Yuxarı

Bakıda qənaətli, təmiz və ucuz maşınlar sürətlə yayılır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq dünya ənənəvi avtomobillərdən imtina edərək ekoloji cəhətdən təmiz və sərfəli olan hibrid və elektromobillərin istifadəsinə keçir. Hələlik belə avtomobillərin idxalına standart gömrük rüsumu tələb edildiyi üçün hibrid maşınların kütləvi şəkildə istifadəsi ləngiyir. Buna baxmayaraq, Bakı yollarında da son günlər belə avtomobillər artıq artmaqdadır.

Axar.az xəbər verir ki, hibrid avtomobil istifadəçilərinin sözlərinə görə, bu maşınlar hər cəhətdən sərfəlidir. Sürücülər bildirir ki, ekologiyanı çirkləndirməməklə yanaşı, hibridlər həm benzin az istifadə edir, həm də ehtiyat hissələri ucuzdur.

Bakıda belə maşınların ehtiyat hissələrinin satışını həyata keçirən servislər də fəaliyyətə başlayıb. Ənənəvi avtomobillərlə müqayisədə bu avtomobillərin ehtiyat hissələri isə çox ucuzdur.

Hibridlər necə işləyir?

Hibrid avtomobillərdə əsas mühərrikin yanında bir köməkçi – elektrik mühərrik də olur. Bu mühərrikin heç bir yerdən cərəyan yığmasına, şarj olunmasına ehtiyac yoxdur. Mühərrik enerjini hərəkətdən toplayır. Belə ki, avtomobil hərəkət etdikcə, əyləci basdıqca təkərlər vasitəsilə enerji toplayır. Elektrik mühərrikinə böyük bir akkumulyator da əlavə edilib ki, toplanan enerji elektrik mühərrikindən həmin akkumulyatora ötürülür və hərəkət zamanı ondan istifadə edilir. Həmin akkumulyator avtomobilin alt hissəsində, arxa oturacaq tərəfdə yerləşir. Avtomobil saatda 50 kilometrdən aşağı sürətlə hərəkət edərkən elektrik mühərriki çalışır, yəni “hybrid” dediyimiz sistem fəaliyyətdə olur. Saatda 50 kilometrdən yüksək sürətlə hərəkət etdikdə isə artıq ənənəvi benzin mühərriki işə düşür.

Hibrid avtomobillərdə enerji tükənmir. Çünki əsas mühərrik çalışanda belə avtomobil enerji yığır. Hündürlüyə qalxdıqda isə avtomobilin hər iki mühərriki çalışır.

Elektromobillər isə elektriklə işləyən avtomobillərdir ki, bu avtomobillərə də Azərbaycanda hələ ki, o qədər də maraq yoxdur. Səbəb isə belə avtomobillərin təkcə elektrik enerjisi ilə işləməsidir. Bakıda belə avtomobillərin enerji yığa bilməsi üçün məntəqələrin az olması da onların geniş yayılmasına mane olur.

Hibridlər nə qədər benzin istifadə edir?

Müqayisə üçün qeyd edək ki, ənənəvi mühərriklə işləyən 2400 kub santimetr mühərrikli “Toyota RAV4” avtomobili 100 km-ə 10 litr benzin sərf etdiyi halda, hibridlə işləyən 2500 kub santimetr mühərrikli “Toyota RAV4” 100 km-ə 4,5 litr benzin yandırır.

1800 kub santimetr mühərrikli “Toyota Prius” modeli isə 100 km-ə 4,5-5 litr yanacaq istifadə edir.

Dünyada 2 milyon hibrid avtomobil var

Mütəxəssislərin fikrincə, daxili yanma mühərriki ilə işləyən, yəni klassik avtomobil bazarının böyüməsi 2018-ci ildə artıq başa çatıb. Halbuki 1-2 il əvvələ qədər bu prosesin 2022-ci ildə baş verəcəyi proqnozlaşdırılırdı.

