Axar.az yazıçı Əlabbasın
"Halal qan" hekayəsini təqdim edir.
Oğlan içində vur-tut bir ovuc qurumuş çörək ovuğu qalan dəsmalı
kəmər kimi belinə dolayıb dumanlı yüksəkliklərə göz gəzdirdi və
həvəssiz-həvəssiz:
- Kənd dağın o biri üzündədi, - dedi. Yoldaşından çox, bu sözdən
onun özü ürəkləndi və cavab gözləmədən ağaca söykədiyi tüfəngi
götürüb hələ də yerindən qalxmayan qıza - aclıqdan o, loxmanı anqut
kimi udurdu - nəzər saldı və dərəyə tərəf yönəldi. Oğlan bilirdi
ki, yolu azıblar, amma o bunu qızdan gizlədir və özünü elə
göstərirdi ki, guya, bu yerləri qarışbaqarış tanıyır. Çaya çatıb
dayandı, çevrilib geri baxdı, yoldaşının könülsüz də olsa arxasınca
axsaya-axsaya gəldiyini gördükdə onun eşidəcəyi tərzdə:
- Arxaya qalma, - dedi və bərkmi, ya boşmu olduğunu bilmək
məqsədi ilə tüfəngin qundağıyla çayın buzunu döyəcləməyə başladı, -
dəmir kimidi, qorxma, - deyə xəbər verəndə o artıq çayı bir dəfə
keçib, geri qayıtmışdı. Soyuqdan ayağının birini götürüb o birini
qoyan qız ovcundakı qarı şişkin dodaqlarına sürtüb ciyərinin
pörşələndiyini bildirdi. Tərəddüdlə dillənsə də, oğlanın cavabından
belə çıxdı ki, irəlidəki gözədə bulaq olmalıdır.
- Sən elə bilirsən, biz onları tapacayıq?
Necə deyəydi ki, yox? O buracan qızı aldada-aldada gətirmişdi.
İndi bunu ona deməkmi olardı, azıblar? Bəyəm, demək olur hər düz
sözü?! Elə azca getmişdilər ki, uzun qışı qar altda qalıb qapqara
qaralmış xəzəllərin üstünə qonan quşu görən kimi oğlan sevincək
halda:
- Aaa, keçisağana bir bax, - dedi, amma elə özü də, - bu vaxt nə
keçisağan? - deyə əlavə elədi, - gör bir keçisağanın gəlməyinə nə
qədər qalır?!
Qışın şaxtasında da solmayan möhkəm oduncaqlı ardıcların
arasından keçib dinməz-söyləməz zirvəyə doğru gedirdilər. Dikin
qurtaracağında urcahlarına üstündə tək-tük qıpqırmızı meyvələri
qalmış itburnu kolu çıxdı. Yeməliləri görəndə ağızları elə sulandı
ki, sanki üstünə hər cür ləziz yeməklər düzülən süfrə arxasında
əyləşmişdilər. Ancaq heyf ki, meyvələr çox az, həm də olduqca ucada
idilər. Tikanlı olduğundan heç kola yaxın düşmək də olmurdu. Oğlan
tüfəngin qundağı ilə kolun nisbətən yoğun budaqlarını silkələyib
bir neçə itburnu sala bildi və onları yoldaşı ilə tən yarı böldü.
Sonra əli ilə qarı ehtiyatla üzlədi ki, axtardıqlarından varsa da,
qara qarışıb itməsin. Bundan artıq heç nə edə bilməyən oğlan
hirsindən bu dəfə yan-yörəni ayağı ilə eşələməyə başladı və heç nə
tapa bilməyib təəssüflə başını yırğaladı.
Sonra yolda idilər. Gedir və dinib-danışmırdılar. Yala çatan
kimi oğlan dedi:
- Kəndə az qalır, - onu da əlavə elədi ki, əgər yolda
ləngiməsələr, günortadan sonra mütləq ora çatarlar. Qız heç nə
eşitmirmiş kimi dillənmirdi. Buna səbəb onun inamsızlığı yox,
oğlanın səsindəki qətiyyət idi. On beş yaşı olsa da, o özünü kişi
kimi aparırdı. Elə boy-buxundan da pis deyildi. Heç kimə deməsə də,
yarım il əvvəl o, düşmənlərin kəndə hücumuna ürəyində möhkəmcə
sevinmişdi; necə olmasa da, axır ki, ona əlinə tüfəng almaq nəsib
olmuşdu.
Oğlan atasının ona etibar elədiyi silaha baxıb minnətdarlıqla
gülümsündü.
- Həə, bax indi oldun əsl kişi!
Oğlan dedi, indi baxarlar o bu tüfənglə neçə düşmən əsgərinin
axırına çıxacaq.
- Mənim düşmən axırına çıxanıma bir bax!
Babası da anasının sözünə qüvvət verdi, dedi ki, əgər hər onun
kimilər düşmən axırına çıxan olsaydılar, indi yer üzündə təkcə
dostlar yaşayırdılar. Onların hər ikisi qəm-qüssə içində
əyləşmişdi. Əslini axtaranda son iki ildə hamını kənddə yalnız belə
görmək olardı. Elə bil bu hal hamının ömürlük xasiyyətinə
çevrilmişdi. Elə görünürdü ki, sanki davadan sonra da adamların heç
vaxt üzü gülməyəcək. Ertəsi gün atası onu özü ilə kəndin kənarına -
səngərlər burdan keçirdi - aparanda əlində tüfəng tutub, çiynindən
qatar asan oğlan istəyirdi ki, hamı onu görsün. Amma yolboyu uzanıb
gedən kənd evlərinin çoxunun darvazasından əl boyda iri qıfıllar
asılmışdı. Düz üç gün, o, səngərlərə ayaq döysə də, axşam kəndə
kor-peşman qayıtdı. Bundan elə məyus olmuşdu ki, evdəkilərin üzünə
çıxmağa belə xəcalət çəkirdi.
- Qurumsaqlar! Xalqı güdaza verən oğraşlar! Rəhbər olublar!
Sizin o bəzəkli arvadınızı... - deyib o vaxtacan heç kimə çor da
deməyən qoca Əlvənd kişi güllə yağışından göz açan kimi üzünü Bakı
tərəfə tutub elə səngərdəcə dişinin dibindən çıxanı deyəndə oğlan
hiss elədi ki, hər şey o təsəvvür elədiyindən daha dəhşətlidir:
əgər böyüklər onların yanında ağızlarından o cür biabırçı söyüş
çıxarırdılarsa, daha buna da deyəydin? Elə də oldu: bir gündən
sonra kəndin daşını daş üstə qoymadılar. Onların da evində beş
nəfərdən üçü qaldı...
Döşdəki gözəyə çatanda bulağa rast gəldiklərini güman eləyən
qızın sevincdən gözləri parladı. O, qarla örtülmüş gözəyə elə göz
gəzdirdi ki, necə ki, ac adam ləziz yeməyə baxar: üç gün idi ki,
bir gilə də olsun dillərinə su dəyməmişdi, ya dözür, ya da
xarlanmış qar yeyirdilər. Oğlan onsuz da onunla ayaqlaşa bilməyən
qızı orada qoyub sevincək irəli getdi.
- Suuu! - deyə o, əllərini yuxarı qaldıraraq elə fərəhlə
qışqırdı ki, elə bil öz doğmaları ilə üz-üzə çıxmışdı. O, tüfəngin
qundağını qara sancıb dədə-baba qaydası ilə dizlərini yerə
dayayaraq yoldaşı yanına çatanacan dodaqlarını sudan ayırmadı.
Yarğanın kənarındakı meyvə ağacını görən kimi oğlan
qeyri-ixtiyari ayaq saxladı, ancaq nə qədər baş sındırsa da, ayırd
eləyə bilmədi ki, ətrafa səpələnən zeytun boyda giləmeyvələr hansı
ağacın barıdı. Acgözlüklə tapdığını ağzına atıb gəvələdi, tezcə də
üz-gözünü turşudaraq tüpürdü. Sonra birini, daha sonra bir ayrısını
dişinə vurdu. Onlara rast gələndə nə qədər sevinmişdisə, elə o
qədər də kədərləndi. Sanki aclıq indi ona ikiqat divan eləyirdi.
Qız onun hərəkətlərini müqəssir bir görkəmdə izləyir, heç nə
demədən susurdu. O hiss eləmişdi ki, hara getdiklərini heç oğlan
özü də bilmir. Əgər arxayın olsaydı ki, kənd, doğrudan, dağın o
biri üzündədi, canını dişinə tutub birtəhər dözər, bir addım da
olsun yoldaşından geri qalmazdı, amma bilirdi ki, bu cəhdlər hamısı
əbəsdir. Ümidsiz halda, soyuq baxışlarla oğlanı süzüb qarın üstə
elə oturdu ki, sanki ömürlük burda qalmağı qət eləmişdi. Dinməzcə
uzaqları gözdən keçirən qız çəkmələrini soyunub dünən axşamdan
ayağına dolanan şərfi elə qatlamağa çalışdı ki, yumrulanıb
pəncələrini ağrıtmasın. Ayaqları şişib tuluğa dönmüş, çəkmələrin
içi yaş olduğundan şərf də su çəkmişdi.
- Aç qulağını, eşit, biz onları tapan deyilik, - qızın
təhdidedici nəzərlərini üzündə hiss eləyən oğlan onu dilə tutdu ki,
heç olmasa növbəti yalacan getsin, sonrası öz işidi. O bu ümiddə
idi ki, əgər zirvəyə çatsalar, buraların hara olduğunu təxmini də
olsa tanıya bilər. Uzaqlarda nəyinsə göyümsov tüstüsü göyə bülənd
olmuşdu. Görünür, hardasa kənd yanırdı. Ara-sıra avtomat səsləri,
tank nəriltisi, top gurultuları eşidilirdi.
- Məni aldadıb gətirmisən. Sən bilirdin, onlar burda yoxdular.
Ölüblər onlar, itiblər, yerə giriblər, - qız üzünü qapayıb
ümidsizlikdən dəli kimi bağırdı və bir qədərdən sonra heç nə
olmayıbmış kimi sakit tərzdə eşitdirdi ki, daha heç hara gedən
deyil, qoy gəlib onları öldürsünlər, canları birdəfəlik qurtarsın.
Oğlanın onun dediklərinə əhəmiyyət vermədiyini gördükdə isə
əlindəki çəkməni hiddətlə yerə çırpıb:
- Cəhənnəm olsun hamısı, - dedi.
Elə an idi ki, kolluqdan çıxıb saymazyana halda yamacla
üzüyuxarı gedən heyvana heç əhəmiyyət də vermədilər.
- Mən səni tək qoyub gedəcəm, - səsində qətiyyətsizlik duyulsa
da, oğlan soyuqqanlı halda dilləndi və qızın şişmiş əllərini, divar
kimi ağarmış üzünü ötəri halda gözdən keçirtdi, - özün bil, indidən
sənə deyirəm, - o bilirdi ki, başlasa təsəlli verməyə, qız yenə onu
borclu çıxaracaq. Amma o var ki, heç təsəlli üçün bəhanə də
qalmamışdı.
- Sən olmasaydın, mən çoxdan başıma çarə qılardım.
- Get də, nə dayanmısan? - onun nəyə işarə elədiyini dərhal
anlayan qızın gözlərində kin və nifrət alovları şölələndi.
- Elə bilirsən getmənəm?
Sualdan da çox cavaba oxşayan bu sözləri eşitməyi ilə qız
burnunu çəkib susdu, başının üstdə dayanan oğlanı çəpəki nəzərlərlə
gözdən keçirib zoru gələnə onu geri itələdi. Hiss olunurdu ki,
onunla kəlmə belə kəsmək istəmir. Bunu bilə-bilə oğlan ağlayan qızı
qüssəli baxışlarla süzüb çevrilərək ehmal addımlarla yola düzəldi.
O özü də əlini hər şeydən üzmüşdü, amma necə oturub gözləmək olardı
axı? Yaxşı başa düşürdü ki, qorxusundan qız onsuz da burda qalan
deyil, ancaq onu bu vəziyyətdə aparmaq həm olduqca çətin idi, həm
də onun buna iqtidarı qalmamışdı. Oğlan indidən həm də onun fikrini
eləyirdi ki, birdən zirvəyəcən qalxa bilsələr, ancaq orda kənd
olmasa, görəsən, bu dəfə nəyi bəhanə eləyəcək? Ümumiyyətlə, qız
bundan sonra nə haqla ona inanaydı axı?! Bununla belə nəsə onu
zirvəyə doğru çəkirdi, amma özü də bilmirdi nə? O gedir və arxaya
baxmırdı. Yalnız o barədə düşünürdü ki, necə eləsin, onu özü ilə
apara bilsin. Əgər aparmaq mümkün olmasa, onda necə? Ayrılıq
dəmləri barədə fikirləşəndə oğlanın canını soyuq tər basdı, ancaq
tezcənə də hər şey keçib getdi - çətini bir fikrin beyinə
düşməyidi, sonra onun ən qorxuncu da adiləşir.
- Seymuuuur! - qarın üstündə üzüqoylu uzanmış qız başını
qaldırıb üç gündən bəri bir addım belə ondan aralanmayan yoldaşının
uzaqlaşdığını gördükdə yumruqlarını hiddətlə yerə çırpa-çırpa
canavar kimi uladı.
Oğlan səsə çevrildi və onu çağıranın üzüqoylu qar üstündə
sərələndiyini görüb ayaq saxladı. Elə bil onu səsləmir, üç gün
əvvəl kəndin ayağınacan onları baxışları ilə izləyən atasının
gizlində dediyi sözləri kimsə ehmal-ehmal təkrarlayırdı: "O qanı
sənə halal eləyirəm... O qanı sənə... O qanı... O..."
"Mən burda ona görə qalıram ki, babanla ananın qisasını alım.
Heç bu olmasaydı da, sizə qoşulub gedə bilməzdim. Elə olsa, onda
gərək başımıza ləçək bağlayaq" - o, atasını heç vaxt bu qədər
bədbin və ümidsiz görməmişdi. Həmişə vüqarla danışmağı xoşlayan bu
adam indi qəhərdən boğulur, sakit və həyəcansız danışa bilmirdi.
