Bu gün Hindistanın məşhur siyasi xadimi İndira Qandinin
ölümündən 22 il ötür.
Axar.az dünyaca məşhur siyasətçinin həyat və fəaliyyətinə
yenidən nəzər salır.
İndira Qandi 19 noyabr 1917-ci ildə Hindistanın şimalındakı
Uttar Pradeş əyalətinin Allahabad şəhərində görkəmli siyasətçi,
azadlıq mübarizi Cəvahirləl Nehru və Kamalanın ailəsində dünyaya
gəlib. Bu ailənin siyasi fəaliyyəti isə tanınmış vəkil Motilal
Nehru tərəfindən qoyulmuşdu.
Baba Nehru ingilis müstəmləkəçiliyinə qarşı çıxan millətçi
Ümumhindistan Milli Konqresinin aparıcı liderlərindən biri idi.
İndiranın atası Cəvahirləl Nehru da öz atasının yolu ilə gedərək,
Hindistanda müstəqillik hərəkatının liderinə çevrilmişdi.
İndira anadan olanda atası Cəvahirləl Nehru Mahatma Qandinin
rəhbərliyi ilə başlanan müstəqillik hərəkatına qoşulmuş və tezliklə
əfsanəvi liderin ən yaxın silahdaşlarından birinə çevrilmişdi. Uşaq
ikən evlərində keçirilən siyasi toplantıların şahidi olan İndira o
zamanın ən məşhur simalarından olan Mahatma Qandi ilə yaxından
tanış olmuş və ondan təsirlənmişdi. Bir az yaşa dolandan sonra o da
nəfəs aldığı siyasi həyatın təsiri ilə gənclər arasında "Vanara
Sena" hərəkatını qurdu. Hərəkat üzvləri ölkədə müstəqillik çağırışı
ilə siyasi aksiyalar keçirir və bununla da ictimaiyyətin diqqətini
özlərinə cəlb edirdilər. Eyni zamanda hərəkat üzvləri Ümumhindistan
Milli Konqresi fəallarının polisin təqiblərindən xilas olmalarına
yardım edirdilər.
O, 18 yaşında olanda anası vərəm xəstəliyindən dünyasını
dəyişdi. Həmin dövrdə o, təhsilini davam etdirmək üçün İngiltərəyə
getdi. Elə orada da Ümumhindistan Milli Konqresinin üzvlərindən
olan Feroz Qandi ilə tanış oldu. Bir çoxlarının hesab etdikləri
kimi, İndira Qandi Mahatma Qandi ilə qohum deyildi. Bu soyad ona
əslən fars (oda sitayiş edənlər) icmasından olan həyat yoldaşı
Feroz Qandidən miras qalıb.
Yeri gəlmişkən, fərqli dini təriqətlərə məxsus olduqlarına görə
onların arasında rəsmi nikah qeyri-mümkün idi. Ancaq bütün bunlara
baxmayaraq, burada da İndira Qandi özünün sərt və dönməz
xarakterini göstərərək, 1942-ci ilin martında onunla evlənmişdi.
Bir il sonra gənc ailə Mahatma Qandinin rəhbərlik etdiyi "Quit
İndia" hərəkatında fəal iştirak etdi. Lakin az sonra həbs edildilər
və 243 gün zindan həyatı yaşadılar.
1944-də ilk oğlu Raciv, bir il sonra da Sancay dünyaya gəldi.
Gərgin illər Pakistanla Hindistanın yollarının ayrıldığı və bölgədə
iki müstəqil dövlətin meydana çıxdığı 1947-ci ildə İndira ölkəsinə
gələn qaçqın və köçkünlərə yardım edirdi. Bu da onun siyasi aləmdə
nüfuzunu xeyli artırmışdı. Həmin dövrdə İndira və əri Feroz
Allahabadda yaşayırdılar.
Hindistan müstəqilliyini əldə etdikdən sonra baş nazir olan
atasına yardım etmək üçün İndira Dehliyə gedir, Feroz isə
Allahabadda qalır.
Dehlidə İndira atasının həm katibi, həm də məsləhətçisi olaraq
çalışmağa başlayır. O, atası ilə birgə xarici ölkələrə səfərlərdə
iştirak edir. Bu səfərlər onun siyasi lider kimi püxtələşməsində
önəmli rol oynayır.
