Qaranlıq tində dayanıb
səbirsizliklə gözləyirdi, oğlan isə görünmürdü. Nə oldu buna,
pilləkənlə yumalanıb baş-gözünü əzdi, ya çox içdiyindən gəbərdi?
Nəhayət oğlan tində göründü, fit çalaraq aşa-aşa ona tərəf gəlirdi.
Qəlbində vəhşi sevinc baş qaldırmışdı, gəl dostum, göstərərəm sənə
fit çalmağı, tələs, tez ol!
Oğlan yanından keçəndə qolundan yapışıb, qaranlıq küncə dartdı,
bıçağı çıxarıb böyrünə söykədi.
- Ciblərini çevir! – astadan, ancaq qətiyyətli səslə dedi.
- Sən kimsən? – oğlan kəkələdi.
- İt oğlu, pullarını çıxart!
- Axı…
- Ütülmüş meyit! – qarnından necə vurdusa, oğlan qarnını
qucaqlayıb, iki qat oldu. – Tələs, yoxsa murdar sifətinə də,
pullarına da tüpürüb, işini bitirəcəyəm!
Oğlan əlini cibinə salmışdı, ancaq qorxduğundan,
həyəcanlandığından pullarını çıxarda bilmirdi. Evin tinindən
süzülən ay işığında gözlərində dəhşətli bir ifadə canlanırdı,
gözünü ondan çəkmir, əlləşir, tələsirdi, ancaq nəticəsi yox idi,
çanki əli cibinə yapışmışdı.
- Nə oldu, qurudun?
- Mən…
- Sən itsən! Tələs!
- İndicə…
- Sözsüz, ay donuz, sözsüz!
Oğlan ciblərini çevirib pullarını çıxarda bildi, əlləri
əsdiyindən yarısını da yerə dağıtdı. Oğlanın boynunun kökündən
yapışıb aşağı əydi, məcbur elədi ki, dağılmış pulları yığsın. Əbləh
çox içmişdi, qorxu da öz işini görürdü, pulları yerdən yığması bir
qədər çəkdi. Bütün pulları aldığına əmin olandan sonra, yaxşı,
cəhənnəm olub gedə bilərsən, dedi. Oğlan isə getmək əvəzinə
qorxa-qorxa xahiş eləyirdi, heç olmaya beş manat ver, taksi pulu.
Başına necə çımxırdısa, oğlan beş-altı addım geri çəkildi və birdən
dönüb qaçmağa başladı, ayaqlarının taqqıltısı qaranlıq küçədə boğuq
əks-səda verirdi.
Kefi kökəlmişdi, oğlanın restoranda qızlara necə sataşmasını,
yemək paylayanı ələ salmasını xatırlayır, razılıqla gülümsəyirdi.
Restoranda özünü şir kimi aparırdı, qaranlıqda, təklikdə isə dovşan
kimi titrəyirdi. Möhkəm hirslənmişdi, oğlanı cəzalandırmasaydı,
rahatlıq tapmazdı.
Mehmanxanaya çatcaq bir qədəh konyak içib yatağına uzandı. Hava
soyumuşdu, otaqda, yorğan altda belə ona soyuq idi, yəqin tezliklə
qar yağacaqdı. Evlərin qar basmış damlarını, donmuş küçələri, ayaq
altda qalıb xırçıldayan nazik buzları xatırladıqca ürəyi
sıxılırdı.
Səhər tezdən avtobusla ucqar əyalət şəhərinə yola düşdü. Gecə
qar yağmış, küçələr, səkilər nazik qar örtüyü ilə örtülmüşdü,
avtobus qar basmış yolla ağır-ağır irəliləyirdi. Mənzil başına
günortadan xeyli keçmiş çatdılar. Ac idi, taksiylə şəhər
kənarındakı parkdakı yeməkxanaya getdi. Zövqsüz döşənmiş uzunsov
salonda boş yer tapıb oturdu.
Yağlı qoyun ətindən bişirilmiş kababdan yeyir, kiçik qədəhlə
neft qoxuyan araqdan içirdi. Içəri yaxşı qızdırılmamışdı, yanındakı
pəncərənin alt şüşəsi sınmışdı, qarın üstüylə əsən külək qıçlarına
vururdu. Ayaqqabılarının qarı əriyir, çirkli döşənəcəyin üstündə su
göllənirdi. Içdikcə qızışır, araqla bərabər bədəninə ilıq hərarət
yayılırdı.
Maqnitafonda qəmli səsi ona tanış olan, ancaq adını
xatırlamadığı müğənni oxuyurdu, səsdəki qüssə, illərin arxasından
süzülüb gələn musiqi içəriyə dalğa-dalğa yayılırdı.
Ömrün payızında sevdim, sevildim,
Elə bilirəm ki, ilk baharam mən.
Qəhərləndi, ona yad olan bu duyğu qəlbini didirdi. Ömrünün
yazında sevmişdi, ilk baharda. Alma ağacları çiçəkləyir, havada
zəncirotular uçuşurdu. Ona xəyanət elədilər və o, xəyanəti
bağışlamadı.
- Ömrün payızında sevməzlər! – qeyri ixtiari olaraq ucadan
dedi.
- Bir şeymi lazımdı? – Yeməkpaylayan yanında ayaq saxladı.
- Heç nə, - qaşqabağını tökdü.
Qonşu stolda onunla üzbəüz gombul kişi oturmuşdu, qabağında
artıq boşalmış iki şüşə var idi, yeyir, içir, şüşələrə araq əvəzinə
neft dolduranların ünvanına qəliz söyüşlər yağdırırdı. Bir azdan
gombul ayağa qalxıb xırıltılı səslə yeməkpaylayanı çağırdı,
cibindən bir bağ əllilik çıxardıb ona uzatdı ki, pulunu çıxsın. Bu
qədər pul təklif olunan yeməkpaylayan özünü itirdi, tərəddüd içində
gözlərini döyüb, əlləri əsə-əsə bir əllilik götürdü.
Gombul qapıya doğru yönəldi. O da pulunu verib ayağa qalxdı.
