Yuxarı

Azərbaycansayağı abırlı kişilər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deyəndə ki, poeziya hiss məsələsidi, çox vaxt inanmırıq. Bu günlərdə nəhayət mən də bu barədə imana gəldim. Bir də baxdım ki, heç vaxt sevmədiyim aşıq yaradıcılığı və onun ustadlarından Abbas Tufarqanlının nə vaxtsa oxuduğum bu misralarını zikr edirmişcəşinə öz-özümə təkrarlayıram:

Gecə- gündüz qan ağlaram,

Artıbdır fərağım mənim.

Alıb başımı gedərəm,

Tutduqca ayağım mənim.

Bu cəmiyyətdə rahat, adam kimi yaşaya bilmək üçün ümidlərimin arxasına düşüb getmədiyim yer qalmadı.

Gedə-gedə gəlib çıxdım Hürufilər diyarı Bakıya.

Çox keçmədən özüm üçün belə bir nəticə çıxardım: "Bütün yollar Romaya aparır" misali, Bakı bütün mənalarda paytaxtmış...

Təbii olaraq, Bakıyla tanışlığa maklerlərindən başladım. Kirayə ev üçün 55 yaşlı dayımla getdiyim bütün maklerlərin ilk sualı belə oldu:

- Kiminlə yaşayacaq? Sən bunun nəyisən?

Dayım, oğlumla yaşayacağımı, özünün də dayım olduğunu desə də, maklerlər ev sahiblərini çağırıb, birlikdə bizi xeyli sorğu-sual eləyib, şübhəli nəzərlərini üzümüzə dikib elə baxırdılar ki, hardasa öz içimdə dayıma, hətta özümə qarşı belə şübhə yaranırdı. Sonda bu dedektivləri xatırladan adamlar üzümüzə baxıb daldıqları və dəqiq fikirlərindən ayrılıb bir az da qaşlarını düyünləyərək danışmağa başlayırdılar:

- Biz hardan bilək ki, siz bunun dayısısız? Lap elə olsa belə, tək qadına ev vermirik.

Demək olar ki, getdiyimiz bütün maklerlərdən beləcə, əlimiz ayağımızdan uzun qayıdırdıq.

Dayıma düşüncələrimi açmağa utandığım üçün heç nə deməyib, bir gün ev axtarmağa özüm tək getdim. Nəhayət, bir makler və ev sahibini tək qadın olmağın günah, boşanmış qadınların əxlaqsız olmadığına, mənim də bu şəhərdə bir ev tutub yaşamaq haqqımın varlığına inandıra bildim.

Sevincək gəlib dayıma ev tapdığımı deyəndə, o da eynən maklerlər kimi, neçə günü artıq alışdığım, üzümə şillə kimi dəyən şübhəli nəzərlərlə baxdı...

Bəlkə də sarsıldım, heyrətləndim, ama artıq belə şeylərə alışalı uzun zaman olmuşdu deyə, üstündə durmayıb keçdim.

Bu evmi deyim, sığınacaqmı deyim, yaşam mücadiləsi vermək üçün girdiyim yuvamı da dar etməyə başladılar mənə. Polis olan 50 yaşlarındakı ev sahibi hər ayın sonu pul almaq üçün gələndə səxavəti aşıb-daşır və hər dəfəsində deyirdi: "Bəlkə bu pulu verəsən başqa qayğılarına, elə pulsuz qalasan evdə..."

Bu insanlıq dolu cümlələrini isə üstümə mərmi kimi şığıyan "kişilik" adlı baxşlarıyla tamamlayırdı.

Mənsə öz növbəmdə adamın təmiz niyyətindən zərrə qədər şübhə etməyən biri kimi, "Çox sağ olun, təşəkkür edirəm, allah ürəyinizə görə versin, ama ehtiyac yoxdu",- kimi gülməli cümlələrlə cavablayırdım.

Təbii ki, adam hər dəfə axmaq olduğuma bir az da "əmin olurdu". Qaldığım ikinci ayın kirayəsini götürməyə gələndə isə artıq ən axmaq adamın belə anlayacağı dillə ap-açıq sohbət eləməyə başladı. Artıq sadəlövhlüyün yeri qalmadığını görüb, adama özünün anlayacağı cümlələrlə mənim gic olmadığımı, onunsa şərəfsiz olduğunu başa saldım.

Nəticə? Nəticədə 300 manat verdiyim evin qiymətini 500 manata qaldırdığını, bu məbləğə razı olmadığım təqdirdə isə evdən çıxmağımı tələb etdi.

Yenə uşağımı aldım gözümə.

Budur, əlimin istisi soyumayan makler qapılarının dəstəyi.

