Olimpiya Oyunlarının tarixi indiyədək qalmaqallı siyasi
hadisələri ilə də yadda qalıb. Milli.az-ın məlumatına görə, ən
yaddaqalan hadisə 1968-ci ildə Meksikada keçirilmiş Yay Olimpiya
Oyunlarında qeydə alındı.
Tommi Smit və Con Karlos... Bu iki adı amerikanlar heç vaxt
unutmayıb və okeanın o tayında bu gün də davam edən irqi
ayrı-seçkilik fonunda onlar yad olunur.
47 il öncə Yay Olimpiya Oyunlarında 200 metrlik məsafəyə qaçış
üzrə Tommi Smit qızıl, Con Karlos isə bürünc medala sahib oldu.
Yüksək kürsüyə qalxan idmançılar ABŞ himni səslənərkən başlarını
aşağı salaraq, qara əlcək geydikləri əllərini göyə qaldırdılar.
Onlar ABŞ-da tüğyan edən irqçiliyə və qaradərililərin istismarına
etiraz edirdi.
Evə dönəndən sonra hər iki idmançı üçün əsl faciə başladı. Qaçış
üzrə dörd dəfə dünya çempionu olan T.Smitə idmanla məşğul olmaq
qadağan edildi. Eyni taleyi C.Karlos da yaşadı. Siyasi təqiblər,
yuxarıdan sifariş əsasında hazırlanan kütlələrin etiraz
aksiyaları... Amerika baş qaldıran qaradərililərə dərs
verirdi.
Həmin tarixdən 50 il keçsə də, "demokratiya qladiatoru" mahiyyət
etibarilə dəyişməyib.
2014-cü ilin 9 avqust tarixində Ferqüssonda 18 yaşlı gənc ikisi
başından, dördü ayağından olmaqla altı güllə ilə ABŞ polisi
tərəfindən qətlə yetirildi. Araşdırma nəticələrində bu qətlin
səbəbi aydın oldu: onun günahı qaradərili olmaq imiş. Ardınca ABŞ
demokratiyasını darmadağın edən Ferqüsson etirazları başladı. Polis
aksiyanı işıqlandıran yerli və xarici jurnalistləri sözün əsl
mənasında boğdu.
CNN telekanalı Ferqüsson hadisələri haqda yalnız 3 gün sonra -
12 avqustda məlumat yaydı.
Bu o kanaldır ki, Azərbaycanda birinin burnu qanayanda efir
vaxtını bu haqda reportajlar və analizlərlə doldurur. ABŞ-dakı
qaradərilərin etiraz aksiyalarını isə "ictimai asayişin pozulması"
kimi qələmə verir...
Statistik məlumatlara görə, Ferqüsson şəhərinin 21 min nəfər
əhalisinin 67 faizini qaradərililər təşkil edir. Buna baxmayaraq,
dövlət orqanlarında onlara yer yoxdur. Şəhər bələdiyyəsinin cəmi
bir əməkdaşı qaradərilidir. 57 polisin olduğu şəhərdə cəmi üç polis
əməkdaşı qaradərilidir.
Ferqüsson hadisəsindən cəmi bir il sonra qaradərililərə qarşı
şiddətin ikinci dalğası Baltimor şəhərində başladı. 2015-ci ilin
aprelində daha bir qaradərili - Freddi Qrey adlı gənc zorakılıq
nəticəsində həyatını itirdi. Ardınca qaradərili əhali etiraz
aksiyalarına start verdi. Lakin heç nə dəyişmədi və yenə də polis
zorakılıqla aksiyanı dağıtdı.
Qərb mediası isə öz işində idi. Onlar dünyanın müxtəlif
yerlərindən "pozulan insan haqları" haqda məlumatlar yayır, ABŞ-ı
insanlığın yeganə xilaskarı kimi göstərirdi.
Bu gün Ferqüsson və Baltimor, həmçinin, 50 il öncə yay Olimpiya
Oyunlarında Tommi Smit və Con Karlosun etirazlarının mahiyyəti
unutdurulur. Bu da məhz Qərbin nəzarətində olan KİV-lərin - CNN,
BBC, "Əl - Cəzirə", "Azadlıq radiosu", "Waşinqton post" və digər
ictimai rəyə təsir gücünə malik olan media qurumları tərəfindən
həyata keçirilir.
