Bu dəfə "Cəbhə xətti"mizdə
Fəxrəddin Mətləb oğlu Səfərovdur.
1952-ci ildə Fizuli rayonunun aşağı Yağlavənd kəndində anadan
olub. Orta məktəbi qonşuluqdakı Böyük Bəhmənli kəndində bitirib.
1969-cu ildə Gəncə Pedoqoji İnstitutuna qəbul olub. Bitirəndən
sonra təyinatını əvvəl Yardımlı rayonuna, sonra isə Dağlıq Qarabağa
veriblər. İnstitut illərində güləşlə məşğul olduğu üçün müxtəlif
ölkələrdə yarışlarda iştirak edib. Yaxşı güləşdiyi üçün Moskvaya
gedib və Lomonosov adına MDU komandasını birinci yerə çıxarıb. Buna
görə də qayıdanda təyinat yerini öz arzusu ilə seçməyə icazə
verirlər. Beləliklə, təyinat Yardımlıdan Şuşaya dəyişilb. 1974-cü
ildə Şuşada Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə
başlayıb. Paralel olaraq həm də Şuşada güləş məşqçiliyi də edib və
özü də müxtəlif yarışlara qatılıb.
Qarabağ birinciliyində yaratdığı komanda ilə uğurlu nəticələr
əldə edib.
Şuşada heç kimin ağlına belə gəlməzdi ki...
- Şuşa çox fərqli bir yer idi. Təhsilə, savada xüsusi önəm
verilirdi. Şuşada savadsıza, mədəniyyətsizə yer yox idi. Almaniyada
hərbi xidmətdə olmuşam, Rusiyanın bir neçə şəhərində olmuşam, amma
bütün gördüyüm şəhərlər içində Şuşa tamam fərqli məkan idi.
1975-76-cı illərdə Almaniyada hərbi xidmətdə olanda da yaxşı
güləşmişəm. Yaxşı güləşdiyimə görə institutdan sonra ikinci dəfə
SSRİ idman ustalığına namizədlik qazanmışam. 1974-cü ildən Şuşa
işğal olunan günə qədər orda müəllim işləmişəm.
- Ermənilərə qarşı mübarizəniz necə oldu? Proses necə
başladı?
- Şuşada heç kimin ağlına belə gəlməzdi ki, ermənilərlə belə
konfliktlər yaşayaq. Güləşdə erməni şagirdlərimdən Azərbaycan
çempionu, SSRİ çempionları çıxanları var idi. Hətta erməni
tələbələrimdən biri qız qaçırtmışdı. Qızın atası barışığa razı
olmurdu. Uzun müddət sonra mənim xahişimi yerə salmadı və toya
razılıq verdi. Xankəndində onun toyunda yoldaşımla iştirak etmişik.
Böyük toy məclisi idi. İrəvandan gələnlər, Dağlıq Qarabağdan
gələnlər çox idi. Toyun tamadası ayağa durdu, azərbaycan dilində
dedi ki, yoldaşlar, bizim Şuşadan iki qonağımız var. Onlar erməni
dilini bilmirlər. Gəln onlara xatir toyu Azərbaycan dilində davam
etdirək. Və sonuna qədər toy Azərbaycan dilində davam etdi.
İrəvandan gələnlərin bəziləri, bizim dili bilməyənlər ermənicə
danışırdılar. Amma Qarabağdan olanların hamısı bizim dili
bilirdilər və danışırdılar. Yəni böyük bir toyu bizim dilimizdə
keçirən bir millətdən müharibə, xəyanət gözləmirdik. Belə faktlar
var idi. Amma mən ildə bir-iki dəfə Stepanakertdə (indiki Xankəndi)
"Dinamo" güləş zalına komanda aparırdım. Orda hiss edirdim bizə
qarşı aqressiv olmaqlarını. 1976-dan üzü bəri bu soyuqluq
başlayırdı. 1988-ci ilə kimi bir olmuşuq. Hətta 1988-ci ildə
Qusarda ağırlıq daş qaldırma üzrə Azərbaycan birinciliyinə mənimlə
birlikdə erməni uşaqlar da getmişdi. Onda mən artıq ailə qurmuşdum.
