Yuxarı

Satanist Daşa Bakıda ilk möcüzəsini göstərdi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

...İblisin özü belə çarəsizlikdə “Alahdan qorxun” söyləyir...

(Qədim rus rəvayətindən)

Allahdan qorxmaq lazım deyil, onu sevmək gərəkdir...

(Ərəb deyimi)

Zəruri qeyd: Təsvir edilən ritualların təkrar olunması tövsiyyə edilmir.

Əvvəli burada

Çaşqınlıq içində quruyub qalan İqbalı kafedə buraxaraq, ardıma baxmadan taksiyə doğru qaçdım. Cəld ünvanı söyləyərək, avtomobilə əyləşdim, bu arada tez-tez Daşaya zəng edirdim: qız telefona cavab vermirdi. Ürəyim bərk narahat idi, az qala dəli olacaqdım. Axı qapını döyən və israrla açılmasını tələb edən şəxslər kim ola bilərdi?

Dünənki naməlumları xatırladım. Yox, dünənki hadisə ilə bağlı olsaydı, Daşa hökmən mənə yolladığı ismarışda bu haqda bir eyham qeyd etmiş olardı. Sahə inspektorunun gecə “hər hansı narahatlıq baş verərsə” zəng etmək təklifi ilə mənə ötürdüyü nömrəni yığmağa başladım. Səmədov yorğun səslə cavab verdi. Mən az qala qışqıra-qışqıra Daşanın mənə yolladığı ismarış və qızın hazırda zənglərimə cavab vermədiyini birnəfəsə kapitana çatdırdım. Səmədov təmkinini pozmadan:

- Narahat olmayın, bəlkə rəfiqəniz gəzməyə çıxıb və telefonunu evdə unudub... – dedi.

Mənim səbir kasam artıq sözün əsl mənasında aşıb-daşırdı:

- Necə yəni narahat olmayım? Daşa ilk dəfədir Bakıdadır və o mənsiz heç yerə çıxmır.

Bu dəfə Səmədov səsini qaldırmalı oldu:

- Dünən sizin əsassız izahatınız sayəsində biz artıq xeyli əngələ düşmüşük. Kifayət qədər mötəbər insanın adını səbəbsiz şəkildə çəkərək, özünüzü də, bizi də gözdən salmış oldunuz. Sizdə paranomiyadır, psixoloji durumunuzla bağlı günahsız insanları nahaq yerə suçlayırsınız!

Mən isnpektorun bu kobud münasibətinə barıt çəlləyi kimi partladım:

- Birincisi, hörmətli kapitan, nəzərinizə çatdırım ki, psixologiyada “paranomiya” deyilən anlayış mövcud deyil! Yox, əgər siz məndə paranoya olduğunu düşünürsünüzsə, səhv edirsiniz, sizin mötəbər dediyiniz kəs professional qatildir! Əfsuslar olsun ki, sizin görəcəyiniz işləri, deyəsən, mən həyata keçirməli olacam!

Sözlərimdən bir qədər duruxub qalan inspektor səs tonunu bir oktava aşağı endirdi:

- Rəfiqənizin axtarışı üçün polis qrupu təşkil edərik.

Mən etiraz etdim:

- Lazım deyil, o qrupu daha mühüm, əsaslı işlər üçün saxlayın, - dedim və Səmədovun “Necə yəni...” sualına əhəmiyyət vermədən telefonu söndürdüm.

Bu danışıqlarım boyu məni avtomobilinin aynasından bərələ gözləri ilə izləyən taksi sürücüsü, “Xanım, bəlkə bir köməyim dəyə bilər?” - deyə, çəkinərək soruşdu.

- Hə, əlbəttə, - dedim: - Sürəti artırın!

Mənzilimə doğru pilləkənləri birnəfəsə qalxdım, ürəyimin döyüntüsünü boğazımda hiss edirdim. Pilləkənlərdə, hətta qapının ağzında belə heç kimlə rastlaşmadım. Açarı çıxarıb, ehtiyatla qapını açdım...

