Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat
məsələləri üzrə sabiq müşaviri Turqut Ərlə Azərbaycanın xalq şairi
Sabir Rüstəmxanlı arasında söz davası vaş verib.
Axar.az Modern.az-a istinadla xəbər verir ki, qalmaqala səbəb
Turqut Ərin xalq şairi Sabir Rüstəmxanlının xanımı, Azəri-Türk
Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı haqqında Feysbukda
müzakirə başlatmasıdır.
Turqut Ər Tənzilə Rüstəmxanlını azərbaycanlıların milliyətini
"azəri" olaraq göstərməkdə, Türkiyədə və Azərbaycanda bir-birinin
əksi olan çıxışlar etməkdə, eks-prezident Elçibəyi pisləməkdə,
Bəylər Eyyubovla qohum olmaqda, Azərbaycanın hazırki iqtidarını
dəstəkləməkdə qınayıb.
Turqut Ərin müzakirəsinə qoşulan bəzi ictimai-siyası fəallar da
yazdıqları şərhlərlə eks-səfirə dəstək veriblər.
Xalq şairi Sabir Rüstəmxanlı isə olaydan çox qəzəblənib. O,
müzakirələrə qoşulan kişiləri bir xanım haqqında qeybət etməkdə
suçlayıb, eyni zamanda Turqut Ərə hiddətlənərək, onu Tənzilə
Rüstəmxanlı haqqında yazdığı statusa görə sərt tənqid edib.
"Heçmi kişilik, namus, ədalət, milli qeyrət qalmayıb sizlərdə?
Siz milli azadlıq hərəkatını, Azərbaycanın indiki durumunu, türk
dünyasının problemlərini, Elçibəyi və ona xəyanət edənləri, Heydər
Əliyevi və onun komandasını nə qədər müzakirə edirsiniz, edin.
Bunun mənim xanımıma, mənə nə aiddiyyəti?
Kişi də millətinin hər halda müəyyən xidmətləri olmuş bir
şəxsinin qadını haqqında kişiyə yaraşmayan yalanları uc-uca calayıb
bu qədər çirkaba batar? Bu küçə dedi-qodularını, arvad qeybətlərini
özünüzə necə yaraşdırırsınız. Məni təəccübləndirən bu ağız-ağıza
vermiş sürünün içində tanıdığım və yanlış olaraq adam saydığım
birilərinin olması və bu təhqirlərə cavab verməmələri və ya axına
qoşulmalarıdır. Siz heç min nəfər də sizin kimilər yığışsa, mənim
millətimin mədəniyyəti, mətbuatı, ədəbiyyatı, mənəvi dünyası üçün
elədiklərimin onda birini edə bilməzsiniz. Sizi yandıran budur.
Mənim iradım Turqut Ərə və onun yarıermənicə yazılmış
mətninədir. Turqut bəy, sən mənim xanımıma verdiyin birinci sualı
öncə 80 milyonluq Türkiyəyə sor. Sor ki, Azərbaycan türklərinə niyə
"azəri" deyirlər? Sən hələ uşaq olanda mən Azərbaycan və Türkiyədə
eyni bir millətin yaşadığını, hər ikimizin türk olduğumuzu
dəfələrlə yazmışam. Bununla belə, "azəri" də bizə yabançı deyil və
ən əski türk boylarından birinin adıdır. Vaxtilə, yəni sovet
dönəmində Azərbaycan Milli Ensiklopediyası "Azəri Milli
Ensiklopediyası" adı altında çıxdığından millətçilik damğası vurub
bu ada görə kitabı yasaqlamışdılar. İmkanın var, bizə "azəri" deyən
bütün dünyanı susdur, görüm necə susdurursan.
İkincisi, biz kiminlə qohum olub, kiminlə olmadığımız barədə heç
kimə hesabat vermirik. Çünki bu heç nəyi dəyişmir. İnsanı
qohumluğuna görə yox, işinə görə qiymətləndirərlər. Bu mağara
psixologiyasının vaxtı çoxdan keçib. Və məni də sənin kimlərlə
qohum olmağın qətiyyən maraqlandırmır.
Üçüncüsü, sən diplomatiyanı yaxşı bilirsən. Böhtan atma! Biz
Türkiyədə heç vaxt Elcibəyin əleyhinə söz deməmişik. Ən azı ona
görə ki, biz Elçibəylə yaxın dost, sirdaş olmuşuq və Türkiyədə bunu
hər kəs bilir. Elçibəyi guya bizdən çox istəyənlərə məsləhət
görərdim ki, mənim "Dərdə əyilmə" kitabımda "Elçibəyin xəstəliyi"
məqaləsini oxusunlar. Elçibəyi bizdən yox, yalançı elçibəyçilərdən
və onun adıyla alver edənlərdən qorumaq lazımdır.
Mən kimin kimliyini bəlkə də hamıdan yaxşı bilirəm. Ancaq tarix
haqqında danışmaq o qədər də sadə iş deyil. Gərək heç kimin haqqını
başqasına yedirtməyəsən.Yaxşı ki, mən çəkinmədən o illərin bütün
olaylarını yazmış və çap etdirmişəm.
Bizim Türkiyədəki bütün görüşlərimizin, televiziya
çıxışlarımızın lent yazıları saxlanılır və bir surəti də bizdədir.
Mənim və ailəmizin heç vaxt Türkiyədən heç bir umacağım olmayıb və
yoxdur. Bizi başqalarıyla qarışdırmayın. Əksinə, mən indiyədək
Türkiyədən ən azı 50 gəncin oxumasına yardımçı olmuşam. Bir neçə il
öz partiya qərərgahımın bir hissəsini türkiyəli öyrəncilərə yurd
olaraq vermişəm. Parasız. Bir daha deyirəm, əvəzində Türkiyədən heç
nə gözləməmişəm, hətta hər hansı kitabımın nəşrini də. Məni yaxşı
tanıyan bir insanın bizi mədhiyyəçi sayması onu göstərir ki, o,
qərəzli və havadan danışır. Mənim yoldaşımın hakimiyyəti mədh
etməsini hansı əsasla deyirsən?
O deyib ki, ölkə dağılmaq təhlükəsiylə üz-üzə qalanda Heydər Əliyev
ölkəni xilas etdi. Budurmu mədhiyyə? Elçibəyi sevirsinizsə, onun
qərarına da sayğı göstərin, çünki doğrudan da ölkənin ağır
günlərində Heydər Əliyevi o, özü dəvət etdi. Biz tarixdə
eşələnməkdənsə, hər birinin öz xidmətləri olmuş insanlarımıza
müxtəlif damğalar vurmaqdansa, gələcəyəməzi düşünməliyik. Təəssüf
ki, bu cür dedi-qodular bizi parçalayır və dolayı yolla erməni
dəyirmanına su tökür. Bir daha belə çirkablara cavab vermək
niyyətim yoxdur".