Ən yaxşı nəticə göstərdim. Amma Azərbaycan yığmasının tərkibində
qalmadığım üçün ikinci yer yazdılar. Yarışlarda soyuqluq hiss
olunurdu. O dövrdə Allahverdi Bağırovun yaratdığı "Qarabağ" futbol
komandası var idi. Gəncə futbol komandası gələndə oyuna baxmağa
Stepanakertə gedirdik. Onda ermənilərin bizə qarşı münasibətini
görürdük. Kollektiv bir yerə yığılanda azərbaycanlıya qarşı
aqresiya və soyuqluqları hiss olunurdu.
Gördük şəhərdə təlatüm var...
- Neçənci ildə vəziyyət tam gərginləşdi?
- 1988-ci ildə vəziyyət gözləmədiyimiz halda kəskin surətdə
dəyişdi. Mən hələ də müəllim işləyirdim. Mənim dil-ədəbiyyat
kabinetim Qarabağda birinci yerə çıxmışdı. Artıq şagirdlərim Nizami
Gəncəvinin 840 illiyi ilə əlaqədar olaraq Gəncəyə apardığım yarışda
hamısı birinci yerə çıxmışdı...
Respublikaya 30 yer verilmişdi. Şuşadan gedən 10 şagirdin hamısı
birinci yer tutmuşdu. Yerdə qaldı 20 yer, onlar da respublika üzrə
paylanıldı. Yəni Şuşa, bax belə məsuliyyətli yer idi. İndi də həmin
məsuliyyəti hiss edirik. Artıq işıq yandırmarıq, artıq su
işlətmərik. Bunlar hamısı Şuşadan qalan vərdişlərdir.
1988-ci ildə 4 yoldaşla təsadüfən Ağdama gəlmişdik. Gördük
şəhərdə təlatüm var. Xankəndində də balaca mitinqi eşitmişdik. Yenə
də əhəmiyyət vermirdik. Amma artıq gördük ki, ermənilər baş
qaldırıblar. Buna görə onlara dəstək verən var. Çünki bu
ermənilərin qabiliyyəti deyildi. İndi tarixən həmişə belə deyirik.
Deyirik, erməni qorxaqdır. Amma qorxaq olsa da, həmişə də tarixən
torpaqlarımızı alıblar. Belə deyək də, 1918-ci ildə Bakını gəlib
işğal etmişdilər. Bakıdan Salyana qədər, bu tərəfdən də Quba-Qusara
qədər işğal eləmişdilər. Bu, danılmaz faktdır. Bəlkə də mən bir az
qarışdırıram. Amma 1988-1990-cı illərdə rus ordusundan yaxşı
istifadə etmək olardı. Erməni pul xərclədi. Amma bizimkilər
xərcləmədi. Bu faktdır. Kimsə çıxsın desin ki, mən rus ordusuna pul
xərcləmişəm. Manuçarovun daş karyeri var idi, çıxdı, rus ordusunun
366–cı batalyonunun bütün pulunu verdi. Daşaltında bizimkilərlə rus
ordusunun mübahisəsi düşdü. Polkovnik dedi ki, siz bizə
tüpürürsünüz, daş atırsınız. Amma onlar araq verir. İçki verir.
Hətta qadın da verir. Rusdan siyasətlə istifadə edə bilmədik.
Azadlıq meydanında azadlığımızı təmin elədik, bu, başqa. Amma elə
Azadlıq meydanında siyasi manevrimizi etməliydik. Rusa pul verib
istədiyini edə bilirdin. Rusa pulu verirdin, ermənin kəndini tutub
alırdı. Bizimlə döyüşən erməni deyildi. Erməni bir nəfər, iki nəfər
olurdu. Qalanı rus ordusu idi. Texnika rusun idi, silah rusun idi.