Qərbin qara tarixini gizlədən eyni KİV Azərbaycan üzərinə "səlib
yürüşü"nə başlayıb.
ABŞ-ın NED təşkilatı tərəfindən başladılan anti-Azərbaycan
kampaniyasının mərkəzi Vaşinqton və London seçilib. Məqsəd I Avropa
Oyunlarının üzərindən Azərbaycanın imicini mənfi formada təqdim
etməkdir.
Bu şəbəkəyə KİV və beynəlxalq təşkilatlar adı altında fəaliyyət
göstərən təşkilatlar daxildir. Şəbəkənin idarəçiləri isə daha
yuxarı instansiyalara qədər gedib çıxır. Misal üçün, bir neçə həftə
öncə mediada ortaya çıxan məlumatlar anti-Azərbayan kampaniyasının
məhz ABŞ Dövlət katibi Con Kerrinin ofisindən idarə olunuğu faktını
təsdiq etdi.
Erməni lobbisinin əsas dayaq nöqtələrindən hesab olunan Kerrinin
idarə etdiyi şəbəkə özündə "People in Need", "Human Rights Watch",
"İnternational Media Support", "Platform London", "Netherlands
Helsinki Committee", "İndex on Gensorship", "Article XIX",
"İnternational Partnership for Human Rights", "YouAid Foundation"
təşkilatlarını birləşdirir. Bura həmçinin bir sıra rəsmi dairələr -
Avropa İttifaqı, Avropa Şurası, ATƏT də daxildir.
Dünən Avropa İttifaqının Bakı nümayəndəliyi ilə Yunanıstan
səfirliyinin I Avropa Oyunlarına qarşı təxribat addımı haqda
yayılan məlumatlar bu fonda diqqət çəkdi. Bu rəsmi təsdiqini
tapmasa belə, müəyyən ehtimalların yaranmasına səbəb olur.
Demokratiya, insan haqları, söz azadlığı kimi bəşəri dəyərləri
siyasi alətə çevirən anti-Azərbaycan şəbəkəsi I Avropa Oyunlarını
boykot etməyə çağırır.
Halbuki dəfələrlə elə Qərbin özü boykotlarla üzləşib.
1976-cı il: Monrealda keçirilən Yay Olimpiya Oyunları Afrika
ölkələrinin bəziləri tərəfindən boykot olundu. Afrikalılar Avropada
və ABŞ-da gündəlik həyat tərzinə çevrilən irqçiliyə qarşı etiraz
edirdi. Starta çıxmadan Kanadanı tərk edən idmançılar da oldu.
Boykotçular tarixi əsrlərə dayanan irqçiliyə etiraz etməkdə haqlı
idilər. Lakin Qərb mediası bu haqda susdu. Çünki ortada həqiqət var
idi və bu, onları ifşa edirdi.
Tarixi təcrübə göstərir ki, Qərb mediasının əlində bayraq etdiyi
"obyektivlik, qərəzsilik, ədalət" prinsipi afişadan başqa bir şey
deyil. Təsəvvür edin: Avropanın 49 ölkəsindən oyunlara 6 min
idmançı qatılacaq. Bir sıra dövlətlər oyunlarda birinci şəxs
səviyyəsində təmsil olunacaq. Avropa Olimpiya Komitəsinin (AOK)
prezidenti Patrik Hikki Bakının oyunlara tam hazır olduğunu dilə
gətirir. Lakin bu dairələr bütün bunları eşitmək, görmək, yaxud
dinləmək istəmir. Bütün bunlar onların qərəzsizlik, obyektivlik
iddialarının əsl mahiyyətini göstərir. I Avropa Oyunları üzərindən
şəbəkələşmiş formada Azərbaycana hücum edən Qərb mediası və onlara
sifariş verən dairələr heş fərqində deyillər ki, əslində, özlərini
ifşa edirlər.