Moderator.az araşdırmaçı Aslan Kənanın "XX əsrdə
repressiyaya məruz qalanlar" kitabına istinadən böyük şair-filosof
Hüseyn Cavid haqqında maraqlı bir detalı təqdim edir:
1938-ci il.... DTK zabiti bir müddət əvvəl həbs etdikləri şair
Hüseyn Cavid haqqında əsaslı dəlillər tapa bilmədikləri üçün əlavə
dindirmələrə ehtiyac duyurlar. Çünki həbs olunan zaman evindən cəmi
6 manat kağız, 18 ədəd gümüş pul, bir də kitablar tapılan şairin
"günah"ını təsdiqləmək üçün əsaslı dəlillər az idi.
Aslan Kənanın bu barədə yazır: "Məhz buna görə də 13.03.1938-ci
ildə "Azərnəşr-"də tərcüməçi işləyən, şair Mikayıl Rzaquliyevi
dindirmək üçün DTK-ya dəvət edirlər. Bu təsadüfi çağırış deyildi.
Artıq onlara məlum idi ki, H.Cavid, M.Müşfiq və başqaları haqqında
Yazıçılar İttifaqında müxtəlif fikirlər formalaşmaqdadır. Bunu
yaxşı dərk edən xüsusi şöbənin əməkdaşları ittifaqın üzvlərindən
istifadə etməyi qarşılarına məqsəd qoyurlar...
M.Rzaquliyev DTK-nın zirzəmisindəki izahatında aşağıdakıları
deməyə məcbur edilir:
"H.Cavidlə 1926-cı ildən tanış olsam da, lakin onunla 1933-cü
ildən yaxınlıq etmişəm. H.Cavidlə yaxınlıq etdiyim gündən bir
əksinqilabi, burjua-millətçi kimi tanımış, o ədəbi yaradıcılığını
Türkiyəyə tərəf yönəltdiyini bildirmişdi. Azərbaycanda Sovet
hakimiyyəti qurulanda H.Cavid yazıçı, şair və dramaturq kimi
yazılarında sovet həqiqətlərini düzgün əks etdirmir, əsərlərini bir
əksinqilabi, millətçilik ruhunda qələmə alaraq, sovet mövzusunun
əksinə yönəldirdi. O, "Peyğəmbər", "İblis", "Siyavuş", "Topal
Teymur" və s. kimi əsərlərini panislamizm, pantürkizm şəkildə
yazmış, osman idealogiyasını həmişə tərifləmişdi. Onun bu
əsərlərini Türkiyə mətbuatı xüsusi diqqət mərkəzində saxlayırdı.
H.Cavid "İblis" əsərində Türk ordusunu tərifləyib.
H.Cavidi xırda burjua şairi adlandıranda əsəbiləşər və deyərdi
ki, o görkəmli burjua şairidir. Yazıçılar İttifaqı və başqa
təşkilatlar ondan tələb edirdilər ki, sovet dövründən yazsın. Lakin
o etiraz edərək, böhtancasına təsdiq etməyə çalışırdı ki, guya
sovet ölkəsində daimi qəhrəman yoxdur, onlar hər an dəyişirlər.
H.Cavidə öz bədii yaradıcılığında dəyişiklik etmək məsləhət bilinsə
də o əksinqilabi, millətçi baxışları ilə "mən çəkməçi deyiləm və
sifariş qəbul etmirəm"—deyərək, sovet mövzusunda əsərlər yazmaqdan
imtina edirdi. H.Cavid mənimlə hər söhbət edəndə ÜİK(b)P və Sovet
dövlətinə qarşı böhtanlar atar, Azərbaycan ədəbiyyatına və onun
yaradıcılarına "rusifikasiya" siyasəti apardığını qeyd edirdi."
Çox təəssüf ki, özünü Sibirdən qorumaq üçün başqasını Sibirə
yollatmağa məcbur olan Mikayıl Rzaquluzadə (sonradan "zadə"sonluğu
ilə əsərlər yazdı-E.N.) həmin açıqlamadan 17 il sonra təhlükəsizlik
zabitlərinə başqa məzmunda açıqlama verdi. Təbii ki, Cavidi bir
şair və şəxsiyyət kimi təriflədi:
"Müstəntiq 1938-ci ildə M.Rzaquliyev tərəfindən verilmiş
cavablara münasibətini bilmək istəyəndə məlum olur ki, onun nə
dediyi yadında deyil. Ona H.Cavidin əksinqilabi, millətçi
fəaliyyəti haqqında heç nə məlum olmadığını, ümumiyyətlə o
ifadələrin müstəntiq tərəfindən dəyişdirildiyini iddia edirdi.
Sonda isə 13.03.1938-ci ildə yazılı fikirlərinin tam əleyhinə
olduğunu bildirir".