Döyüşən rus idi. Postlarda ermənilər dayanırdılar. Amma hücum
əməliyyatlarında ruslar iştirak edirdilər. Bu mənim döyüş haqqında
şəxsi mülahizələrimdir. Ağdamdan qayıdandan sonra getdim hərbi
komissarlığa. Artıq vəziyyət kəskinləşməyə başladı. Hərbi
komissarlığa girəndə, Tahir Hüseynov var, indi Ağcabədi
institutunda müəllim işləyir, çox vətənpərvər dostumuzdur. Mən onu
23 ildi Şuşadan çıxandan görməmişəm. Mən içəri girəndə dönüb
komissara dedi ki, gördün, mən dedim ki, birinci Fəxrəddin müəllim
gələcək?!. Mən könüllü ərizə verdim ki, Milli Orduda və yaxud
polisin tərkibində ermənilərə qarşı mübarizə aparım. Beləliklə, biz
yavaş-yavaş dəstələr yaratdıq. Yollarda vəziyyət pis idi. Ruslarla
gedib-gəlirdik. Yaratdığımız dəstələr əvvəlcə polis idarəsi
tərəfindən slahlandırılırdı. Kim tapa bilirdisə, özü tapırdı.
Məsələn, mən özüm qayınımın maşınını götürüb Arana qədər gəzdim,
bir neçə silah tapdım. Onlar da primitiv silahlar idi. Avtomat
deyildi. Ov tüfəngi-filan. Sonradan artıq səhv eləmirəmsə, Nazirlər
Kabineti tərəfindən Milli Ordunun yaranması ilə əlaqəli sərəncam
imzalandı. 1991-ci il noyabr ayının əvvəllərində bizim batalyon
formalaşmağa başladı. Şuşa könülli özünümüdafiə batalyonu yarandı.
İlk komandir Əhədi seçdik. Bir neçə gün sonra məsləhətləşdik,
Şuşada tikinti dairəsində işləyən hərbçi Məmməd Abdullayevi tapdıq.
Keçmiş hərbçi idi. Rus ordusundan tərxis olunmuşdu. Məmmədi
çətinliklə gətirdik. Döyüşən qüvvələrin bəzisi qəbul edirdi, bəzisi
qəbul etmirdi. Bu, təbii idi. Məmməd müəllimi komandir təyin
edəndən sonra batalyon formalaşmağa başladı. Hardasa bir ay sonra o
da istefa verdi. O dövrdə belə idi ki, batalyon komandiri səhərə
kimi avtomat əlində əsgərlə birlikdə postda durmalı, döyüşdə
qabaqda getməliydi. Amma Məmməd müəllimin yaşı buna imkan vermirdi.
Və bir gün zabit heyəti yığıldı, o da başda olmaqla məni qəfildən
postdan çağırdılar. Mən ona qədər adi əsgər idim. Bir neçə dəfə
Dadaş Rzayevlə, Zaur Rzayevlə əməliyyatlarda olmuşam, Almaniyada
xidmət etdiyimə görə də özümə görə hərbi baxışım var idi.Verdiyim
təkliflər uğurlu olmuşdu. Bir neçə kəndin qaytarılmasında mənim
təklifimlə hücum etmişik və əməliyyatı mən qurmuşam. Uğurlu olub.
Bir əsgər də itki verməmişik. Mənə batalyon komandiri olmağı təklif
edəndə dedim, qətiyyən bu vəzifənin öhdəsindən gələ bilmərəm. Ali
təhsilli olsam da, zabit olsam da, komandirlik edə bilmərəm. Bu
mənim vəzifəm deyil. Ağır məsuliyyətdir. Məsləhətdirsə, hərbi
komissarlığa deyək. Bakıdan nümayəndə dəvət edək. Bu məsələ iyirmi
günə qədər davam elədi. Mən gedirdim döyüşürdüm. Bakıdan bir nəfər
Əliyev, ya Abdullayev familiyalı bir nəfər gəldi Şuşaya. Bəstəboy
sarı dolu zabit idi. Mən onda döyüş vaxtı ermənilərdən zenit
pulemyotu götürmüşdüm. Onu görəndə dedi ki, bunu burda hərbi
hissənin həyətində niyə saxlamısınız? Bu pulemyotu götürüb çıxın
Qırxqız dağlarına. Yüksəklikdən gələn erməni hərbi vertolyotlarını
vuraq... Vertolyot gələr bir gün Qırxqıza, sizi çıxardarıq. Dedim,
komandir, bəlkə vertolyot bir ay gəlmədi. Çıxartmaq məndəndir. Mən
getdim. Pulemyotu maşına qoyub apardıq Şuşanın Şırlan kəndinə. Orda
məktəblilər kömək elədi, pulemyotu hissə-hissə söküb ata bağladıq.
Çıxdıq Qırxqız dağına. Bir aya qədər o Qırxqız dağında qaldım. İlk
dəfə erməni hərbi vertolyotunu mən vurmuşam. Dağın başında Alp
çəmənləridir. Ordan baxanda bütün Qarabağ qalır ayaq altında. Çox
yüksəklikdir.
1992-ci ilin yanvar ayının əvvəlləri idi. Pulemyotu yığıb
hazırladıq. Onun üstündə koordinatları götürmək üçün snayperi var
idi. Quruldu, hazırlandı. Elə pulemyotu qoymuşduq, gördük
Ermənistan tərəfdən vertolyot gəlir. Elə mövqe tutmuşduq ki,
görünmürdük. Atəş açdım, vura bilmədik. Çox yaxından keçdi. Hətta
küləyini belə hiss elədik. Pulemyotun lenti 108 patron tuturdu.
Hamısını düzmüşdük. Atan kimi pulemyot aşdı. Ayaqlarını yerə
bərkitməmişdik. Bizim təcrübəsizliyimdən oldu. Orda yenidən yeri
qazıb ayaqlarını basdırdıq. Su tökdük. Daha doğrusu, su da yox idi.
Qarı əridib tökdük. Dondu. Elə bil ki, buzla qaynaq elədik. Bir
neçə gün gecələr də otururduq. Kənddən bizə çörək gətirirdilər. 3
əsgər idik. Həmin vertolyota aşağıdan da çoxlu güllə atdılar. Amma
onlar atan avtomat idi. Vetolyot keçib getmişdi. Səhv etmirəmsə,
1992-ci il yanvar ayının 13–ü idi. Çünki biz orda bir neçə gün
qalmışdıq. Tarixi yaxşı bilmirdik. İki həftədən çox idi ki, dağın
başındaydıq. Gördük ki, vertolyot Xankəndindən qalxdı Ermənistana
gedir. Mən başladım atəş açmağa. Gördük ki, vertolyotdan tüstü
çıxır. Biz tərəfə döndü. Bir dəfə fırlandı. Yenə də keçdi dağın
arxasına. Biz artıq onu görmədik. Ayın 13, ya 14-ü kəndin sovet
sədri bizə atlı göndərib poçt işçiləri ilə bir yerdə. Oğlanın adını
unutmuşam, amma bizə kömək edirdi. Bizi muştuluqladı ki, vertolyotu
vurmusunuz, Laçının Şəlbə kəndinə düşüb. Vertolyotu vurduğumuza
görə bayram elədik orda. Bizə şəhərdən, sonra Turşsu kəndindən də
xəbər gəldi ki, vertolyotu vurmusunuz. Amma təəssüf ki, vertolyotda
iki nəfər ekipaj olmuşdu ancaq. Vertolyot yanmışdı. İçində odun
olmuşdu. Amma sonra bir vertolyotu da 17-də vurduq. O vertolyotda 6
nəfər olmuşdu. Həmin dövrdə general Tacəddin Mehdiyevi Daşaltı
əməliyyatına görə tənqid elədilər, istefa verdi. Amma adam çox
vətənpərvər, igid adam idi. Əslində, o əməliyyat çox tələsik
əməliyyat idi. Biz ona hazır deyildik. Televizorda da bu haqda
müzakirə gedir. Şəhər artıq bilirdi ki, Daşaltına hücum olunacaq.