Gombuldakı pulların çoxluğu onu dərhal fəaliyyətə başlamağa sövq
elədi. Restorandan çıxcaq axtardı, gombul yuxarıdakı çinarlıqda
cavan çinar ağacını qucaqlayıb aşağı əyilmişdi, mədəsi neft qoxulu
arağa dözməmişdi. Bıçağı çıxardıb arxadan gombula yaxınlaşdı,
amiranə səslə:
- Gombul it! – dedi. – Pullarını çıxart!
Gombul bir balaca dikəldi, çinarın gövdəsini buraxmadan
ağır-ağır ona tərəf döndü, qızarmış gözlərini heyrətlə əlində bıçaq
tutmuş bu qorxunc, zəhmli adama dikdi.
- Nə lazımdı? Görmürsən mən…
- Pullarını çıxart!
- Pulları? – gombul inamsızlıqla səsləndi.
- Tez ol, iyləmiş çəllək!
- Açıl başımdan! – Gözlənilmədən gombul köklüyünə yaraşmayan
cəldliklə qolaylanıb onun qulağının dibindən necə vurdusa, ağaclara
toxuna-toxuna xeyli gedib, ağzı üstə qarın içinə sərildi. Sillə
dəyən sağ qulağı bir anlığa tutuldu, çinar ağacları başına
hərləndi. Ayağa qalxıb hirsindən əsə-əsə gombulun üstünə cumdu,
sifəti əyilmişdi, gözləri vahiməylə işıldayırdı, bu an fikirləşib
eləmədən kimi desən öldürə bilərdi. Gombul pulları çıxarıb onun
qabağına atdı.
- Götür, açıl başımdan.
- Təkcə pulla canını qurtara bilməyəcəksən! – Ağappaq qarın
üzərinə səpələnmiş göy əlliliklərə baxıb istehza ilə gülümsədi. –
Səni soyundurub lüt buraxacağam! Alt paltarlarını da
soyunacaqsan!
- Nə olar, alt paltarlarım belə lazımındısa, soyunaram.
Artıq gombulu eşitmirdi, əyilib qarın üstündən pulları yığırdı,
başı bərk qarışmışdı, nə olar, pulları yığar, sonra da gombula
divan tutardı. Arxasından dəyən təpik onu yumaq kimi yumalayıb
xeyli kənara atdı. Dərhal da ayağa sıçradı, fikri qətiydi, gombulu
öldürəcəkdi, ancaq irəli getmək istəyəndə, gombulun əlində iri
çinar budağını görüb dayandı. Bu budaq ona bircə dəfə dəysəydi,
bəsiydi. "Niyə dayandın? Gəl də! – Gombul bir əli ilə qarnını tutub
uğunmuşdu. – Gicgahına elə səliqə ilə ilişdirəcəyəm, birdəfəlik
olacaqsan! Gözünü açıb özünü huri qılmanların arasında görəcəksən.
Yox, sən huri-filan görməzsən, cəhənnəmin göbəyinə düşəcəksən, qır
qazanında əriyəcəksən!" Bu əclaf onu ələ salırdı, lağ eləyirdi,
hirsindən dodaqlarını çeynəyə-çeynəyə qalmışdı, bilmirdi neyləsin,
irəli getmək olmazdı, yoxsa iş doğrudan da gedib qır qazanına kimi
çıxa bilərdi. Keçdiyi həyat yolu ilə hər halda huri qılmana ümid
eləyə bilməzdi, gombulu cəzasız buraxıb gedə də bilmirdi, pulları
ala bilməməyi heç, onu cinlədən döyülməsi və gülünc vəziyyətə
düşməsi idi.
- Borc olsun. Biz yenə də rastlaşarıq.
- Buna yalnız şad olaram, arxana bir-iki təpik vurmaqdan heç
vaxt boyun qaçırtmaram. Sənin inandırıram bu işi ölkədə məndən
yaxşı bacaran yoxdu.
- Hansı işi, gombul it?
- Arxaya təpik ilişdirməyi.
- Bir də əlimə düşsən murdar dərini soyacağam! Səni inandırıram
bu işi ölkədə heç kim məndən yaxşı bacarmır! – Belə desə də, yaxşı
başa düşürdü ki, gombul bir də əlinə düşərsə, onun murdar dərisini
soymaq heç də asan olmayacaq.
İlk işi kirayə ev axtarmaq oldu, şəhər kiçikdi, mehmanxanada
qalmaq diqqəti cəlb elərdi. Çoxmərtəbəli binaların arasından keçib
şəhərin cənubuna doğru getdi, burda bütöv bir qəsəbə şəxsi
evlərdən, tikililərdən ibarətdi. Çox axtarası olmadı, tezliklə ev
tapdı, bu bir otaqlı evdə tək qalan cavan oğlan zəif, xəstə adama
oxşayırdı. Otaq geniş və işıqlı idi, pəncərələri küçəyə açılırdı.
Divarlar boyu cild-cild kitablar qalaqlanmış şkaflar düzülmüşdü,
ortalıqdakı yazı stolunun üstündə balaca makina kağız içində
itmişdi. Küncdə dəmir soba qoyulmuşdu, arxa divara iri, yaraşıqlı
xalça vurulmuşdu və xalça kasıb otaqla heç uyuşmurdu.
- Bu qədər kitab nəyinə lazımdır? – soruşdu.
- Mən yazıçıyam! – cavan oğlan qürurla dedi.
- Bir-birinin əksi olan peşələrin sahibiyik.
- Tənqidçisən?
- Mən tənqid eləmirəm, - başını yırğaladı, - məhv eləmək üçün
başqa vasitələr də var. Daha təsirli.
Yazıçıya axşam qayıdacağını deyib şəhərə çıxdı. Hava tutulmuş,
şaxta güclənmişdi, donmuş küçələrdən maşınlar qıjıltı ilə keçib
gedirdilər, adamlar da soyuq və qaşqabaqlı idilər. Dükanları gəzib
papaq, qalın yun corab, içərisi tüklü yarımçəkmə, şərf aldı. Şamı
restoranda yeyib, gecədən bir qədər keçmiş evə qayıtdı. Yazıçı
yazırdı, başı elə qarışmışdı, onun içəri girməsindən belə xəbəri
olmadı. Yatmaq istədiyini dedi, yazıçı onun üçün çarpayıda, özü
üçünsə döşəmədə yer saldı. Soyunub yatağına girdi, gözlərindən yuxu
tökülürdü. Onu razı salan bir şey var idisə, o da soba idi, sobanın
uğultusu gündüzün soyuğunu, qarını unutdurur, şirin yuxu
gətirirdi.
