Seçmək və seçilmək hüququnun yaş həddi baxımından
eyniləşdirilməsi heç də 18 yaşda vətəndaşların mütləq olaraq Milli
Məclisə üzv və ya prezident seçilməsi anlamına gəlmir.
Axar.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni
Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Azərbaycan
qəzetinə müsahibəsində deyib.
Ə.Əhmədovun sözlərinə görə, hər hansı bir iddiaçının Milli
Məclisin üzvü seçilməsini şərtləndirən əsas cəhət yaş həddi yox,
yetərli nüfuza, hörmətə, təcrübəyə, xalq və dövlət qarşısında
xidmətləridir:
"Konstitusiya Aktında passiv seçki hüququ baxımından aşağı yaş
həddinin 18 yaş müəyyənləşdirilməsini mütərəqqi təklif kimi
qiymətləndirməkdən savayı ədalətli yol qalmır. Söhbət seçmək və
seçilmək hüququnun yaş həddinin məhdudlaşdırılmasını mümkün olan
qədər aradan qaldırmaqdan gedir. Aktiv seçki hüququ səviyyəsində
müəyyənləşdirilmiş seçilmək hüququnun optimallığı məsələsinə
gəldikdə isə bir sıra vacib cəhətlərin mütləq şəkildə nəzərə
alınması gərəkdir. Əvvəla, Azərbaycan haqqında söhbət gedən
məhdudiyyəti aradan qaldıran yeganə ölkə deyildir. Səhv etmirəmsə,
Fransada prezident seçilmək üçün yaş senzi adlanan məhdudiyyət
mövcud deyildir. Burada seçilmək hüququ seçmək hüququ olan bütün
vətəndaşlara şamil edilir. Əlbəttə, bu cür normanı qəbul etmiş
digər ölkələr də var və mən onların hamısını sadalamaq fikrində
deyiləm.
İkincisi, seçmək və seçilmək hüququnun yaş həddi baxımından
eyniləşdirilməsi heç də 18 yaşda vətəndaşların mütləq olaraq Milli
Məclisə üzv və ya prezident seçilməsi anlamına gəlmir. Söhbət
konstitusion seçilmək hüququnun demokratik təminatından gedir.
Konkret olaraq, hansı yaşda olan iddiaçının Milli Məclisin üzvü və
ya ölkə prezidenti seçilməsi məsələsinin həlli seçiçilərin rəyindən
asılıdır. Fikrimin təsdiqi olaraq bir faktı nümunə gətirmək
istərdim. Ölkələrin çoxunda prezident seçilmək üçün aşağı yaş həddi
35-dir. Lakin həmin ölkələrdə kiminsə 35 yaşında prezident
vəzifəsinə seçildiyini xatırlaya bilmirəm. Məsələnin nəzərə
alınması çox vacib olan bir cəhətini unutmamağınız gərəkdir.
Hüququn təsbit olunması ondan hər bir iddiaçının istifadə edə
bilməsi demək deyildir. Bununla əlaqədar digər şərtlər də yerinə
yetirilməlidir.
Seçilmək hüququna gəldikdə, əlbəttə, əsas amil kimin iddiaçı
olması deyil, seçicinin rəyidir. Hər hansı bir iddiaçının Milli
Məclisin üzvü və prezident seçilməsinə əsas verən təkcə onun
müəyyən edilmiş yaş həddi tələblərinə cavab verməsi deyil, həm də
insanların ona səs verməsi üçün yetərli nüfuza, hörmətə, təcrübəyə,
xalq və dövlət qarşısında xidmətlərə malik olmasıdır. Bunları
qazanmaq üçün isə bəzən heç 10-15 il kifayət etmir. Belə olan halda
ağlabatan yaş həddində müəyyən edilmiş seçilmək hüququ heç bir
təhlükə mənbəyi olmadan, artıq qeyd edildiyi kimi, həm hüquq və
azadlıqlar sferasını, həm də xalqın seçim imkanlarını
genişləndirir".