Durduğu yerdəcə o birdən-birə kömür rəngi almışdı.
- Mən bacının yanında sənə heç nə deyə bilməyəcəm, - deyə o
handan-hana özünü toplayıb sözə başladı, - diqqətlə qulaq as:
bacını da götür meşə yolu ilə gedin Ağdama. Bizimkilər ordadı. Belə
görürəm, gec-tez axırımıza çıxacaqlar. Əksəriyyət başını götürüb
qaçıb. Bəzən onları da qınamaq olmur. Dünyada elə şeylər var ki,
bilmirsən omu şirindir, yoxsa torpaq?! - deyib o, qonşunun
söyə-söyə torpağı qazıb ərzağı yerə basdırdığı səmtə baxdı, amma
oğlana elə gəldi ki, atası qonşuya elə-belə nəzər salır, fikrini
toplamaq üçün o ya münasib söz tapa, ya da qəhərdən boğulduğu üçün
danışa bilmir, - allah eləsin, sağ-salamat gedib çıxasınız, amma
şər deməsən, deyir, xeyir gəlməz, - o bir qədər də susub bu tüfəngi
də, bu bircə dənə gülləni də sənə bircə şeyə görə verirəm. Əgər
rastınıza o itlərdən çıxsa, heç nə fikirləşmədən bacını öldürərsən,
- sərt bir tərzdə əlavə elədi, - eşitdin, nə dedim?!
Oğlana elə gəldi, atasının sifəti əyildi, amma o, həmin dəqiqə
anlaya bilmədi ki, bu, qəzəbdənmi oldu, ya ayrı bir səbəb var?
- Başa düş, oğlum, mən çox şeyi sənə açıq deyə bilmirəm, - onun
səsi kallaşdı, gözlərindən yaş bulaq kimi qaynadı, başını hirsli
halda bulaya-bulaya, - amma sən bunu eləməlisən, - dedi, - elə
olmasın ki, sonra meyitimizə tüpürələr. Vaxt gələr, özün hər şeyi
başa düşərsən, - kişi qızının evdən çıxaraq dəsmalı başına
bağlaya-bağlaya onlara tərəf gəldiyini görüb asta səslə, - o qanı
sənə halal eləyirəm, - dedi və özünü yığışdırdı ki, qızı həm onun
nə halətdə olduğunu görməsin, həm də hərəkətindən şübhəyə düşməsin,
- ləngiməsəniz, axşama ordasınız, burdan beş saatlıq yoldu.
Oğlan bir-birinə sarılaraq uzun müddət aralanmaq bilməyən
ata-balaya baxır və ona elə gəlirdi ki, nə görürsə, yuxuda görür.
O, gözünü yumub-açdı ki, bəlkə, ayıla, amma hər şey həmən-həmən
idi: atası çömələrək üzünü qızının sinəsinə söykəyib onun
yaraşıqlı, balaca çiyinlərindən yapışmışdı, hərdən başını aralayıb
onun sifətinə baxır, göz yaşı tökə-tökə acgözlüklə boyun-boğazını
qoxulayır, bu ömürlük ayrılıq dəmində ona baxmaqdan heç cür doymaq
bilmirdi. Oğlanı vəcdə gətirən də elə bu idi: axı o, birdən-birə
niyə belə sərt qərar çıxarmışdı?
Onlar kəndarası yola çıxanacan - atışma səsləri bir az da
çoxalmışdı - bu hal bir neçə dəfə təkrar olundu. Atası gəlib-gəlib
dayanır, sonra yenidən yoluna davam eləyir və sakitləşə bilmirdi.
Bu minvalla yolun xeyli hissəsini onların ardınca gələn kişi, axır
ki, dükanın yanında ayaq saxlamalı oldu. Onun yaşına yaraşmayan
hönkürtü ilə ağlamağına və çiyinlərinin atılıb-düşməyinə baxdıqca
sanki göz görə-görə adamın sinəsinə dağ basırdılar...
Yola çıxandan təxminən saat yarım sonra - oğlan hələ də o
mənzərənin təsiri altında idi - ilk həyəcan baş verdi.
- Orda nəsə gördüm, - bacısı qəfildən, təlaş içində dilləndi.
Səsi çıxmasın deyə o, dodaqlarını bərk-bərk bir-birinə sıxıb
qorxusundan tir-tir titrəyirdi. Oğlan əvvəl elə bildi o, həyəcanlı
olduğundan belə eləyir, əslində heç nə yoxdur, ancaq bacısının bu
təlaşı dərhal ona da sirayət elədi. Diqqətlə baxdıqda kolluqda
nəyinsə peyda olduğunu gördü.
- Görürsən onu?
Qorxudan dili söz tutmayan oğlan onun sözünü başıyla təsdiq
elədi. Əslində qız onu birinci dəfə xəbərdar edəndən özünü
itirmişdi. Həyəcanını büruzə verməməyə çalışsa da, cəhdi əbəs idi.
Susmaq işarəsi olaraq barmağını dikinə dodaqlarının üstünə qoyanda
da, dəstəyi zərlə işlənmiş bıçağın qısa, ensiz tiyəsini yoxlayanda
da qız hiss elədi ki, onun barmaqları necə titrəyir.
Bıçağın kara gəlməyəcəyinimi duydu, ya nə idisə, qardaşı onu
qatlayıb cibinə salan kimi dolu gilizi çiynindən aşırtdığı tüfəngin
lüləsinə qoyub gözləməyə başladı. Amma qıza elə gəldi ki, o heç nə
eləyən deyil. Sanki kənddən çıxandan ona nəsə olmuşdu. Həmişə
düşmənə qan udduracağı ilə alışıb-yanan adam nədənsə daha bu barədə
danışmırdı.
- Bəlkə, bizimkilərdi? - onun cavab vermədiyini görən qız bir də
təkrar eləməli oldu. Birdən-birə oğlanın gözlərində çoxdan
axtardığını qəfildən tapan adamlara məxsus sevinc parıltıları peyda
oldu; seyrək ağaclıqda dayanan boz qurd idi. Onlar bundan həm
sevindilər, həm də təəccübləndilər; vəhşi olsa da, qurd düşmən
qədər yırtıcı və amansız deyildi. İlin bu vaxtları kəndin
əl-ətəyində az qala dəstə ilə gəzib-dolanan heyvanlardan çoxdan idi
bir xəbər-ətər yox idi. Dava meşəyə də öz əlini çəkmiş, insanlar
kimi onları da öz yurd-yuvasından eləmişdi. İndi birdən-birə
yalquzaqla üz-üzə gəlmək onları qorxudan çox, heyrətə salmışdı.
Hardasa yaxınlıqda açılan atəş səsi eşidilən kimi heyvan əvvəlcə
yerə sindi, ayağının birini götürüb ətrafı dinşəməyə başladı -
görünür, bu səslərə o da öyrəncəli idi - sonra isə saymaz bir
hərəkətlə döşlə dərəyə enib, cəngəllikdə yoxa çıxdı. Yalnız bundan
sonra onlar bir müddət bir-birinə, sonra isə canavar gedən səmtə
uzun-uzadı nəzərlərlə baxıb, yola düzəldilər.
Oğlan atasının ona niyə tək bircə güllə verdiyinin səbəbini indi
anlamışdı. Bunu bilə-bilə bacısından gizlətməyi nədənsə onu
əməlli-başlı yandırıb-yaxırdı. Üstəlik həm də xəcalət çəkirdi ki,
bu sirri açıb ona deməyə niyə axı mətanəti çatmır?! Guya, onun bunu
bilməyi ilə nə dəyişəcəkdi? Yola çıxandan təxminən yarım saat sonra
sözarası "ehh, sən heç nə bilmirsən" deyəndə də məqsədi dərdini
yüngülləşdirmək idi. Elə bilirdi danışsa, ürəyi boşalar. Əgər
bacısı yalvar-yaxara başlamasaydı, bu ağır yükün əzabından xilas
olmaq üçün, bəlkə də, hər şeyi açıb olduğu kimi danışacaqdı. Amma
qızın bu hərəkəti elə bil onu silkələyib ayıltdı. Axı hardan bilmək
olardı ki, onlar düşmənlə mütləq rastlaşacaqlar? Hətta belə bir
bədbəxtlik üz versəydi belə, hələ bilmək olmazdı ki, o nə ilə
qurtaracaq? Axı kim başına gələnləri əvvəlcədən bilir?!
- Sən heç adam öldürə bilərsən?! - sanki bacısı onun nə
vəziyyətə düşdüyünü hiss eləyib bu sualı vermişdi.
- Məəən?! - oğlan qəfil sualdan tutulan kimi oldu və
qeyri-ixtiyari olaraq tüfəngin soyuq, bumbuz lüləsini sıxıb, -
öldürəndə də öldürərəm, - deyə kişiyanə bir tərzdə cavab verdi. O
indi heç cür anlaya bilmirdi ki, dünənə qədər yola getmədiyi, hətta
ən adi şeyin üstündə belə saçlarından yapışdığı bacısına qarşı
qəlbində duyduğu hədsiz mərhəmət, görəsən, təkcə onun bilmədiyi
sirrəmi görədir, yainki düşdükləri vəziyyət bunu ona təlqin
edir?!
Axşamüstü hava tutuldu, yağış başladı və onlar heç gözlənilmədən
gəlib bir kəndin kənarına çatdılar. Nə qədər göz qoysalar da, bir
nəfər belə ins-cins görünmədi. Buna baxmayaraq, bu balaca yaşayış
məskəninə girməyə uzun müddət ürək eləmədilər. Əgər qız onun dediyi
ilə razı olsaydı, oğlan onu burda tək qoyub beş-on dəqiqəlik
kəşfiyyata getmək - o indi özünü döyüş meydanındakı əsgər kimi
aparırdı - fikrində idi, intəhası qorxusundan qız elə qara-qışqırıq
saldı ki, oğlan dediyinə də peşman oldu. Axırda əlacsız qalıb -
yağış onları cumculuq eləmişdi, başlarını gizlətməyə yer
axtarırdılar - kəndə birgə getməli oldular. Beş-altı uçuq-sökük ev,
yanan əşyaların külü, ətrafa səpələnmiş cır-cındır, adda-budda gözə
dəyən qab-qacaq və bir əyri-üyrü çarpayı - bütün kənd yalnız
bunlardan ibarət idi. O ev ki, damının yarısı qalmışdı, oğlan ordan
əl-ətəyi və qolları yanmış bir sırıqlı, bir də Nuh əyyamından qalma
dolabın gözündən uşaq xətti ilə yazılmış şagird dəftəri tapdı.
- Bizim kənddi, - dəftəri gözdən keçirə-keçirə oğlan elə
dilləndi ki, sanki yarasına məlhəm qoymuşdular. Sonra onlar hərəyə
bir dürmək aşırıb - bu onların şam yeməyi idi - səhər nə edəcəkləri
barədə məsləhətə başladılar. Oğlan xəlvətcə əlilə dəsmalda nə qədər
çörək qaldığını yoxladı və ürəyindən keçirtdi ki, əgər sabah bir
yana gedib çıxa bilməsələr, elə aclıqdan öləcəklər. Həmin andan
başlayaraq bu zəhlətökən fikir son ana qədər ondan əl çəkmədi.
Bacısı ona donduğunu bildirsə də, oğlan ocaq yandırmağa o qədər də
tələsmədi, qolundakı saatı barmağı ilə yoxlayıb ona beş dəqiqə
qaldığını bildirdi və onu qurdu. Balaca cihaz ona babasından
yadigar idi. Kişi onu gözləri tutulandan sonra Bakıdan aldırtmışdı.
Oğlan hər dəfə babasının saatın yandakı xırdaca düyməsini basıb
şüşəli qapağını qaldıraraq barmaqlarını millərin üstündə
gəzdirməklə vaxtı müəyyən etməsinə görsətmə bir şey kimi tamaşa
eləyərdi. Elə bil ömrün sona vardığı qocaya ayan olmuşdu: heç nə
olmaya-olmaya ölümünə bir gün qalmış saatı nəvəsinə bağışladı.
Görəsən, niyə?
Fikirləşəndə ki, xəstələnəndən sonra başlarına nələr gələ bilər,
oğlan tərəddüd etmədən ocaq çatmaq qərarına gəldi, hər şey hazır
olanda evin küncündə əyin-başlarını qurudub, əl-ayaqlarını
isitdilər. Ancaq nə illah eləsələr də, gözlərinə yuxu getmədi.
Gecənin hansı vədəsindəsə ara verən yağış təqribən bir saatdan
sonra yenidən güclənib dan üzünəcən kəsmədi.
Səhər çox gec açıldı. Sanki il tamam oldu. Obaşdan hərəyə əl
boyda çörək büküb yola düzəldilər. Hər tərəf göyümtül duman içində
idi və o bütün günü çəkilmədi. Hara getdiklərini oğlan heç özü də
bilmirdi, amma hər dəqiqə o, yoldaşını inandırmağa çalışırdı ki,
yol onları hara lazımdı, elə ora da aparır. Budaqları gəmi burazı
kimi möhkəm və sərt halda bir-birinə dolaşmış ağacların arasından
çətinliklə keçib düzə çıxdılar. Oğlan hansısa ağacın dibindən
tapdığı qozanı ehtiyatla və az-az çeynəyib tüpürdü. İyirmi-otuz
addım o tərəfi görmək mümkün olmasa da, ağ örpəyə bürünmüş küknar
ağaclarının əsrarəngiz görkəmi vardı. Yarpaqları qışda da solmayan
uca kollar elə yaraşıqlı idi ki, elə bil nə vaxtsa, kimsə onları
bir yerdə əkmişdi ki, qışın şaxtasında bir-birindən ayrı
düşməsinlər. Yolçularsa dayanmadan gedir, bir-birinə ürək-dirək
verə-verə irəli can atırdılar. Qız hərdən ayaq saxlayıb tərəddüdə
başlayanda, qardaşı onu dilə tutur, ya da düşmən pəncəsinə
keçəcəkləri ilə qorxuzurdu ki, yubanmasınlar. Soyuq, duman, nabələd
meşə yolu, hər an düşmənlə rastlaşmaq qorxusu - bir tərəfdən də
aclıq onların əhədini kəsmişdi.