Gecə yarısı oyandı, otaq buz kimiydi, nazik yorğanın saxlaya
bilmədiyi soyuq iliklərinə işləyirdi, bədəninə titrətmə düşmüşdü.
Bu da sənə soba, niyə yanmırdı, yoxsa yazıçı sobaya odun qoymağı
unutmuşdu?
- Ey, heyvərə yazıçı! – səsi gəldikcə qışqırdı. – Bu nədir?!
Məni dondurmaq istəyirsən?
- Niyə bağırısan? – qaranlıqdan yazıçının titrək səsi eşidildi,
soyuq onu da yuxudan eləmişdi. – Bağırmaqla otağı
qızdıracaqsan?
- Səni görüm lənətə gələsən! Donum, səsimi də çıxartmayım? Burda
donuzu bağlasan, qalmaz!
- Hər axşam qonşunun oğlu odun yarırdı. Bu gün ezamiyyətə
gedib.
- Əcəb yerdə axşamladıq! Sənin it damın belə soyuq olacaqdısa,
mən başqa yerdə ev tapardım. Yoxsa burda səhərə kimi donaram,
sabaha sağ çıxmaram, qır qazanı da haphazır, yolumu gözləyir. Yoxsa
elə bilirsən ürəyim gedir qır qazanı üçün?
- Sən hansı qazandan danışırsan? Heç qazanın vaxtıdır? Olmaya
elə bilirsən mən üşümürəm? – yazıçının səsində ümidsizlik, inciklik
duyulurdu. – Bu qədər bağırıncan çölə çıx, həyətdə nə qədər desən
kötük var. Bir qucaq yar gətir, balta da həyətdə olmalıdır.
- Ay boşboğaz, dərhal deyə bilməzdin?
Geyinib deyinə-deyinə həyətə düşdü, evdə üşüyürdü, çöldə isə
şaxta adamı dara çəkirdi. Həyətdə kötük çox idi, seçib iri nil
kötüyünü kənara diyirlətdi. Qar altda qalmış baltanı güclə tapdı,
gecə çöldə qaldığından sapı donub qırov bağlamışdı, sürüşür, əldə
qalmırdı. Balta kötüyə dəyən kimi burnuna doğranmış odunun ətrili
qoxusu gəldi, balta enir, qalxır, həyət boyu nazik talaşalar
uçuşurdu. Donmuş kötük asanlıqla yarılırdı, kötüyü soba boyu
doğrayıb yığmağı çox çəkmədi, yarılmış odunu pilləkənin altına,
quru yerə daşıdı, bir qucaq da evə apardı. Kibiritin, neftin yerini
soruşub sobanı yandırdı, nil odunu quruydu, dərhal alışdı, soba
guruldayır, otaq yavaş-yavaş qızırdı. "Bu başqa məsələ, - yazıçı
başını yorğanın altından çıxartdı. – Sobaya bir az da odun qoy,
mənə elə gəlir, qış girəni sümüklərim əməlli-başlı qızmayıb".
- Mən həmişə yazıçıların təmtəraqla yaşadıqlarını təsəvvür
eləmişəm, səni görəndən sonra fikirlərim alt-üst oldu.
- Mənim yaşayışıma burnunu soxma, sənə dəxli olmayan
işlərdir.
Qəribəydi, çəlimsiz, cılız bədənli yazıçıya əsəbləşə bilmirdi.
Heç kimin onunla bu tərzdə danışmsına yol verməzdi, yazıçının
dediklərinə isə səbrlə dözürdü.
- Sən bir yerdə işləyirsən, ya elə iş-gücün yazmaqdır?
-Yazmaq iş-güc deyil? Mən Azərbaycan ədəbiyyatının ən gözəl
nümünələrini yaradıram. Azərbaycan ədəbiyyatının taleyi mənim
yazılarmıdan çox asılıdır.
- Onda vay Azərbaycan ədəbiyyatının halına!
- Sən bununla nə demək istəyirsən? – yazıçı azacıq dikəlib
narazı halda soruşdu.
- Bir ədəbiyyatın taleyi sənin kimi dılğırdan asılı olacaqsa,
vay o ədəbiyyatın halına!
Möhkəm incimiş yazıçı yata bilmirdi, kəsik-kəsik nəfəs alır,
köks ötürürdü. Bir yazıçı kimi tənqid olunmaq onun üçün söyüşdən
pisdi və ən kobud söz belə ona bu qədər təsir eləməzdi. Onun da
yuxusu qaçmışdı, gözləri önündə yarıqaranlıq otaq, əlləri ilə üzünü
tutmuş çılpaq qız canlanırdı. Döşəmədə uzanmış kişinin sinəsindən
axan qan qızın ayaqlarını qırmızı rəngə boyayırdı. Qız yalvarır,
aman diləyir, öldürmə məni, deyirdi.
Səhər tezdən qapının döyülməsinə oyandı, sübhdən kimdi görəsən,
olmaya yazıçı fürsət tapıb onu ələ vermişdi? Yorğanı üstündən atıb
yerin içində oturdu, sifəti qorxunc ifadə aldı, gözləri geniş
açıldı, yazıçıdan boğuq səslə, asatadan soruşdu:
- Kimdir?
- Yəqin qonşunun qızıdı.
- Nə olar, təki qonşunun qızı olsun, - istehza ilə dilləndi. –
Yoxsa…a!...
- Gəl, - yazıçı qapıya tərəf boylanıb dedi.
Otağın qapısı ağzında balaca bir qız göründü, bir stəkan süd
gətirmişdi, onlarla salamlaşıb stəkanı stolun üstünə qoydu. Qız
çıxandan sonra yazıçı soruşdu:
- Sən canisən?
- Nədən bildin? – dilxor halda dedi.
