Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının
sabiq direktoru İsa Veysovun oğlu Veys Veysov polis sıralarından
xaric edilib.
Axar.az xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsində polis
mayoru olan Veys Veysovun işdən çıxarılma səbəblərindən biri kimi
atası İsa Veysovun törətdiyi cinayətlər göstərilir. Onun polis
sıralarından qovulmasının əsas səbəbinin isə işinin öhdəsindən gələ
biləməməsidir. V.Veysovun iş yerində dəfələrlə özbaşınalığa yol
verdiyi, özündən yüksək vəzifəli şəxslərlə davranışda etik
normaları pozduğu bildirilir.
Ağstafa Rayon Polis Şöbəsindən faktı təsdiqləyərək qeyd etdilər
ki, Veys Veysov bir həftə öncə işdən çıxarılıb və polis
sıralarından xaric edilib. Şöbədən Veysovun işdən qovulma səbəbinə
aydınlıq gətirmədilər.
Xatırladaq ki, İsa Veysov mayın 26-da Baş Prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olan şikayətlərlə bağlı
aparılan araşdırmanın nəticəsində həbs olunub. İ.Veysova Cinayət
Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə),
311.3.2, 311.3.3 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı)
maddələri ilə ittiham irəli sürülüb.
Lakin bu gün onun azadlığa buraxıldığı barədə Axar.az etibarlı
mənbəyə istinadla xəbər yayıb.