- Çörək verim sənə? - desə də, heç bir cavab gözləməyən oğlan
böyüklər kimi hərəkət elədi; çörəyin əsas hissəsini yoldaşına
verib, balaca bir parçanı isə özünə götürdü. Ərzağa belə qənaət
etməsinə suallı nəzərlərlə baxan bacısı heç nə soruşmasın deyə,
oğlan onu qabaqladı, dedi, nə işdisə, iştahası yoxdu, di gəl qız
üzünü yana çevirən kimi əlindəki parçanı bircə udumluq elədi.
Günortadan az sonra, təxminən saat üçdə onlar ağaca zəncirlənmiş
nəhəng bir adamla üzbəüz çıxdılar. Bacısının qışqırdığını oğlan öz
gözlərilə gördü, ancaq onun səsi gəlmədi, kim bilə, bəlkə də, o
bunu eşitmədi, çünki bir gözü ağaca sarınmış adamda - başı çiyninə
düşmüş bu nəhəng varlığın bədənini güllə ilə şadaraya
döndərmişdilər - seyrək ağaclıqla üzüyenişə qaçan yoldaşını
səsləyəndə heç öz səsini də eşitmirdi. Sonra arxaya baxa-baxa o özü
də hərəkətə gəldi, sürəti tədricən artırıb qızın dalınca götürüldü.
Sanki hər şey elə indi - bu anda həll olunmalı idi. O, bacısını
çətinliklə sakitləşdirə bildi. Əsas işi də ölənin düşmən olduğunu
deməyi gördü... Amma o bu naqafil səhnədən necə sarsılmışdısa,
səhərəcən dilinə tikə də olsun çörək vurmadı. Suallarısa yalnız bu
barədə idi; onu kimlər eləyib, niyə eləyib, uşaqları hardadı,
görəsən, bilirlərmi ki, atalarını necə işgəncə ilə öldürüblər və
s...
İndi necə biləydin ki, dumanda onlara lazım olan yerin lap
yanından ötüb keçməyiblər? Bir dəfə onlar dayaz bir dərəyə
çataçatda it hürüşü, bir dəfə isə uca bir yalın başında hardansa
gələn at kişnərtisi eşidib ayaq saxladılar. Uzunmüddətli
məsləhət-məşvərətə baxmayaraq, heç biri o səmtə getməyə cəsarət
eləmədi. Bütün yol uzunu isə hey təəssüflənirdilər ki, o hadisədən
xoflanıb bu qədər ağciyər olmasaydılar, indi bəlkə də, öz
doğmalarının yanında əyləşib şirin-şirin söhbət eləyir, başlarına
gələnləri danışırdılar. Gecəki yuxusuzluq, səksəkə və qorxu, illah
da aclıq axşamtərəfi öz işini gördü. Oğlan balaca təpəciyə çıxıb -
duman az-maz seyrəlmişdi - ətrafı gözdən keçirərək geri qayıtdıqda
qız, hansı ahənglə ki, ölüm xəbərini deyərlər, elə o cür səslə də
ayaqlarının tutulduğunu bildirdi.
- Elə bircə bu çatmırdı! - qardaşı təəssüflə başını yırğalayıb
ovcunu qızın alnına qoydu. Onun qızdırma içində yanan dodaqları
iri, gözləri sönük, yanaqları qıpqırmızı idi. Oğlan deməsə də,
bunların hamısının qorxudan olduğunu hiss eləmişdi.
İndi o özü də nə eləyirdisə, ümidsiz eləyirdi, daha heç nəyə
gümanı qalmamışdı. Çörəkləri lap tükənmişdi, yolu itirmişdilər,
qarşıdan yenə şaxtalı qış gecəsi gəlirdi, üstəlik də bacısı o
kökdə... Nə qədər gözündən düşmüşdüsə, lüləsi bumbuz silahı da
gərəksiz bir dəmir parçası sanırdı.
- Gözlə burda! - axır ki, o özündə qüvvə tapıb dillənə bildi.
Rahat bir daldalanacaq tapmaq ümidilə əvvəlcə iti addımlarla düzünə
gedib ağacların arasında yox oldu, bir qədərdən sonra isə geri
qayıdıb həvəssiz halda orda münasib bir yer olmadığını bildirdi.
Sanki bununla da hər şeyə son qoyulmuşdu. O bunu solğun bənizli
qızın onu necə qorxu içində dinləməyindən başa düşdü və bu dəfə də
əks tərəfə üz tutdu.
Qayıdıb gəlməyi təxminən on beş dəqiqəcən çəkdi. O elə riqqətə
gəlmişdi ki, yalnız təsadüf nəticəsində ölümün pəncəsindən
qurtulmaqla o hala düşmək olardı. Üstəlik də o, qızı qoyub getdiyi
yerdə tapa bilməyib ətrafı gözdən keçirərək heç nə fikirləşmədən
gücü gələnə bağırdı. Canını sarmış vahimədən sanki bu yolla
qurtulmaq istəyirdi. Ayağı o vəziyyətdə bacısı hara gedə bilərdi;
qorxusundan süpürgə kimi hara qoysaydın, qız elə orda da qalan idi.
Daha bir dəfə qızı var səsi ilə çağırıb onu kolluqdan çıxaraq
axsaya-axsaya üzü bəri gələn gördükdə bundan ürəklənən kimi oldu,
əli ilə işarə elədi ki, gəlməsin, onu orada gözləsin.
- Orda, - deyib yoldaşının yanına çatanda həyəcanından udqundu
və heç vaxt duymadığı bir ürək çırpıntısı ilə dilinin ucuna
gələnləri tikə kimicə uda bildi, - orda, deyəsən, düşmənlər var,
lap yaxında, - o, tövşüyə-tövşüyə danışırdı, - onları mən özüm
gördüm.
Gördüklərini lap son anda gizlədə bildiyindən və uydurduğu
yalana qızın məhəl qoymamasından elə ruhlanmışdı, ani də olsa, onda
belə bir inam yarandı ki, gördükləri, bəlkə də, xülya imiş, o heç
bir meyitə-zada rast gəlməyib. Çünki qız da o qədər sadəlövh
deyildi ki, soruşmaya: əgər, doğrudan da, yaxınlıqda düşmənlər var
idisə, bəs o nə üçün elə fəryad qopartmışdı? Qorxmurdu ki, səsini
eşidərlər?
Onlar oğlanın təkidi ilə gedir, heç arxaya da baxmır, əllərini
hər şeydən üzmüş halda başlarını götürüb qaçırdılar. Qardaşı qoluna
girsə də, topuğu şişdiyindən qız ayağının birini, demək olar ki,
yerə basa bilmir, ağrıdan az qalırdı, bağırsın. Hər növbəti addımı
atmaq üçün sanki qəhrəmanlıq göstərmək lazım gəlirdi. Bununla belə
qorxu onu irəli elə qovurdu ki, var qüvvəsini sərf edib
dincələ-dincələ olsa da, seyrək ağaclarla örtülmüş təpənin o biri
üzünəcən gedə bildi. O qədər də böyük olmayan bir gölün sahilinə
çatıb dayandılar. Külək dumduru suları sahilə doğru elə qovurdu ki,
sanki o özü ilə adicə su yox, nəhəng mirvari boyunbağı
gətirirdi...