Bundan sonra dünyada avtomobil bazarının böyüməsi yalnız hibrid və elektromobillər hesabına baş verəcək və nəticədə yaxın 10 ildə dünya üzrə avtomobil parkında elektromobillərin payının hazırkı 3%-dən ən azı 15-20%-ə çatması mümkün olacaq. Mütəxəssislərin proqnozlarına görə, 2025-ci ildə hibrid və elektromobillərin qiyməti ənənəvi avtomobillərdən ucuz olacaq. Hesablamalara görə, hazırda dünyada 2 milyondan artıq belə avtomobil var, lakin 2040-ci ilə qədər bu rəqəm 900 milyona çatacaq.

Hibridlər Azərbaycana haradan gətirilir?

Avtomobil üzrə ekpert Eldəniz Cəfərov Axar.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycana gətirilən və sürücülərin ən çox üstünlük verdiyi hibrid avtomobil “Toyota Prius”dur:

“Bu, 1500 kub santimetr mühərrikli modeldir. Azərbaycanda da məhz bu modelə üstünlük verirlər. Hər gün Azərbaycana azı iki köhnə “Toyota Prius” modeli daxil olur. Bu maşınlar Yaponiya istehsalıdır, Bakıya da adətən Gürcüstandan gətirilir. “Toyota Prius”dan sonra ölkədə ən çox üstünlük verilən hibrid avtomobil modeli “Toyota RAV 4”-dür".

Hibridlərin qiyməti neçəyədir?

Yol-nəqliyyat ekserti Elməddin Muradlı da bildirib ki, Azərbaycanda əsasən hibrid avtomobillərə üstünlük verilir, elektromobillərə isə o hələ bir o qədər də maraq yoxdur. Hibrid avtomobillərin daha çox “Toyota” və “Honda” modelləri ölkəyə gətirilir:

“Azərbaycanda “Toyota Prius” modelinin üstünlük təşkil etməsinə səbəb sürücülərin qənaət rejiminə keçməsi ilə əlaqədardır. Xüsusilə bu avtomobildən taksi sürücüləri istifadə edir. Ancaq onu da deyim ki, şirkət bu modeli Azərbaycana rəsmən gətirməyib. Bu model Azərbaycana ayrı-ayrı şəxslər tərəfindən Gürcüstandan alınaraq gətirilir. “Toyota” Azərbaycana rəsmən “Toyota RAV 4” modelini gətirir. İlin əvvəlində də bu abvtomobili təqdim etdi. Bakıda hazırda “Prius” modeli yüzlərlədir və son 1 ildə kütləvi şəkildə gətirilməyə başlanılıb. Hazırda maşın bazarında bu avtomobillərdən də satışa çıxarılır. Xüsusilə 2010-cu ildən sonra istehsal olunanlar gətirilib”.

E.Muradlı avtomobillərin qiymətləri barədə də məlumat verib:

“Bazardan təzminən 20-25 min manata “Toyota Prius” avtomobili almaq mümkündür. Ancaq “Honda”nın hibrid modelləri var ki, onların qiyməti 15 min manat civarındadır. Gürcüstanla müqayisədə bizdə bu avtomobillər çox bahadır. Təxminən 10 min manata qədər fərq var. Bu avtomobillərə tətbiq edilən gömrük rüsumu, aksiz vergisi azaldılsa, bu qədər qiymət fərqi olmaz. Bu avtomobillərə güzəşt tətbiq olunmalıdır. Əksər ölkələrdə bu avtomobillərə tam olaraq güzəşt tətbiq edilib. Hesab edirəm ki, bizdə də bununla bağlı təbliğat aparılmalı, güzəşt tətbiq edilməlidir ki, ekoloji cəhətdən təmiz olan bu maşınların ölkəyə axını sürətlənsin və kütləvi hal alsın”.

Tarix
2019.10.11 / 12:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla