Keçmiş deputat, psixologiya
elmləri üzrə fəlsəfə doktoru Gülər Əhmədova Bakı Dövlət
Universitetinin (BDU) müəllimi vəzifəsindən azad
olunub.
Report xəbər
verir ki, G.Əhmədovanın dərs dediyi BDU-nun Sosial elmlər və
psixologiya fakültəsində 2015-2016-cı tədris ilində ona dərs saatı
verilməyib. Ona görə də keçmiş deputat işdən çıxmaqla bağlı ərizə
yazıb. BDU rəhbərliyi G.Əhmədovanın ərizəsini qəbul edib və onun
universitetin müəllimi vəzifəsindən azad olunmasına qərar
verilib.
Artıq G.Əhmədovanın adı BDU-nun müəllimləri siyahısından da
çıxarılıb.
Gülər Əhmədova 1965-ci il avqustun 20-də Bakıda anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini
bitirib.
1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta
məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü
ildən Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri,
idarə rəisi, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Uşaq
Təşkilatının sədri olub.
2000, 2005 və 2010-cu illərdə parlamentin deputatı olub.
2012-ci il sentyabrın 25-də Gülər Əhmədovanın Fransada yaşayan
sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istəməsini əks
etdirən video yayılıb. Videoda deputatla rektor və vasitəçi kimi
təqdim olunan, Sabir adına kitabxana-klubun direktoru Sevinc
Babayeva arasında Elşad Abdullayevin Milli Məclisin üzvü seçilməsi
üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi
barədə dialoq əksini tapıb.
Bakı Şəhər Prokurorluğu bu video işinə görə Cinayət Məcəlləsinin
178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq)
iş qaldıran kimi Gülər Əhmədova Milli Məclis sədrinin adına ərizə
yazaraq mandatından imtina edib, Mərkəzi Seçki Komissiyası onun
deputatlığına xitam verib.
Elşad Abdullayev 2012-ci il dekabrın 13-də daha bir video yayıb.
Videoda Elşad Abdullayevin Sevinc Babayeva ilə söhbəti yer alır.
Qadın Gülər Əhmədovanın adından Elşad Abdullayevi əmin etməyə
çalışır ki, verdiyi rüşvətin əvəzində deputat mandatı alacaq və bu,
tezliklə elan ediləcək, seçkinin nəticələrinə dair bütün
protokollar da artıq Elşad Abdullayevin xeyrinə dəyişdirilib
(Söhbət 2005-ci ildə keçirilən parlament seçkisindən gedir. Elşad
Abdullayev həmin seçkidə 8 saylı Binəqədi seçki dairəsindən
deputatlığa namizəd olub). Bu videonun ardınca Gülər Əhmədova hakim
Yeni Azərbaycan Partiyasından çıxarılıb.
178.3.2-ci maddə ilə istintaq olunan cinayət işi üzrə axtarışda
olan Sevinc Babayeva 2012-ci il dekabrın 26-da Türkiyədə vəfat
edib.
2013-cü il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Gülər
Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum edib. 2014-cü ilin
mayın 5-də o, Bakı Apellyasiya Məhkəməsinin zalından azadlığa
buraxılıb.