Oğlan bir qədər də getdikdən sonra bacısını çalada qoyub divar
kimi dik yamacı pişik cəldliyi ilə bir göz qırpımında dırmandı,
tezcə də geri qayıdıb - duman çəkilsə də, toran qovuşduğundan artıq
göz gözü görmürdü - qızı dolayı yolla gözaltı elədiyi yerə apardı.
Qarı ərimiş qayanın çıxıntısı nəhəng qanad kimi torpağı nəinki
qardan-yağışdan qorumuş, onu bəlkə də, ta bineyi-qədimdən gün üzünə
də həsrət qoymuşdu. Torpaq qupquru, yumşaq və rahat idi. İri
oyuqlardan hiss olunurdu ki, bura hansısa vəhşinin daldalanacaq
yeri olub. Oğlan qızın yerini rahatlayan kimi çır-çırpı yığmağın
hayına düşdü. Quşbaşı qar başlamışdı. Hava bir qədər soyuyan kimi
o, dənər qara çevrilib on dəqiqəyəcən kəsmədi. Buğda dənələri boyda
ağ gilələr yeri tam ağartmamış oğlan topladıqlarından qorxa-qorxa
tonqal çatdı. Onun hesabıyla, qalan azuqələri bu günə bəs edərdi.
Bəs sabah? Birisigün? O bu barədə düşünmək belə istəmirdi. Aclıq
axırlarına çıxsa da, çörəyə heç dillərini də vurmadılar. Elə bil
boğazları tikilmişdi. Qız çörək adı eşidəndə üz-gözünü elə turşutdu
ki, sanki onun yanında iyrənc bir şeydən söz açmışdılar. Oğlan
bəlkə də, bir tikənin dadına baxar, bu gözəl nemətin doymaq mümkün
olmayan ətrini acgözlüklə ciyərlərinə çəkərdi, ancaq yoldaşının bu
hərəkətindən sonra onu eləməyi şəninə sığışdırmadı. Düzünə qalsa,
amansız aclıq da küt bir ağrı ilə əvəz olunmuşdu.
Az-maz isinib rahatlanan kimi yuxu onu apardı. Böyrünə qısıldığı
bacısının səsini eşitsə də, o, qüvvə toplayıb gözlərini aça
bilmirdi. Təqribən iki saatdan sonra - ətraf zil qaranlıq idi -
səmada odlu kürə şəklində nəsə peyda oldu, bir anlığa sanki bütün
dünya işıqlandı, ardınca isə dəhşətli gurultu qopdu. Səsdən elə bil
yer-göy titrədi. Oğlan da yuxudan dəli kimi qalxdı. Onlar çalanın
dibinə qısılıb cınqırlarını da çıxartmırdılar. Qızı elə əsməcə
tutmuşdu ki, deyərdin bəs onu gözəgörünməz bir əl hikkə ilə
silkələyir.
- Qorxmursan? - oğlan sualı ona həyəcanını unutdurmaq üçün
vermişdi, elə bilirdi, ürək-dirək verən var, deyənə, o heç nədən
qorxmamalıdı, daha bilmirdi ki, hər şey tərsinədir. Niyyəti gec də
olsa, baş tutdu, indi o, mətləbsiz və mənasız şeylər söyləyir,
müharibə qələbə ilə başa çatandan sonra nələr eləyəcəyindən, hərəsi
dünyanın bir yerinə səpələnmiş həmkəndliləri ilə görüş anının
şirinliyindən ağızdolusu söhbət açırdı. Balaca ocağın öləziyən
işığında o, bacısının yuxuya getdiyini gördü. Hərarətdən onun
sifəti bir az da iriləşmişdi. Bir allah bilə bilərdi ki, bu dəm
oğlan özününkülərin yanında olmağı necə ürəkdən arzulayırdı. Söz
yox ki, bu istək əlçatmaz olduğundan belə şirin idi.
Çırpı qurtardığından gecə saat üçdə ocaq söndü. Dünən tapdığı
yarıyanmış sırıqlı indi burda olsaydı, üstlərinə çəkib necə də
rahat olardılar. O indi yatmağı ona görə arzulamırdı ki, canı
dinclik tapsın, daha çox ona görə arzulayırdı ki, başı-beyni
qorxunc, qara-qura fikirlərdən azad olsun, ancaq nə illah eləsə də,
daha çimir eləyə bilmədi, ürəyində yüzəcən saydı, harda olduğunu
unutmağa çalışdı, di gəl, bunların heç bir köməyi olmadı. Ən çox da
gündüz çalada gördüyü başsız meyitlər xəyalından çıxmırdı. Onun
hesabı ilə, hadisənin baş verdiyi bir gündən artıq olmazdı. Bütün
ətraf qana bələnmişdi. Görünür, yırtıcılar da öz qənimətlərini elə
indilərdə gəlib tapmışdılar, çünki onları elə quduzcasına
didib-parçalayırdılar ki, elə bil dünyanın axırı-zadı idi.
Qız səhəri "su" kəlməsi ilə açdı. Onlar gölün sahilinə də elə bu
məqsədlə endilər. Dili ağzında yansa da, oğlan onu çox su içməyə
qoymadı, arxayın elədi ki, irəlidə bulaq var. Sonra əzablı günlərin
ən şirin dəqiqələri - yemək anı gəlib çatdı. Dillərinə dolamasalar
da, onun hər ikisi balaca süfrənin açılacağı dəmləri ürək
çırpıntısı ilə gözləyirdilər. Sanki ordan dünyanın ən ləziz və
tamlı nemətləri çıxacaqdı.
Oğlanın təxmininə görə, çovğun başlanmalıydı, odur ki, bu dəfə
süfrə daha tez yığışıldı. Öz payını bircə udumluq eləyən oğlan:
- Gedək! - deyə elə qətiyyətlə dilləndi ki, sanki irəlidə onları
gözləyən-zad vardı. Qızın halı özündə deyildi, amma təkcə buna görə
yola çıxmasaydılar, yaxud ləngiyəsi olsaydılar, nə bilmək olardı
ki, səhərəcən, ya elə bu gün axşamacan o, mütləq özünə gələcək?!
Cavabında qız bildirdi ki, ağrımayan yeri yoxdur, elə bil
oynaqlarına xışmayla duz doldurublar. İntəhası bu işdə onun günahı
olmadığını bildiyindən canını dişinə tutub güc-bəla ilə ayağa
qalxdı. Xeyli müddət tərpənmədiyindən o, qəddini çətin,
ufuldaya-ufuldaya, həm də çox gec düzəldə bildi. Dadı damağında
uzun müddət qalsın deyə həmişəki kimi öz payını çox asta-asta yeyən
yoldaşına, onun ağzını şirin-şirin marçıldatmasına nəzər saldıqca
oğlan yal görmüş ac it kimi udqunurdu. Onlar sakitcə gedir və heç
nə danışmırdılar.
