Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin Hərbi
Dəniz Qüvvələrində keçirilən yoxlamalara və həbslərə rəsmi
münasibət bildirib.
Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin Hərbi Dəniz
Qüvvələrində (HDQ) həyata keçirilən yoxlamalara və həbslərə
münasibət bildirib. Qurumun mətbuat xidmətindən APA-nın sorğusuna
cavab olaraq bildirilib ki, bir müddət əvvəl Respublika Hərbi
Prokurorluğu tərəfindən HDQ-də yoxlamalar həyata keçirilib.
Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib.
Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi
Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət
işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir
neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin
Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika
Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin
qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və
179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə
təqsirli bilinir.
Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri
davam etdirilir.