- Gözlərindən.
- Hə! – nifrətlə dedi, yalan danışmamağa alışmamışdı, lap
milisioner də qabağını kəsib bu sualı versəydi, cani olduğunu
gizlətməyəcəkdi.
- Adam öldürübsən?
- Adam öldürmüşəm, it öldürmüşəm, sənə dəxli yoxdur!
Ayağa qalxıb geyindi, gözü stolun üstündəki süd stəkanına
sataşanda heyrətləndi, yazıçı səhər yeməyini bununlamı eləyəcəkdi?
Yazıçı üçün, başlıcası isə Azərbaycan ədəbiyyatının taleyi üçün
narahat oldu. Küçəyə çıxdı, hasarın qabağında gözləyib taksi
saxladı, əvvəlcə ərzaq dükanlarını gəzdi, qaymaq, pendir, şokalad
və konyak, sonra da bazara gedib təzə ət, yumurta, kartof, isti
çörək, meyvə aldı. Evə qayıdanda yazısı onu heyrətlə qarşıladı, o
isə dinməzcə şeyləri mətbəxə aparıb yerbəyer elədi. Köhnə,
əzik-üzük olmuş qazançada ət qaynatdı, çay dəmləyib, stolun üstündə
süfrə açdı, yazıçı konyak içməkdən imtina elədi.
- Mənə olmaz.
- Niyə?- soruşdu
- Mədəm xəstədir.
- A kişi, iç! – onun üçün də konyak süzdü. – Hamının mədəsi
xəstədir, ancaq hamı da içir.
Yazıçı daha dəvət gözləmədi, içdi, dərhal da yanaqları qızardı.
"Çoxdandı içmirdim, - gülümsədi, - lap çoxdan". "Ona görə də bir
dəri qalıbsan, bir sümük. İçsən, əmələ gələrsən, adama oxşarsan".
"Nədi, adama oxşamıram?" "Guya özün bilmirsən? Gərək məndən
soruşasan, mən də sənə deyəm! Əlbəttə oxşamırsan!" Yazıçı incidi,
ancaq daha bir söz demədi.
Yeməkdən sonra şəhərə gedəndə yazıçı ona bir məktub verdi, bunu
musiqi məktəbində Məlahət adlı qıza verərsən deyə xahiş elədi.
Yazıçıya yox deyə bilmədi, ancaq qanı qaraldı, dilxor oldu. Bircə
bu çatmırdı! Mən məktub daşıyanam? Poçtalyonam sənin üçün? Əbləh,
sabah da deyəcək məni qızla görüşə apar!
Musiqi məktəbinə taksiylə getdi. Uşaqlardan birinə Məlahəti çölə
çağırtdırdı. Son dəblə bahalı paltarlar geymiş, qulaqlarında
briliyant sırğalar yellənən, barmaqları qızıl, biriliyan üzüklər
içində itmiş bir qızı görən kimi yazıçının yanlış qapı çaldığını
başa düşdü, uğursuz sevdaydı. Məktubu qıza vermək istəyəndə:
- Dəysin onun təpəsinə! – qız əsib coşdu, çəkinib eləmədən
qışqırırdı. – Ona denən bir də mənə məktub yazmasın, zəhləmi
tökməsin! Qələt eləmədik, bir dəfə xoş üz göstərdik!
- Al, yoxsa doğra…ram!!! – Gözləri nifrətlə işıldayır, sifətinə
qorxunc bir ifadə yayılırdı.
Onun sifətinə baxan qız qorxudan büzüşdü, məktubu alıb içəri
qaçdı. O isə sürüşkən, qar basmış pillələrlə ağır-ağır küçəyə
düşürdü. Əsəbləri soyuduqca qəlbinə səbəbi bilinməyən qüssə,
təəssüf hissi dolurdu, yazıçının qarasınca deyinirdi. Bunun n
nəyinə vurulubsan? Belə qız sənin kimi lütü sevməz axı! Qızın kökü
kəsilib, şəhərdə ondan başqa qız yoxdu?
Gəzə-gəzə bazara getdi, gəzir, axşama evə bir şey almaq
istəyirdi. Birdən yerindəcə donub qaldı, xalı, kilim satılan yerdə
yazıçı iri bir xalçanın yanında dayanmışdı, otaqda divara vurulan
həmən xalçaydı, demək, satmağa gətirmişdi. Piştaxtaların arasından
keçib yazıçının yanına getdi, yazıçı onu görcək qızardı, sanki
oğurluq üstə yaxalanmışdı. Xalçanı satmaq istəyirmiş, onu fikrindən
daşındırmağa çalışırdı:
- Heyifdir, satma.
- Mənə pul lazımdır, - yazıçı pərt halda dedi.
- Mən verərəm! – qızğınlıqla dedi.
- Mənə özgə pulu lazım deyil! – yazıçının sifətində məğrur bir
ifadə dolaşdı, ancaq dərhal da gözləri sönükləşdi, ruhdan düşmüş
halda astadan, yorğun səslə dedi: - Anamın qəbrini düzəltmək
istəyirəm. Dünən getmişdim, torpaqdan güclə seçilir. Bura bax,
bazarda bir şey satıbsanmı?
- Yox, ancaq burda çətin nə var? Bazar siçovulları məni aldada
bilməzlər! Xalçanın dəyəri neçəyədirsə, o qiymətə də
satılmalıdır!
Köməkləşib xalçanı istədikləri qiymətə satıb evə qayıtdılar.
Sobanı yandırıb çay dəmlədilər, sonra da şokaladla çay içdilər.
Divarda xalçanın yeri qalmışdı, otağa bahar havası, rəngləri
gətirən xalçadan sonra solğun divarlar, cansıxıcı otaq ona həbsxana
kamerasını xatırladırdı. Yazıçıya hirslənmişdi, gör neylədi.
Hansısa qızın, gəlinin əl işi olan xalça qışın oğlan çağında baharı
evə gətirmişdi. Bu isə öz əliylə apardı baharı o qoxumuş bazarda
satdı.