Daşa içəridə yox idi. Daşanı tapmaq üçün bir ipucu niyyəti ilə birotaqlı mənzilimə göz gəzdirdim; masanın üzərində qızın əl telefonunu gördüm, dərhal götürüb, yaddaşını eşələməyə başladım. Budur, 1, 2, 3... cavabsız zənglərim, amma... məndən təqribən üç dəqiqə əvvəl Daşaya gələn zəng... “19-19”-la bitən nömrə. İlahi, bu ki İqbalın nömrəsidir! Deməli, bu alçaq mənim mobil telefon zənglərimə də “əl qatırmış!”

Çox düşünmədən əlimdə Daşanın telefonu həyətə endim. Düşünürdüm. Əgər Daşanı oğurlamış olsaydılar, qız mütləq şəkildə mənə şüuraltı ismarış yollayardı, lakin Daşa ilə bağlı beynimdə heç bir informasiya, impuls, siqnal yox idi.

Həyətdə uşaqlar üçün nəzərdə tutulan bisetkaya yaxınlaşdım. Oradakı uşaqlı iki-uç anadan “qeybə çəkilən” qonağımı xəbər aldım, qadınlar çiyinlərini çəkdilər, qızı “gördüm” deyən olmadı.

Hansısa hiss mənə Daşanın uzaq getmədiyini deyirdi. Yenidən blokumuza daxil oldum. Birinci mərtəbədən başlayaraq, qapıları döyməyə, bəziləri ilə qapı arxasından dialoq qurmağa çalışdım. Üçüncü mərtəbədəki Tatyananın qapısı yarımaçıq idi. Qapını döydükdə, mənə doğru gələn on iki yaşlı qız uşağının səsindən şoka düşdüm. Artıq iki il idi ki, bu binada yaşayırdım. Qonşuların heç biri ilə yaxın münasibətim olmasa da, mərtəbəcə mənə yaxın olanlar haqda az-çox məlumatlı idim. Tatyananın Lena adlı qızı uşaqlıqda keçirdiyi stress nəticəsində lal olmuşdu və həkimlər qızın bir ömür boyu danışmayacağını demişdilər. İndi isə məni qapılarında qarşılayan Lena rus dilində mənə bərkdən “gəl içəri” deyirdi.

Öz-özümə dəli olduğumu, son iki-üç günün ağır nəticələrindən ağlımın itdiyini düşündüm. Deyəsən, sahə inspektoru Səmədov haqlıdır axı, məndə paranoya yaranıb; hətta illərlə lal kimi tanıdığım qız belə indi mənimlə danışır! İlahi, axı bu nə mistik aləmdir duçar olmuşam və heç cürə bundan yaxa qurtara bilmirəm!

Qorxu içində qıza baxırdım ki, Tatyananın otaqdan səsi gəldi:

- Lena, kimdir gələn?

Lena səs gələn tərəfə boylanaraq:

- Birinci mərtəbədə yaşayan qızdır, ana, - dedi.

Aman Allah, bu danışa bilirmiş! Bəs onda nə üçün hər dəfə anası ilə qarşılaşdıqda, qadın ah-zar edir, qızının danışa bilmədiyi üçün normal uşaqlar kimi məktəbə getməməyindən gileylənirdi?!

Tatyana qapıya çıxdı, üzü-gözü şişmiş, göz yaşları yanağından süzülən bu qadın qəfil üzərimə yeriyib məni bağrına basdı:

- Sağ ol, çox sağ ol! Allah səni qorusun! Allah sənə dayaq olsun! Balamı... tək qızımı...

O ağlayırdı, mən isə onun qırıq-qırıq, göz yaşları içərisində söylədiklərini tam anlaya, onları məntiqli şəkildə hər hansı bir hadisə ilə uzlaşdıra bilmirdim. 40-41 yaşlarında olan Tatyana binanın çoxdankı sakinlərindən idi. Əslən rusiyalı olan qadını Azərbaycana keçmiş ərinə hədsiz sevgi gətirmişdi. Bir zaman ata-anasının sözündən çıxan Tatyana sonralar onların ölüm və dəfn anında belə iştirak etməyə fürsət tapmamışdı: valideynləri ondan küsülü dünyalarını dəyişmişdilər.

Tatyana olduqca mədəni və kübar bir qadın idi. Çox zaman boş vaxtlarımda əlimdə kitab həyətin bağçasına endikdə, bu qadın mənə özü ilə bağlı hekayətlərini danışardı. Məlum olmuşdu ki, Tatyananın Rusiya bazarlarının birində çalışan əri Əkbərlə tanışlığı elə onunla sözügedən göy-göyərti alveri məkanında baş veribmiş. Uzunmüddətli sevgi macərası Əkbərin Tatyananı Azərbaycana qaçırması ilə yekunlaşır. Əvvəlcə normal ailə kimi yaşayan cütlük sonralar Əkbərin “evə gec gəlmələri” və içki düşkünü olması ilə parçalanır; üstəlik, bir dəfə Tatyananı növbəti dəfə möhkəm əzişdirən Əkbər qızı Lenanın üzərinə içkili halda bıçaqla yeridiyindən körpə qızın qorxudan dili tutulur! Bundan sonra Əkbər yenidən Rusiyaya qayıdır və ən dəhşətlisi: zavallı qadın Əkbərin yer üzündə ona yeganə qan qohumu olan dost-doğma bacısı Svetlana ilə ailə qurduğu xəbərini alır.

Artıq illər idi ki, nə Əkbərdən, nə də bacısından xəbər eşidən Tatyana öz balaca qızı ilə Bakıda yaşayırdı.

Tatyana ilə bağlı bütün bildiklərimi fikrimdən keçirməyə başladım ki, onun mənə minnətdarlığının əsas özəyini tapa bilim. Lakin nə Tatyananın göz yaşları içərisində az qala boğularaq söylədiyi hıçqırıqqarışıq sözləri aydın eşidilirdi, nə də mənim sarsılmış mənəvi durumum ondan nəsə soruşmaq imkanındaydı. Bu cür vəziyyətdə bir neçə dəqiqə mənə bərkdən sarılan Tanyanın qəribəliyini düşünürdüm ki, otağın qapısında satanist dostumu gördüm. Sən demə, Daşa Tatyanagilə təşrif buyurubmuş! Mən bir qədər sakitləşən Tatyananı ehmallıca kənara çəkdim:

- Sən burda nə edirsən, Daşa? - deyə sakit səslə soruşdum.

Çalışırdım ki, əsəblərimi cilovlayım və ən azından kənar insanların yanında qonağımın xətrinə dəyməyim. Daşa isə üzündə təbəssüm, heç nə olmamış kimi dedi:

- Həmyerlilərimi ziyarətə gəlmişəm.

Mənim səs tonum yavaş-yavaş yüksəlməyə başlayırdı:

- Daşa, sən mənə ismarış yollayırsan ki, iki nəfər qapının arxasındadır və qapını açmaq istəyirlər. Mən işıq sürəti ilə evə çatıram, yol boyunca sənə zəng edirəm, cavab vermədiyini görüncə, Səmədova zəng edirəm və onunla aramızda mübahisə yaranır! Söylə mənə, axı bütün bunlar nə üçün baş verməlidir?!

Daşanın cavabına qədər Tatyana əlimdən tutdu:

- Gəl evə keçək, - dedi, - mən hər şeyi izah edərəm.

Çaşqınlıq içərisində təklifə tabe oldum, Daşanı acıqlı nəzərlərlə süzüb, Tatyananın göstərdiyi otağa keçdim.

Dünyanın bir sıra ziyarətgahlarında şikəst, qüsurlu insanların fiziki baxımdan güc, qüvvə taparaq şəfa əldə etdiklərini dəfələrcə eşitmişdim, lakin bu cür möcüzənin nə şahidi olmuşdum, nə də bu kimi hallara inamım vardı. Amma möcüzələr baş verirmiş. Tatyana mənə ağlaya-ağlaya Daşanın onun lal qızının dilini açaraq, qızcığazı sağaltdığını deyəndə, əvvəlcə bütün baş verənləri zarafat kimi qəbul etdim, üç-dörd dəqiqəlik şok adlanan təsirin əsiri oldum. Lakin əllərimdən tutub, mənimlə normal danışan və bugünə qədər lal olan qız bütün danışılanların həqiqət olmasının sübutu idi.

Məlum oldu ki, mən İqbal ilə görüşdüyüm zaman ərzində həqiqətən də iki nəfər naməlum şəxs mənzilin qapısını döyür. Yuxudan ayılan Daşa qapının arxasında olan şəxslərdən kim olduqlarını xəbər aldıqda isə naməlumlar israrla qapını açmalarını tələb edirlər ki, bu zaman dostum telefonuma ismarış yollayır. Daşa evdə qalmağı təhlükəli hesab edərək, dərhal geyinir, qapıdakıların dəhlizdə görünmədiyi bir məqamda bir göz qırpımında evi tərk edərək həyətə qaçır. Həyətdə isə bisetkada Tatyana və onun lal qızı Lena ilə tanış olur. Tatyananın qonağı olmağa razı olan Daşa lal qızın dilini açır!

- Bir də gördüm ki, Lenanın əllərindən yapışıb və hər ikisi gözlərini yumublar, - Tatyana ağlayaraq danışırdı: - Mən bu arada mətbəxdən çay gətirirdim və öncədən nə baş verdiyini görmədim, yalnız qızımın “ana” kəlməsinə döndüm. Şokdaydım, gözlərimə və eşitdiklərimə inana bilmirdim, Lena mənimlə danışırdı!..

Daşa məmnunluqla Tatyananı dinləyir, hərdən Lenanın başını tumarlayırdı. Qızcığaz minnətdarlıq əlaməti olaraq xilaskarının əllərindən öpürdü.

Mən qeyri-ixtiyari bir zamanlar fağır kəndli olan, xüsusi fövqəltəbii bacarığına görə şah saraylarına ayaq açan, Çar Nikolayın az qala ailə üzvünə çevirilən məşhur Rasputini xatırladım. Daşanın ovsunlayıcı dəniz-gözlərinə nəzər yetirdim. Ümumiyyətlə, bu cür hissiyyatlı və bacarıqlı insanların əksəriyyətinin qeydi-adi baxışları, gözəl gözləri və xüsusi fərqli, cəlbedici səs tempi olur! Daşa ilə Rasputini beynimdə müqayisə etdim: Rasputin öz xüsusi paranormal qabiliyyətləri hesabına Çar Nikolayın iflic oğlunu ayağa qaldıraraq, sağlam insan kimi gəzdirir, Daşa lal qızın dilini açır. Lakin tarixi mənbələr Rasputini İlahi gücə malik şəxsiyyət kimi dəyərləndirsə də, öncəgörənin çara söylədiyi sözlər onun heç də peyğəmbər və ya rahib olduğuna dəlalət etmir. Rasputin çoxsaylı düşmənlərindən qorunmaq üçün, sanki öz həyatını sığortalayırmş kimi, çara “Əgər mən ölsəm, qısa zamanda siz bütün ailənizlə məhv olacaqsınız” söyləmişdi. Həqiqətən falçının ölümündən sonra çar bütün ailəsi ilə güllələnmişdi.

Bəli, bu cür ekstrasensor qabiliyyətli insanlar ölümlərindən sonra belə insan taleyinə təsir etmə gücünə malikdirlər. Əgər həqiqətən də Rasputində İlahi güc olsaydı, o, ən azından ölüləri dirildən İsa peyğımbər kimi, heç kəsə qarğış etməz, ən azından qorxu və dəhşət ab-havası yaratmazdı. Mənim aləmimdə isə Rasputin satanist Daşanın buynuzlu dostlarının babası idi və bütün gerçək gələcəyi əvvəlcədən olduğu kimi duyaraq, onu qoruya bilməyəcək çara öncədən lənət göndərmişdi; öncəgörən cəhənnəmə tək getmək niyyətində deyildi!

Mən səssiz-səmirsiz söhbəti dinləyirdim; deməli, Daşanın bitib-tükənməyən paronormal, ekstrasensor fəzavi qabiliyyəti mən düşündüyümdən də geniş və sonsuz imiş! Lakin bir hiss məni olduqca sevindirir, ürəyimi heyrətdən çırpınmağa vadar edirdi! Daşa xeyir əməllərə başlamışdı! Bu o demək idi ki, mən dostumu yavaş-yavaş şər qüvvənin pəncəsindən uzaqlaşdırmağa müvəffəq olmuşdum! Bu mənim qəlbimi fərəhləndirə biləcək kiçik uğurum, ağrılı, acılı, stresli günlərdə məni ovuda biləcək təsəllim idi.

Tatyananı dinləyə-dinləyə öz-özlüyümdə götür-qoy edir, bütün olanları bir daha düşünərək, özümü məzəmmət edirdim: dostumu tam kəşf edə bilməmişəmmiş!..

Artıq yorğun-arğın Tatyananın mənzilindən öz mənzilimizə gedirdik. Mən ağır-ağır Daşadan öndə beton pilləkənləri enirdim. Birdən Daşaya gələn zəngləri xatırladım.

- Daşa, qonşularıma göstərdiyin canfəşanlığına görə çox sağ ol. Sənin bacarıqların hüdudsuz, mənim heyrətim isə sonsuzdur! Amma sənə bir xoş olmayan xəbərim var. Masanın üzərində unutduğun əl telefonuna İqbaldan nə az, nə çox, gün ərzində düz dörd dəfə zəng gəlib.

Daşa sözlərimə təmkinlə yanaşdı. O, sakitcə məni dinləyirdi. Mən gün ərzində baş verənləri bir-iki kəlmə ilə qıza anlatdım; İqbal ilə söhbəti və boyunbağı məsələsini də qeyd etdim.

Daşa dərindən ah çəkdi:

- Yatmış ilanı oyatmısan!

- Vallah, o heç yatmış ilana oxşamır, - əsəblə cavab verdim: - Gah arxamızca adam göndərir, gah aktyorluq edərək, əyri-yalan həyatına məni də qatmaq istəyir...

Daşanın İqbalın əl telefonuna zəngləri barədə etinasız münasibəti məni təəcübləndirməyə bilməzdi, odur ki, söhbətə yenidən qayıtdım:

- Daşa, o şəxsiyyətsiz sənin nömrəni haradan bilir?

Daşa halını pozmadan məni daha da dəhşətə sala biləcək bir cavab verdi:

- Evində izləyici qurğu var!

Mən ən azından bu dəqiqə istənilən cavabı dinləməyə hazır idim. Bilirdim ki, İqbal telefon nömrələrini yönəldə bilər və bu minval ilə Daşanın da nömrəsini əldə etmiş olar! Lakin Daşadan bu cavabı eşitməyə qətiyyən hazır deyildim!

Əsəblərimə hakim ola bilmədim və dostluq haqlarının qoruyucusu və müdafiəçisi kimi, haqlarımla, hüquqlarımla zirehlənib Daşayla sözün əsl mənasında söz savaşına çıxdım:

- Daşa, sən bunu məndən necə gizlədə bilərdin axı?!

Daşa təmkinlə cavab verdi:

- Mən sənə evində ötürücü, dinləyi qurğu barədə desəydim, sən bu haqda dərhal Səmədova məlumat verəcəkdin. Sən mənim məsləhətlərimi dinləmirsən və özün bildiyn kimi hərəkət edirsən! Nəticədə isə Səmədov kimlərinsə sifarişi əsasında qəsdən səni yalan ittiham irəli sürməkdə təqsirli biləcəkdi!

Daşa haqlı idi!

Mənzilimizə daxil olduq. Mən Daşadan yalnız bir kəlmə söz soruşdum.

- O haradadır?

Daşa əli ilə işıq yandırılan yeri göstərdi. Mən mətbəxdən taxta dəstəkli bıçağı tapıb gətirdim. Daşa plastmasdan hazırlanmış cərəyan çərçivəsini buraraq açmaqda kömək etdi. Sakitcə cərəyan qapağını divardan araladıq; divara bitişik hissədə hardasa bir santimetrlik, zəif işıq saçan qara cihaz gördüm, ehtiyatla onu divardan aralayaraq əlimə götürdüm, sonra mətbəxə çəkic arxasınca getdim və qapını açaraq dəhlizə çıxdım.

Bir zərbə və bütün dinləmələrə son qoyuldu!

Təbii ki, dinləyici qurğunun İqbal tərəfindən qoyulduğunu da bilirdim. Mənzilimə geri qayıdaraq, əsəbi halda Daşaya bir daha gileyləndim:

- Bütün hallarda gərək mənə xəbər verəydin.

O, sakit səslə cavab verdi:

- Hər məsələnin həll olunması üçün öz məqamı var!

Mən Daşaya Lenanın dilinin açdığı üçün də təşəkkür etməyi lazım bildim:

- Daşa, indi gəl insanları anlat ki, bu satanistlər heç də siz düşündüyünüz qədər zalım və amansız deyillər! Vallah, kimə bu həqiqətləri danışsan, çaşıb qalar: ya inanmaz, ya da adamın özünü dəli hesab edər!

Daşa bərkdən güldü:

- Düz deyirsən, amma fakt elə fakt olaraq qalır: əsas odur ki, Tatyananın yeganə qızı sayəmdə sağlamlığına qovuşdu.

Mən qeyri-ixtiyari yaşadığım köhnə məhəllədəki lal Təhməz babanı xatırladım:

- Qulaq as, 41-45 müharibəsindən qalma baba var ki, dili laldır. Ona necə kömək edə bilərsən?

Daşa qaşlarını çatdı:

- Adı nədir o babanın?

- Təhməz, - dedim.

Daşa yenə də üz-gözünü turşutdu:

- Ay qız, mənim ölülərlə nə işim! Kişi dünyasını üç ildir dəyişib!

Mən məyusluqla dolu heyrətimi gizlədə bilmədim. Həqiqətən də köhnə məhəllədən yenisinə daşındığım müddət nə az, nə çox, düz üç il idi. Sözügedən Təhməz baba da məhəllədə sınıq-salxaq ayaqqabı dükanının qarşısında əyləşər, hər kəsin üzünə gülər, hərdən hənirtiyə bənzər hıçqırıqqarışıq sözlər ifadə edərdi. Məyuslulqla düşündüm ki, müharibədə beynindən aldığı güllə yarasından dili tutulan Təhməz baba çox güman ki, dünyasını dəyişib.

Daşa ilə yarımçıq söhbəti davam etdirməyə başladım:

- Daşa, “ölülərlə nə işim var” deyəndə, ruhları nəzərdə tutursan?

Daşa çəp-çəp mənə baxdı:

- Bəli. Ölülərin dünyasına daxil olmağa icazə olmalıdır.

- Məgər, o icazə sənin qədər universal bir şəxsdə yoxdur? - təbəssümlə soruşşdum.

- Bax, sən hər bir işə bu dərəcədə zarafatla yanaşırsan, amma unutma ki, sehr, magiya aləmi onlarla zarafat edənləri sevmir!

Mən Daşaya az qala unutduğum bir məktəb hekayəmi danışmağa başladım:

- Daşa, inanırsanmı ki, mən zamanında ruhlar aləminə yaxın olmuşam...

Və mən Daşaya gerçək hadisəni nəql etməyə başladım...

Mən və üç rəfiqəm - Lalə, Elnurə, Sima möhkəm dost idik, həm də dərslərimizə birgə hazırlaşardıq və deyim ki, dərslərimizdən hər zaman uğurlu qiymətlər alırdıq. Lakin yeganə kimya fənni idi ki, son dərəcə soyuq və sözləri tikanlı Larisa müəlliməmizin izahı o zamanki kiçik uşaq beynimizdə heç cür ilişib qalmırdı. Nə qədər çalışırdıq ki, düsturları, formulları, qanunları əzbərləyək, alınmırdı.

Sima bir dəfə kimyəvi düsturu əlinə yazıb, onu dərs söyləyərkən lövhəyə köçürəndə Larisa müəllimə gördü və onu dərsdən qovaraq, uzun müddət dərsinə buraxmadı. Mən özüm bir dəfə lövhəyə qələm ilə hansısa uzun bir kimyəvi reaksiya ilə bağlı məsələnin həllini yazmışdım; məqsədim isə dərsi söyləməyə çıxarkən məsələni elə “lövhədən lövhəyə köçürmək” idi ki, sözügedən gün dərs söyləməyə sinif əlaçımız Albina çıxdı. Dərsindən "beş" alan Albina yerinə əyləşdikdən sonra buzlar kraliçası Larisa müəllimə lövhəyə çıxaraq, yeni dərsi izah eləməyə başladı və nəticədə lövhənin üzərində qələmlə yazılanları görərək, hiddətləndi. Əvvəlcə Albinadan şübhələndi, ona qışqır-bağır etsə də, qız dərsi yenidən tərtəmiz silinmiş lövhədə izah etməyə hazır olduğunu bildirdi. O zaman zalım müəllimə bütün sinfi dərsin sonuna qədər ayaq üstə saxlayaraq, lövhəni qaralayan mədəniyyətsizin adını öyrənməyə çalışdı. Təbii ki, heç kəs mənim mədəniyyətsiz olduğumu deyəcək qədər “satqın” deyildi, odur ki, xətər sovuşdu.

Xatırlayıram: ikinci rübün sonu idi, kimya dərsindən əldə etdiyimiz qiymətlər heç də ürəkaçan deyildi. Rəfiqəmiz Sima Dərbənddən təzə qayıtmışdı. O bizə qəribə bir təklif irəli sürdü: Dərbənddə yaşayan xalası qızından öyrənmişdi ki, ruhları çağıraraq, onlardan sual-cavab etmək, gələcək və keçmişi öyrənmək olarmış. Hətta xalası qızı ilə bir neşə dəfə ölmüş qohum-əqrəbalarının ruhlarını çağırıblar ki, nəticədə bütün suallarına doğru cavab ala biliblər.

Dörd rəfiqə qərara gəldik ki, dərslərdən birindən qaçaraq, məktəbin zirzəmisində ruh çağıraq, kimya dərsi ilə bağlı aqibətimizi öyrənək.

Qışın şaxtalı bir günündə dördümüz də bədən tərbiyəsi dərsindən qaçaraq, məktəbin yanğın pilləkənləri ilə zirzəmiyə endik. Sima ruhçağırma ritualı üçün özü ilə xüsusi əşyalar, o cümlədən şam, lent, qayçı və qalın kitab gətirmişdi. Bütün bu əşyalar, onun söylədiyinə əsasən, ruhun dünyamıza gəlişində mühüm rol oynayacaq əsas amillərdən birincisidir. Biz böyük zirzəmiyə göz gəzdirdikcə vahimələnməyə bilmirdik. Soyuq yeraltı məkanda yalnız yuxarıya doğru gedən pilləkənlərin üzərindən yarımaçılı qapıdan cüzi gün işığı düşürdü; zirzəmi özü toz-torpaqlı, torlu, həşəratlı, lazımsız sınıq parta və məktəb avadanlıqlarının toplandığı nəm qoxulu yer idi. Bir məqamda hətta içərimizdə ən çəlimsiz olan Elnurə ruhu çağırmaqdan imtina edərək, dərsə geri qayıtmaq istəyini bildirdi. Sima onun üstünə bozardı: “Bu qədər iş görmüşük, bircə qalıb ruhu çağırmaq, indi də sən naz edirsən! Əvvəlcədən düşünmək lazım idi!”

Mən isə lal-dinməz Lalə ilə birgə Simaya yardım etməyə başladım, bir müddət sonra Elnurə də bizə qoşuldu. Əvvəlcə şamı yandırdıq. Sən demə, ruhların çağırılmasında şam ən əsas ornamentdir. Sonra Elnurə qayçını götürərək, qalın kitabın arasına yerləşdirdi və biz köməkləşib lenti kitaba bərk-bərk bağladıq. Qaldı əsas ritualı icra etmək...

