Dosent Altay Göyüşov "feysbuk" profilində müəllim
işlədiyi Bakı Dövlət Universitetindən (BDU) çıxarıldığı haqda
status yazıb. Altay Göyüşov BDU-dan uzaqlaşdırılmasına səbəbinin
"feysbuk"da yazdığı statuslarla bağlı olduğunu qeyd
edib.
Mətbuat xidməti xidmət göstərmir
BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova təlimdə
olduğunu əsas gətirərək, Altay Göyüşovun universitetdən xaric
edilməsi haqda "Axar.az"ın sualını cavablandırmaqdan imtina etdi.
Xatırladaq ki, P.İbrahimova artıq davamlı olaraq mətbuatdan
yayınmağa başlayıb və hər dəfə bir yerdə olduğunu bəhanə gətirməklə
məşğuldur.
Universitet təkzib edir
Tarix fakültəsinin dekanı Azad Rzayev bu haqda heç bir suala
cavab verə bilməyəcəyini söylədi.
Sosial məsələlər üzrə prorektorluğunun əməkdaşı Əhməd Əhmədov
isə yayılan xəbərlərin yanlış olduğunu söylədi və Altay Göyüşovun
Universitetdən çıxarılmadığını bildirdi:
"Altay Göyüşovun BDU-dan ayrılması haqda xəbərlər yanlışdır.
Universitet rəhbərliyinin onun universitetdən ayrılması haqda heç
bir qərarı yoxdur. Onun "feysbuk" statusunda nə yazdığını bilmirəm,
amma onu dəqiq bilirəm ki, Altay Göyüşov universitetdən
çıxarılmayıb".
***
Abel Məhərrəmov: "Altay Göyüşov işə
gəlmirdi"
"Altay Göyüşovun işdən azad edilməsi ilə bağlı hələlik
konkret qərar olmasa da, onun məsələsinə universitetin aidiyyəti
qurumlarında baxılır".
Bu sözləri isə noyabrın 13-də jurnalistlərə BDU-nun
rektoru Abel Məhərrəmov deyib.
Rektorun sözlərinə görə, Altay Göyüşov hazırda universitetin
dosenti olmaqla yanaşı, İslam Araşdırmalar Mərkəzinin aparıcı elmi
işçisidir:
"BDU bir müddət öncə onu Amerikaya uzunmüddətli elmi ezamiyyətə
göndərmişdik ki, oradakı təhsil təcrübəsini gəlib burada tətbiq
etsin. Qayıdandan sonra ondan səmərəli istifadə etmək məqsədilə ona
İslam Araşdırmalar Mərkəzində aparıcı elmi işçi vəzifəsi ilə
bərabər universitetin dosenti vəzifəsi verildi. O, İslam
Araşdırmalar Mərkəzində fəaliyyət göstərməklə universitetə qrant
layihələri gətirməli idi. Amma nə aylarla işə çıxdı, nə də layihə
gətirdi.
Onda belə fikir formalaşıb ki, aylarla işə gəlməmək, layihə
gətirməmək də olar. Yəqin o, Amerikaya ailəsinin yanına qayıtmaq
istəyir və bu yolla spekulyasiya edərək müəyyən dairələrdən dəstək
almaq istəyir. Guya ki, onu burada sıxışdırırlar və işləməyə imkan
vermirlər.
Onun bir müəllim kimi fəaliyyəti bundan sonra araşdırılacaq və
konkret qərar veriləcək. Amma o, bu günədək universitetin işçisi
olaraq qalır. Bütün bunlara ancaq araşdırmaların yekunu olaraq
qərar veriləcək. Ola bilsin, onu işdən azad etmədik. Ona dəfələrlə
xəbərdarlıq edilib ki, sənin məsələnə baxılacaq və o da bundan
narahat olaraq "feysbuk"da yazıb ki, ondan işdən çıxmaq üçün ərizə
tələb edirlər".
Rektor əlavə edib ki, Altay Göyüşovla bağlı işdə heç bir siyasi
çalar yoxdur.