23 il keçib, bu gün də bu qədər təkmilləşmiş texnika ilə mübarizə
aparırıq ki, cəbhə xəbərləri getməsin. Hər yay nə qədər yalan
söhbətlər gedir. Mən bu il Başkənddə idim. Ordan da Ağcakəndə
getmişdim. Orda elə şad xəbərləri eşidib sevindiyimdən tələsik
həvəslə qayıtdım ki, nəsə olub. Amma xəbərlər yalan imiş. İkinci
Daşaltına bir neçə yol var. Umumiyyətlə, gərək Daşaltına
girilməzdi. Çünki ora quyunun içidir. Quyunun dibinə düşsən, ağzını
bağlasalar, qalacaqsan orda. Əksinə, yüksəkliklərə getmək lazım
idi. Ona görə də deyirəm ki, o tələsik əməliyyat idi. Vertolyotlar
vurulan ərəfədə Tacəddin Mehdiyev özü Şuşada idi. Bizim Şuşa İcra
Hakimiyyətinin başçısı Mənsur Məmmədov məni də çağırtdırdı. Məni
Tacəddin müəllim ilə tanış elədilər. Dedi ki, Fəxrəddin erməni
vertolyotlarını vurub. O da əlimi sıxdı. Oğlu da yanında idi. Hər
vertolyota görə 100 min pul mükafat yazılsın, növbədənkənar ev
verilsin, maşın verilsin. Açığı, əvvəl etiraz elədim. Çünki
birincisi, həmin dövrdə 20 Yanvar şəhidlərinin maddi vəziyyətini
nəzərə alırdıq. Bizdəki vətənpərvərlik eşqi böyük idi. Sevgi
deyildi, eşq idi. Sevgi olan yerdə vüsal var, qovuşmaq var. Amma
eşq vüsalsız olur. Allaha eşq kimi. İndi o qədər bizi narahat edən
fikirlər var ki. O dövrdə orduda pərəkandəlik idi, o dövrdə kim
necə istəyirdisə, elə hərəkət edirdi. İmkan olmur ki, bir diskusiya
aparılsın, o dövrdə olan döyüşçülər, Müdafiə Nazirliyinin
əməkdaşları yığılsınlar, bir yerdə xalqa açıqlama versinlər. Şuşa
könüllü özünümüdafiə batalyonuna Bakıdan gələn hər hansı ən aşağı
zabit çini leytnantdırsa, o gəlib Müdafiə Nazirliyinin adından
göstəriş verib və batalyon "yox" deyib. Bu, olmayıb axı. Biz ancaq
bir şeyin əziyyətini çəkmişik . Silah tapmamışıq. Ona görə də mən
Tacəddin Mehdiyeva etiraz elədim. Dedim ki, cənab general, o pullar
20 Yanvar şəhidlərinin qəbirüstü abidəsinə xərclənsin. Bilirdim axı
büdcəmizdə pul yoxdur. Bu təşəbbüs müsbət də qəbul olundu. Ondan
sonra Kərkicahan kəndinin geri qaytarılmasında da yaxından iştirak
elədim.
1991-ci il dekabr ayının 26-da ermənilər hücum edib Kərkicahanı
işğal etmişdilər. Hətta onda Bakı batalyonundan gələn uşaqlardan
şəhid olanlar olmuşdu. Meyitləri qalmışdı. 1991-ci il dekabr ayının
28-də əməliyyat qurduq. Zaur Rzayev, Şuşa polisinin müavini Eldəniz
Quliyev və Kobra ləqəbli komendant Ələkbər Ələsgərov əməliyyat
qurdular. Biz, Şuşa polisi, Zaur Rzayevlə gələn döyüşçülər - Bakı
batalyonu və Şuşa könüllüləri. Zaur Rzayev onda podpolkovnik idi.
Sonra general oldu. İndi rəhmətə gedib. Şuşada onun əziyyəti çox
idi. Özü də bizimlə qaynayıb-qarışmışdı. Səhər tezdən hücum eləməli
idik. Mən çıxdım qabağa, dedim, olar mən də döyüşçü kimi öz
təklifimi verim? Dedi, buyur.
Bir-birimizi öldürə bilərdik
... Geyindiyimiz paltar Sovet ordusunun paltarı idi. İstifadə
etdiyimiz silah da eynidir. Səhra döyüşü ilə dağ döyüşünün fərqi
çoxdur. Səhra belədir ki, 10-20 metr geri çəkilirsən, səngər qazıb
irəlini rahat görə bilirsən. Dağda isə bu, mümkün deyil. Bir metr
geri çəkilən kimi irəlini görə bilmirsən. Dağ döyüşündə uşağın biri
çətin yerə düşdü, çıxa bilmədi, o biri rahat yolla tez qalxıb
qabağa getdisə, mən irəlidəkini vura bilərəm. Biz bir-birimizi
öldürə bilərik. Özü də sübh tezdən hücuma keçirdik. Dedilər,
təklifin nədir? Dedim, hamımızda ağ sarğı cunası var. Hamımız
qolumuza bağlayaq. Bu təklif bəyənildi. O qaydada da biz hücum
elədik. 1991-ci il dekabrın 28-də orda polkovnik 3 batalyona 6 ədəd
səs eləyən şar verdi. Tapşırdı ki, görsəniz kütləvi itki
verirsiniz, onda havaya bir şar atırsınız. Çünki onda rabitəmiz yox
idi. Göyə atılan şardan batalyon geri çəkilsin. Biz hücum elədik və
kəndi götürdük. Mən lap arxada dayanmışdım. Çünki iki PK plemyot
verilmişdi mənə. O pulemyotlarla dağın yuxarı hissəsində dayanıb
atəş açırdım. Amma uşaqlar qabaqda döyüşürdülər. Gecə qəfildən göyə
şar atıldı. İtki vermədən kəndi almışıq, meyitləri də çıxartmışıq.
Mən çığırırdım ki, bu, nə deməkdi? İndi də deyirəm ki, onda heç
birimizin ağlına gəlmədi ki, bu 6 şarı kimə verdiyimizi bilirik.
Soruşaq ki, şarı kim atıb. Bəlkə də zabitlərin ağlına gəlmişdi.
İndi səmimi etiraf edirəm ki, gör biz nə dərəcədə düşünməmişik.
İndi bu qorxusundan atıb, ya qəsdən atıb, bilinmir. 1991-ci il
dekabr ayının 29-da gecə Şuşada mədəniyyət sarayının qabağına
yığıldıq. Uşaqlar biri ac, biri susuz, biri yorğun idi. Hamı
paylandı evlərə. Hərə bir tikə çörək yeyib yığışdıq yenə.
Mədəniyyət evinin qarşısında gördük bir hərbi texnika durub.
Soruşduq, bu nədi? Dedilər BRDM maşınıdır. Şuşaya gələn ilk hərbi
texnika idi. Amma silahı yox idi. Deməli, adi maşından heç bir
fərqi də yoxdur. Dedilər, Rəhim Qazıyev gətirib. Rəhim Qazıyevin
özünü də gördük. Yığıldıq, söhbət elədik Rəhim Qazıyevlə, onunla
gələn yoldaşlarla. İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov da
ordaydı. Şəhərin aktivləri heç kim yatmayıb ki, kəndi qaytaraq. Biz
yenidən tədbir görüb getdik Qaybalı kəndinə. Həmin o BRDM-in də ilk
sürücü Firdovsi oldu. Polis rəisinin birinci müavini Eldəniz
Quliyev olub, mən olmuşam, rəhmətlik Habil, Pərviz, İlham olub.
İndi onlardan sağ qalan İlhamla mənəm. Qalanları şəhid olublar.
