Axar.az tənqidçi Elnarə Akimovanın "Səni axtarıram,
poeziya!" silsiləsindən olan yazısının II hissəsini təqdim
edir:
Çağdaş poeziyada dominant nüanslardan biri sevgi mövzusunun
modifikasiyaya uğramasıdır. Buna da zamanın ardınca gətirdiyi xaos
tipizasiyasının bir üzü deyəkmi? Dünya ilə bağları qırılmış çağdaş
insanın sevgiyə münasibətində də köklü dəyişiklik baş verməkdədir.
Bir vaxtlar sevgiyə və sevgiliyə verilən dəyərin ölçüsü bu qədər
səmimi və ülvi idi...
Yanına gəlib
"sevirəm" desəm sənə
inanma, aldanma,
qov məni qapından biryolluq.
Vaqif Səmədoğlu yalnız Sözə aşina olduğundan, sözə bağlılığını
qoruduğundan ikinci bir "sevgiliyə" həyatında yer ayırmaqda
çətinlik çəkirdi. Bəlkə də sözə bəslədiyi ifrat sevginin bəndəyə
olan sevgisini kölgə altına qoyacağından ehtiyat edir, kimsənin
inamının sarsılmasına qıymırdı. Yaxud digər şairlərin
yaradıcılığındakı poetik "mən" bu gün hansı ovqatın daşıyısıcı kimi
təsnif oluna bilir? Vurğunluq... Bu mövqe, sevginin öz ali
məqamından enmə zolağı üzrə hərəkəti poeziyamıza ilk dəfə 90-cı
illərdən, Salamın şeirləri ilə adlayır. Digər mövzularda olduğu
kimi, bu mövzuda da şair köhnəliklə yeniliyin yolayrıcı olmaq
missiyasından çıxış edirdi:
Sən kimsən ay qız, belə
Qarış-qarış gəlirsən?!
Bir vaxt Tanrı gələrdin,
indi Tanış gəlirsən.
"Bir vaxt Tanrı gələrdin/İndi Tanış gəlirsən"... deyərkən şair
bəlkə özü də bilmədən öncəgörənlik edir, sevginin dünəni və sabahı
arasında fərqin enmə zolağının trayektoriyasını dəqiq cızırdı.
Nədən ki, məhz bu dönəmdən başlayaraq poeziyada sevgiyə
müraciətlərdə sevgidən çox sevgi effekti yaradılırdı. Bu yeni dövr
poeziyasının yeni qəhrəmanları, yeni yanaşmaları, yeni sevgi
jestləri, ədaları ilə də ilk tanışlığı idi. Müasir poeziya
nümunələrində bu düşüncə artıq gücləndiyini bəlli edir. Çağdaşımız
olan qəhrəman görün nə deyir?
bizim gecə bildiyimiz,
yağmurlu səhər imiş...
bizim sevgimiz demə,
bu yatağa qədərmiş...
hamıda səni gördüm,
inandım çoxluğuna.
bu gecə seçim etdim,
səs verdim yoxluğuna... (Mahir Mehdi)
Təzadlı olan nədir? Deyək ki, 70-80-ci illərin lirik qəhrəmanı
dünya düzənində tarazlıq pozulanda, xaos astanasında onunla yenidən
dialoqa girməyə çıxış yolları axtarır, məntiqli olaraq şərə xeyirlə
- ağrılara, məşəqqətlərə sevgi ilə cavab verməyə cəhd edirdi.
Ə.Kərimin "qayıt sahmana sal bu kainatı" - misrasını
xatırlayırsınızmı?! Şair üçün dünya, kainat özü sevgidən
başlayırdı. Sevgilinin tərk edib getdiyi dünyanın özü şair gözündə
viran, darmadağın idi. Yaxud B.Vahabzadənin bu misraları: "Sən
varsan, dünyamda hər şey var mənim./Yoxluğun dünyamı boşaldar
mənim", – dünyanı dəyişmək, rənginə-rəngarəngliyinə qaytarmaq üçün
sevmək lazımdır. Bu qədər sadə, tipik Şərq üsulu, Füzuli fəlsəfəsi!
Sevmirsənsə, demək ki, dünya səndən keçmir, sevirsənsə artıq dünya
yaratmış kimisən. Bu gün də poeziyada məhəbbətin melanxolik
çözümündən, ülvi məhəbbət duyğusallığından tutmuş intim-bioloji
çalarlara, epataj səciyyəyə qədər hər növ mövqenin olduğunu
görərik. Hətta V.Bəhmənli kimi gəncliyin(in) "dəli söz"ünü geridə
buraxan şair təsəvvürlərində belə sevgi anlamı modifikasiyaya
uğramış görünür:
Əcəli dəhlizdən otağa qədər,
təşnəsi dodaqdan dodağa qədər...
Əzilib qəhr olur yataqdan sonra –
məhəbbət yaşayır... yatağa qədər!
Gənclərin şeirlərində bu tendensensiya daha qabarıq, yüngül oyun
havasındadır. Fərid Həsənzadənin, Emin Pirinin ötən il çap olunan
əksər şeirləri tam gənclik illərinin gətirdiyi macəra-sərgüzəşt
çözümləri, coşğu və əylənmək sevdası, psevdoaşiqlik görüntüsü ilə
təğyiri-libas olub günün müasir qəhrəmanının obrazını cızmaq imkanı
yaradır, şeirləri bir növ romantik üslubla postmodern həzzin təmas
nöqtəsi kimi doğulur. Çağdaş poeziyanın əksər nümayəndələri sevgi
mövzusuna belə yanaşır:
Nə olsun ki, yanaşıram
adın bilmədiklərimə
Mən şeir yazmıram, xanım,
dadın bilmədiklərimə.
yaxud:
Gözlərinə xəbər göndər,
Yollarıma dikilsin.
Sənə tərəf gəlirəm,
Ərinə de, çəkilsin... (Emin Piri)
Əks mövqenin təmsilçiləri də var. Ötən il Elxan Yurdoğlu, Mətləb
Ağa, Əhməd Qəşəmoğlu, Tapdıq Türksoy, Anar Amin, Əli Nəcəfxanlının
sevgi mövzusunda yazdığı şeirlərdə, birbaşa sevgi mövzusuna
köklənən R. Behrudinin "Bir dəli ayrılıq kimi", R.Məcidin "Bir də
gəlməyəcək", K.Hacının "Uzaqdasan, soyuqdur" kitablarında sevgi
duyumu əvvəlki kimi həzin, kövrək notlar üzərindədir. Amma hansı
poetik istedadda mövzunun ifadə çalarlarına varılıb, bu, artıq
incələnmə tələb edən amildir.
R.Behrudidə sevgiyə münasibət onu mənəvi tapınma, estetik dəyər
və gözəllik səviyyəsində dərk etmək niyyəti ilə bağlıdır:
Elə ayrılıq da, vüsal da səndə,
Tanrısan, bəndəsən, de axı kimsən?!
Sən mənim ən həzin, kədərli nəğməm,
Sən mənim eşq adlı dəliliyimsən.
Kənan Hacının kitabındakı şeirlər yalnız sevgi rübabı üstə
köklənsə də, bu şeirlərdə canlı hərəkət stixiyası yaradan
intonasiya yoxdur, mövzuya baxış, ifadə və mənalanma üsulu sevgi
ilə bağlı duyumun yaddaşını tərpətmir. Sevgini bəlirtmək, yaşanan
duyğusallığı ehtiva eləmək əvəzinə, müəllif sanki sevgi effekti
yaradır.
Arzuların qanadından
atılmışam ümid adlı boşluğa,
açılmır paraşütüm,
hər tərəf ayrılıqdı,
hər tərəf göz yaşıdı,
mən hansı səmtə düşüm?!..
Şəhriyar del Geraninin "Darıxmağın adı" kitabında Sevgi aparıcı
obraz olan darıxmağın nəşət tapdığı səbəblərdən biri kimi
mənalanır. Maraqlıdır ki, müəllifin ənənəvi formalarını, obraz,
deyim və intonasiya ədasını dağıtdığı, yenidən söküb-yığdığı şeir
məkanında sevgi ilə bağlı məqamlar məhvərindən oynamadan, "yaşama
gücü" olmaq statusundadır:
Və sənsiz günəş gecikər,
Aydınlanmaz sabahlar
Azan səsinə diksinər
Bu şəhərdə günahlar
Bu səhər də başağrısı
Soyuq içki, darıxmaq.
Bircə quru zəngin gələ
Deyəsən ki, darıxma... (Şəhriyar)
Əhməd Qəşəmoğluda da sevgi dünya ilə dialoqun, daxili müvazinəti
qorumağın başlıca, bəlkə də yeganə səbəbidir:
yer üzünün qocaları,
cavanları səksəkəli,
hər tərəfdə gör nə qədər
avara, dilənçi, dəli.
sən bu dumanın içində
ilahi mələk kimisən,
küsdüyüm bu dünya ilə
barışdırırsan məni sən.
Mətləb Ağanın "Sevgi şeirləri"ndə insan duyğuları təbiətlə
harmonik təqdim olunur, onlardakı bədii detallar, poetik sonluqlar
fərdi intonasiyanın əlaməti kimi mənalana bilir:
Səhər sənlə açılır,
gün batır sən tərəfdən...
nə yazsam, sən çıxırsan
otuz iki hərfdən
...bir tək sənə yaraşır
bu yay bütün geyimlər...
nə oxusam sən haqda;
hekayələr, şeirlər...
baxıram - hər yerdəsən,
sənsən bu boyda ölkə...
elə o əsən külək,
ya da bu isti bəlkə...
Buna baxmayaraq, yuxarıda qeyd elədiyim nümunələr də
poeziyamızda az yeri çevrələmirlər və düşünürəm ki, bəlkə
poeziyamızda 90-cı illərdən başlayaraq güclənən və ayrıca çalar
olaraq qabaran feminen təmayülün başlıca nədəni bununla
əlaqədardır? Sevgiyə, sevgiliyə verilən dəyərin modifikasiyaya
uğramasıdır əsas səbəb? Dəyərinin gözdən düşdüyü yerdə məhz, qadın
başlanğıcı önə çıxır, öz mənliyini, müəyyənliyini, varlığını
qorumaq üçün özü özünə, duyğularına sahiblənməyə çalışır. Ötən il
çap olunan qadın yazarlarımızın şeirləri çoxdan sabitləşmiş qadın
təmayülünün yeni dalğası kimi qabarır. Afaq Şıxlının "Sənə
demədiklərim", Arzu Hüseynin "Sonu əlvida", Cahan Gülsünün "Gəl,
apar özünü" adlı şeir kitabları, Nisə Bəyimin, Narıngülün, Hədiyyə
Şəfaqətin, Günel Şamilqızının, Nuranə Nurun, Afaq Şıxlının, Aybəniz
Əliyarın şeirlərində qadın yaşamının ekzistensiyası yaradılır, üst
qatda ülviliyini itirmiş sevgi anlamının yeni durumuna etiraz, alt
qatda həzin, kövrək qadın dünyası. Bu qadınların şeirlərində
yaradılan sevgi tablosu əhatəli və zəngindir, hər şey sevən bir
ürəyin həssaslıqla təqib qıldığı həyat lövhələri kimi
mənalanır.
Arzu Hüseynin "Sonu əlvida" kitabındakı əksər şeirlər sevgi
mövzusundadır. Bir az N.Kəsəmənli ahənginin, intonasiyasının təsiri
duyulsa da bu şeirlərdə sevən qadın ürəyinin ahəngi, duyumu ehtiva
olunur və buradakı sevgi bütün hallarda ali səviyyədə qərar tutan
sadiqlik, bağlılıq hissinin ifadəsi kimi orijinaldır.
Hanı dodağının dadı əzizim?
Hanı əllərinin odu əzizim?
İsidib özgəni, yadı əzizim,
Qayıdıb gəlmisən yanıma qəmli,
Ürəyi yaralı, kirpiyi nəmli.
**
Heç kim sənə bənzəmir, bənzərinə alışam.
Ya da təsəlli olsun, yox o da sən deyilsən.
Mən bu yetim ürəyi yollarına atmışam,
Sən onu görəcəksən bir az yerə əyilsən.
Başqası sən deyilsən.
Cahan Gülsünün şeir¬lərin¬də məna variasiyaları arasındakı
rabitə, versifikasiyadan qaçınma cəhdləri gənc müəllifin uğuru kimi
dəyərləndirilməlidir. Həzin, kövrək duyumla sevgi yaşamlarını
bəlirtən bu misralarda intonasiya yekrəngliyi ilə rastlaşmırıq.
