İyulun 2-də Milli Elmlər Akademiyasının Nəsimi adına
Dilçilik İnstitutunda "Müasir informasiya cəmiyyətində Azərbaycan
dilinin istifadəsi problemləri" mövzulu dəyirmi masa
keçirilib.
Tədbirdə Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev,
institutun monitorinq şöbəsinin müdiri, jurnalistika mütəxəssisi
professor Qulu Məhərrəmli, institutun bir sıra əməkdaşları,
jurnalistika mütəxəssisləri – professor Nəsir Əhmədli, filologiya
elmləri namizədi, dosent Sevinc Əliyeva, filologiya elmləri üzrə
fəlsəfə doktoru Şahlar Məmmədov, publisist Akif Şahverdiyev,
Modern.az, Axar.az, Aznews.az, Mediaforum.az xəbər saytlarının
redaktorları Elşad Eyvazlı, Anar Mahmudoğlu, Elçin Zahiroğlu, Azər
Qaraçənli və digər şəxslər iştirak ediblər.
Tədbir iştirakçıları KİV-də Azərbaycan dilinin təbliğinin
vəziyyətindən, dilin təbliği sahəsindəki problemlərdən, dövlət
dilinin təbliğini gücləndirməyin yollarından danışıblar. Ölkə
prezidentinin ötən il təsdiqlədiyi "Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq KİV-də
Azərbaycan dilini təbliğ etməyin formaları müzakirə olunub,
təkliflər irəli sürülüb.
Akademik Tofiq Hacıyev KİV-də tez-tez yol verilən dil
xətalarından söz açarkən onu da bildirib ki, sosial şəbəkələrin
adları öz imlamızda yazılmalıdır. Məsələn, "Google" "Quql" kimi
yazılmalıdır. "Facebook"a gəlincə, akademik Tofiq Hacıyev bunun
"Feysbuq" kimi yazılmalı olduğunu bildirib.
"Eurovision" mahnı yarışının adındakı "euro"nun Azərbaycanda
avro, "vision"un viziya (məsələn, televiziya) kimi işləndiyini
xatırladan Tofiq Hacıyev qeyd edib ki, bu yarışın adı öz imlamızda
"Avroviziya" kimi yazılmalıdır, "Eurovision" yazmaq yanlışdır.
Bununla belə Tofiq Hacıyev KİV-də dərc olunan mətnlərdə bir müddət
mötərizədə "Google", "Facebook", "Eurovision" yazılışlarının
verilməsinə də tərəfdar olduğunu diqqətə çatdırıb.
Dəyirmi masanın iştirakçıları öz imlamızda yazmaq təklifini
bəyənsələr də, onlardan bəziləri "Feysbuq" yox, "Feysbuk"
yazılışına tərəfdar çıxıblar.
Tədbirdə qərara alınıb ki, Dilçilik İnstitutu bu və digər
məsələlərin müzakirəsini mütəxəssislər və jurnalistlərlə davam
etdirsin, ortaya çıxan suallara operativ cavabların verilməsi və
tövsiyələrin irəli sürülməsi üçün institutun monitorinq şöbəsi
media qrupu yaratsın.
Media forum