Batalyonu götürüb getdik Qaybalı kəndinə. Qaybalı kəndindən şəhərlə
əlaqə yaratdıq. Səhərə yaxın idi. İcra başçısına dedim ki, doktor,
Kərkicahanı səhər məndən istə. Mən hələ döyüşçülərin ən zəifi idim
ha. Mən səngərdə arxada dayanırdım, döyüşçülər basıb gedirdilər
qabağa Xankəndinin içinə qədər. Elə ürəkli oğlanlar var idi
yanımızda. Səhər tezdən hücum edib Kərkicahanı qaytardıq. Ağır
döyüş gedirdi. Bir neçə şəhidimiz oldu. Bir batalyon olmalıdır
400-500 nəfər. Amma biz tam heyətlə döyüşə bilmirdik. Silah yox
idi. 70-ə yaxın silah var idi. Silah sayı qədər də döyüşçü
hesablamaq lazımdır. Şuşa işğal olunan günü əsgər oturub daşın
üstündə ağlayırdı. Deyirdi, komandir, Şuşa yanır, amma bizim
silahımız yoxdur döyüşməyə. Mən səhər nə deyəcəm? Həmin oğlanın adı
Vətəndir. İndi sağdır. Yasamalda yaşayır. Görmüşəm ki, qoşulub
əsgərlərə gedir. Ən ağır mövqedə biz döyüşmüşük. Tar sexində.
Deyirdi ki, komandir, Allah eləməmiş, uşaqlardan ölən olsa,
silahını götürərəm. Durmuşam da burda. Döyüşçülərdə bu ruh var idi.
İndi bilirsiniz, bəzən mən irad da tuturam. Adını çəkmək
istəmədiyim teleşirkətin prezidenti ilə də görüşmüşəm. Dedim ki,
filan faktları göstərirsiniz. Bu faktların Azərbaycan xalqına heç
bir xeyri yoxdur. Ayıbdır. O döyüşən, canavar kimi, pələng kimi
hayqırıb ermənin üstünə dik gedən, Habil kimi gedib Daşaltında
erməniyə əyilməyib ölən oğullarımızdan danışsınlar. Çığıra-çığıra
əlində pulemyot getdi ermənin üstünə. Şəhid oldu. Harda qaçan,
qorxan var, onu niyə göstərirsən? Bu "qaçıbdır" sözü – "ordumuz
qoyub qaçıbdır" sözü umumiyyətlə yaraşmır. Bizim lüğətimizə
yaraşmır. Geri çəkilib, uduzmuşuq, o, ayrı şeydir. Bax, indi
2015-ci ildir, teleşirkətlər gedirlər cəbhə xəttindən çəkilişə.
Məsələn, Tovuzun Əlibəyli kəndinə. Kəndin ən yazıq, ən yetim, ən
arıq, ən zəif adamından müsahibə götürürlər. Halbuki o kənddə
canavar kimi oğlanlar var. Erməni görür də bunu. Sən bunu niyə
işıqlandırırsan? Televiziya müsahibə alır: "Qorxmursunuz?" Hətta bu
kəndin camaatı geri çəkilməyib. Evlərində təsərrüfatları ilə
məşğuldurlar. Yaxud müsahibə alır ki, düşmənlə üz-üzüzəsiniz,
kənddə vəziyyət necədir? Cavab fərqli olur: "qorxuruq", "
qorxmuruq" deyənlər var. Belə çıxır, əhali ilə erməninin arasında
dayanan Azərbaycan ordusu yoxdur hə? Bu, necə məntiqdir? Axı o
kəndin sakini deyəndə erməni ilə üz-üzəyik, belə çıxır, onda ordu
yoxdur.
Şuşa necə getdi - anbaan
- Ən uğurlu əməliyyatlarınız hansı olub?
- Şuşada döyüşlər gedəndə hücum edib Kərkicahanı azad elədik.
Demək, səngərdəki ermənilər bizə atəş açır. Habil rəhmətlik də
yanımdadır...
Ardı var