Yazıçı yazı stolunun arxasına keçib yazmağa başladı, o isə
çarpayıya uzandı. Yenidən yaddaşında dərin izlər buraxmış o günlər
canlanırdı gözləri önündə.
… Onu dəmiryol stansiyasına məhbus maşınında aparırdılar.
Maşının arxasında divarlarıı, döşəməsi, oturacağı da dəmirdən olan
kameradaydı. Yay idi, havadan sanki alov ələnirdi, içəridə isə isti
dözülməzdi, qızmış dəmirlər od tutub yanırdı. Yanan benzinin, maşın
yağının qoxusundan başı gicəllənir, mədəsi bulanırdı, kameranın
pəncərəsi, nəfəsliyi olmadığından əməlli-başlı boğulurdu. Dözə
bilməyib qapını döydü, milisioer qapıdakı gözlüyü kənara verib
içəri boylananda:
- Qapını açın, boğuluram, - xahiş elədi.
- Açım, təpəmə birini vurub əkiləsən?
- Açın! – yalvarırdı.
- Sakit qal, şuluqluq eləmə!
Milisioner gözlüyü bağlayıb getdi. Mədəsi elə bulanırdı, daha
özünü saxlaya bilmədi, kameranın divarlarından yapışıb qusdu. Hiss
elədi ki, bir az da keçsə ürəyi partlayacaq. Təzədən qapını döydü,
bu dəfə milisioner gec gəldi.
- Ölürəm, qapını açın! – qışqırırdı.
- Ölməzsən.
- Mən buranı batırmışam.
- Nə olsun? Oranı o qədər batıranlar olub.
- Açın!!! – Qapını iki əlli döyüb qışqırdı.
Milisioner getdi, qabaqda sürücünün yanında oturmuş kapitana nə
dedisə, maşını saxladılar, milisioner kameranın qapısını açdı, qapı
açılan kimi də ortadakı darısqal keçidə yıxıldı. Sürücüylə
milisioner köməkləşib onu sürüyərək çölə çıxartdılar. "Heyvan oğlu,
heyvan! – milisioner söyürdü. – Eəl bilirdin başını
sığallayacaqlar?"
Meşənin içərisindən keçirdilər. Bir az aralıda fıstıq kollarının
arasıyla kiçik çay şırıltı ilə axırdı. Qızmış asfaltın üstündə hava
ilğımlanır, ağacların zərif yaşıllığı qəlb oxşayırdı, bir udumluq
təmiz hava, bir baxımlıq yaşıl meşə, şəffaf su insan üçün nə qədər
qiymətliymiş, əzizmiş! Ayağa qalxıb qarnını qucaqlamış halda
aşa-aşa çaya tərəf getdi, çayın sahilində suyun tərtəmiz yuduğu
qumluğa uzandı. Suyu ovuclayıb üz-gözünə vurur, barmaqlarının
arasıyla damcılayan dumduru suya baxıb ağlayırdı.
Maşın da qızdırmışdı, sürücü radiatorun suyunu dəyişirdi, yağlı
vedrəni suya salıb dolduranda, suyun üzərinə nazik yağ pərdəsi
yayıldı. Bunu görüb sürücünü söydü.
- Əclaf!
- Kimi söyürsən?
- Səni! – dedi. – Belə suyu da çirkləndirərlər?
Sürücü təpiklə onun belindən vurdu, gücdən düşmüş, zəifləmiş
bədəni yığılıb açıldı, ancaq onun özünü müdafiə eləməyə taqəti yox
idi.
Təzədən o kameraya qayıdacabını fikirləşəndə bədənindən soyuq
gizilti keçdi. Başını qaldırıb ətrafına baxdı, sürücü radiatora su
tökürdü, kapitanla milisioner isə qurşağa kimi soyunub çayda
yuyunurdular. Maşından düşəndə o elə vəziyyətdəydi ki, onun qaça
biləcəyini ağıllarına da gətirməzdilər. Heysizləşmiş bədəninə
hardan güc gəldi, özü də başa düşə bilmirdi. Ayağa qalxıb özünü elə
göstərdi ki, guya maşının yanına qayıdır, ancaq fıstıq kollarının
yanından keçəndə bir sıçrayışla kolun arxasına tullanıb, çay
boyunca üzü aşağı qaçmağa başladı. Ağacların, kolların arasından
ilan kimi şütüyüb keçirdi, gözünü açıb meşə, çöl görmüşdü, bu
meşədə onu tutmaqmı olardı? Arxasınca atəş açırdılar, güllələr
çovuyub keçir, budaqları, yarpaqları qırıb başına tökürdü. Yalnız
təqib olunmadığını hiss eləyəndən sonra dayandı, heysiz halda çayın
sahilindəki yaşıl yamaca yıxıldı. Nəfəsi çatmır, havasızlıqdan
boğulurdu. Dincini alandan sonra ayaqqabılarını çıxarıb suya girdi,
suyla gedir, izi itirmək istəyirdi. Başını qaldırıb yuxarı baxdı,
səma mavi, buludsuz idi, ağacların üzəriylə bir qırğı süzürdü.
Həyatında ilk dəfə olaraq quşlara həsəd apardı, kaş dönüb qırğı
olaydı. Qanadlarını geniş açıb süzəydi mavi səmada, yuxarıdan yaşıl
meşələrə, çaylara baxaydı, azad olaydı!
Gecə meşədə gizləndi, gündüz isə meşəni keçib dəniz kənarındakı
cənub şəhərinə getdi. Tezliklə özü kimi adamların dəstəsinə
qoşuldu. Düz iki aydan sonra onu həbs elədilər. Istirahət parkında
gur saçarı qızılı rəngə çalan bir qızla tanış oldu. Qız onu
evlərinə dəvət elədi, evə çatıb təzəcə oturmuşdular ki, həyətdə
dayanan maşının səsini eşitdi. Pəncərədən baxıb aşağıda milis
maşınını gördü. Qız nə vaxtsa imkan tapıb xəbər vermişdi. Bıçağı
çıxardıb qıza atdı, bıçaq havanı vıyıltı ilə yararaq mətbəxin
qapısına söykənmiş qızın başı üzərindən qapıya sancıldı, dəhşətli
cingilti ilə aşağı-yuxarı rəqs eləməyə başladı. Yubanmaq olmazdı.
"Yaşa! – qıza dedi. – Amma səni öldürəcəyəm!" Çiyni ilə vurub
pəncərənin bir layını yerindən çıxartdı, evin arxasındakı bağa
tullandı. Onun belə də edəcəyini bilirmişləp, aşağıda dayanıb
gözləyirdilər və onu göydəcə tutdular. Yenidən qaçmaq üçünsə ona
xeyli vaxt lazım gəldi.
Azadlıqda ilk işi o qızı axtarmaq oldu. Verdiyi sözə əməl
eləməliydi, xəyanəti heç kimə bağışlamırdı. Qız onu satmışdı, bunun
üçün cavab verməliydi. Getdi dəniz kənarındakı o şəhərə. Ünvanı
bilirdi, ağacların arasında dayanıb səbrlə gözlədi, yarım saat
keçməmişdi ki, qızın iti addımlarla evə tərəf getdiyini gördü. Səs
salmadan arxasınca düşdü, qız pilləkənləri qalxdı, nədənsə
tələsirdi, arxaya baxıb eləmirdi. Qapını açıb içəri keçdi, qapını
arxasınca çəkib bağlamaq istəyəndə qızı içəri itələyib qapını
bağladı, bıçağı göstərib susmaq işarəsi verdi.
- Səsini çıxartsan doğraram! – astadan dedi.
- Kimsən? – qız cəsarətlə soruşdu. Onun əlində bıçağı görür,
ancaq qorxmur, qışqırmırdı. Hər nəydisə birdən-birə qəlbində
təəssüf hissi baş qaldırdı, belə qorxmaz, cəsarətli qızı öldürəcəyi
üçün heyfislənirdi.
- Üç-dörd il bundan əvvəl milisə satdığın adam. Yəqin
komsomolçusan, komsomol borcunu yeinə yetirirdin, deyilmi?
- Bilgi üzvüyəm! – qız fəxrlə dedi, saf səsi mis kimi
cingildəyirdi.
- Bu fərasətlə tezliklə Sov.IKP üzvü də olarsan! – dedi və
ləzzətlə güldü. – Daha doğrusu ola bilərdin. Iki-üç adam da
satardın, gətirib biletini təntənə ilə təqdim eləyərdilər! Artıq
gecdir. Hə, qəşəng qız, bu həyatdır, hər kəs əməli üçün cavab
verməlidir! Bəziləri bu işi o dünyaya saxlayırlar, qiyamət gününü
gözləyirlər. Bizsə bu kimi işlərə bu dünyada əncam çəkirik. Heç
kimə inamımız yoxdu, o cümlədən qiyamətə də. Oldu məşhər, qurdular
məhkəmə, sənin özünü günahkar çıxartdılar, onda necə olsun? Kim
məni inandıra bilər ki, məhşərdəki məşkəmə ədalətli olacaq?
Satqınlar, xəyanət eləyənlər inanmırlar, inansalar, satmazlar, elə
isə mən niyə inanmalıyam? Özümüz hesablaşa biləriksə, bu işi
qiyamətin öhdəsinə niyə buraxaq?
Qızın gözlərində qorxu ifadəsi canlandı, dodaqları titrəyir,
gözləri qorxudan geniş açılırdı, necə ciddi təhlükəyə məruz
qaldığını yalnız indi başa düşmüşdü. Bu başqa məsələ, işini qəlb
rahatlığı ilə görərdi. Yoxsa sonra otur, təəssüflə fikirləş,
ölümdən zərrəcə qorxmayan qızı niyə öldürdüm? Indi yox, satanda
qorxmaq lazım idi. Birdən yan otağın qapısı açıldı, eyni ilə qızın
özünə oxşayan iki-üç yaşlı, qıvrımsaç bir oğlan girdi içəri. Özünü
itirdi, hiss elədi ki, uşağın gözü qarşısında heç vaxt anasına əl
qaldıra bilməz.
- Yaşa, - dedi, - bağışladım səni. Iş qaldı qiyamətə!
Və dönüb otaqdan çıxdı…
Sonralar da fıstıq kollarının arasıyla qıvrılıb axan çayı,
ağacların başı üzərində süzən qırğını, qızılı saçlı qızı tez-tez
xatırlayırdı.
- Qırğı görübsən?- yazıçıdan soruşdu.
- Hə.
- Azad quş! – həsədlə dedi. – Istədikləri yerə uçurlar.
- Sən azad deyilsən?
- Azad insan yoxdu! – boğuq səslə dedi.
Səhər tezdən yenə də qapının döyülməsinə oyandılar. Elə bildilər
qonşunun qızıdır, ancaq içəri uzun saçlı, dəri gödəkçə geymiş cavan
bir oğlan girdi. Yazıçının yerinə yaxınlaşıb, büküb əzdiyi bir
parça kağızı onun üstünə atdı.
- Bir də Məlahətə məktub yazma! Nə qədər zəhlətökən adamsan!
Məktubu da başkəsənin biri ilə göndərirsən.
- Başkəsənin biri yəqin mənəm, - dilxor halda dedi.
- Sən bir də belə məktublar yazmağa cürət eləsən, mən elə bu
otağa gəlib , sənin o həyasız sifətinə tüpürəcəyəm!
- Sən bunu edə bilməyəcəksən! – yazıçı dinmirdi, o isə oğlanı
cavabsız buraxa bilmirdi.
- Mən sözümü dedim!
Oğlan otaqdan çıxmaq istəyəndə ayağa qalxıb, alt paltardaca
oğlanın arxasınca qaçdı. Pilləkəndə oğlana çatdı, boynundan yapışıb
necə dartdısa, oğlan ayaqları yerdən üzülmüş halda onun əlində
yellənməyə başladı, sanki cücə çalağanın çaynağında yellənirdi. "Bu
başqa məsələ, əzizim! Gözümün işığı! Yoxsa sən qaçırsan!" Oğlanı
küncə yıxıb döyürdü, döydükcə də əsəbləri sakitləşirdi. Yazıçı,
oğlanı güclə onun əlindən ala bildi, oğlanın saçları, paltarları
döşəmənin tozundan bozarmışdı, qapının yanında ayaq saxladı,
görünür onları söymək, hədələmək istəyirdi, ancaq nə fikirləşdisə,
qapını çırparaq getdi. Hirsi soyumuş halda çarpayının üstündə
oturdu, oğlanı döyməyinə peşman olmuşdu, şikayət eləyə bilərdi.