Hər tərəfi yalnız ağaclardan, kollardan, kötük və budaqlardan,
başı yaz dumanına bürünmüş dağlardan ibarət olan düz-dünya o qədər
sonsuz idi ki, qız sadəlövhcəsinə:
- Heç indiyəcən bilmirdim ki, Azərbaycan belə böyükdü, -
dedi.
- Hələ nə görmüsən ki? - oğlan elə tərzdə cavab verdi ki, sanki
indiyədək sınıq-salxaq kənd avtobusu ilə rayon mərkəzinə tək bircə
dəfə gedib-qayıdan heç o deyildi.
Dərin yarğanın kənarında köklü-köməcli qopmuş ağacı görüb ayaq
saxladılar. Aclıqdan oğlanın gözləri qaralırdı. O bunu büruzə
verməsə də, ağappaq süfrənin tən ortasında buğlanan zəfəranlı plovu
göz önünə gətirməkdən gözləri işıqlanır, sanki bu şirin xəyaldan da
təsəlli tapıb toxtayırdı.
Çayı keçib döşlə üzüyuxarı səmtləndilər. Sonra düz gəldi, bir
azdan daşlıq başlandı. Qarın üstündə hansısa vəhşinin iri ləpirləri
var idi. Sanardın ki, yerə biri digərinin təkrarı olan minlərlə
naxış salıblar. Yolboyu uzandıqca-uzanan ayaq izlərinə baxan oğlan
dedi ki, bu, onların gəlişi münasibətilədi, görürmü yolu nə
bəzəyiblər?! Yoldaşı dillənməsə də, onun sözlərinə dodaqucu, soyuq
təbəssümlə cavab verdi.
Oğlanın yoldaşından narazılıq etməyə haqqı yox idi, çünki o,
demək olar ki, geri qalmır, təkcə hərdən bir tikə çörək istəyirdi.
Günortayayaxın külək bir qədər də şiddətləndi, qar tökəndə isə əsl
çovğun başlandı. Oğlan indi birdəfəlik əmin idi ki, onlar ya
acından öləcək, ya da qurd-quşa yem olacaqlar. Bu onun qəti yəqini
idi.
Küləyin istiqamətini təyin etmək çətin olduğundan onlar hara
gəldi gedir, yalnız təbiətin bu amansız şıltağından can qurtarmağa
çalışırdılar. Əgər dayansaydılar, əlbəəl donardılar. Onları xilas
eləyən də daima hərəkətdə olmaları idi. Bu hal təqribən saat yarım
çəkdi. Tədricən külək, sonra isə qar kəsdi. Ara sakitləşən kimi
qalan bir parça çörəyi də dədə malı tək tən bölüb yola düzəldilər.
İndi son an üçün bir qoşa ovuc çörək qırıntısı qalmışdı, vəssalam.
Üzə vurmasa da, aclıq oğlanın lap axırına çıxmışdı. Heysizlikdən
başı gicəlir, gözləri qaranlıq gətirirdi. Hətta bəzən o dərəcəyə
gəlib çatırdı ki, az qalırdı yıxılsın. Əgər ölümünü gözünün altına
almasaydı, bu dəqiqə bir tikə çörək üçün o, düşmən qapısına getməyə
belə hazır idi. Ona görə də bir dəqiqə getdikdən sonra - əgər zənni
oğlanı aldatmırdısa, o həmin tərəfdə səs eşitmişdi - üstündə
ağızsulandıran meyvələr qalmış ağacla rastlaşanda gözlərinə elə bil
işıq gəldi. Düzdür, o, bu meyvələrdən cəmi üçünü sala bildi,
üstəlik də bir xeyli vaxtları ağacın dibində oturub aşağıdan-yuxarı
baxmağa getdi, ancaq oğlan bu acizliyi ilə heç cür barışa bilmir,
oturub-oturub yenidən ağaca hücum çəkirdi. Onun bütün cəhdləri boşa
çıxsa da, nəfs getməyə heç cür aman vermirdi.
Hava açdı, uzaqlar aydınlaşdı. Axşamayaxın meşənin kənarıyla
uzanıb gedən bir yola çıxdılar. İzindən göründüyü kimi çovğundan
sonra - bəlkə də, onlar dərədə olanda - buradan maşın keçmişdi.
Oxşayır ki, hansısa yaşayış məntəqəsinin həndəvərinə gəlib
çıxmışdılar. İndi onlar bayaqkı adamlar deyildilər. Həyəcanları
an-an, aram-aram artırdı. Növbəti dikə qalxan kimi əvvəlcə damların
bacasından çıxan tüstü, sonra isə qırmızı kirəmitli binaların
özləri görünməyə başladı. Hər atılan addımdan sonra kənd bir az da
böyüyürdü. İndi heç bir qorxu hissi onların yolunu kəsməyə qadir
deyildi. Ondan əsər-əlamət belə qalmamışdı. Çörək - vəssalam!
Yeganə istəkləri bu idi! Bu amansız duyğu onları irəli, yalnız
irəli qovurdu.
- Mən sənə deyirdim axı burda kənd olmalıdı! Gördün ki!
Sevincdən üz-gözləri alışıb-yanan yolçular artıq öz
xoşbəxtliyinə inanmayan adamlar kimi gedirdilər: yeyin-yeyin, heç
nədən ehtiyat eləmədən...
- Biz burdayıq, burda! - kəndarası yolla gedib-gələn adamları
görcək ehtizaza gəlmiş qız çığıraraq dəsmalı bayraq təkin başının
üstə yelləməyə başladı. Hər şeydən hiss olunurdu ki, o, ixtiyarsız
olaraq qışqırır. Qəbiristanlığa çatmağa azca qalmış onlar
dayandılar və gördülər ki, yaldakı tankın yanında gəzişən adamlar
ayaq saxlayıb səs gələn tərəfi necə diqqətlə dinşəməyə başladılar.
Bu anda onların, illah da qızın sevinci yerə-göyə sığmırdı. Bundan
da böyük xoşbəxtlik? Qarlı-şaxtalı gecəni qorxudan əsə-əsə meşədə
qalmalı olmayacaq, on beş-iyirmi dəqiqədən sonra qarındolusu çörək
yeyəcək, isti sobada qızınacaqdılar. Bu, onların həyatda, bəlkə də,
ən bəxtiyar anları idi...
- Buraaa, - deyib qəbir daşından üç-dörd addım aralıda dayanmış
oğlan dərhal kağız rəngi aldı və sözünün dalını gətirə bilmədi.
Həyəcandan üzünün dərisi səyriyir, hülqumu tez-tez yenib-qalxır,
gözləri gah irilib, gah da kiçilirdi, - bura onların kəndidi, - o
bu sözləri dili topuq vura-vura dedi və dərhal da bacısına arxaya,
meşəyə qaçmağı əmr elədi.
- Qaç deyirəm, sənə, - o, böyüklərə məxsus amiranə bir səslə
dillənib üzərində xaç işarəsi olan başdaşını və ilan-qurbağanı
xatırladan, içi tuş kimi qara rəngli hərfləri göstərdi. Hara gəlib
çıxdıqlarını qız yalnız indi anladı və dərhal da üzündə asılmağa
aparılan adamın üzündəkinə oxşar bir ifadə yarandı...