Daşa ara-sıra hekayəmi kəsərək, ritual ilə bağlı bəzi nüansları dəqiqləşdirmək üçün suallar ünvanlayırdı. Hiss olunurdu ki, bir zaman naşı uşaqların ruh çağırmağı peşəkar maq nümayəndəsini xeyli heyrətləndirib.

Mən təmkinlə Daşanın suallarını cavablandırırdım. Misal üçün, Daşa deyirdi ki, kitab mütləq şəkilsiz olmalıdır. Rəfiqəm Elnurə də zamanında eyni sözləri demişdi. O zaman biz şəkilsiz kitabın ritual üçün işlədilməsinin səbəbini anlamasaq da, Daşa mənə bunun da sirrini açdı: sən demə, kitabdakı şəkillər ruhun gəlişinə təsir edə bilər və ya mane olar. Əgər kitabdakı şəkillər ölmüş insanlara aid olarsa, o zaman çağırılan ruhun yerinə kitabdakı şəklin sahibi gələ bilər və tanımadığımız ruh bizə qarşı xeyirxah niyyətdə olmaya bilər! Və ya, əgər kitabdakı şəkillər sağ insanlara aiddirsə, o zaman çağrılan ruhlar şəkildəki diri insanları yaxın zamanda öz aləmlərinə apara bilərlər. Bir sözlə, spiritualist olmaq həvəsinə düşən hər kəs bilməlidir ki, ruhçağırma prosesi o qədər də asan iş deyil və bu, heç də yaxşı sonluqla bitməyə bilər.

Nəsə... Kitabı bərk-bərk qayçıya sarıdıq və əllərimizdə asılı vəziyyətdə saxladıq; bu minval ilə Lalə ilə Elnurənin qarşı-qarşıya dayandığı məsafədə yalnız qayçı üzərində qalın kitab asılı qalırdı. Elnurə ilk olaraq dünyasını dəyişmiş nənəsini səslədi. Üç-dörd dəqiqə gözlədik; heç bir dəyişiklik hiss olunmadı. Sonra Elnurə dedi ki, nənəsi çoxdan rəhmətə gedib və onun gəlişi üçün çox zaman gərəkdir ki, gözləyə bilmirik. Onun təkidi ilə ağ qan xərçəngindən dünyasını iki il əvvəl dəyişmiş Lalənin qardaşı Teymurun ruhunu çağırası olduq. Həm də düşüncəmizə görə, Teymur sağlığında da bizə pis olmamışdı. Elnurə pıçıltı ilə Teymurun adını səslədi:

- Teymurun ruhu, səni səsləyirəm... Teymurun ruhu, tez gəl...

Elnurənin, “Gəlişin barədə xəbər ver”, dediyi son sözlərlə qəfil zirzəminin yarımaçılı qapısı çırpıldı və ani yaranan hava kütləsi yanan şamı söndürdü. Bir də onda ayıldıq ki, Elnurənin başının üzərində sinif rəhbərimiz Gülnarə müəllimə dayanıb və biz hamımız uzun müddət nitqimizi itirdik...

Daşa bir siqaret yandırıb dodaqlarına apardı və fikirli-fikirli harasa uzağa dikilən nəzərlərini mənə yönəldərək dedi:

- Yox, şam qapının çırpılmasından sönməyib. Siz həqiqətən də ruhu çağırmağa müvəffəq olmusunuz.

Mən elə Daşa ilə mübahisəyə qalxmaq istəyirdim ki, qapı bərkdən döyüldü...

Ardı var

Tarix
2019.06.03 / 02:20
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

Azərbaycan nümayəndə heyəti NATO sessiyasına qatıldı

Britaniya XİN başçısı COP29-dan yazdı: Vacib addım...

Dünya tarixi Bakı nailiyyətinə şahid oldu - Əliyev

Qarayaxma kampaniyasına baxmayaraq... - Prezident

Bakı COP tədbiri tarixə düşəcək – İlham Əliyev

Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi

İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var

Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…

Berbokun Bakıya qarşı ittihamları... – Prezidentin köməkçisi

Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla