"Biz indi Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirik. Bu
yaxınlarda Strasburqda olarkən sədrliklə bağlı öz prioritetlərimizi
ifadə etdim, təkrar etmək istəmirəm. Eyni zamanda, ümumiyyətlə bu
təşkilat çərçivəsində fəaliyyətimizlə bağlı fikirlərimi dəfələrlə
bildirmişəm. Əfsuslar olsun ki, o təşkilatda antiazərbaycan
qruplaşması var və uzun illərdir fəaliyyət göstərir. Diplomatlar
yaxşı bilirlər ki, o qruplaşma Azərbaycanı Avropa Şurasına qəbul
etmək istəmirdi. O vaxt bizə qarşı əsassız ittihamlar irəli
sürülürdü. Hətta bəziləri deyirdilər ki, Azərbaycan Avropa Şurasına
üzv olsa, bu təşkilatın qan tərkibi dəyişəcək. Görün nə qədər
rasist, ksenofob və faşist mövqedə olan insanlardır. Belə insanlar
var və heç kim bunu dana, inkar edə bilməz". Musavat.com xəbər
verir ki, bunu prezident İlham Əliyev Azərbaycanın diplomatik
xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki çıxında
deyib.
Prezident bildirib ki, onların arxasında dayanan erməni
lobbisidir: "Çünki siz yaxşı bilirsiniz ki, bu gün erməni lobbisi
üçün bir nömrəli hədəf Azərbaycandır. Bütün səylərini birləşdirib
Azərbaycana qarşı kampaniya aparırlar. Onların nümayəndələri
əlbəttə ki, mediada, başqa ölkələrin hökumətlərində, ictimai
qurumlarda var. Onlar möhkəm kök salıblar və Azərbaycanı bir
nömrəli hədəf seçiblər, çalışırlar ki, bizi hər tərəfdən vursunlar.
Ancaq buna baxmayaraq, bizim uğurlu inkişafımıza təsir edə
bilmirlər. Yaxşı olardı ki, onlar indi Ermənistanın acınacaqlı
vəziyyətini daha dərindən dərk etsinlər və sual versinlər ki, nə
üçün Ermənistan belə bərbad vəziyyətdədir, nə üçün bu ölkə getdikcə
tamamilə öz müstəqilliyini itirir və müstəqil siyasət aparmaq
imkanı yoxdur, sadəcə olaraq, ona-buna qulluq etməklə məşğul olur
və öz gələcəyini bunda görür?! Ona görə, erməni lobbisi, eyni
zamanda, Azərbaycana qarşı qərəzli mövqedə olan deputatlar əlbəttə
ki, Avropa Şurası Parlament Assambleyasında var".
İlham Əliyev bəyan edib ki, Azərbaycanla məntiq üzərində
mübahisə aparmaq mümkün deyil: "Yalan danışmaq olar, ancaq biz
orada olanda o yalanın üstünü açırıq, çünki yalan yalandır. Yenə də
deyirəm, tənqid əsaslıdırsa, biz bunu alqışlayırıq və bu, bizə
kömək göstərir. Ancaq əsassız tənqid sadəcə olaraq ölkəmizə
qarayaxma cəhdidir".
"Nə üçün biz yenə də Avropa siyasətimizi prioritet kimi hələ ki,
xarici siyasət prioritetləri sırasında saxlayırıq?! Mən həmişə
deyirəm ki, biz öz hədəfimizə doğru getməliyik və gedirik", -deyən
Azərbaycan prezidentinin sözlərinə görə, "əgər biz oradan-buradan
ayağımıza dolaşmaq istəyənlərə fikir versək hesab edirəm ki, bu,
düzgün olmaz: "Çünki mahiyyət etibarilə bu gün bizim Avropa
ölkələri ilə çox möhkəm və sağlam ikitərəfli münasibətlərimiz var.
Mənim Avropa ölkələrinə çoxsaylı səfərlərim, Avropa dövlət və
hökumət başçılarının Azərbaycana səfərləri bunu göstərir. Mən sizə
açıq deyə bilərəm ki, ikitərəfli səfərlər zamanı, Avropa liderləri
ilə ikitərəfli görüşlər əsnasında bax, bu 11 il ərzində bir dəfə də
olmayıb ki, Azərbaycana qarşı hansısa bir hörmətsizlik və yaxud
işimizə qarışma cəhdi görüm. Heç vaxt. Burada özünü müxalifət və
yaxud hüquq müdafiəçisi adlandıran bəziləri hesab edirlər ki, bizə
kimsə nə isə deyəcək, biz də onu edəcəyik. Bunlar sadəlövh
insanlardır. Yumşaq desək, ya özləri sadəlövhdürlər, ya da ki,
sadəcə olaraq belə rəy yaratmaq istəyirlər. Bu 11 il ərzində bizim
daxili siyasətimizlə bağlı ikitərəfli formatda heç vaxt Avropa
liderləri tərəfindən mənə bir söz deyilməyib. Bu gün mən bunu ilk
dəfə deyirəm. Əlbəttə beynəlxalq təşkilatlar deməlidir. Yəni,
bunların siyasi həyat tərzi belədir. Biz bunu sadəcə olaraq
bilməliyik".
Musavat.com