1951-ci ildə müstəqil Hindistanda ilk azad seçkilər keçirilir.
O, bu seçkilərdə həm atasına, həm də ayrı yaşamalarına baxmayaraq,
əri Feroza yardım edir.
Feroz hökumətdəki korrupsiyaya qarşı mübarizəyə başlayır və
sığorta şirkətlərindən birində bununla bağlı ciddi nöqsanları üzə
çıxarır. Onun bu mübarizəsi İndiranın atasının qurduğu hökumətdə
maliyyə naziri vəzifəsini tutan şəxsi vəzifəsindən istefa verməyə
məcbur edir. Bu, İndira ilə Feroz arasında münasibətləri
gərginləşdirir və sonda onlar boşanmalı olurlar.
Az sonra Feroz infarkt keçirərək yatağa düşür. Boşanmalarına
baxmayaraq, İndira Kəşmirdə yaşayan keçmiş ərinin yanına gedərək
bir müddət onun qayğısını çəkir. Ərinin ölümündən sonra isə bütün
həyatını siyasətə həsr edir.
1959 və 1960-cı illərdə o, Milli Konqresin rəhbəri seçilir.
Ancaq bunun atasının nüfuzuna xələl gətirdiyini və onun haqqında
pis fikir formalaşdırdığını nəzərə alaraq, 1962-ci ildə keçirilən
seçkilərdə iştirak etmir. 1964-cü ildə atası vəfat edir və bu vaxt
o, baş nazir Şastrinin təklifini qəbul edərək informasiya və
mətbuat naziri olur.
Bu zaman ölkənin cənubunda hind dilində danışmayan əyalətlərdə
hind dilinin rəsmi dövlət dili kimi işlədilməsinə qarşı üsyanlar
baş verir. Qandi bu səbəbdən də üsyan edən əyalətlərin ən iri
şəhərlərindən olan Mədrəsə gedir və hökumət əleyhinə çıxışların
yatırılmasına başçılıq edir. Bu onu daha da şöhrətləndirir.
Artıq onun hakimiyyət zirvəsinə gedən yolu açılmışdı.
Pakistan ordusu qapıda, İndira istirahətdə
1965-ci idə Hindistanla Pakistan arasında savaş baş verir. Həmin
vaxt İndira Şrinaqar bölgəsində istirahətdə idi. Pakistan ordusunun
bölgəyə hücuma başladığı bir vaxtda o, yaxınlarının Şrinaqarı tərk
etmək təklifini rədd edir və bölgənin müdafiəsinin təşkilinə
başlayır. Bununla da hücumun qarşısı alınır və Pakistan əsgərləri
geri çəkilməyə məcbur olurlar.
Bu hadisə Qandinin əhali arasında hörmətinin daha da artmasına
səbəb olur. İki ölkə arasında baş verən münaqişənin aradan
qaldırılması üçün Daşkənddə aparılan danışıqlar zamanı Baş nazir
Şastrinin ürəyi qəfil dayanır. Bundan sonra ölkə yenidən seçkilərə
getmək məcburiyyətində qalır.
1966-cı ildə keçirilən parlament seçkilərində Qandi rəqibi
Morarji Desaini qabaqlayaraq qələbə çalır. Bununla da o, ölkənin
müstəqilliyi tarixində 4-cü və ilk qadın baş nazir olur.
Amma partiya daxilində Qandinin baş nazir seçilməsinə
qısqanclıqla yanaşanlar da var idi. Ona görə də 1967-ci ildə o,
dəstəyi kənarda axtarmağa başladı və yalnız sosialistlərin yardımı
nəticəsində baş nazir kürsüsünü qoruyub saxlaya bildi. Qandi
sosialistlərin verdiyi bu dəstəyə cavab olaraq, ölkədəki bir sıra
bankları milliləşdirdi. Əslində bu milliləşdirmə həm də o dövrdə
SSRİ-nin dəstəyini və yardımını almağa yönəlmişdi. Çünki İndira
Qandi hiss edirdi ki, daxili qüvvələr Hindistanın yenidən Qərbin
nəzarəti altına düşməsi üçün ona qarşı sui-qəsd də həyata keçirə
bilərlər. Qandi isə ingilis müstəmləkəçiliyinin ağır nəticələrini
çox görmüşdü, ona görə də özünün və ölkəsinin təhlükəsizliyini
təmin etmək üçün Moskva ilə isti münasibətlər qurdu. Onu da deyək
ki, həmin dövrdə SSRİ də Hindistanla yaxınlaşmaq üçün bəhanə
axtarırdı. Belə ki, ötən əsrin 60-cı illərindən başlayaraq, SSRİ
ilə Çin arasında münasibətlər kəskinləşmişdi. Moskva ilə Pekin
arasında ziddiyyətlərin get-gedə kəskinləşməsi isə az qala iki ölkə
arasında müharibəyə aparıb çıxaracaqdı. SSRİ-Çin sərhədində tez-tez
baş verən toqquşmaların qabağı yalnız Moskvanın hərbi qüdrətini
nümayiş etdirməsindən sonra alındı. Həmin dövrdə Çinlə Hindistan
arasında da münasibətlər kəskinləşmişdi. Hindistan ərazilərinə
iddia edən Çin hətta qəfil hücumla Hindistanın bəzi məntəqələrini
işğal etmişdi. Belə bir vəziyyət isə Moskva ilə Dehlinin
yaxınlaşmasında önəmli rol oynadı.
İndira Hindistanı nüvə dövlətinə çevirdi
Hindistanın sosializm blokuna doğru meyl etməsi və SSRİ-nin
yardımı ilə ölkədə onlarla yeni müasir müəssisənin inşası Qərbin
narazılığına səbəb olmuşdu. Ona görə də onlar Hindistanı tutduğu
yoldan döndərmək qərarına gəldilər. Moskva isə Qərbin bölgədə
sipərinə çevrilən Pakistana Hindistanın əli ilə dərs vermək
istəyirdi. Beləliklə, SSRİ-nin Hindistanı, Qərbin isə Pakistanı
bölgədə yeni qanlı müharibəyə təhrik etmələri öz "bəhrəsini" verdi.
1971-ci ildə Pakistanla Hindistan arasında müharibə başladı.
ABŞ Pakistana yardım etmək və Hindistanı qorxutmaq üçün özünün
7-ci hərbi dəniz donanmasını Qərbi Pakistanın sahil sularına
(indiki Banqladeşə - red.), Benqal körfəzinə göndərdi. Buna cavab
olaraq, Hindistanın simasında gələcək sosialist dövlətini görən
Moskva Dehliyə külli miqdarda hərbi yardım etdi. SSRİ-dən alınan
hərbi texnikanın yardımı ilə Hindistan bu müharibədə Pakistana ağır
zərbələr endirərək onun bəzi ərazilərini ələ keçirdi. Bəzi
qeyri-rəsmi məlumatlara görə, həmin dövrdə Hindistan ordusunun
tərkibində SSRİ-dən göndərilən əsgərlər də iştirak edirdi. Çünki
həmin dövrdə SSRİ-nin Hindistana verdiyi hərbi texnikanı idarə
etməyə qadir texniki heyət yox idi.
SSRİ ilə yaxınlaşma Qandinin həyatında və Hindistanın gələcəyi
baxımından xüsusi rol oynadı. Belə ki, Qandi diplomatik məharətini
işə salaraq Hindistanın nüvə silahı əldə etməsinin Moskva üçün də
önəmli ola biləcəyi barədə SSRİ rəhbərliyini inandıra bildi. Məhz
SSRİ-dən aldığı hərbi texniki yardım 1974-cü ildə Hindistana yer
altında "Gülümsəyən Budda" adlı nüvə bombasını sınaqdan çıxarmağa
imkan verdi. Bu hadisə beynəlxalq aləmdə böyük sensasiyaya səbəb
oldu. Nüvə silahını əldə etməklə Hindistan Pakistandan və başda ABŞ
olmaqla, Qərb dövlətlərindən, həmçinin Çindən gələn təhlükəni
birdəfəlik dəf etdi.
Siyasi cəhdlər
Nüvə silahını əldə etmək Hindistana həm də Pakistana təzyiq
göstərərək onu Kəşmirdən əl çəkməyə və bu məqsədlə adıçəkilən
ölkəni danışıqlar stolu arxasında oturmağa məcbur etməyə imkan
verdi. Nüvə silahından dərhal şantaj məqsədi ilə istifadə etməyə
başlayan İndira Qandi təhdidedici bir şəkildə Pakistanın Baş naziri
Zülfüqar Əli Bhuttonu danışıqlar aparmaq və iki ölkə arasında davam
edən mübahisəli ərazi məsələlərini aradan qaldırmaq üçün Simla
şəhərinə dəvət etdi. Bhutto İndiranın bu təklifini rədd edə
bilmədi. Çünki Pakistanın Hindistan tərəfindən nüvə hücumuna məruz
qalacağından ehtiyat edirdi.
Şimalda iki ölkə arasında bir həftədən artıq davam edən
danışıqlardan sonra Qandi və Bhutto Kəşmir probleminin yalnız dinc
danışıqlar yolu ilə həll etmək barədə anlaşma imzaladılar. Bu,
Qandiyə Pakistandan gələn təhlükəni aradan qaldırmağa imkan verdi.
Anlaşma həm də iki ölkə arasında yeni bir səhifə açdı və bölgədə
bir müddət sabitlik və sülh bərpa edildi.
Qandi həm də Hindistanın aclıqdan qurtarması üçün bütün
cəhdlərini işə salaraq, SSRİ-dən aldığı yardımlarla kənd
təsərrüfatını inkişaf etdirdi. Ərzaq təhlükəsizliyi proqramının
uğurla həyata keçirilməsi Hindistanı idxalatçı ölkədən ixracatçı
dövlətə çevirdi. Xalq arasında sevilməsi və qısa müddətdə
Hindistanı nüvə ölkəsinə çevirməsi bu qadının beynəlxalq aləmdə də
nüfuzunu xeyli artırdı. Artıq onunla beynəlxalq səviyyədə geridə
qalmış, aclıq və yoxsulluq içərisində boğulan bir ölkənin dövlət
başçısı kimi deyil, nüvə silahına malik qüdrətli bir ölkənin siyasi
xadimi kimi davranırdılar.
İndira islahatları
Parlamentdə böyük səs çoxluğuna malik olan İndira ölkənin
Konstitusiyasına dəyişikliklər etdi və daxili siyasətdə inqilabi
islahatlara başladı. O, ölkənin federal subyektlərinə verilən
müstəqillikləri məhdudlaşdırdı və onları mərkəzi hakimiyyətdən tam
asılı vəziyyətə saldı. Qandi ölkə Konstitusiyasına milli azlıqların
mübarizəsinin qarşısının sərt şəkildə alınmasını və bu zaman hərbi
gücdən istifadə edilməsini nəzərdə tutan müddəalar əlavə etdirdi.
Bununla da gələcəkdə ölkənin parçalanmasına imkan verə biləcək
amillərin qarşısı alındı. Amma bu, ölkə daxilindəki müxalifət
qüvvələrini hərəkətə gətirdi. Onlar Qandini avtoritar rejim
qurmaqda, demokratiyadan geri çəkilməkdə günahlandırdılar. Bu
qüvvələrə qarşı mübarizə isə İndiranı ölkədə həyata keçirilən
iqtisadi və siyasi islahatları yarımçıq qoymağa məcbur etdi. Bu da
öz növbəsində daxildə inflyasiyanın sürətlə artmasına,
korrupsiyanın inkişafına və xalqın maddi vəziyyətinin ağırlaşmasına
gətirib çıxardı. Bundan istifadə edən müxalifət xalq kütlələrini
küçələrə çıxardı.
1973-cü ildən başlayaraq, Qandiyə qarşı xalq etirazları
dayanmırdı. Belə bir vəziyyət Qandi üçün xoşagəlməz hadisələrə
səbəb oldu. 1975-ci ilin iyun ayında Allahabadda Ali Məhkəmə son
seçkilərdə korrupsiya hallarına yol verildiyini iddia edərək,
Qandini deputat mandatından məhrum etdi. İndira məhkəmənin bu
qərarına yenidən baxılmasını tələb etdi. Ancaq müxalifət onun
istefa verməsini israrla tələb edirdi. Eyni zamanda Qandidən narazı
kütlə onun Dehlidəki evini və parlamenti mühasirəyə alaraq
hakimiyyətdən getməsini istəyirdi.
