dərdi mənə qalıb?
Məqsədimin savaşmaq yox, normal fikir öyrənmək olduğunu deyib,
adamı bir az yumşalda bildim.
Bu dəfə sakitcə gətirib qarşımıza bir kataloq qoydu. Vallah, o
qədər canlı, gözəl rəngli geyimlər vardi ki, adam elə kataloqu
gözünə soxmaq istəyirdi.
And içdi ki, bu kataloqdakı rəngləri bir dəfə gətirdik, filan
qədər ziyana düşdük. Mallar qaldı əlimizdə, heç biri alınmadı.
Nə deyəsən?..
Hələ başqa bir satıcının məntiqinə baxın.
- Oğlan uşaqlarını kişi kimi böyütmək lazımdır. Görmürsüz, indi
hər iki oğlandan biri qız kimi əzilə-büzülə danışır?! Özü də day
bu, uşaq sayılmır ki, 8-9 yaşı var.
Beləcə, qafamdakı "kimdir müqəssir?" sualının cavabından bom-boz
mağazaların müdirləri üzü-ağ çıxdı.
Elə jurnalistliyim tutmuşkən
Mağazalardan alış-veriş edən valideyinlərin yanlarındakı
uşaqlarına soruşmadan belə, qarasına-göyünə baxmadan əlinə keçən
geyimləri alan valideyinlərində məntiqini sorğuya çəkdim.
- Seçimlərinizdə niyə uşaqların da öz fikirlərini almırsız,
bəlkə elə başqa rəngi xoşlayırlar?!
Hamısının da cavabı seçimləri kimi yeknəsək oldu.
- Oğlan uşaqlarına qırmızı geyindirəcək deyilik ki. Həm də
rəngli paltarlar tez çirklənir.
Burda gördüyümüz kimi vəziyyət artıq daha fərqli məqama
keçir.
Qüsurlu düşüncəyə malik olan valideynlərdən sağlam psixologiyalı
uşaqlar gözləmək absurddur.
Əlqərəz, qara geyimlər almasaq da, o gün evə qanıqara dönəsi
olduq.
Ən böyük koloroterapevt sayılan təbiətin bir parçası kimi şəxsən
mən nəinki geyim, əşya və.s., hətta duyğuların, səsin, sözlərin
rənginin olduğunu sadəcə görmək yox, hiss etməyi belə vacib
sayıram.