Azərbaycan tarixinin ayrılmaz
hissəsi olan Muğan, Bəcirəvan, Həməşərə, Qazan köşkü kimi məkanlar
Cəlilabad ərazisindədir. Cəlilabadda arxeoloji baxımdan əvəzsiz
maddi mədəniyyət abidələri olan kurqanlar (təpələr) mövcuddur.
Uzuntəpə, Göytəpə, Həməşərətəpə, Əliköməktəpə və bu tipli arxeoloji
maraq doğuran kurqanlar qeyri-adi bir nizamla Cəlilabad torpağının
köksü üzərində qabarmaqdadır.
Adamlar "Adsız Ocağ"a nəzir boyun olurlar
ki...
Cəlilabad rayon sakini, Filologiya üzrə fəlsəfə doktoru Bilal
Alarlı Cəlilabadda tapılan qeyri adi əşyalar haqda məlumat verərək,
həm bizi məlumatlandırdı, həm də rayonun keçmişindən bəhs etdi:
- Cəlilabad rayonu özünün qədim yaşayış məntəqələri ilə seçilir.
Burada tarixi qədim olan məscidlərin və hamamların mövcudluğu ilkin
yaşayışın da tarixini çəkib əsrlərin arxasına aparır. Bütövlükdə
dağətəyi bölgə kimi tanınan Cəlilabad yaxın keçmişədək maldar
tayfaların aranlı-yaylaqlı oylağı olub. Bu yerlərdə həm də
əkinçiliyin qədim tarixi vardır. Bunu qədim yaşayış məntəqələrindən
tapılan çoxsaylı əkinçilik alətlərinin mövcudluğu da təsdiq edir.
Şatırlı kənd orta məktəbinin tarix müəllimi Elşad Əmənov 500-ə
qədər eksponatı təmənnasız olaraq Cəlilabad rayon
tarix-diyarşünaslıq muzeyinə verib, yeni tapdığı daha 200 eksponatı
hələlik ev şəraitində saxlayır. Onun Ləkin kəndinin köhnə
qəbiristanlığından tapdığı "daş kitabə" oxunması çətin olan
işarələrinə görə fərqlənir. Ancaq götürülməsi, daşınması mümkün
olmayan abidələr də var. Buravarda "Ənov daşı" var ki, keçmişdə onu
dalağı xəstə olanlar yalayarmışlar. Təəssüflər olsun ki, indi bu
"Ənovdaşı"nın biri oğurlanıb. Buravar-Stəkəran deyilən yerdə
"mikrolit daşlar" mövcuddur. Maraqlı bir hal da odur ki, tarixin
müəyyən bir mərhələsində dəfn olunanların məzarları üzərində nərgiz
gülləri basdırılarmış. Buna görə də Cəlilabadda bir neçə yerdə
"Nərgiz təpəsi" adlı kurqan var. Ləkin kəndinin yuxarısında
yerləşən "Adsız Ocağ"ın digər adı "Meşə Ocağı"dır. Burada palıd,
nil, söyüd və başqa ağacların kölgəsində minillərin daş kitabələri-
qəbirüstü abidələr yatır.
"Adsız Ocaq"da üç kitabə qorunub saxlanılır
Bilal Alarlı təəssüflə bildirdi ki, qəbiristanlıqdakı çoxlu daş
abidəni və bir yatmış qoç heykəlini ötən yüzilliyin doxsanıncı
illərində götürüb aparıblar, qazılıb torpaqdan çıxarılan daş
kitabələrin çuxuru torpağın sinəsində yara kimi görünür:
- Ləkin kəndi iki dağın döşündə salınıb, evlər dağın zirvəsinə
doğru irəliləyir. Buradakı köhnə yurd yeri yastançada, daha
doğrusu, dərədə yerləşir. Hansı qəza üzündənsə, kənd yerini
dəyişib. İndi köhnə yaşayış yerindən tapılan əşyalar burada
yaşayışın uzaq keçmişdə də olduğunu təsdiq edir. Bu kəndə məxsus üç
qəbiristanlığın mövcudluğu isə Ləkinin yerində haçansa şəhər tipli
yaşayış məntəqəsinin yerləşdiyini aşkarlayır. Çünki bizim üz
tutduğumuz qəbiristanlıq indiki Ləkin kəndinin əhalisinə aid deyil
və burada ölü basdırılmır. Lakin bu qəbiristanlıq "Ləkin ocağı"
kimi tanınır. Qəbiristanlığın yuxarısı bərə, bəzən də bərə yolu
adlanır. Bu yol Ləkinlə keçmiş Astraxanbazarı birləşdirən köhnə
yoldur. Qəbiristanlıqdakı ağaclar (kiçik meşəlik) əhali tərəfindən
qorunur, onlar müqəddəs sayılır. Maraqlıdır ki, adamlar ətrafdan
tapdıqları üstü yazılı daşların bir neçəsini bu türbəyə
gətirib.