Bu dəfəki maklerlə də o qədər danışdım ki, bəlkə də heç bu günədək Qarabağ haqda bu uzunluğa diplomatik danışıqlar aparılmamışdı. Makleri razı salıb keçdik növbəti sınağa.

Ev sahibi gəldi. İlk baxışdan azərbaycansayağı abırlı adama oxşayan bu ortayaşlı kişi bir saat gedən "danışqılar" boyu üzümə bir dəfə də olsun baxmadı. Danışıqlarda isə mənə əxlaq, namus, mentalitet qadınlıq, ismət, qonşu dəyərlərindən master-klass keçdi. Hətta bu evdə yaşadığım müddətdə qapını hansı tonda açıb-bağlayacağımı belə, bərk-bərk tapşırandan sonra keçdik bazarlığa. Oxuduğu 350 manatı xeyli xahiş minnətlə 320-yə endirib razılaşdıq.

Yanındaca maklerə 50 manat ofis haqqı, 50 manat da beh verib sabah köçəcəyimizi dedim. Səhəri gün qaldığım evin polis sahibiylə vidalaşaraq əşyalarımı yığıb, maklerlə behini verdiyim "müqəddəs ocağ"ın qapısına gəldik. Ev sahibi zəng edib, açarı 10 dəqiqəyə gətirəcəyini dedi. "Bir azdan", "tıxacdayam" deyə-deyə bizi saat 16:00-dan 19:00–a qədər gözlətdi. Birdən makler yerindən ilan vurmuş kimi sıçrayıb dedi:

- Ala, bu evi verdi başqasına!..

Heç nə başa düşmədim.

- Bu blokda başqa kirayə mənzil yoxdu. İçəridən başqa maklerlər çıxır. Bu da bizi bayaqdan "fırladır" ki, bəs çatıram. Özü yuxarıdadı, sadəcə, bizi ləngidir ki, bu gələnlərlə razılaşmasa, bizi də itirməsin.

Yenə bir şey anlamırdım.

Makler ev sahibinə zəng edib xeyli "tərif-səna" elədi. Telefonu söndürüb dedi:

- Bu gələnlər 350 manat, yəni, bizdən 30 manat artıq veriblər.

Əsəbdən əllərim əsə-əsə telefonu alıb əxlaq müəllimimə ürəyimdən keçənləri demək istədim.

- Alo...

Hirsimdən ağlamaq tutmazmı məni?! O boyda demək istədiyimin içindən yalnız bu cümləni deyə bildim:

- Əxlaqsızlıq bir qadının qapısının bir neçə dəfə artıq açılıb-örtülməsi deyil, sənin bu etdiyindi.

Adam vecinə almadan telefonumu söndürdü. Söndürmədən öncə məni söyməyi də boyata qoymadı.

Makler də sakitcə pulumu özümə qaytarıb xəcalətli bir görkəmdə artıq öləziməyə başlayan günəş şüalarına qoşulub getmək istəyirdi ki, arxadan çağırıb özümün belə güclə duyacağım səslə pıçıldadım:

- İndi biz hara gedək?!

Beləcə, içimi cızan bu sualı dəxli olmayan bir adama ünvanladıqdan sonra bir az yüngülləşərək dönüb bayaqdan heç nə anlamayan oğlumun əlindən yapışdım. Beləcə, axşam saat doqquzda oğlum və əşyalarımla paytaxtın Azərbaycan qadını reallığının mərkəzi bir küçəsində qaldım.

P.S. Bu günlərdə ATƏT-in prezident seçkisiylə bağlı keçirdiyi konfransda məni o küçənin ortasında qoyan həmin əxlaq müəllimini gördüm. Anladığım qədəriylə orda təhlükəsizlik orqanlarının əməkdaşı qismində iştirak edirdi. Adama uzaqdan başımla salam verdim. Salamımı almağa üzü olmadığından konfransın axırına kimi bir də mənə sarı baxmadı.

Tarix
2013.10.30 / 15:10
Müəllif
Sona
Şərhlər
Digər xəbərlər

Nəğməkar şair doğum gününü qeyd edir

Azərbaycanda 15 dəqiqəsi 100 manata olan falçı

Adam öldürməyə hazır olan taksi sürücüsü...

Şoumen ölüm xəbərini yalanladı: “Bağışlayın, ölməmişəm”

Falçı Elşən: "İmam Cəfər Sadiqlə bu problemi çözməliyik"

Qara sevdamız

Bakıda iki solçu gənc həbs edildi

Boşanmış qadını pis yola düşməyə vadar etdik

Sonadan "Adı üstündə" "Qadın"

Falçı Almaz: “Arxamda MTN, DİN durub” - Gizli çəkiliş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla