Ötən əsrdə ədəbiyyat
adamları ilə film, teatr və musiqi sektorunda çalışan sənət
adamları arasında yaxın ünsiyyət var idi. Bunun nəticəsi kimi,
maraqlı filmlər, tamaşalar, musiqilər ortaya çıxırdı. İndi isə
mədəniyyətin müxtəlif sahələrində fəaliyyət göstərən sənətçilər
arasında yadlaşma yaranıb. Heç kim heç kimi tanımır. Bəzi aktyorlar
bunda yazıçıları günahlandırır, deyirlər ki, yazıçılar yaxşı
əsərlər, ssenarilər yazmırlar. Sizcə, sənətin sahələri arasında bu
yadlaşmanın səbəbi nədir? Doğrudanmı, bizdə əsasında dünya
səviyyəli filmlər çəkiləcək əsərlər yaranmır,
yaranmayıb?
Axar.az bu sualla ədəbiyyat adamlarına müraciət edib.
Tənqidçi Əsəd Cahangirin fikrincə, bu hal maddi vəsaitin
azlığına görə yaranıb:
"Ötən əsrdə yaxşı filmlər çəkilməsinin də, bu gün çəkilməməsinin
bir səbəbi var - kino sənəti pul tələb edir. Onda kinoya dövlət
qayğısı vardı. Çünki kino dövlətin öz ideologiyasını yayması üçün
lazım idi. Mənə elə gəlir ki, bu gün dövlətin kinoya ehtiyacı
yoxdur. Bu gün dövlət tərəfindən kinoya ayrılan vəsait dünya
standartları ilə müqayisədə fantastik dərəcədə azdır. Məsələn, ən
yaxşı halda bizdə film üçün 1 milyon manat ayrıla bilər. Hollivud
isə indi öz filmlərini artıq bir neçə yüz milyon dollara çəkir.
Sizcə, ucuz ətin şorbası ola bilər? Bax buna görə bizim kinomuz
ölüb. Buna yazıçı neyləsin, rejissor neyləsin?
Şərif Ağayar yeni əsrin yeni dəyərlərinin yaranmamasını əsas
faktor olaraq göstərib:
"Ötən əsri şərtləndirən dəyərlər dağıldı, yenisi yaranmadı.
Məncə, ən böyük problem budur. Bizdə sənət sözün ciddi mənasında
azadlıq və müstəqillik həyatına qədəm qoymadı. Düzdür, kitab
çıxarmağa, yazı yazmağa, film çəkməyə heç kim mane olmur. Ancaq
iqtisadi sərbəstlik yoxdursa, yaxud lazımı səviyyədə deyilsə, hər
şey aydındır. Məğlub durumda isə təbii ki, adamlar bir-birini
həmişə mühakimə edir, təqsirli çıxarır, günahı onun boynuna
atır.
Yekə danışmaqla deyil. Ədəbiyyat və sənət cəmiyyətdən ayrıca
əlahiddə hadisə deyil, yaratdığımız əsərlər də cəmiyyətimizə
bənzəyir və elə o səviyyədədir. Başqa necə ola bilər ki? Fikir
verin, inkişaf etməkdə olan və ya geridə qalan ölkələrə. Ədəbiyyat
əsasən Qərbə gedib orada yaşayan və yazıb yaradan insanların
hesabına tanınır. Cəmiyyətimizin problemləri ilə müqayisədə
ədəbiyyatımızı normal saymaq olar. Bunu fədakar insanlar
yaradırlar. Heç bir qazanc və qonorar almadan. Çox vaxt allahın xoş
sözünü də çox görürük bu adamlara. Məncə, belə yaramaz. Bizim
cəmiyyət elə vəziyyətdədir ki, ədəbiyyatın xeyrinə bircə cümləyə
belə sevinməyi bacarmaq lazımdır".
