Axar.az amerikalı
yazıçı Keyt Çopinin
"Tərbiyəli qadın"
hekayəsini Sevil Gültənin tərcüməsində təqdim edir.
Xanım Baroda biləndə ki, ərinin dostu Qovernail gəlib bir-iki
həftə onların bağ evində qalacaq, bir az əsəbiləşmişdi. Onlar ötən
qışı çox gözəl əylənmişdilər. Vaxtlarının çoxunu Yeni Orleanda,
ancaq bir-birindən ayrı keçirmişdilər. İndi o ümid edirdi ki, bağ
evində əriylə təkbətək yaxşıca istirahət edəcək. O belə
fikirləşdiyi vaxtlarda əri dostu Qovernailin bir-iki həftəliyə
gəlib onlarda qalacağını dedi. O bu kişi haqqında ərindən çox
eşitmişdi, ancaq bir dəfə də olsun onun üzünü görməmişdi. Qovernail
ərinin tələbəlik dostu idi. O indi jurnalist idi, şəhərdə
işləyirdi, bəlkə də onu bu vaxtacan görə bilməməyinin əsas səbəbi
də bu idi. Ancaq instinktiv olaraq o öz beynində ərinin dostunun
imicini yaratmışdı. Ona görə Qovernail hündür, arıq, özündənrazı
bir kişi idi. Eynək taxır, əllərini də cibinə qoyurdu. O xəyalında
obrazını yaratdığı bu kişini xoşlamırdı. Qovernail həqiqətən də
arıq idi, ancaq o çox da hündür, özündənrazı deyildi. O heç eynək
də taxmırdı, ya da əllərini də cibinə qoymurdu. İlk dəfə Qovernail
özünü ona təqdim edəndə xanım Baroda onu çox bəyənmişdi. O,
Qovernaili niyə xoşlayırdı, bunu heç özü də yaxşı bilmirdi. Əri
Qaston onu həmişə inandırmışdı ki, Qovernaildə çoxlu yaxşı
xüsusiyyətlər var. Ancaq o bu yaxşı cəhətlərin heç birini onda
görmürdü. Ancaq əksinə, əri Qaston nə qədər qonaqpərvər olsa da,
Qovernail az danışar, lal-dinməz durardı. Qovernailin ona qarşı
rəftarı çox ədəbli idi, hər bir qadın bundan razı qalardı. Bununla
belə, Barodanın qarşı hörməti müqabilində o ciddi heç nə etmirdi.
Gəldiyi ilk gündə o hündür sütunlu eyvanda oturub siqaret çəkməyi,
Qastonun şəkər plantasiyası sahəsindəki təcrübələri haqda söhbətinə
diqqətlə qulaq asmağı xoşlayırdı.
- Bax, mən buna həyat deyərdim, - şəkər plantasiyasından əsən
külək onun saçını tumarlayanda o dərin məmnunluq hissiylə hərdən
dodaqaltı deyərdi.
Ayağına üzlərini sürtən iri itlərlə də oynamağı sevirdi. O,
balıq tutmağa getmirdi, ya da Qaston ona quş ovuna getməyi təklif
edəndə razı olmurdu. Qovernailin xarakteri xanım Barodanı çox
düşündürürdü, ancaq bununla belə, yenə də ondan xoşu gəlirdi. O,
cəlbedici, sakit bir kişi idi. Bir neçə gün keçəndən sonra da xanım
Baroda onu heç yaxşı tanıya bilmədi. Buna görə də o çox vaxt ərini
və qonağını ikilikdə qoyur, onların yanına getmirdi. Ancaq görəndən
sonra ki, belə etməyinin heç bir təsiri olmadı, bundan sonra
Qovernail çay qırağına gəzməyə gedəndə onu müşayiət edirdi.
- Sənin dostun nə vaxt gedəcək? - bir gün ərindən soruşdu. -
Onun hərəkətləri məni çox yorur.
- Əzizim, o hələ heç bir həftə deyil ki, burdadır. Başa düşə
bilmirəm, onun burda olmağı səni niyə yorur.
- İstərdim ki, o lap çox qalsın. Ancaq o da başqaları kimi
olsaydı, mən özümü daha rahat hiss edərdim.
Qaston arvadının qəşəng sifətini əlləri arasına aldı, onun
narahat gözlərinə baxdı.
Onlar xanım Barodanın otağında dostcasına söhbət edirdilər.
- Sən başdan-başa sürprizlərlə dolusan, - əri ona dedi. – Ağlıma
sığışdıra bilmərəm ki, sən hansısa vəziyyətdə necə hərəkət
edərsən.
Belə deyib Qaston onu öpdü, sonra güzgüyə baxıb qalstukunu
bərkitdi.
- Bir bax, yazıq Qovernailin bütün günü sakitcə oturmağı səni
həyəcanlandırır. Bu, heç vaxt onun ağlına da gəlməz.
- Nə? Həyəcanlanıram? – xanım Baroda hirsləndi. – Belə şey
yoxdur! Belə söz deməyə necə dilin gəlir? Bura bax, sən o vaxt
deyirdin ki, o çox ağıllıdır!
- Əlbəttə, o ağıllıdır! Ancaq o yazıq şəhərdə o qədər işləyib
ki, indi dincəlmək istəyir. Elə bu səbəbdən mən ona dedim k, gəlib
bir az burda dincəlsin.
- Bir vaxtlar deyirdin ki, onun qəşəng ideyaları var, - xanım
Baroda ərinə etiraz etdi. - Ən azı mən onu maraqlı bir insan hesab
edirdim. Mən sabah şəhərə gedib yaz geyimləri alacam. De görüm,
Qovernail nə zaman gedəcək? Mən Oktaviye xalagildə olacam. Həmin
gecə xanım gedib Baroda hündür palıd ağacının altındakı skamyada
oturdu. Onun fikirləri heç vaxt belə qarmaqarışıq olmamışdı.
Özündən baş açmırdı, ürəyindən keçirdi ki, səhər açılan kimi, öz
evindən çıxıb getsin.
Xanım Baroda qəflətən çınqıllı cığırda addım səsləri eşitdi.
Qaranlıqda yalnız siqaretin işığını gördü. Bildi ki, gələn
Qovernaildir, çünki əri siqaret çəkmirdi. Ürəyində ümid etdi ki,
kaş Qovernail onu qaranlıqda görməsin, ancaq əynindəki ağ xələt onu
Qovernailə "göstərdi". O, tez siqaretini kənara tulladı və gəlib
skamyada onun yanında oturdu, heç fikirləşmədi ki, birdən yanında
oturduğuna görə xanım Baroda etiraz edər.
- Ərin dedi ki, bunu sənə çatdırım, xanım Baroda, - o dedi və
ağ, nazik şərfi ona uzatdı.
Xanım Baroda çox vaxt bu şərfi çiyninə atıb bayıra çıxardı.
Qovernail şərfi ona uzadanda o dodaqaltı ona təşəkkür etdi, şərfi
dizi üstünə qoydu.
Qovernail yaz gecəsi haqda bir neçə kəlmə söz dedi. Sonra
qaranlıqda yavaşca dedi:
- Cənub küləkli gecələr - səmada bir neçə ulduz olan gecələr!
Hələ də başını yırğalayan gecə...
Xanım Baroda onun gecə haqda dediyi poetik sətirləri eşidib heç
nə demədi. Çünki bu sətirləri ona ünvanlamamışdı. Qovernail utancaq
adam deyildi, başqalarının onun barəsində nə fikirləşəcəyini də
düşünən adam deyildi.
Hərdən sakitcə oturmağı onun əhvalına görə idi. Xanım Barodanın
yanında oturarkən onun "sükutu" bir anda əridi. O, yavaş-yavaş
söhbət edirdi. Onun söhbətini dinləmək xamın Barodaya xoş idi. O,
keçmiş tələbəlik illərindən, Qastonla necə dostluq etməsindən
danışırdı.
Arzularını, kor ambisiyalarını xatırlayır, həmin günlərdən
yalnız xatirələr qaldığını deyirdi. Xanım Baroda onun nə
dediklərini güclə qavrayırdı. İndi Qovernailin onun lap yanında
oturması, "fiziki" yaxınlığı onun beynini məşğul edirdi. Heç onun
sözlərinə fikir vermirdi, yalnız səsinin tonunu hiss edirdi. Xanım
Baroda bu anlarda istəyirdi ki, qaranlıqda ayağa durub
barmaqlarının ucunu onun üzünə ya da dodaqlarına toxundursun. O
istəyirdi ki, ona daha da sıx otursun, üzünü onun yanağına söykəyib
dodaqlarına nəsə pıçıldasın - hansı söz deməyin heç bir əhəmiyyəti
yox idi... O, ürəyində fikirləşdiklərinin hamısını edərdi, əgər
tərbiyəli bir qadın olmasaydı.
Daxilində hansısa impuls onu Qovrnailə tərəf çəkirdi, başqa bir
impuls isə onu ondan uzaqlaşdırırdı. Axır ki, o kobudcasına ayağa
durdu, Qovernaili skamyada tək qoyub getdi.
O hələ evə çatmazdan qabaq Qovernail başqa bir siqaret yandırdı,
gecəyə həsr etdiyi o biri sətirləri qaranlığa pıçıldadı.
Həmin gecə xanım Baroda bayaqkı ağılsız duyğuları haqda özünə
həm də dost hesab etdiyi ərinə demək istədi. Ancaq bacarmadı. O,
tərbiyəli qadın olmaqla bərabər, həm də çox ağıllı qadın idi.
Bilirdi ki, həyatda elə döyüşlər var ki, hər bir insan o döyüşlərdə
tək vuruşmalıdır.
Həmin səhər Qaston oyananda arvadı artıq şəhərə getmişdi. Xanım
Baroda şəhərə gedən səhər qatarıyla yola düşmüşdü. Qovernail
onların evindən getməyənə qədər o, şəhərdən qayıtmadı.
Yayda Qovernaili təkrar dəvət etmək haqda bir neçə dəfə əriylə
söhbət etmişdilər. Qaston dostunun onlara gəlməyini çox arzulasa
da, arvadı buna etiraz edirdi.
Buna baxmayaraq, il sona çatmazdan qabaq bir gün xanım Baroda
özü ərinə təklif etdi ki, Qovernaili evlərinə dəvət etsin. Əri
arvadının təklifini eşidib çox təəccübləndi , bir yandan da çox
sevindi.
- Əzizim, çox şadam ki, sən nəhayət, ona olan nifrətinə qalib
gəldin. İnan mənə, o, nifrətə layiq adam deyil.
- Ah, - xanım Baroda güldü, ərinin dodaqlarından öpüb dedi: -
İndi görəcəksən, mən hər şeyə üstün gəlmişəm. Bu dəfə mən ona qarşı
çox mehriban olacağam...