Nə qədər gözləyim, nə qədər səni?!
Bəlkə heç gəlmədin bir ömür boyu.
Nə qədər gizləyim, nə qədər səni,
Nə qədər qoruyum bu soyuqluğu?!
Daha ağlamağa gücüm qalmayıb,
Allah da yorulur yağışlarından.
Mən də yorulmuşam, Allahın haqqı,
Gəl apar özünü baxışlarımdan...
Nuranə Nurun sevgi dünyası emosional çalarlarla zəngindir,
fərqli duyum və səslə ifadə olunur, lirik ahəng burada şairənin
fikirlərinin həssas təsirini tamamlayan əsas amilə çevrilir. Şairə
duyğularını yaratdığı poetik təzadla qüvvətləndirərək obrazlı
düşüncənin ifadə çalarının artırılmasına yol açır:
Darıxmaq kimidir hər şey
Günüm də, mənim günümdə
Bu gün deyə bilməmişəm,
Adın islanıb dilimdə.
Nisə Bəyim Ə.Kərim şeirindəki kimi, "dünya sahmanı"nın səbəbi,
mənəvi-ruhsal qatdakı harmoniyanın təməli kimi yanaşır sevgiyə:
Sənədək hər şeyin ölçüsü vardı,
Səndən sonrasının mizanı nəydi?
Baxtın bir üzünə sən yiyələndin,
O biri üzünü yoxluğun əydi...
A.Şıxlının şeirlərində əks cinsdən narazılıq bütün həyatdan
küskünlük şəklində üzə çıxır. Amma həyatla savaşmayacaq qədər loyal
mövqe sərgilənir. Təsvir olunan nakam sevgi hekayəti, bəxtsiz qadın
taleyi, keşməkeşli yol yolçuluğu, həyat məşəqqətinin gücü savaşa
deyil, sevməyə və ona qarşı olanlara etiraza çatır:
Mən oyuncaq deyiləm –
Mənə evcik qurasan,
Nə vaxt kefin istəsə
Açarımı burasan!
Mən oyuncaq deyiləm –
Alıb kama çatasan,
Yorulanda, bezəndə
Bir bucağa atasan!
Şeirdəki qadın özünə, təbəddülata uğramış ali məqamına qarşı
üsyankar ruhdadır. Şeirlərdəki zəif nöqtə də elə bu məqamla
bağlıdır. Daha çox hissin çözümü müəllifə duyğularını gərəyincə
sərgiləyə bilən estetik səviyyəni qazanmağa mane olur. Bu fikir
qadın azadlığına çağırış edən əksər şeirlər üçün xarakterik sayıla
bilər. Düşüncələr daha çox publisistik tonda təqdim edilməyə tabe
tutulduğundan şeirdəki estetik cazibə itir, poetik bütövlük hiss
olunmur. Həyəcanın təsirinə o qədər aludə olurlar ki, müraciət
formaları da öz uyarlığını itirərək ictimai pafosdan irəli gedə
bilmir.
Amma əvvəldə qeyd etdiyimiz kimi, qadın yazarların belə hissləri
mətnə gətirmələrinə əsas olan nədən də elə mövzuya yönələn kişi
nəzərlərinin disharmoniyadan çıxış etməsindən qaynaqlanmırmı? Təbii
ki, belədir. Bu yerdə... Hər cür yaşantılar - sızıltı, göz yaşı,
kədər, məyusluğu dəf edib azadlığa, fərdiliyə can atmaq, zəriflik
və gücsüzlük anlayışına üsyan edib, "qadınca" olmanın, davranmanın
feminen yox, qürur nümunəsini vermək nümunəsi də poeziyamızda rast
gəlinəndir. Könül Həsənqulunun şeirində olduğu kimi:
Yastığı qucaqlayıb ağlamaq – mənlik deyil!
Bu qadınca hərəkət
Mənə gülünc gəlir.
Mən kədəri qucaqlayıb susuram.
Yeni dövrün "kədəri qucaqlayıb susan" qəhrəmanı... Bu haqda
növbəti yazıda danışacağıq artıq.
Təklik şeirləri. Nabokov Tolstoyla bağlı düşüncələrində yazır:
"Tanıdığım yeganə yazıçı odur ki, saatı sayısız oxucuların saatı
ilə həmişə düzdür. Əslinə qalanda, orta statistik oxucunun onu
sevməsinin səbəbi Tolstoyun öz əsərlərinə bizim zaman hissimizə
birəbir düz gələn dəyərlər qata bilməsidir". Bu fikirləri niyə
misal gətirdim? Şair, ya nasir, fərqi yoxdur, əsas məsələ
sənətkarın mətnində zamanın tarazlığının duyulmasıdır, həyatı
insanların zamanlarına uyğun biçimdə canlandıra bilmək
səriştəsidir. Bu gün yazılan şeirlərin əksəriyyətinin zamanla heç
bir əlaqəsi duyulmur. Üfüq, işıq, gələcək... bu sözlərin şöləsi
çoxdandı gur saçılmır. Poeziya daha çox qaranlıqlarla uğraşır,
nəfəs kəsəcək qədər qaranlıq, işıqsızlıq hakim olub şeirdə. Bəlkə
buna görə Vaqif Bayatlı Şəhriyar Del Geraninin "Darıxmağın adı"
kitabına yazdığı ön sözdə gənc şairə irad tutur ki, "...
pislikləri, uçurumları, çıxılmazlıqları yazmaq asan. Mən istəyərdim
ki, Şəhriyar pislikləri tamam buraxsın. Daha çox gözəllik kəşf
etsin, kəşf olunmamış gözəllikləri tapsın". Bir tərəfdən düşünürsən
ki, indiki xaos zamanında, dünyanın qaynayan vaxtında şair ovqatını
müsbətə necə kökləsin? Amma poeziya həm də yoxdan var yaratmaq
deyilmi? "Gördüyümüzdən artıq görmək istəməsək/ hər rəng adicə
boyadır" (R.Rza).
Bu şeirlər həm də ona yanaşmanın fərqli meyarlarını meydana
qoymağı zəruri edir. Xatırlayıram ki, 90-cı illərin əvvəllərində o
zaman ədəbi tənqiddə yeni yanaşma, yeni təhlil konturları cızan
Nizaməddin Mustafa "Bir şerin draması" adlı məqaləsində Vaqif
Səmədoğlunun şeirini fərqli müstəvidə nəzəri analizin predmetinə
cəlb edir, bu qisim şeirlərə münasibətdə mövcud dünyagörüşün
təzələnməsi fikrini irəli sürürdü. Hiss olunurdu ki, tənqidçinin
V.Səmədoğlu yaradıcılığından seçib təhlilə çəkdiyi bu şeir:
Qumru xan söyüdə qonub oxudu,
Gecənin saçını yonub oxudu.
Nəfəsimə düşüb, donub oxudu…
Bu gecənin üz-gözü
Quş səsinə bulanıb.
Bu elin torpaqları
Quş səsiylə sulanıb.
O xan söyüd gecədən də qaradı
Qumru səsi qan sızmayan yaradı.
Allah, olduğum bu yer haradı?
- bədii mətnə yeni kontekstdən yanaşmaq, sənətlə bağlı nəzəri
düşüncələrini yeni biçimdə ifadə etmək üçün akvarel fon səciyyəsi
daşıyır. R.Bart, Y.O’Nil, Yirmunski və s. kimi dünya ədəbiyyatının
tənqidçi və yazarlarına, eləcə də xalqın öz folkloruna, dil
potensialına və söz yaradıcılığına istinad edən müəllif şeirə
dünəndən fərqli yanaşma izhar edə bilirdi. Mənə elə gəlir ki,
məsələ onda deyildi ki, artıq dövr dəyişmişdi, sovet ədəbiyyatının
qəliblərindən çıxmaq zərurəti öndə idi. Yox, yeniləşməni tələb edən
həm də ədəbi mətnlər idi. Şeirdə ağrı simvolikası qabarıqlaşdıqca
nəzəri-estetik düşüncənin axtarış çabası da dərinlərə işləyirdi. Bu
gün çöküş ovqatlı şeirlərin zamanını 90-cı illərin məlum prosesləri
ilə əlaqələndirib çox səbəblər ortaya çıxara bilərik. Amma görünən
bu: səbəb yalnız həmin dönəmin qarışıq, mürəkkəb mahiyyəti deyil.
Bu dövrün gəncləri Kafkanın məşhur ifadəsini bir balaca dəyişib
desək "anadan qoca və yorğun doğulmuşdular". Ötən həftələrin
birində "Ədəbiyyat qəzeti"ndə Azər Turanın nakam şair Faiq
İsmayılov haqqında məqaləsini oxuyarkən gənc şairin şeirlərindəki
dərin və məhzun kədərin dibinə yuvarlandım sanki. Faiq İsmayılov bu
şeirləri yazanda 80-ci illərin sonları imiş, qarşıdan keçid
dövrünün fəci prosesləri gələcəkdi və cavan şair bunları görüb
yaşamadan artıq ölümə süvarilik edirmiş.
Qaranlıq pəncərəmdə
Qara pərdə kimi –
Nə mənim o üzdən xəbərim var,
nə o üzün məndən.
Divarlar nənəmin ağ kəfəni kimi –
bilmirəm çitdəndi, ya bezdən.
Ən yaxın nöqtəyə söykənib
dözlərim dondu.
Bəlkə də ölmüşəm,
bəlkə də sondu?...
90-cı illər poeziyası isə başdan-başa "son" problematikalı şeir
mətnlərinə köklənir. Və Faiq İsmayılov bu dövrün çöküş ruhlu
poeziya orbitində öz səsi, simvolikası, intonasiyası ilə doğulan
şairlərimizdən olaraq qısa bir ömür bioqrafiyasına sığışan mətnləri
ilə əslində, milli müstəqillik dövrü şeirinin günümüzədək davam
edən ovqat çalarının təyin olunmasında əsas göstəriciyə çevrilir.
Bu ağrının nəşət etdiyi səbəbləri isə yenə də Azər Turanın illər
öncə yazdığı "Ölüm süvarisi" məqaləsindən öyrənə bilirik: "Baş
verən kataklizmlər, zəlzələlər, daşqınlar, qaçqınlar, terror…
əslində III Dünya müharibəsini andırır və Faiqin də mənsub olduğu
itirilmiş nəslin qismətinə bu etiraf olunmamış müharibə dövrünün
ədəbiyyatını yaratmaq düşdü. Elə buna görə də heç kəs bu ədəbi
nəsildən Kamyu demişkən, "nikbin olmağı tələb edə bilməz". Məqalədə
hər açılan səhəri qanla qızaran 90-cı illər reallığının acı
mənzərəsi boylanırdı və bu artıq, dünyanın ruhuna çökmüş kədər,
tənhalıq ağrısının tənqiddə uca vurğu ilə ifadəsinin başlanğıcı
idi. Salvador Dalinin "Süvarinin adı ölümdür" əsərindən əxz olunub
fərqli interpretasiyada meydana çıxan "Ölüm süvarisi" məqaləsi
nikbin olmayan poeziyanın, şeirin qürub mənzərəsinin şəklini çəkən
ilk tənqid nümunələrindəndir. Buradakı müəllif obrazı təhlil
predmetinə çevrilən şairin durumuna bərabər idi və bəlkə
tənqidimizdə ilk dəfə müəllif-şair obrazı, ovqatı eyniləşib,
qoşalaşıb fərqli bir üslub, fərqli bir simfoniya səslənişində
gerçəkliyin Mətn yozumunu verə bilirdi. Poeziyanın dekadansa
yuvarlanmış səs ladını sürreal təsvirlərlə dərinləşdirən bu
məqalədə "dünya mədəniyyətinin baş qəhrəmanı "ÖLÜM OBRAZI" kimi
mütləqləşir və bu dərinlikdə sovet dövrünün diktə elədiyi "ələmdən
nəşəyə" imperativinin fəci sonluğu görünürdü. Həm də "ölüm gəlir
ömür, sonun mübarək" (V.Səmədoğlu) yazan şairdən fərqli olaraq
ölümü yalnız ömrün deyil, dünyanın dirəndiyi son dayanacaq kimi
almaq müdrikliyinin nəticəsi olaraq. Poeziyanın gənc şairi Faiq
İsmayılov "Bilinmir ömürdür, ya da ki, oyun,/ Bir kor quyu kimi
unudulmada./Kədəri, sevinci bilinmir bunun/Bilmirəm səsləyim kimi
son anda", - deyə ümidsizliyin aqibətindən yazırdı, Azər Turan isə
bu ümidsizliyin nəşət tapdığı, insan içini əzib yaralayan yerləri
nişan verərək ruhsal başlanğıca dönür, Kədərin etiologiyasına baş
vururdu: "İç tufanı – varsa. Sevgi zəlzələsi baş verirsə! Ədəbiyyat
o tufandan, o zəlzələdən sonra yerdə qalan xarabalıqlardan doğulur.
Özü də bir bənövşə kolu kimi – boynu bükük. Özü də Göy göl kimi
duru və təmiz". Ədəbi tənqid mətnin bitdiyi yerdən başlayırdı, sözə
heç bir qoşqu qoşmadan özünün mahiyyəti ilə təhlil müstəvisinə cəlb
edirdi və bununla - mətn içrə mətn yaratmaqla ədəbi tənqidin
estetik özünüifadə imkanlarını ortaya qoyurdu.
İndi isə 90-cı illəri iki onillik geridə qoyduğumuz zaman
kəsimindəyik. Və bu zaman kəsimində çox şey, bəlkə də hər şey
dəyişdi. Dəyişməyən isə bir amil oldu: poeziyada təklik simvolikası
yenə də öndədir. Təbii, təklik şair üçün həmişə ovqat göstəricisi
olmuş. Əsl şairlər həmişə tənha və təkdirlər. Amma indiki halda
söhbət bütün yaradıcılığı təklik ruhuna sarılmış şeir kitablarından
və onların müəlliflərindən gedir. Bir qisim şairlərdə təklik ovqatı
çağın problemlərindən – (bu, şəxsi də ola bilər – sevgi, mənəvi
yalnızlıq, eləcə də bütün dünya səviyyəsində artan xaotik və
dramatik olaylar) nəşət edir:
Rüstəm Behrudi:
Baş götürüm gedim daha,
Unudulsun adım daha
Səni dəfn elədim daha
Allah da mənimtək tək deyil
Şəhriyar del Gerani:
bir pişiyim də yox qucaqlayası
qucağım sinəmdə bayquş yuvası
barı dost da ölmür yas saxlayasan
hamı salamatdı, hamı yaxşıdı
di gəl darvazanı külək açırmı
bu darıxmaq ki var itin balası
hər gün qapımızda gəlib ulayır
Əlizadə Nuri:
Göy üzündən ulduzlar tökülür bir-bir
işığı kəsilmiş damlara
Bu gecə ipdən asılmış paltarlar
İntihar öyrədir adamlara...
Dəyanət Osmanlı
məzarım təkadamlıqdı
get bir qəbir o yanda öl.
yaxud:
Bəyənib seçmədən
bir ömür yaşadım,
nə amacı, nə anısı
heç yadımda qalmadı.
Yaşlı nəsildə daha çox yaşın gətirdiyi yorğunluq, ömrün
faniliyindən doğan təklik hissi qabarıqdır. Şairlərin şeirlərinin
adları da artıq yollar yorğunu olmuş insanın ovqatı üstə köklənib:
F.Sadıq: "Vaxtıdır", "Ayrılıram", "Son"; M.Yaqub: "Mən payız
durnası, axşam qürubu"; Ç.Əlioğlu "Ömürdən şikayət" və s.
Fikrət Sadığın ötən il çap olunan şeirlərində ömrün ahıl
çağlarını yaşayan şairin iç təlatümləri sərgilənirdi:
Vaxt yetişdi, yarpaq düşdü, ömür adlı müddətə son!
Bu dünyada yaşamaqdan şirin adlı nemətə son!
Ramiz Rövşənin "Qoy heç kəs bilməsin" şeiri poetik ovqat
baxımından "Ay bu yükün yiyəsi" şeirinin davamı idi. Bu poeziyada
"günəş"in qürubu, əvəzində hakim olan mənəvi-ruhsal bədbinlik insan
ömrünün heçliyə, boşluğa yuvarlanması kimi simvolik məna kəsb edir.