Şair Aqşin Evrən əksər gənc aktyorların, rejissorların çağdaş
ədəbiyyatdan xəbərsiz olduqlarını bildirib:
"Ümumiyyətlə, gənc aktyorlar arasında sorğu keçirilsə, məlum
olar ki, onlar nəinki çağdaş nəsrdən xəbərsizdirlər, hətta rol
aldıqları pyesləri belə oxumurlar. Bu mənada hansısa dayaz aktyorun
yazıçıları günahlandırması absurd görünür. Musiqiçi mahnının
sözlərini qonşusuna, rejissor filmin ssenarisini aktyoruna
yazdırır. Buna görə də ortaya çıxan mahnıların, filmlərin ömrü elə
onların ölçüsü - dəqiqəsi, saatı qədər olur. Bu gün dünyada ən çox
izlənilən filmlərin əksəriyyəti məhz bədii əsərlər əsasında
çəkilib. Bu gün Azərbaycan poeziyası, nəsri dünya və Avropa ilə
eyni mərtəbədə dayana bilir. Amma çağdaş Azərbaycan
kinematoqrafiyasını, aktyorluğunu dünya film sənəti ilə yanaşı
qoysan, darmadağın olar. Sənət adamları arasında soyuqluğun
müxtəlif səbəbləri var: maddi vəsaitin azlığı, bir çox aktyor və
rejissorların şou-biznesə tərəf yönəlməsi, yeni çıxan bədii
əsərlərin təbliğ olunmaması. Müğənni və film sektorunda çalışan
sənət adamları ciddi sənət əsəri yaratmaq üçün şair və yazıçılara
yaxın olmalıdırlar. Bu, ədəbiyyatımızın da, kinematoqrafiyamızın da
inkişafına şərait yaradar".
Kənan Hacı nəhəng istedadların maddi çətinlik ucbatından seriala
çəkildiyini qeyd edib:
"Çox maraqlı məqama toxunursunuz. Doğrudan da son illər sənət
adamları arasındakı bağlar qırılıb. Bəstəkar şairi tanımır, aktyor
yazıçını. Ortada isə diletantlar dolaşır, hər fürsətdə özlərini
gözə soxmağa çalışırlar. Ciddi sənətin meydanı getdikcə daralır,
auditoriyası azalır. Çünki intellektual tamaşaçı da, dinləyici də
çox azdır. Bu gün sənətdə də maddi maraqlar güdülür. Çünki
kapitalist cəmiyyətində sənətçinin yaxşı büdcəsi olmalıdır. Məncə,
yadlaşmanın səbəbi də budur. Amma bizim kino sahəsində elə nəhəng
istedadlar var ki, onlar imkansızlıq üzündən seriallara çəkilmək
məcburiyyətindədirlər. Bu, təəssüf doğurur. Dünyaya çıxa biləcək
aktyorlarımız da var, rejissorlarımız da. Amma səd heyf..."
Yazıçı Əyyub Qiyas yaxşı rejissorların formalaşması üçün
istedadlı gənclərin xaricdə təhsilə göndərilməsini vacib bilir:
"Məncə, bu problem ümumi problemlərin bir parçasıdır. Sənətlər
arasında yaranan bu sədd də o problemlərdən qaynaqlanır. Dünya
səviyyəli film çəkmək üçün məktəb lazımdır, təəssüf ki, bizdə o
məktəb yoxdur. İstedadlı gəncləri oxumağa göndərmək lazımdır.
Xaricə - Amerikaya, Rusiyaya, Türkiyəyə, İrana və s. Yalnız bundan
sonra nə isə əldə etmək olar. Bizdə rejissor hazırlayacaq, aktyor
hazırlayacaq pedaqoq yox səviyyəsindədir. Hələ də sovetdənqalma
stereotiplərlə kadrlar hazırlanır. O ki qaldı yazarlara, ona da
yazarlar özü əngəl olur. Harada axmaq, səviyyəsiz, bədii cəhətdən
zəif əsər varsa, onu təbliğ edirlər və oxucu da, rejissor da,
aktyor da görür ki, təbliğ edilən əsər zibildir, onun ədəbiyyata
yanaşması da artıq elə olur".