Üzərindəki "Allah" sözü gendən oxunur
Daha sonra Bilal müəllim "Adsız Ocaq" barədə məlumat verir:
- Ləkin qəbiristanlığındakı"Adsız Ocaq"da üç kitabə qorunub
saxlanılır ki, bunlardan da yalnız biri ərəbcədir, üzərindəki
"Allah" sözü gendən oxunur. Qəbrin başdaşı isə "pikto-mixi"
işarələrlə zəngindir. Qalan daşlar Ləkin qəbiristanlığından
tapılmış digər qəbir daşlarındakı işarələrə bənzəyir. "Adsız
Ocağın" əsil inanc yeri isə onunla bağlıdır ki, arzuları həyata
keçsin deyə adamlar bu pirə nəzir boyun olurlar. Buna görə də bu
yerə "Meşə piri – Niyyət ocağı" da deyirlər. Sonuncu dəfə bu Ocaqda
qələbəlik Dədə-baba günündə, yəni axır çərşənbədə olmuşdu, adamlar
burada qurban kəsmiş, qazan asmış, xörək bişirmiş və ehsan
paylamışlar. "Pir" adlı tikilinin içərisindəki çoxlu sayda olan
qab-qacaq, iri qazanlar, döşənəcək və digər əşyalar burada tez-tez
belə halların olduğunu göstərir. Daş kitabələrdə çoxlu günəş rəmzi
olan işarələr və üçbucaqşəkilli işarələri olan kvadratlarda yenə
günəş rəmzi olan şəkillər vardır. Bu yazılarda ifadə olunan
fikirlər bir qədər də dini-mifoloji səciyyəlidir. Mənə elə gəlir
ki, pikto xarakterli olduğu üçün bu yazını işarələr sistemi də
adlandırmaq olar. Konkret fikir söyləmək çətindir, səhvə yol vermiş
olaram. Ancaq buradakı işarələrin sirri xalçalarımızda da var.
Üçbucağın zəncirvari düzülüşü qədim türk fəlsəfəsinin qanununu
göstərən əlamətdir. Həyata, dünyaya, kainatın yaranışına olan ilahi
eşq və məhəbbətin simvoludur. Tarixin sonrakı mərhələlərində bu
üçbucağın necə "oğurlandığının" şahidi oluruq. Sadəcə, məlumatları
ardıcıllıqla izah etmək gərəkdir.
Qoç fiqurlar kimindirsə, "tarix" də onundur
Bilal bəy bu abidələrin kim tərəfindən oğurlanmasını belə izah
edir:
- Məndə olan məlumatlara və faktlara görə, 1980-ci ildən 1993-cü
ilə kimi təkcə Cəlilabad ərazisindən yüzlərlə müxtəlif formalı qoç
fiqurlar oğurlanaraq İrandakı erməni keşişləri tərəfindən
Ermənistana göndərilib. Qeyd edim ki, müasir sivilizasiyanın (Adəm
nəslinin) fəlsəfi kökündə qoç fiqurlar dayanır! Ermənilərin dili
ilə desək, qoç fiqurlar kimindirsə, "tarix" də onundur... Cəlilabad
ərazisindən tapılmış qoç fiqurları tərkibinə görə iki cürdür:
daşdan və gildən. Qoç fiqurları quruluşuna görə də iki cürdür: adi
qoç fiqurları ilə yanaşı burnunun deşikləri çox olan qoç fiqurları
da mövcuddur. Bunların hər biri bir inancla bağlıdır. Rəvayətə
görə, ilk cənnət heyvanı qoç olub. Habil və Qabil qardaşları Allaha
nəzir boyun olublar. Habil qoç verib, Qabil arpa-buğda. Allah
tərəfindən qoç qəbul olunub. Hər bir tarixi materiala, tarixi
abidəyə və bu tarixi abidələrlə bağlı rəvayətlərə də diqqətlə
yanaşmalıyıq, ən başlıcası, onu qorumağı və yaşatmağı
bacarmalıyıq.