Şeirdə içini qaranlıq, təklik bürüyən insanın əhvalı uğurlu əksini
tapır, buradakı bədii ovqatı təşkil edən çöküş həyatın bozluğunu
yaşayan, sabahına heç bir ümidi qalmayan ruhun çıxılmazlıq
duyğusundan nəşət tapır və onun "getmək vaxtıdır", - deyib fanilik
önündə tərksilah olmaqdan başqa çarəsi qalmır.
Bu da ötən günün batan günəşi,
Başımın üstündə bulud qaralır.
Daha ömrümə də qaranlıq düşür,
Ürəkdə sonuncu ümid qaralır.
Daha qaranlığa qarışıb tamam
hamının gözündən itmək vaxtıdı.
Daha bu qapını lap yavaşcadan
Açıb, kirimişcə getmək vaxtıdı.
Çingiz Əlioğlunun "Ömürdən şikayət"ində sızıltı varsa da, onun
yaşamağa olan məhəbbəti həyata, dünyaya sevgisi, bağlılığı kimi üzə
çıxır.
Yol dirəndi yal qaşına...
Qocalıq qarşıma çıxdı.
Yetişdim ömür qışına,
Ucalıq əlimi sıxdı.
Rüstəm Behrudinin ötən il çap olunan şeirləri bir ruh dərvişinin
pıçıltıları idi. Hicran varsa da, ümid də var, bir baxış, bir
dönüşlə həsrətin bağrını yaran, gözlənilən "ünvan" da...
Dön, hardasan, dön qayıt,
Ümid – güman olmadan.
Al məni də, dur, gedək,
Dağlar duman olmadan.
Xirqəsiz bir dərvişəm,
Könlümə bürünmüşəm.
Halıma bax, ölmüşəm,
Təkkəm vuran olmadan.
S.Rüstəmxanlı "Ad günüm" şeirində sevincdən daha çox qəmə dalır,
dünənin xəfif xatirələrinə sığınır:
Ürək oxuyanın işləri müşkül,
Gözlərdə göz alan dərinlik çatmır.
Onsuz da seyrəlir dost məclisləri,
Sözlərdə əvvəlki şirinlik çatmır.
Musa Yaqubun təbiətdən mayalanan şeirlərində torpaq, ağac, dağ,
yoxuş kimi poetik obrazlar artıq şairin ruhunu saran təklik
nisgilinin rəmzi ifadəsinə yönəlir:
Bir yorğun torpağam, dincə qoyulmuş,
Daha əkilməyim, biçilməyim yox.
Köhnə qarağacam, içi oyulmuş,
Bir də körpülənib keçilməyim yox.
Bütün körpüləri keçmişəm daha,
Səbir kasamı da içmişəm daha.
Ədəbiyyat, poeziya cəmiyyətdəki, dünyadakı qaranlıqlardan
ədəbiyyat işığına keçiddir əslində. Amma bu keçidi şair necə həyata
keçirməlidir? Düşünmürəm ki, ötən əsrin 20-40-cı illərin nikbin
ruhlu poeziyası yalnız S.Rüstəmin "ələmdən nəşəyə" imperativini
irəli sürməsi ilə reallaşdı. Bu, hardasa yeni nəsil poeziyasının
mənəvi durumundan qaynaqlanan mahiyyət dəyişimi oldu. İndi yeni
nəsil yazarlar belə bir durumla ədəbiyyata gəlmir və heç gəlmələri
də lazım deyil. Ona görə gənclərin poetik ovqatları da özlərindən
əvvəlki dövrün yazarlarının çöküş ruhu üstündə köklənir. Amma
fikrimizin mayəsi bu deyil. Poeziyada qaranlıq zolaq nə zaman
yarılacaq, yaxud qaranlığın üzərinə düşən işıq haləsini nə zaman
sezəcəyik? Gəminin dor ağacından boylanaraq uzaqlarda torpaq görüb
sevinən ilk Kolumb şagirdi kimi...
Bütün arzularımı
Dəfn elədim gizlicə
Gedim göyə baxmağa
Ay doğacaq bu gecə
(Narıngül)
"Səhəri gözləyək göyün üzündə", - yazırdı Məstan Günər. Doğan
ayı və çıxan günəşi göyün üzündə qarşılamağın ləzzəti isə
başqadır.