- Qəribə adamsan! – yazıçını məzəmmətləyirdi. – Elə qız heç vaxt
səni, bu ev-eşiyini sevməz, sən yaşayan kimi yaşaya bilməz!
Ayrı-ayrı adamlarsız.
- Məni yazıçı eləyən ona olan eşqimdir! – yazıçı qürurla
dedi.
- Tfu, lənətə gəlmiş! – yenidən hirslənirdi. – Burda
lovğalanmalı nə var? Yazıçı olub neyləyibsən? Dilənçi kimi
yaşayırsan! Ona olan eşqin səni ticarətçi, alverçi, məhkəmə, raykom
katibi eləsəydi, onda lovğalanardın.
- Sənə dedim axı, mənim işlərimə burnunu soxma! – yazıçı da
hirslənmişdi, qıpqırmızı qızarmışdı. – Sən get adam öldür, baş kəs!
Bu, sən qanan iş deyil!
Əlini yellədi, özünü qınayırdı, nahaq baş qoşurdu bu heyvərəyə.
Kötüyün, qanmazın yekəsiydi, bunu ələ salırlar, açıqca deyirlər,
get, tayını tap, bu isə əl çəkmir, yapışıb qopmur, məktub yazır.
Guya yazdı, qız gəlib düşəcək bunun ayaqlarına! Kötükdü, qoyunun
birisiydi, vəssəlam!
Bu gün yazıçının xahişi ilə başdaşları düzəldilən emalatxanaya
getdilər, emalatxana sahibini dərhal tanıdı, şəhərə gəldiyi ilk gün
onu əzişdirən həmən gombul idi, gombul da onu tanıdı.
- Oho, köhnə dost! – onu şən-şən salamladı. – Nə gözəl təsadüf!
Səninlə bir də rastlaşacağıma ümidimi tamam itirmişdim. Sözümüz
sözdür, arxana təpik vurmaqdan boyun qaçırmayacağam!
- Sevin, gombul çaqqal! – nifrətlə dedi. – Murdar dərini
soyacağam! Iyrənc işdir, ancaq neyləməli, söz vermişəm. Hər halda
burda çinar budağı olmayacaq.
- Niyə ki, çinar budağını əvəz eləyəcək bir şey taparıq. Elə
biri bu daş deşən burğu, - gombul divara söykənmiş burğunu götürdü.
– Daşı deşirsə, sənin başını da deşəcəyinə şübhə eləmirəm. Hə, nə
deyirsən? Nəcib alətdir, heç xəbərin olmayacaq, bir də görəcəksən
başında qəşəng bir deşik açılıb. – Gombul artıq düyməni basmışdı və
lənətə gəlmiş burğunun ucluğu qulaq batıran uğultu ilə
fırlanırdı.
- Tüpürüm sənə də, burğuna da! – başa düşdü ki, belə yerdə
tüpürməkdən başqa əlindən bir şey gəlməyəcək. – Söndür bu
zəhrimarı, qulaqlarım batdı!
Xoşlarına gələn başdaşı, üzlüklər seçdilər. Günortadan sonra
sement, daş, qumm aldılar, usta, fəhlə tapmaqda yazıçıya kömək
eləyib, şəhərə qayıtdı.
Axşam yazıçı ona bəd xəbər gətirdi.
- Şəhərdə səni axtarırlar. Elan vurublar, şəklini də
asıblar.
- Qoy axtarsınlar, - etinasız halda dedi.
- Birdən tutdular?
- Onsuz da nə vaxtsa tutacaqlar. Mən qaçıram, onlar da
qovurlarsa, deməli, tutacaqlar.
Milislər onun bu şəhərə gəlməsindən xəbər tutmuşdular, yoxsa
elan verməzdilər. Çıxıb getmək lazımdı, özü də lap tezliklə. Ilahi,
qar basmış, donmuş yollarla səfərə çıxmaqdan ürək sıxan daha nə ola
bilərdi? Özü də sənədsiz, şəklin də hər milis işçisinin döş
cibində.
Stolun üstünə bir şüşə konyak, şokalad qoyub qədəhlərə konyak
süzdü. Danışmadan içirdilər, qədəhlər kiçik, konyak tünd idi,
yazıçı tez kefləndi, barmaqlarını stola döyəcləyib mahnı oxuyurdu.
Onun isə kobudlaşmış qəlbində bu axşam həzin duyğular baş
qaldırmışdı. Kəndləri düşmüşdü yadına, Novruz bayramında tonqallar
çatılır, müqəddəs Azərbaycanın kəndləri tüstüyə bürünürdü. Anası
sübhdən onu axar su üstə aparırdı, su üstündən atıldıqca, ana onun
üçün dua edirdi. "Dərdini-qəmini axar su aparsın! Allah sənə rəhm
eləsin, qarşına yaxşı adamlar çıxartsın!" Allah ona rəhm eləmədi,
qarşısına pis adamlar çıxdı, axar su da dərd-qəmini aparmadı.
Getməliydi, ancaq getməmişdən əvvəl onu gülünc vəziyyətdə qoyan
gombulla haqq-hesabı çürütməliydi. Axtarıb gombulu tapdı, gecələr
hansı küçələrdən keçib getdiyini öyrəndi və bir axşam qaranlıq
küçədə hiss elətdirmədən gombula yaxınlaşdı, bıçağı onun böyrünə
söykədi.
- Gombul çaqqal! Böyrünə nəyinsə toxunduğunu hiss edirsənmi?
- Hə…ə…
- Səncə nə ola bilər?
- Ay şeytan, deyəsən metaldır.
- Kəlləsən! Səs salmadan ciblərini mənim ciblərimə boşaldırsan,
azacıq müqavimət göstərsən, işin bitdi. Sənin gönün camış gönündən
qalındı, ancaq dəxli yoxdu, deşəcək.
- Çarxa veribsən?
- Tələs, gombul it! Iş görmək əvəzinə, boşboğazlıq
eləyirsən!
Gombul hiss elədi ki, o, doğrudan da dediyini eləyəcək.
Donquldana-donquldana pullarını çıxardıb onun ciblərinə yığmağa
başladı. Qaranlıq olsa da, pulların rəngini seçə bilirdi.
- Hamısı onluqdu?
- Lənət şeytana! Xətrindən yüzlük keçir?
- Az donqulda! Belə vaxtda əllilikləri səpələyirsən, mənə rast
gələndə canını azar alır!
Gombulun pullarını alandan sonra özündən razı halda evə qayıtdı.
Indi burdan arxayınçılıqla gedə bilərdi, gombul onu bir müddət
yadından çıxarmazdı. Yoxsa otur, xatırla, gombul arxana təpiklə
necə fəndgirliklə vurub, qulağının dibindən necə ilişdirib sərib
qarın içinə.
Evdə sobaya odun atıb çarpayıya uzandı. Bura gəldiyi ilk gün onu
qəhərləndirən mahnı səslənirdi qulaqlarında. Təkcə ilin yox, ömrün
də payız fəsli olurmuş.
- Payız gəldi ömrümə, - qüssəylə dedi.
- Cavansan hələ, - yazıçı başını qaldırmadan dilləndi.
- Mənimçün payız fəslidir, - dedi və yatdı.
Səhərisi günəş çıxdı, günəşin ilıq şüaları pəncərədən içəri
süzülür, tozlu döşəmənin üzərində oynaşırdı. Çoxdan isti gün
həsrətində olan yazıçı hava qızandan sonra hasarın qabağında stul
qoyub oturdu. O isə şəhərə getdi və bir də axşamüstü qayıtdı.
Taksidən düşcək gördüyü mənzərədən sarsıldı. Üç nəfər yazıçını yerə
yıxıb döyürdülər, onlara gəlib yazıçını hədələyən oğlan da
döyənlərin arasındaydı. Məlum işdir, Məlahətə görə bu adamların
qəzəbinə gəlmişdi. Yaxınlıqda kimsə yox idi, yazıçı da səsini
çıxartmadan baş-gözünü qucaqlayıb zərbələrdən qorunmağa
çalışırdı.
- Əclaflar! – qaça-qaça qışqırdı, hələ uzaqdan sıçrayıb onlardan
birini başıyla vurdu, zərbə o qədər güclüydü, vurduğu adam hasara
dəyib taxtaları sındıraraq o biri tərəfə keçdi. O da müavizinətini
saxlaya bilməyib onun arxasınca uçdu, yarıqdan keçəndə sınan taxta
qırıqları iynə kimi bədəninə sancıldı. Kötüklərin yanında ağzı üstə
yerə dəydi. Dərhal da ayağa sıçradı, üstünə atılan ikinci adamı da
güclü zərbə ilə vurub kötüklərin içinə aşırdı. Başından küt, ağır
şeylə vurdular, vuran güclü adamdı, o, səntirləyib yıxıldı. Fürsəti
itirməyib arxadan kürəyinin ortasından bıçaqla vurdular.
Bıçaq zərbələri ayağa qalxmağa imkan vermirdi. Başa düşürdü ki,
ayağa qalxmasa, onu öldürəcəklər. Bütün qüvvəsini ğtoplayıb yerə
təkan verərək qalxdı, bədəni qıpqırmızı qan içindəydi, dəhşətli
görkəmi var idi.
Onu vuran bıçağı göyə qaldırmışdı, ancaq vurmur, addım-addım
geri çəkilirdi. Təpiklə bıçaqlı adamın qarnından vurdu, son gücünü
toplamışdı, zərbə güclü oldu, vurduğu adam hasara dəyib çul kimi
yerə sərildi, havaya vıyıldayan qanlı bıçaq günəş şüaları altda bir
anlığa gözqamaşdırıcı şüayla bərq vurdu.
Küçəyə çıxdı. Yazıçı hasarın qabağında oturmuşdu, ağzından
köpüklü qan gəlirdi, sifəti gömgöy göyərmişdi. Onun yanına gedə
bilmədi, birdən-birə gücsüzləşib heysizləşdi, yıxılmamaq üçün
belini hasara söykədi, xeyri olmadı, hasarla sürüşüb yerə oturdu,
qollarını geniş açıb yaş, qarlı səkiyə yıxıldı.
Yazıçı ayağa qalxıb aşa-aşa onun yanına gəldi.
- Onlar səni… - xırıltılı səslə dedi.
- Hə, - dedi və həbsxanadan qaçmış caninin sifətində əzablı bir
təbəssüm dolaşdı. – Mahnı var, eşidibsən? Yolun sonu göründü…
- Sən ölməyəcəksən, - yazıçı ağlayırdı.
- Mənim işim bitdi.
- Niyə də öləsən? – yazıçı dedi və yenə də hıçqırıqlardan
boğula-boğula ağladı.
Günəş batırdı. Müqəddəs Azərbaycanın kiçik əyalət şəhərində
həyat əvvəlki etinasızlığı ilə davam edirdi. Dağlardan əsən külək
evlərin üstündən burula-burula qalxan ağımtıl tüstünü cənuba doğru
qovurdu. Yıxılmamaq üçün addımlarını ehtiyatla atan, yun şal
bağlamış, gözəllikləri ilə qəlb titrədən əyalət qızları
qayğısızcasına gülüşürdülər.
- Başımı döndər, - ağrılar içində qovrulur, zorla danışırdı.
- Hara, qibləyə? – yazıçı ayağa qalxmaq istədi, ancaq
səntirləyib oturdu.
- Günəşə tərəf, - gülümsədi.
Qeyd: Yazıçı Aslan Quliyev bu hekayəni 32 il
öncə xalq yazıçısı Mövlud Süleymanlının "Azərbaycan" jurnalında
dərc etmədiyini bildirib. Hekayəni təqdim etməklə bu olayda kimin
haqlı olduğuna dair oxucuların qərar verməsini istəyib.