- Onlar bizi tapacaqlar! - ümidsizlik və qorxudan addım atmağa
heyi qalmayan qız qolundan tutub var qüvvəsilə onu irəli dartan
qardaşına qaçmağın əbəs olduğunu xatırlatdı. Əvəzində oğlan onu
başa saldı ki, vaxtı itirməsin, qaçsın. O bilirdi ki, axırları
çatıb, ümid yalnız möcüzəyə qalır. Bacısını da özünə qoşub əl-ayağı
didilə-didilə, yıxılıb dura-dura onu irəli aparan da bu inam idi.
Talaya çatan kimi o, qızı irəli ötürüb özü arxaya qaldı və ilk
güllə səslərini də burada eşitdi. Ağaclıq yenidən onları öz qoynuna
aldı. Güllə qarovuldan düşsə də, hələ aydınlıq idi, toran
qovuşmamışdı, ancaq ağaclıq qalınlaşdıqca qaranlıq da qatılaşırdı.
Hardan biləsən ki, elə həmin an nəfəsi çiyinlərindən çıxan qızın
üzüqoyulu yerə gəlməyi taleyin işi deyil? O, ufuldaya-ufuldaya
yerindən qalxmağa cəhd eləsə də, bunu bacarmayıb günahkar tərzdə
qardaşına nəzər saldı və ağrıdan - o cür ki, dişlərini bir-birinə o
sıxmışdı, əgər özünü saxlamayıb, qışqırsaydı, olsun ki, fəryadı
ərşi-əlaya qalxardı - gözlərini yenidən yumdu. Bu, hər şeyin
bitdiyini başa düşən bir adamın fəlakət anını öz gözlərilə görməmək
üçün kirpiklərini qapamağına necə də çox oxşayırdı! Oğlan başını
yırğalayıb ani də olsa, ətrafı gözdən keçirtdi. O bilmirdi, kimi
lənətləsin ki, ürəyi soyusun? Nəyə görə axı bu vəziyyət məhz elə
indi baş verməliydi?!
- Sizin xaçınıza lənət! - bir vaxtlar böyüklərdən eşitdiyi
söyüşü elə onlardan eşitdiyi ahənglə də təkrar eləyən oğlan
yumruqlarını düyüb dişlərini elə qıcadı ki, bağırmaqdan özünü nəyin
sayəsində saxlayırdı, bəlli deyildi. İndi onun üçün zərrəcə də
olsun əhəmiyyəti yox idi ki, yoldaşının ayağı sınıb, ya o,
halsızlıqdan, qorxudan tərpənə bilmir; qaçmaq onsuz da mümkün
deyildi, artıq hər şeyə son qoyulmuşdu. İndi yalnız bircə şey
qalırdı: atasının tapşırığını yerinə yetirmək!
- Qaç canını qurtar, onsuz da məni belə apara bilməzsən!
Oğlan bu səsdən elə vəcdə gəldi ki, əlləri əsdiyindən gilizi də
lüləyə qoya bilmədi. Görəsən, bu heç nədən xəbəri olmayan zərif
qızcığazın ona can yandırması idi, yoxsa onu bu dar ayaqda atıb
gedəcəyinə əmin olan adamın qardaşını yoldan saxlamaq cəhdi? Bir
anlığa oğlana elə gəldi ki, bacısı işin nə yerdə olduğunu duyub.
Bəlkə də, ağzından qaçırtdığı adicə bir söz, ya elə atasının
şübhəli hərəkətləri onu duyuq salmışdı?! Lap elə belə idisə,
yoldaşının onu qoyub getməyəcəyini bilməli idi. Ya onu da özü ilə
aparmalı, ya da öldürüb getməli idi. Bu qanı ona, bacısına həyat
verənin özü halal eləmişdi. Həmin səhnəni göz önünə gətirəndə
oğlanı qəhər boğdu, onun dodaqları titrədi və dərhal da gözlərində
yaş parladı... Yalnız bundan sonra o özündə qüvvə tapıb əvvəlcə
tüfəngi ağaca söykədi, qollarından yapışdığı bacısını ağacın altına
- nisbətən dalda yerə sürüdü və qayıdıb silahı götürdü. Avtomat
səsləri və it hürüşünü andıran danışıqlar elə yaxınlıqda eşidilirdi
ki, ləpiraxtaranlar sanki beşcə addımlıqda idilər. Gözləri gah
irilib hədəqəsindən çıxan, gah da qıyılıb bapbalaca olan oğlan
ağaclıqdan o tərəfdə, axşamın alatoranında adam qaraltıları gözə
dəyən kimi çaxmağı ayağa çəkdi. O indi bacısı ilə üzbəsurət
dayanmışdı, düşmənlərlə məsafə beş-altı addım ola, ya olmaya idi.
Necə ki, uzun illərin xəstəliyindən sonra dil açan adamlar danışar,
bayaqdan bəri nitqi tutulmuş qız da o cürə dilə gəldi:
- Seymuuur!
Bu, adicə çağırış yox, ölmək istəməyən insanın yalvarış nidası
idi və nədənsə oğlana elə gəldi ki, bu səs dünyanın lap o başına da
gedib çatdı. Ancaq heç kim ayaq saxlayıb, onlara tərəf dönmədi,
hamı - onlar on-on iki nəfər olardılar - tala ilə düzünə
qaçırdı.
Birdən oğlanın dizləri qatlandı, o, silahı qarın üstünə ataraq
bacısının çiyinlərini qucaqladı. Axı belə anda nə biləsən ki, bu,
təhlükənin sovuşduğundan yaranan sevincdi, yoxsa əli bacı qanına
batmayan qardaş bəxtiyarlığı?!...
Onlar təzə yağmış qarın üstü ilə səssiz-səmirsiz
irəliləyirdilər. Ucları aşağı əyilmiş budaqlardan tutaraq
əyilə-əyilə dolayısı ilə dırmanıb zirvəyə çatmağa az qalanda oğlan
yoldaşına onu burda gözləməyi tapşırdı. Özü isə seyrək ağaclıqla
yamacı dikinə qalxmağa başladı və tezliklə ora çatdı.
- Dayan! Əllər yuxarı!
Bayaqdan başı qarşıdakı yamacda görünən kənd evlərini seyr
etməyə qarışmış oğlan doğma dildə eşitdiyi səsə geri çevrildikdə
qarşısında əsgər dayandığını gördü. Əlində də ona tuşlanmış
avtomat...
- Sən biz... bizimki?.. - oğlanın dili topuq vurdu.
Mehriban çöhrəli əsgər gülümsündü:
- Həə, mən sizinkilərdənəm.
"Əsir" qollarını yana açaraq əsgərin üstünə cumdu və tanımadığı
adamı elə qucaqladı ki, guya, çoxdan ayrı düşmüş doğması ilə
tapışmışdı...
- Zümrüüüüd! - bir azdan səsi dərədə əks-səda verən oğlan
qayıdıb bacısına tərəf elə qaçırdı, sanki səsindən də qabaq özü ona
çatmaq istəyirdi!
Küləksə arxada qalan kəndin ortasındakı ən yaraşıqlı binanın
üzərinə sancılan üçrəngli bayrağı aram-aram dalğalandırmaqda
idi.
noyabr, 1992