Bir anın içində hər şey İndira Qandinin əleyhinə çevrilmişdi. Bu
vəziyyətlə barışa bilməyən və istefaya getmək istəməyən Qandi
Prezident Fəxrəddin Əli Əhmədə təzyiq göstərərək onu ölkədə
fövqəladə vəziyyət elan edilməsi barədə sərəncam imzalamağa məcbur
etdi. Bunun ardınca müxalifətin öndə gələn bütün nümayəndələri, o
cümlədən müstəqilliyin əldə edilməsində xüsusi rolu olan liderlər
həbs edilərək həbsxanalara atıldılar. Eyni zamanda Qandi polisə
etiraz aksiyalarını amansız şəkildə yatırmaq üçün geniş
səlahiyyətlər verdi. Beləliklə, ölkədə diktatura rejimi quruldu. Bu
diktaturaya rəhbərlik edən isə dünənə kimi demokratiya donuna
bürünən və buna görə də milyonlarla hindistanlının rəğbətini
qazanan İndira Qandi idi.
Yanız bundan sonra Qandi yeni seçkilərin keçirilməsinə razılıq
verdi. Çünki artıq müxalifət aradan qaldırılmışdı və Qandinin bu
seçkilərdə qələbə çalmasına mane ola biləcək qüvvə yox idi.
Seçkilər 1977-ci ildə keçirildi. Lakin seçkilərdə iştirak edən
xalq "Artıq yetər, söz millətindir!" şüarını irəli sürərək
müxalifətdə olan Canata Partiyasına səs verdi. Beləliklə,
hakimiyyətə Desainin rəhbərlik etdiyi Canata Partiyası gəldi.
İndira seçkilərdə məğlub olsa da ruhdan düşmədi. Hakimiyyətə
gələn qüvvələrin xalqın etimadını doğrulda bilməmələri Qandinin
xeyrinə işləyən amilə çevrildi. 1979-ci ildə keçirilən seçkilərdə
Qandi yenidən qələbə çaldı. Hakimiyyətə qayıdan Qandi bu dəfə
Pəncab əyalətində yaşayan əhalinin əksəriyyətini təşkil edən
siqhlərin mərkəzdən ayrılma cəhdlərinin qarşısını almalı oldu.
Siqhlər 1981-ci ildə bölgədəki Qızıl məbədini ələ keçirərək əyalətə
nəzarətə sahibləndilər. Bunu görən Qandi ordunu Pəncab üzərinə
yeridərək bölgədəki xalq hərəkatını qan içində boğdurdu. Siqh
lideri Jarnail Sinqh ordu tərəfindən öldürüldü. "Mavi Ulduz"
əməliyyatı adı verilən xüsusi planın yerinə yetirilməsi zamanı 492
pəncablı öldürüldü. Bu döyüşlərdə eyni zamanda 72 əsgər də həlak
oldu.
Pəncabda həyata keçirilən qanlı əməliyyatlar dünyada Qandini
nüfuzdan saldı. Bu əməliyyatlar zamanı Qandiyə nifrət edənlər
arasında onun iki mühafizəçisi - əslən Pəncabdan olan Satvant Sinqh
və Beant Sinqh də vardı.
Qətli
1984-cü ilin oktyabr ayının 31-i idi. İndira Dehlidəki
Safdarjunq küçəsindəki baş nazirliyin binasında İngiltərədən onunla
müsahibə götürməyə gələn dramaturq, aktyor və telejurnalist Peter
Ustinovu qarşılamağa hazırlaşırdı. Ustinov Satvant və Beant
Sinqhlər tərəfindən mühafizə edilən qapıdan keçərək içəri daxil
oldu. Qandi qonağı qarşılamaq üçün ayağa qalxdı. Bu zaman hər iki
mühafizəçi silahlarını Qandiyə çevirərək ona atəş açdılar.
Nəticədə, Qandi 33 güllə yarası alaraq yerindəcə can verdi.
Qandinin cənazəsi noyabrın 3-də Mahatma Qandinin xatirəsinə
ucaldılan Raj Qal abidəsi önündə yandırıldı. Bunun ardınca Pəncab
əyalətinə hücum edən hindlilər 20 mindən artıq yerli sakini qətlə
yetirdilər, onların məbədlərini isə yandırdılar. Baş verən
hadisələrlə əlaqədar hökumətin hər hansı bir iş görməməsi ilə bağlı
suala cavabında Qandinin oğlu belə cavab vermişdi: "Böyük ağac
yıxılanda yer titrəməyə məcburdur..."